Məhkəmə qərarları › İş №2(107)-1118/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1118/2024

14.11.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1118/2024 14.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Oğuz rayon Notariat ofisinə, üçüncü şəxs X7 qarşı (açar sözlər: Müqavilələrin ləğv edilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X19 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Üçüncü şəxs - X20 оğlunun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Oğuz rayon Notariat ofisi və üçüncü şəxs X7 qarşı “Oğuz rayon Dövlət Notariat Kontorunda bağlanmış 31 may 2004-cü il tarixli, 216902 saylı müqavilənin və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(054)- 61/2024 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1977-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur.

2. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1981-ci ildə Vartaşen şəhərində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri S. Vurğun küçəsi, ev 122B-dir.

3. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1983-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur.

4. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 066A (kod ********) saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə Oğuz şəhər sakinləri X10, X4, X11, X14 və X15 0,09 ha həyətyanı torpaq sahəsi verilmiş, şəhadətnamə 5761 nömrə ilə qeydiyyata alınmış və bir nüsxəsi X10 verilmişdir.

5. İş materiallarında olan Oğuz rayon Dövlət Notariat Kontorunda xx.xx.2004-cü il tarixdə 4Ə-1/44 reyestr nömrəsi ilə təsdiq olunmuş 216902 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə ilə satıcı X3 rayon İnventar bürosunun verdiyi xx.xx.2004-cü il tarixli, 2047 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, 1992-ci ildə daşdan tikilmiş, üstü şiferlə örtülmüş, 88,5 kv.m ümumi, 48,0 kv.m yaşayış, 40,5 kv.m köməkçi sahəsi olan iki otaqdan ibarət yaşayış evini 28000000 manata alıcı X2, həmin məbləği alıcıdan almışdır. Müqavilənin təsdiqi və rəsmiləşdirilməsi üzrə xərclər alıcı tərəfindən ödənilmişdir.

6. İş materiallarında olan xx.xx.2004-cü il tarixli, 2047 nömrəli qeydiyyat vəsiqəsinin və fərdi yaşayış fonduna daxil olan evin texniki pasportunun surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 2 otaqlı, yaşayış sahəsi 48,0 kv.m olan yaşayış evi Oğuz rayon Dövlət Texniki inventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən X8 adına qeydə alınmış, bu barədə qeyd reyestr kitabının 43-cü səhifəsinə yazılmışdır.

7. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın və fərdi yaşayış evinin 405-1/1339 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, ünvan 1 ünvanında 0,09 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə hüquq sahibi X5 adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır.

8. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-299/2022 saylı qərarından görünür ki, iddiaçı X5 apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(116)-524/2022 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X16 və ailə üzvlərinin adına hazırlanmış JN 066A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsinə mərhum X8 adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasportun hazırlanması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin (9 saylı Qəbələ Ərazi İdarəsi) üzərinə qoyulması qərara alınmışdır.

9. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1037/2023 saylı qərarından görünür ki, üçüncü şəxs İddiaçı3 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-299/2022 saylı qərarı dəyişdirilmiş, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X16 və ailə üzvlərinin adına hazırlanmış JN 066A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsinə hüququn mərhum X12 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

10. Həmin qərardan görünür ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edildiyindən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab etmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının İddiaçı1 ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1-8-10/2-Q-4234/u23/2023 saylı cavab məktubundan görünür ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarının qəti olduğu, inzibati məhkəmə icraatında əlavə kassasiya qaydasında kassasiya instansiyasının qərarlarına yenidən baxılmasının nəzərdə tutulmadığı bildirilmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (iddiaçılar) cavabdeh Oğuz rayon Notariat ofisinə (cavabdeh), üçüncü şəxs X7 (üçüncü şəxs) qarşı Oğuz rayon Dövlət Notariat Kontorunda bağlanmış 31 may 2004-cü il tarixli, 216902 saylı müqavilənin və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

13. İddiaçılar tələbini §§ 4-6-da qeyd olunanlara istinad edərək onunla əsaslandırmışlar ki, 31 may 2004-cü il tarixdə 216902 nömrəli müqavilədə alqı-satqı müqaviləsinin predmeti kimi yalnız Qğuz şəhəri Gənclik küçəsi ev 2 ünvanında yerləşən 854,2 kvm 1992-ci ilədə çay daşından tikimiş, üstü şiferlə örtülmüş 88,5 kvm ümumi sahəsi, 48,0 kvm əsas yaşayış sahəsi, 40.6 kvm köməkçi sahəsi olan iki otaqlı fərdi yaşayış evi göstərilmişdir. Bu evin də satılması üçün tərəfimizdən hər hansı razılıq ərizəsi notarusa təqdim olunmayıb. Notarius isə bu halı nəzərə almadan qanunsuz müqaviləni təsdiq edib. - Cavabdeh tərəfindən mübahisələndirilən torpaq sahəsi Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 75 nömrəli qərarla 0,09 ha bizim mülkiyətimizə verilb və bu barədə bizə J066A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilib. - Yəni onların xüsusi mülkiyyətində olan torpaq sahəsinin satılması üçün mərhum atalarına hər hansı formada razılıq verməmişlər. Həmin torpaq sahəsi paylı mülkiyyətdə olub. Mərhum ataları həmin torpaq sahəsinin yalnız 1/5 üzərində sərəncam vermək hüququ olmuşdur. Qeyd edilən torpaq sahəsini satmaq üçün mərhum atası tam mülkiyyətçi olmalı idi. Qeyd edilən fərdi yaşayış evi ataları tərəfindən özgəninkiləşdirilərkən torpaq sahəsi ilə bağlı müqavilədə hər hansı qeyd göstərilməmiş, müqavilənin bağlandığı zamanı anaları və onların iradə ifadəsi olmamışdır.

14. İddiaçılar tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 404.1, 404.2, 421.2-ci maddələrinə istinad etmişlər.

15. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 izahat verərək bildirmişdir ki, digər iddiaçılar bacılarıdır. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə ataları X10, anaları X4, ona, bacıları Zərinə və Aynurəyə 0,09 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 066A saylı şəhadətnamə atasına verilmişdir. Həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi qeydə alınaraq atasının adına 31 may 2004-cü il tarixli, 2047 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Atası həmin evi 31 may 2004-cü il tarixdə 216902 saylı müqaviləyə əsasən X1. 01 iyun 2004-cü il tarixdə Hidayət Kərimov həmin evə dair 2047 saylı yeni qeydiyyat vəsiqəsi almışdır. Müqavilədə alqı-satqının predmeti kimi yalnız ünvan 4 ünvanında yerləşən, 1992-ci ildə çay daşından tikilmiş, üstü şiferlə örtülmüş, ümumi sahəsi 88,5 kv.m olan fərdi yaşayış evi göstərilmişdir. Bu evin satılması üçün onlar notariusa razılıq ərizəsi verməyiblər. Bundan əlavə evin yerləşdiyi torpaq sahəsinin yalnız 1/5 hissəsi atasının mülkiyyətində olub, qalan torpaq sahəsinə onun hüququ olmayıb, yəni torpaq sahəsinin satılması üçün də onlar razılıq ərizəsi verməyiblər. Buna baxmayaraq notarius qanunsuzluq edərək müqaviləni təsdiq edib. Bununla da onların mülkiyyət hüquqları pozulub, onlara çatmalı olan pul məbləğindən məhrum olmuşlar. Evi alanda Hidayət Kərimovun pulu çatmayıb, Qalan pulu 2006-cı ildə verməli idilər. Keçən müddətdə atası xəstələndiyindən bu məsələni araşdıra bilməmişlər. Sonra anası rəhmətə getmişdir. X21 dəfələrlə xəbər göndərmişdir. Atası sağlığında ASAN xidmətə getmişlər, orada torpağın satılmadığı bildirilmişdir. Sonra onlara məlum olub ki, X6 Kərimov onları inzibati məhkəməyə verib. Şəki İnzibati Məhkəməsində iddia rədd edilib. Qorxmaz Kərimov qərardan apellyasiya şikayəti verib, şikayət təmin edilib. Qərardan bacısı Aynurənin adından kassasiya şikayəti verilib. Onları çağırmadan işə baxılıb qanunsuz qərar verilib. Həmin qərardan əlavə kassasiya şikayəti veriblər. Şikayət onlara geri qaytarılıb, burda da hüquqları pozulub. Şəhadətnamə ləğv oluna bilməzdi. Bu torpaq onlara islahat vaxtı verilib. Satıldığı deyilən evdə böyüyüblər. Ataları və notarius onların razılığını almalı idi. Sonra evsiz-eşiksiz qalmışlar. Qardaşının torpağında ev tikib yaşayıblar. Kərimovlar insanlıq naminə onların razılığını almalı idi. Notariusa müraciət ediblər, onlara deyilib ki, müqavilə elə-belə bağlanıb, ləğv etdirin. Müqaviənin və ondan irəli gələn nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və İddiaçı3 nümayəndəsi İddiaçı1 İddiaçı2 izahatını təsdiq etmiş və iddianın təmin edilməsini xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X5 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2004-cü ildə ünvan 5 ünvanda yerləşən, Oğuz rayon İnventar bürosunun verdiyi xx.xx.2004-cü il tarixli, 2047 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X9 mülkiyyətində olan fərdi yaşayış evi mülkiyyətçi tərəfindən X12 28000000 manata satılmışdır. Bununla bağlı 216902 saylı müqavilə Oğuz Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmişdir. Müqavilədən də göründüyü kimi bütün əməliyyat qanuni şəkildə həyata keçirilmişdir. Müqavilənin hüquqi nəticəsi olaraq alıcının mülkiyyəti qeydə alınmış, xx.xx.2004-cü il tarixdə ona qeydiyyat vəsiqəsi və evin texniki pasportu verilmişdir. Hidayət Kərimovun vəfatından sonra onun oğlu-iş üzrə üçüncü şəxs Qorxmaz Kərimov evin torpaq sahəsi ilə birlikdə vahid miras əmlak kimi atasının adına qeyd edilməsi üçün 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, idarə 0,09 ha torpaq sahəsinə dair şəhadətnamənin olduğunu əsas gətirməklə mərhum X8 mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi qeydə alınmasından imtina etmişdir. Buna görə də X28 İnzibati Məhkəməsinə müraciət edərək X16 və ailə üzvlərinin adına olan JN 066A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsinə mərhum atası X8 adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasport hazırlanması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-2(116)-524/2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan Qorxmaz Kərimovun verdiyi apellyasiya şikayəti təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(107)-299/2022 saylı qərarı ilə X16 və ailə üzvlərinin adına olan JN 066A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsinə mərhum X8 adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasport hazırlanması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəsini aldığından xx.xx.2023-cü il tarixdə qeyd edilən əmlaka dair X5 adına çıxarış və texniki pasport verilmişdir. Hazırkı iş üzrə İddiaçı3 həmin işdə üçüncü şəxs olaraq qərardan verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1037/2023 saylı qərarında göstərildiyi kimi mübahisəli JN 066A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə öhdəliklər qoyulmuşdur. İddiaçıların istinad etdiyi torpağa dair mülkiyyət sənədi artıq mövcud deyil, çünki mülki qanunvericiliyə görə ev satılarkən torpaq sahəsi də alıcının mülkiyyətinə verilir. 2004-cü ildə torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd olmadığından torpağın rəsmi alqı-satqısı mümkün olmamışdır. İddianın rədd edilməsini xahiş etmişdir.

18. Oğuz Rayon Məhkəməsinin (hakim Səadət Zeynalova) 28 fevral 2024-cü il tarixli, 2(054)-61/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməsi qət edilmişdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 157.2, 324.1, 324.4, 389.1, 390.1, 390.3, 394, 406.1, 567, 568.1, 646.1, 646.2, 647, 648.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.3, 14.2, 77.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 Oğuz Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(054)-61/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişlər.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda olmuş, Oğuz Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(054)-61/2024 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

23. Məhkəmə kollegiyasının iclsasında üçüncü şəxs X20 оğlunun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(054)-61/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

24. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə iddiaçılar, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

27. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

28. İş üzrə iddiaçıların nümayəndəsi və vəkili birinci instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

29. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

30. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

31. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

32. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

33. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

34. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;

35. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

36. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

37. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

38. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

39. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

40. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

41. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

42. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

43. Maddə 245. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

44. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları - 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır

45. Maddə 245. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

53. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

54. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

56. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

57. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(054)-61/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

59. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

60. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

61. Müəyyən olunmuşdur ki, iddiaçıların atası X16 qanuni əsaslarla mülkiyyətində olan fərdi yaşayış evini xx.xx.2004-cü il tarixdə X12 28000000 manata satmış, həmin alqısatqı Oğuz rayon Dövlət Notariat Kontorunda təsdiq edilmişdir. Alqı-satqı rəsmiləşdirildikdən sonra Hidayət Kərimov daşınmaz əmlaka dair adına qeydiyyat vəsiqəsi almışdır. Həmin vaxtdan hal-hazıradək iddiaçılar tərəfindən alqı-satqı ilə bağlı hər hansı mübahisəyə dair rəsmi müraciətin olduğu müəyyən edilməmişdir. X13 inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X16 və ailə üzvlərinin adına hazırlanmış JN 066A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsinə mərhum X8 adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasportun hazırlanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin (9 saylı Qəbələ Ərazi İdarəsi) üzərinə qoyulması tələbinin təmin edilməsini xahiş etmişdir. Həmin iş üzrə Şəki İnzibati Məhkəməsinin qərardadı ilə hazırkı iş üzrə iddiaçılar üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Yuxarı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarlara əsasən JN 066A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, qərar qanuni qüvvəsini almışdır.

62. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Oğuz rayon Notariat ofisi və üçüncü şəxs X7 qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Oğuz Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti vermişdir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsində göstərilənləri təkrarlamaqla onunla eynilik təşkil edir.

64. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar xx.xx.2004-cü il tarixli müqavilənin və ondan irəli gələn hüquqqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar öz tələblərini onunla əsaslandırmışlar ki, fərdi yaşayış evi satılarkən notariat orqanı tərəfindən onların razılığı alınmamış, habelə evin yerləşdiyi torpaq sahəsi aqrar islahat keçirilərkən ailənin mülkiyyətinə verilməklə atalarının torpaq üzərində yalnız 1/5 hissədə payı olduğundan evin və onun altındakı torpaq sahəsinin satılması onların mülkiyyət hüquqlarını pozmuş, haqları çatanlardan xeyli dərəcədə məhrum olmuşlar. Alqı-satqı obyekti olmuş fərdi yaşayış evi xx.xx.2004-cü il tarixli, 2047 saylı qeydiyyat vəsiqəsinə əsasən iddiaçıların atası X9 tam mülkiyyətində olmuş və onun mülkiyyətində olan əmlakını satması üçün ailə üzvlərinin razılığının alınması qanunda müəyyən edilməmişdir. Müqavilə mülki qanunvericiliyə uyğun şəkildə tərtib və təsdiq edilmiş, müqavilənin ləğv edilməsi üçün əsaslar məhkəmə icraatı zamanı aşkar edilməmişdir. Bundan əlavə həmin vaxt İddiaçı2 27, İddiaçı1 23, İddiaçı3 21 yaşı olmaqla məsələni qiymətləndirmək iqtidarında olmuşlar.

65. Digər tərəfdən, iddiaçıların istinad etdikləri torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, qərar qanuni qüvvəsini almışdır. Buna baxmayaraq iddiaçılar həmin qərarı qəbul etməməkdə israrlıdırlar.

66. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində Mülki Məcəllənin 421-ci maddəsin müddəalarına istinad edərək 31 may 2004-cü il tarixli, 216902 saylı alqı-satqı müqaviləsinin ləğvini xahiş edirlər.

67. Həmin müqaviləyə nəzər yetirərkən məlum olur ki, iddiaçılar həmin müqavilədə tərəf olmamış, müqavilənin tərəfləri hazırkı iş üzrə iddiaçıların və üçüncü şəxsin valideynləri olmuşlar.

68. Əgər qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, tərəflərin razılaşması ilə mümkündür.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.

69. Hazırkı vəziyyətdə iddiaçılar tərəf olmadıqlarından müqavilənin ləğvinə dair razılaşma da mümkün deyildir.

70. Eyni zamanda müqavilənin əhəmiyətli dərəcədə pozulması da baş verməmişdir.

71. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

72. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

73. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

74. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

75. Hazırkı halda iddiaçıların cavabdehlərə qarşı göstərilən tələblə bağlı məhkəməyə müraciət etmək barədə sübyektiv hüququ mövcud deyildir.

76. İş materiallarından həmçinin görünür ki, ünvan 1 ünvanında 0,09 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqları daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır.

77. Qanunvericiliyə görə mülkiyyət hüququ əmlaka (əşyaya) sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı hüquqların cəmində ifadə olunan hüquqdur.

78. İddiaçıların ataları X16 Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüquqlarını həyata keçirərək torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evini notarial qaydada X2 və onun titul sahibliyinə vermişdir.

79. xx.xx.2004-cü il tarixli, 216902 saylı müqavilənin qanunda nəzərdə tutulmuş forma tələblərinə riayət edilmiş, müqavilədə tərəflər, onların rekvizitləri, müqavilənin predmeti, şərtləri və əsasları göstərilmiş, müqavilənin tərəfləri şəxsən alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etmiş, onlara hüquq və vəzifələri, eyni zamanda müqavilə bağlanmasının hüquqi nəticələri izah edilmiş və tərəflər həmin müqaviləyə imza etmiş, müqavilə notarius tərəfindən təsdiq edilmiş və dövlət reyestrinə daxil edilmiş və müvafiq qaydada dövlət rüsumu ödənilmişdir. Müqavilənin tamlığına xələl gətirən hər hansı hal da məhkəmə tərəfindən müəyyən edilməmişdir.

80. İddiaçılar iddia ərizəsində və apellyasiya şikayətində evin satılması üçün onlar notariusa razılıq ərizəsi vermədiklərini, bundan əlavə evin yerləşdiyi torpaq sahəsinin yalnız 1/5 hissəsi atalarının mülkiyyətində olmasını, qalan torpaq sahəsinə sonuncunun hüququ olmamasını, yəni torpaq sahəsinin satılması üçün də onlar razılıq ərizəsi vermədiklərini göstərmişlər.

81. Bununla bağlı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan MM-in 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021 -ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 3 mart tarixli qərarında da qeyd edilmişdir ki, səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir... Bu nöqteyinəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

83. Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunan qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

84. Digər tərəfdən, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə iddiaçıların və onların valideynlərinin adına olan JN 066A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmişdir. Həmin mübahisələr üzrə iddiaçılar icraata zəruri cəlb edilmiş üçüncü şəxs qismində iştirak etmişlər.

85. Qanunun tələbinə görə bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri ...habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

86. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında vurğulamışdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığıtənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

87. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik və preyudisiallıq prinsiplərinə görə, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı.

88. İddiaçıların irəli sürdüyü arqumentlər mübahisələndirilən müqavilənin ləğvi üçün əsas vermədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddia tələbinin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv edilməsi hissəsi birinci hissə ilə əlaqəli olduğundan kollegiya bildirir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

89. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

90. Apellyasiya şikayətinin digər dəlilləri də formal mülahizələrdən ibarət olduğundan birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğvi üçün yetərli deyildir.

91. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

92. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

93. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

94. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(054)-61/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(054)-61/2024 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar