Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1125/2024 02.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı "birgə nikah dövründə götürülmüş 20000 (iyirimi min) manat kredit məbləğinin yarısının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə götürülmüş 20000 (iyirimi min) manat kredit məbləğinin yarısının ödənilməsi” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-361/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəCavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə birgə nikah dövründə götürülmüş və cavabdehlərin problemləri üçün xərclənmiş 20000 (iyirimi min) manat kreditin yarısı olan 10000 (on min) pulun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2018-ci ildə nikahını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)- 27/2024 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Tərəflər birgə nikahda olan zaman cavabdehlərlə ümumi ehtiyaclarının ödənilməsi məqsədilə müxtəlif bank və bank olmayan kredit təşkilatlarından kreditlər əldə edərək birgə məqsədləri üçün xərcləmişlər. Hazırda digər banklar qarşısında olan öhdəlikləri bitmiş yalnız "xxxx" ASC-nin Zərdab filalı qarşısında kredit öhdəliyi qalmışdır.Birgə nikah dövründəəldə olunmuş kreditlər cavabdehin problemlərini həll etmək üçün xərclənsə də lakin cavabdeh onunla arasında olan nikaha xitam verildikdən sonra kredit ödənişlərinin ödənilməsindən imtina etmiş və bu məqsədlə ona heç bir köməklik göstərməmişdir. Ona görə də, o, hazırkı iddia ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
3. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 olan hissədə baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat
4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh1 ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-27/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Onlar birgə nikahda olan zaman ailənin ümumi ehtiyaclarının və cavabdehin problemlərinin həll olunması məqsədilə müxtəlif bank və bank olmayan kredit təşkilatlarından kreditlər əldə edərək birgə məqsədləri üçün xərcləmişlər.Əldə olunmuş kreditlərin bir çoxu onun özü tərəfindən öz vəsaiti hesabına bağlansa da lakin hazırda "xxxx" ASC-nin Zərdab filialı ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 357SDGL233450001 saylı müqavilə üzrə öhdəlikləri qalmaqdadır. Hazırda həmin kredit borcuna görə hər ay 195 man məbləğində pul onun əməkhaqqısından tutularaq, bankın hesabına ödənilir. Tərəflər arasında olan nikah pozulduqdan sonra cavabdeh birgə nikah dövründə əldə olunmuş kredit borclarının ödənilməsində ona heç bir köməklik göstərməmişdir. Odur ki, iddiaçı hazırda iddia ilə məhkəməyə müraciət edərək birgə nikah dövründəəldə olumuş kreditin bərabər hissələrə bölünməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, onlar xx.xx.2018-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-27/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçının "Azərbaycan Beynəlxalq Bank” ASC-nin Zərdab filalından kredit götürməsini bilir lakin iddiaçıya bank tərəfindən ümumilikdə nə qədər kredit verilməsindən məlumatsızdır. Lakin, iddiaçı kredit götürdükdən sonra ona 2800 manat pul vermişdir. O, isə həmin pulla özünə minik avtomobili almışdır. O, hesab edir ki, iddiaçı tərəfindən ondan 10000 manat pulun tələb edilməsi əsassızdır. Buna əsasən iddianın rədd edilməsini xahiş edir.
6. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-361/2024 nömrəli qətnaməsi ilə, (hakim İ.Həsənquliyev) iddianın qismən təmin edilməsi, "xxxx" ASC-nin Zərdab filalı ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 357SDGL233450001 saylı kredit müqaviləsinə əsasən tərəflərin nikahları pozulduğu gündən sonra qalıq qalmış 8159.33 manat məbləğində borcun İddiaçı ilə Cavabdeh1 arasında bərabər hissələrə bölünməsi, iddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı iddia ərizəsində birgə nikah dövründə götürülmüş və cavabdehin problemləri üçün xərclənmiş 20000 (iyirmi min) manat kreditin yarısı olan 10000 (on min) manat pulun cavabdehdən alınmasını tələb etsə də lakin iddiasını tam sübuta yetirə biləcək sübutları iş materialına əlavə edə bilməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli № 6-2-108/2- 42/2024 saylı arayışdan məlum olur ki, xx.xx.2023-cü il tarixli 357SDGL233450001 saylı kredit müqaviləsinə əsasən iddiaçıya 8000 (səkkiz min ) kredit verilmişdir və xx.xx.2024-cü il tarixə kimi iddiaçının sözü gedən banka 8000 (səkkiz min) manat əsas,159.33 (bir yüz əlli doqquz manat,otuz üç qəpik) manat faiz olmaqla ümumilikdə 8159 (səkkiz min bir yüz əlli doqquz manat,otuz üç qəpik) manat qalıq borcu var. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddiası bu hissədə təmin olunmalı və iddiaçının "Azərbaycan Beynəlxalq Bankı” nın Zərdab filialına xx.xx.2024-cü il tarixə olan borcu tərəflər arasında bərabər hissələrə bölünməlidir. Eyni zamanda cavabdehin iddianı qəbul etməməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh məhkəmə prosesi zamanı izahatında bildirmişdir ki, iddiaçı kredit götürən zaman bundan məlumatlı olub və götürülmüş kredit pulunun bir hissəsi iləözünəşəxsi məqsədləri üçün avtomobil almışdır. Bununla da məhkəmə hesab etmişdir ki, cavabdeh iddaçının kredit götürməsindən xəbərdar olmuş, kredit götürməsinə etiraz etməmiş vəəldə olunmuş pulun bir hissəsi iləözünə avtomobil almışdır. Əldə olunmuş kredit borcu ilə cavabdehin özünə şəxsi məqsədləri üçün avtomobil alması onu deməyə əsas verir ki, kredit müqaviləsi bağlanan zaman hazırki iş üzrə iddiaçı və cavabdeh həm qanunu həm də faktiki olaraq birgə nikahda olmuş və kredit müqaviləsinə əsasən əldə olunmuş pulu ailənin birgə məqsədləri üçün xərcləmişlər.
9. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalı, iddiaçının "Azərbaycan Beynəlxalq Bank” ASC-nin Zərdab filialına qarşı olan öhdəliyi xx.xx.2024-cü il tarixdən etibarən bərabər hissələrə bölünməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 60, 71-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.2.2, 36.1, 41.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1, 448.1, 739.1-ci maddələrinə, Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tədbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 3.14, 3.16 və 6.40-cı bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikah dövründə olanda onun ailəsinin bütün problemlərini həll etmək üçün krediti bir qayda olaraq o, götürmüşdür. Bu, artıq adət halını almışdır. Bir işə düşən kimi cavabdehlər ona məlumat vermişlər və o, şəxsiyyət vəsiqəsi ilə kredit götürməyə getmişdir. Bunu cavabdehlər inkar etmirlər. Hətta məhkəmənin son iclaslarının birində cavabdehlər etiraf da etmişlər. Onun adına götürülən kreditləri hələ də öz əmək haqqından ödəyir. Onun adına sənədləşmiş kredit müqavilələri həddən artıq çoxdur. Cavabdehlərə kredit kartlarından, lotoreya pulu və kreditlər götürməklə verdiyi pulların cəmi məbləği 30 min manatı keçmişdir. Amma o, cavabdehlərdən son kreditlərinin, yəni 20000 manatın yarısını tələb edir.
13. Bildirir ki, cavabdehlər onun bütün hüquqlarını tapdaladıqları kimi mülkiyyət hüququnu da tapdalamışlar. Lakin götürüb cavabdehlərin həyat şəraitini dəyişdirdiyi, problemlərini həll etdiyi 20000 manat kreditin payına düşən yarısını istəyir.
14. Cavabdehlərin problemlərini həll etmək üçün götürdüyü kredit müqavilələri aşağıdakılardır:
15. xx.xx.2019-cu il tarixli müqavilə ilə Azərbaycan Beynəlxalq Bankından götürdükləri 6703,83 man, xx.xx.2021-ci il tarixli müqavilə ilə Azərbaycan Beynəlxalq Bankından götürdükləri 9300,32 man, 01 yanvar 2021-ci il tarixdən, 31 may 2023-cü il tarixədək kredit kartı vasitəsik 3168,44 man, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə “ASEL KREDİT" Bank Olmayan Kredit Təşkilatı MMC-dən 450 man, xx.xx.2022-ci tarixli kredit müqaviləsi ilə “ASEL KREDİT" Bank Olmayan Kredit Təşkilatı MMC-dən 902,54 man, olmaqla, cəmi 20000 man məbləğində p götürmüşlər. Bundan hər ay 195 man məbləğində pul onun maaşından çıxılır.
16. Ona toyda hədiyyə edilən qızıl-zinət əşyalarını cavabdeh ondan almış və geri qaytarmamışdır.
17. Zərdab Rayon Məhkəməsi cavabdehlərin məhkəmə salonunda yuxarıda qeyd olunanları etiraf etmələrinə baxmayaraq, yenə də iddianı tam təmin etmədi. Üstəgəl, birinci instansiya məhkəməsi cavabdehlərə qarşı iddianı yalnız cavabdehin birinə şamil etməklə, onun maddi və prosessual hüquqlarını pozmuşdur. Qətnamədə borcun tələb edildiyi cavabdeh hazırda azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Onun bu məbləği ödəməyə imkanı yoxdur. Amma digər cavabdehlər həqiqətən həm borcu məhkəmədə bir neçə dəfə etiraf etmişlər, həm də götürülən kreditlər birbaşa onların həyat şəraitlərinin yaxşılaşdırılmasına sərf edilmişdir.
18. Odur ki, Zərdab Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(035)- 361/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin cavabdehlərin hamısına şamil edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Zərdab Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(035)-361/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında Cavabdeh1 ilə ailə münasibətlərinin 2022-ci ilin iyul ayından faktiki olaraq kəsildiyini, nikahlarının isə 10 yanvar 2024-cü il tarixdə məhkəmə qaydasında pozulduğunu, onun tərəfindən cavabdehlərdən 11 dekabr 2023-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə pul vəsaitinin tələb edilmədiyini, götürdüyü kreditləri cavabdehlərin problemləri üçün xərclədiyini göstərmişdir.
21. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Zərdab Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(035)-361/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. O, həmçinin izahatında iddiaçının həqiqətən 2019-cu il tarixdə Azərbaycan Beynəlxalq Bankından götürdüyü kreditin 3800 manatını ona verdiyini, yerdə qalan puldan xəbərinin olmadığını, iddiaçının 2021-ci ildə Beynalxalq Bankdan götürdüyü ikinci kreditdən 2800 manat pulu oğluna verib maşın aldığını, iddiaçının iddia etdiyi Asel Kredit Bank Olmayan Kredit Təşkilatından götürdüyü kreditlərlə bağlı onlara heç bir məbləğin verilmədiyini göstərmişdir.
22. Cavabdeh3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Zərdab Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(035)-361/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Beynəlxalq Bankına və Asel Kredit Bank Olmayan Kredit Təşkilatına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyasının iclasında iştirak etməsi ilə bağlı heç bir təşəbbüs göstərməmişdir. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər nümayəndələrinin məhkəmə kollegiyasının iclasında iştirak etməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
25. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə uyğun olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
27. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.
28. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tədbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 6.39-cu bəndinə əsasən ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər.
29. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Apellyasiya baxışının hədləri
30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyator Zərdab Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(035)- 361/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə nəzərə almamışdır.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
35. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 06 dekabr 2018-ci il tarixdə Cavabdeh1 ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Lakin sonradan onların ailə münasibətləri pisləşmiş və 2022-ci ilin iyul ayından ailə münasibətləri faktiki olaraq kəsilmişdir. Daha sonra İddiaçı Cavabdeh1 qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Zərdab Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(035)-27/2024 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında 06 dekabr 2018-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. İddiaçı ilə Cavabdeh1 birgə nikah münasibətlərində olduqları dövrdə İddiaçı adına 11 dekabr 2019-cu il tarixdə Azərbaycan Beynəlxalq Bankından 4590 manat, 07 oktyabr 2021-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankından 6150 manat, 29 dekabr 2021-ci il tarixdə Asel Kredit Bank Olmayan Kredit Təşkilatından 370 manat, 19 may 2022-ci il tarixdə Asel Kredit Bank Olmayan Kredit Təşkilatından 680 manat kredit məbləğləri götürülmüşdür. İddiaçı 11 dekabr 2019-cu il tarixdə Azərbaycan Beynəlxalq Bankından götürdüyü 4590 manat kreditin faizi ilə birlikdə banka qaytarılmalı olan cəmi 6703,83 manatın, 07 oktyabr 2021-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankından götürdüyü 6150 manat kreditin faizi ilə birlikdə banka qaytarılmalı olan cəmi 9300,82 manatın, 01 yanvar 2021-ci il tarixdən 31 may 2023-cü il tarixədək kredit kartı vasitəsi ilə 3168,44 manat, 29 dekabr 2021-ci il tarixdə Asel Kredit Bank Olmayan Kredit Təşkilatından götürdüyü 370 manat kreditin faizi ilə birlikdə banka qaytarılmalı olan cəmi 450 manatın, 19 may 2022-ci il tarixdə Asel Kredit Bank Olmayan Kredit Təşkilatından götürdüyü 680 manat kreditin faizi ilə birlikdə banka qaytarılmalı olan cəmi 902,54 manatın, cəmi 20000 manatın yarısı olan 10000 manatın cavabdehlərdən tutularaq ona qaytarılmasını xahiş etmişdir.
36. Birinci instansiya məhkəməsi isə iddanı qismən təmin edərkən gəldiyi nəticəni xx.xx.2023-cü il tarixli 357SDGL233450001 saylı kredit müqaviləsinə əsasən iddiaçıya 8000 manat kreditin verilməsi, xx.xx.2024-cü il tarixə kimi iddiaçının sözü gedən banka 8000 manat əsas,159.33 manat faiz olmaqla ümumilikdə 8159 manat qalıq borcunun olması səbəbli həmin borcun tərəflər arasında bərabər hissələrə bölünməli olması ilə əsaslandırmışdır.
37. Hansı ki, İddiaçı Cavabdeh1 qarşı sonuncu ilə ailə münasibətlərinin faktiki olaraq kəsilməsindən sonra, yəni xx.xx.2023-cü il tarixdə götürülmüş 357SDGL233450001 nömrəli kredit müqaviləsi üzrə pul vəsaitinin ödənilməsinə dair hər hansı bir iddia tələbi mövcud olmamışdır.
38. Beləliklə birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsində irəli sürdüyü tələblər üzrə heç bir dəyərləndirmə aparmadan, İddiaçı xx.xx.2023-cü il tarixli 357SDGL233450001 saylı kredit müqaviləsi üzrə banka hansı məbləğdə borcunun olmasına dair Azərbaycan Beynəlxalq Bankı Zərdab filialının 07 iyun 2024-cü il tarixli arayışına istinad etməklə İddiaçı xx.xx.2023-cü il tarixli 357SDGL233450001 saylı kredit müqaviləsi üzrə həmin banka 10 yanvar 2024-cü il tarixə mövcud olan cəmi 8159,33 manat məbləğində borcun tərəflər arasında bölünməsi nəticəsinə gəlmişdir.
39. Hansı ki, İddiaçı Cavabdeh1 qarşı banka olan borcun bölünməsi kimi də bir tələbi mövcud olmamışdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur.
41. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır.
42. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
43. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
44. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
45. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
46. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
47. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
48. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
49. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
50. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmadığından, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan Zərdab Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(035)-361/2024 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
51. Kollegiya apellyasiya şikayətinin cavabdehlə birgə nikah dövründə olanda onun ailəsinin bütün problemlərini həll etmək üçün kreditin bir qayda olaraq onun götürməsi, onun adına götürülən kreditləri hələ də öz əmək haqqından ödəməsi, onun adına sənədləşmiş kredit müqavilələrinin həddən artıq çox olması, xx.xx.2019-cu il tarixli müqavilə ilə Azərbaycan Beynəlxalq Bankından götürdükləri 6703,83 man, xx.xx.2021-ci il tarixli müqavilə ilə Azərbaycan Beynəlxalq Bankından götürdükləri 9300,32 man, 01 yanvar 2021-ci il tarixdən, 31 may 2023-cü il tarixədək kredit kartı vasitəsik 3168,44 man, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə “ASEL KREDİT" Bank Olmayan Kredit Təşkilatı MMC-dən 450 man, xx.xx.2022-ci tarixli kredit müqaviləsi ilə “ASEL KREDİT" Bank Olmayan Kredit Təşkilatı MMC-dən 902,54 man, olmaqla, cəmi 20000 man məbləğində pul götürmələri, bundan hər ay 195 man məbləğində pulun onun maaşından çıxılmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, idə olan sənədlərlə iddiaçı tərəfindən Cavabdeh1 ilə birgə nikahları dövründə, yəni 11 dekabr 2019-cu il tarixdə Azərbaycan Beynəlxalq Bankından götürülmüş kreditin 07 oktyabr 2021-ci il tarixdə tam ödənildiyi, məhkəmə kollegiyasının sorğusuna verilən cavabla isə 07 oktyabr 2021-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankı ilə bağlanmış kredit müqaviləsi üzrə borcun isə hissə-hissə ödənilməklə sonuncu ödənişin 27 aprel 2023-cü il tarixdə aparılması müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə Azərbaycan Beynəlxalq Bankı ilə aralarında kredit kartı üzrə borcun götürülməsinə, həmin kredit müqaviləsi üzrə Cavabdeh1 ilə ailə münasibətlərinin kəsilməsindən sonra ödənişin aparılmasına, həmçinin Asel Kredit Bank Olmayan Kredit Təşkilatından götürdüyü kreditlər üzrə məbləğlərin hansı tarixlərdə ödənilməsinə dair heç bir bir sübut təqdim edilməmişdir.
52. Lakin məhkəmə kollegiyasının sorğusuna Azərbaycan Beynəlxalq Bankının 02 dekabr 2024-cü il tarixdə verdiyi cavab məktubundan 07 oktyabr 2021-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankı ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən Cavabdeh1 ilə ailə münasibətlərinin faktiki olaraq kəsilməsindən sonra, yəni 06 avqust 2022-ci il tarixdə, 193,76 manat, 07 sentyabr 2022-ci il tarixdə 193,76 manat, 07 oktyabr 2022-ci il tarixdə 193,76 manat, 07 noyabr 2022-ci il tarixdə 193,76 manat, 07 dekabr 2022-ci il tarixdə 193,76 manat, 07 yanvar 2023-cü il tarixdə 193,76 manat, 07 fevral 2023-cü il tarixdə 1,47 manat, 08 fevral 2023-cü il tarixdə 192,36 manat, 07 mart 2023-cü il tarixdə 144 manat, 09 mart 2023-cü il tarixdə 0,22 manat, 17 mart 2023-cü il tarixdə 49,84 manat, 07 aprel 2023-cü il tarixdə 0,27 manat, 19 aprel 2023-cü il tarixdə 194 manat, 27 aprel 2023-cü il tarixdə isə 1580 manat olmaqla cavabdehlə ailə münasibətlərinin faktiki olaraq kəsilməsindən sonra həmin müqavilə üzrə iddiaçı tərəfindən Azərbaycan Beynəlxalq Bankına cəmi 3324,72 manat pul vəsaitinin ödənilməsi müəyyən edilmişdir.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ona toyda hədiyyə edilən qızılzinət əşyalarını cavabdehin ondan alması və geri qaytarmamasına dair dəlilinə də münasibətdə qeyd edir ki, hazırkı mülki iş üzrə iddia tələbində iddiaçı tərəfindən cavabdehdən qızıl-zinət əşyaları tələb edilməmişdir.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin cavabdehlərə qarşı iddianı yalnız cavabdehin birinə şamil etməsi, amma digər cavabdehlərin borcu məhkəmədə bir neçə dəfə etiraf etmələri, götürülən kreditlərin birbaşa onların həyat şəraitlərinin yaxşılaşdırılmasına sərf edilməsi, Zərdab Rayon Məhkəməsinin cavabdehlərin məhkəmə salonunda yuxarıda qeyd olunanları etiraf etmələrinə baxmayaraq, yenə də iddianı tam təmin etməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “birgə nikah dövründə götürülmüş 20000 (iyirmi min) manat kredit məbləğinin yarısının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid olan hissədə hissəvi baxılmamış saxlanılmışdır.
55. Kollegiya izah edir ki, İddiaçı iddiasının hissəvi baxılmamış saxlanılmasına dair Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadını mübahisələndirmək hüququ, əgər həmin qərardaddan şikayət verməsi müddətini ötürmüşdürsə isə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı eyni tələblə yenidən birinci instansiya məhkəməsində iddia qaldırmaq hüququ vardır.
56. Məhkəmə kollegiyası iddia tələbi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, 07 oktyabr 2021-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankı ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən Cavabdeh1 ilə ailə münasibətlərinin faktiki olaraq kəsilməsindən sonra, yəni 06 avqust 2022-ci il tarixdə, 193,76 manat, 07 sentyabr 2022-ci il tarixdə 193,76 manat, 07 oktyabr 2022-ci il tarixdə 193,76 manat, 07 noyabr 2022-ci il tarixdə 193,76 manat, 07 dekabr 2022-ci il tarixdə 193,76 manat, 07 yanvar 2023-cü il tarixdə 193,76 manat, 07 fevral 2023-cü il tarixdə 1,47 manat, 08 fevral 2023-cü il tarixdə 192,36 manat, 07 mart 2023-cü il tarixdə 144 manat, 09 mart 2023-cü il tarixdə 0,22 manat, 17 mart 2023-cü il tarixdə 49,84 manat, 07 aprel 2023-cü il tarixdə 0,27 manat, 19 aprel 2023-cü il tarixdə 194 manat, 27 aprel 2023-cü il tarixdə isə 1580 manat olmaqla həmin müqavilə üzrə Azərbaycan Beynəlxalq Bankına cəmi 3324,72 manat pul vəsaitinin ödənilməsi nəzərə alınaraq, İddiaçı 3324,72 manat pul vəsaitinin yarısını, yəni 1662,36 manatı Cavabdeh1 tələb etməkdə haqlıdır. Lakin 07 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə digər kredit ödənişi isə tərəflərin məhz ailə münasibətlərində yaşadıqları dövrdə ödənildiyindən, İddiaçı iddia tələbinin 07 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilmiş digər hissəsinin Cavabdeh1 tutulmalı olmasına dair hissəsi əsaslı deyildir.
57. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh1 ilə birgə nikahları dövründə, yəni 11 dekabr 2019-cu il tarixdə Azərbaycan Beynəlxalq Bankından götürülmüş kreditin 07 oktyabr 2021-ci il tarixdə, yəni tərəflərin birgə nikah münasibətlərində olduqları dövrdəcə ödənilməsi, iddiaçı tərəfindən məhkəməyə Azərbaycan Beynəlxalq Bankı ilə aralarında kredit kartı üzrə müqavilənin bağlanmasına, həmin kredit müqaviləsi üzrə Cavabdeh1 ilə ailə münasibətlərinin kəsilməsindən sonra ödənişin aparılmasına, həmçinin Asel Kredit Bank Olmayan Kredit Təşkilatından götürdüyü kreditlər üzrə məbləğlərin hansı tarixlərdə ödənilməsinə dair heç bir bir sübutun təqdim edilməməsi nəzərə alınaraq, Azərbaycan Beynəlxalq Bankı ilə aralarındakı 11 dekabr 2019-cu il tarixli kredit müqaviləsi, kredit kartı vasitəsi ilə olan müqavilə, Asel Kredit Bank Olmayan Kredit Təşkilatı ilə aralarında 29 dekabr 2021-ci il və 19 may 2022-ci il tarixlərdə bağlanmış kredit müqavilələri üzrə pul vəsaitinin Cavabdeh1 tutulmalı olmasına dair hissələrdə iddia tələbi əsassızdır.
58. Belə ki, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
59. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-361/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə götürülmüş 20000 (iyirimi min) manat kredit məbləğinin yarısının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, İddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında 07 oktyabr 2021-ci il tarixdə bağlanmış 357RTL********** nömrəli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən Azərbaycan Beynəlxalq Bankına ödənilmiş cəmi 3324,72 manatın yarısı, yəni 1662,36 manat Cavabdeh1 tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
60. İddianın qismən təmin edilməsi nəzərə alınaraq iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi, yəni 36,62 manat dövlət rüsumu Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-361/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə götürülmüş 20000 (iyirimi min) manat kredit məbləğinin yarısının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında 07 oktyabr 2021-ci il tarixdə bağlanmış 357RTL********** nömrəli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən Azərbaycan Beynəlxalq Bankına ödənilmiş cəmi 3324,72 manatın yarısı, yəni 1662,36 manat Cavabdeh1 tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 İddiaçı xeyrinə 36,62 manat dövlət rüsumu tutulsun. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.