Məhkəmə qərarları › İş №2(107)-1127/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1127/2025

09.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1127/2025 09.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X2 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı – İddiaçı nümayəndəsi və vəkili Vəkil, eyni zamanda iddiaçının digər nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tаrixli, e-2(025)-1240/2025 saylı qətnаməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-160/2025 saylı qərardadından görünür ki, ərizənin təmin edilməsi, 12 dekabr 2010cu il təvəllüdlü X3 və 13 oktyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)- 2359/2018 saylı qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 110 (bir yüz on) manat məbləğində tutulan aliment həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb ərizəçi Cavabdeh verilməsi qərara alınmışdır.

2. İş materiallarında olan Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 iyul 2025-ci il tarixli “Doğum haqqında” arayışdan görünür ki, X3 xx.xx.2010-cu il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 425 № ilə qeyd edilmişdir.

3. İş materiallarında olan Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 iyul 2025-ci il tarixli “Doğum haqqında” arayışdan görünür ki, X4 xx.xx.2016-cı il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-ci ildə 1484 № ilə qeyd edilmişdir.

4. İş materiallarında olan 28 iyul 2025-ci il tarixli, AZ-İ seriyalı, 528814 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikahın pozulması 29 aprel 2019-cu il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində 61 nömrəli akt qeydi ilə qeydə alınmışdır.

5. İş materiallarında olan Mingəçevir şəhər rayonlarası psixo-nevroloji dispanseri tərəfindən verilmiş 28 iyul 2025-ci il tarixli, 969 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci ildən Mingəçevir Psixi-Nevroloji Dispanserində “Emosional davamsız şəxsiyyət pozğunluğu anamnezinoy kəllə-beyin travması dioqnozu ilə qeydiyyatdadır.

II. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 8(051)-160/2025 saylı qərardadı ilə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində sabit pul məbləğində müəyyən olunmuş aliment məbləğinin indeksasiyası azaldılaraq, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli olmaqla (150 manat), iki uşaq üçün cəmi 0.74 misli həddində, cəmi 300 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar. Birgə nikahlarından 12 dekabr 2010-cu ildə Zəminə və 13 oktyabr 2016-cı ildə Kamran adlı uşaqları anadan olmuşdur. Onlar bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar və Mingəçevir Şəhər Məhkəməsinin 29 may 2018ci il tarixli, 2(051)-714/2018 saylı qətnaməsinə əsasən iddia tələbi təmin olunmuş, İddiaçı ilə Cavabdeh arasında nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaqların analarının yanında qalmaları qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, tərəflər nikahın pozulması haqqında şəhadətnamə almışlar. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-2359/2018 saylı qətnaməsi ilə 12 dekabr 2010-cu il təvəllüdlü X3 və 13 oktyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Onun tərəfindən hər ay hər uşağa 110 manat olmaqla, cəmi 220 manat tam şəkildə ödənilmişdir. Aliment borcu yoxdur. Mingəçevir şəhər Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 8(051)-160/2025 saylı qərardadına əsasən ərizənin təmin edilməsi, 12 dekabr 2010-cu il təvəllüdlü X3 və 13 oktyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-2359/2018 saylı qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 110 (bir yüz on) manat məbləğində tutulan aliment həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb ərizəçi Cavabdeh verilməsi qərara alınmışdır. Mingəçevir şəhər rayonlarası psixo-nevroloji dispanseri tərəfindən verilmiş 28 iyul 2025-ci il tarixli, 969 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci ildən Mingəçevir Psixi-Nevroloji Dispanserində “Emosional davamsız şəxsiyyət pozğunluğu”. Anamnezinoy kəllə-beyin travması dioqnozu ilə qeydiyyatdadır. Bununla bağlı dəfələrlə stasionar qaydada müalicə olunmuşdur. Lakin sağalmamışdır. Əlilliklə bağlı müraciət etmişdir. Hazırda işləmir, maddi imkanı da yoxdur. Atası baxır ona, dərmanlarını, müalicəsini atasının köməyi ilə alır. Hətta alimenti belə tam ödəyir.

8. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin göstərmişdir ki, işə girmək üçün çoxlu müraciətləri olmuş, lakin işlə təmin olunmamışdır. Hal-hazırda işsizdir. Bu səbəbdən hesab etmişdir ki, alimentin məbləği azaldılması, hər ay 140 manat sabit pul məbləğində müəyyən edilməlidir.

9. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçının tələbi əsassızdır. 3 dəfə əməliyyat olunmuş və bu səbəbdən heç yerdə işləyə bilmir. Qardaşı müharibə veteranlığına görə alınan pulu da ona vermişdir. Cavabdehin və atasının isə kifayət qədər imkanları vardır. Göstərilənlərə əsasən iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

10. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 24 sentyabr 2025-ci il tаrixli, e-2(025)-1240/2025 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

11. Məhkəmə qeyd edib ki, İddiaçı rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması 12 dekabr 2010-cu il təvəllüdlü X3 və 13 oktyabr 2016-cı il təvəllüdlü X4 adlı uşaqlarını saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda iddiaçı alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından əsaslı və qanuni deyil və bu səbəbdən də məhkəmə iddianın təmin olunmamasını ədalətli və əsaslı hesab edir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2, 75.1, 75.4, 78.1, 112.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. İddiaçı nümayəndəsi və vəkili Vəkil Qəbələ Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tаrixli, e-2(025)-1240/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ...məhkəmə iclasında İddiaçı iştirak etməmişdir, məhkəmə isə yanlışlqla qətnamədə göstərmişdir ki, məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin göstərmişdir ki, işə girmək üçün çoxlu müraciətləri olmuş, lakin işlə təmin olunmamışdır. Hal-hazırda işsizdir. Bu səbəbdən hesab etmişdir ki, alimentin məbləği azaldılması, hər ay 140 manat sabit pul məbləğində müəyyən edilməlidir. Guya ki, məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçının tələbi əsassızdır. Həmçinin göstərmişdir ki, 3 dəfə əməliyyat olunmuş və bu səbəbdən heç yerdə işləyə bilmir. Qardaşı müharibə veteranlığına görə alınan pulu da ona vermişdir. Cavabdehin və atasının isə kifayət qədər imkanları vardır. Göstərilənlərə əsasən iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Cavabdeh məhkəmə iclasında əməliyyat olunması ilə bağlı heç bir məlumat verməmişdir, əgər belə bir məlumat versəydi, hər hansı sənəd təqdim etmiş olardı. Qətnamə təhrif olunmuş qaydada tərtib edilmişdir. Qətnamədən görünür ki, guya ki, İddiaçı məhkəmə iclasında iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermişdir. Halbuki, məhkəmə iclaslarında Fəqan yox, o, nümayəndəsi təmsil olunmuşdur. Digər tərəfdən qətnamədə ümumiyyətlə Fəqanın iddia ərizəsində əsaslandırmasında qeyd edilir ki, Fəqanın heç bir yerdə işləməməsi ilə alimentin azaldılmasını xahiş edir. Halbuki iş materiallarına, iddia ərizəsinə əlavə edilmiş arayışdan müəyyən olunur ki, İddiaçı 2018-ci ildən Mingəçevir Psixi-Nevroloji Dispanserində qeydiyyatdadır və xəstədir. O cümlədən də Cavabdeh məhkəmə iclasında etiraf edərək bildirmişdir ki, həqiqətən Fəqanın başının bir hissəsi koprondur, o, xəstədir. İşləyə bilməmişdir. Ancaq qətnamənin digər hissəsindən təhrif olunmuşdur ki, Cavabdeh 3 dəfə əməliyyat olunmuş və bu səbəbdən heç yerdə işləyə bilmir. Halbuki, məhkəmə iclasında belə bir ifadə olmamışdır. Onlara qaynatası baxmışdır. Qeyd olunduğu kimi, əgər əməliyyat olmuşdursa əməliyyatla bağlı hər hansı bir sənəd təqdim edə bilərdi. Cavabdeh sağlamdır, özü də işləməlidir. Çünki hər iki valideyin uşağa baxmaq vəzifəsidir. Ancaq buna baxmayaraq cavabdeh heç bir yerdə işləmir. İstəyir ki, xəstə Fəqanın alimenti ilə uşaqlara baxmaqla bərabər həmdə özünə baxılsın. Digər tərəfdən də bildirir ki, atasının maddi imkanı yaxşı olmuşdur. Digər tərəfdən iddiaçnın atasının imkanın yaxşı olmasının Fəqana nə aidiyyəti var. Fəqanın bu gün hər hansı bir qazancı yoxdur və Fəqana bu məbləğdə alimentin kəsilməsi gələcəkdə onun inzibati məsuliyyətə aparan haldır. Onun da xəstəliyi ilə bağlı hər hansı bir əməliyyata inzibati və cinayət məsuliyyətinə cəlb edilsə onun yaşamaq imkanını məhdudlaşdıra biləcək haldır. Hər iki valideyin uşaqlarını saxlamağa borcludur. Cavabdeh sağlamdır, heç bir əlillik dərəcəsi yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tаrixli, e-2(025)-1240/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam şəkildə təmin olunaraq Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 8(051)-160/2025 saylı qərardadı ilə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində sabit pul məbləğində müəyyən olunmuş aliment məbləğinin indeksasiyası azaldılaraq, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli olmaqla (150 manat), iki uşaq üçün cəmi 0.74 misli həddində, cəmi 300 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil, eyni zamanda iddiaçının digər nümayəndəsi Nümayəndə hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər.

17. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh teleqramla məhkəməyə müraciət edərək maddi imkanının olmamasını əsas gətirərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Eyni zamanda iddiaçı tərəfindən ödənilməmiş qalan 3196 manat alimentin ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

21. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

22. Maddə 34. Nikah hüququ

İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

İnsan hüquqlarına dair Ümumi Bəyannamə

23. Maddə 25, 2-ci bənd. Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

24. Maddə 8. Hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

25. Maddə 13. Uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

26. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

27. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

28. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

29. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

30. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

31. Maddə 112.1. Alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:

32. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

33. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.

34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.

35. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

36. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.

38. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

39. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

41. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

44. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

45. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

46. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

47. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tаrixli, e-2(025)-1240/2025 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalıdır.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

50. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

51. İşin faktiki hallarından müəyyən olunur ki, tərəflərin birgə nikahından 12 dekabr 2010-cu il təvəllüdlü X3 və 13 oktyabr 2016-cı il təvəllüdlü X4 adlı iki uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-2359/2018 saylı qətnaməsinə əsasən İddiaçı 12 dekabr 2010-cu il təvəllüdlü X3 və 13 oktyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-160/2025 saylı qərardadına əsasən 12 dekabr 2010-cu il təvəllüdlü X3 və 13 oktyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-2359/2018 saylı qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 110 (bir yüz on) manat məbləğində tutulan aliment həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb ərizəçi Cavabdeh verilməsi qərara alınmışdır. Hazırda isə İddiaçı həmin məbləğin azaldılaraq hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutulmasına dair məhkəmədə iddia qaldırmışdır. İşə mahiyyəti üzrə baxan Qəbələ Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birici instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti vermişdir.

52. İddianı təmin etməyən birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, alimentin azaldılması üzrə işlərə baxarkən ilk növbədə uşaqlar üçün qanunverciliklə müəyyən edilmiş yaşayış minimumunun həddi, tərəflərin birgə nikahdan doğulmuş uşaqlarının böyüməsi, xərclərinin ildən-ilə artması, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maskimal saxlanılmasının zəruriliyi və s. faktorlar nəzərə alınmalıdır. Yəni aliment məbləğinin azaldılması uşaqların qanunvericiliklə qorunan mənafelərinə, maraqlarına ziddir və onların əvvəlki təminat səviyyəsinin yüksək səviyyədə qorunmasına xələl gətirəcəkdir. Bununla yanaşı qanunvericilik aliment miqdarının dəyişdirilməsinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması halında həllini təsbit edir ki, hazırkı iddia tələbi üzrə alimentin azaldılması üçün yeni əsasların yaranması müəyyən edilmir.

53. Kollegiya birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

54. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı nəzərə alınmaqla indeksasiya edilmiş sabit pul məbləğində aliment alınıb azaldılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir.

55. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir.

56. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin.

57. Qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

58. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının azaldılmasını onun xəstəliyi ilə əlaqədar işləyə bilməməsi səbəbli maddi durumunun aşağı olmasına əsaslanmaqla tələb etmişdir.

59. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Mingəçevir Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 8(051)- 160/2025 saylı qərardadı ilə həmin məhkəmənin 17 sentyabr 2018-ci il tarixli, 2(051)- 2359/2018 saylı qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 110 (bir yüz on) manat məbləğində tutulan aliment həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində indeksasiya edilməklə hazırkı iş üzrə hər uşaq üçün hər ay 296 manat olmaqla cəmi 592 manat aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşaqların ehtiyacının səviyyəsini əsas götürmüşdür. Lakin uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumu 2025-ci il üçün 246 manat nəzərdə tutulmuşdur.

60. Göründüyü kimi, hazırkı işdə hər uşaq üçün müəyyən edilmiş alimentin miqdarı (296 manat) uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan xeyli dərəcədə çoxdur.

61. Eyni zamanda o da nəzərə alınmalıdır ki, sonuncu dəfə alimentin miqdarının müəyyən edilməsi əvvəllər məhkəmə tərəfindən təyin edilmiş sabit pul məbləğində alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının indeksasiyasına əsasən olmuşdur.

62. Bunun nəticəsində hazırkı iş üzrə iddiaçı hər ay hər uşaq üçün 110 manat aliment ödədiyi halda, alimentin indeksasiyası nəticəsində ödəməli məbləğ az qala 3 dəfəyə yaxın artaraq 296 manat (minimum əmək haqqınının 0,74 misli) olmuşdur.

63. İş materiallarından və tərəflərin izahatlarından iddiaçının maddi vəziyyətinin qeyd olunan nisbətdə yaxşılaşması müəyyən edilmir.

64. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

65. Azərbaycan Respublikasında 2025-ci ilin yanvar ayının 1-dən minimum əmək haqqı 400 manat müəyyən edilmişdir.

66. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

67. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşaqların mənafelərini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

68. Kollegiya qeyd edir ki, qanunvericilik normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

69. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır.

70. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu, yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır.

71. İş üzrə tərəflərin bəyanlarından o da məlum olur ki, iddiaçı tərəfindən ödənilməmiş qalan aliment borcu artıq 3196 manata çatıb.

72. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, uşaqların mənafeyi, onların layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti nəzərə alınaraq alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində (200 manat), 2 uşaq üçün ümumilikdə 400 manat müəyyən edilməlidir.

73. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

74. Beləliklə də, hazırkı işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.

75. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

76. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

77. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

78. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini təmin etməməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin17 aprel 2025-ci il tarixli qərardaddı ilə tərəflərin birgə nikahlarından 12 dekabr 2010-cu il təvəllüdlü X3 və 13 oktyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.74 misli həddində indeksasiya edilmiş sabit pul məbləği azaldılaraq hər ay hər uşaq üçün minimum əmək haqqı məbləğinin 0.50 misli həddində müəyyən edilməlidir.

79. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

80. Hazırkı işdə mübahisələndirilən bir il ərzində ödəmənin məcmusu 3504 manat təşkil edir.

81. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (bax: 48-ci bənd). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tаrixli, e-2(025)-1240/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2025-ci il tarixli qərardaddı ilə tərəflərin birgə nikahlarından 12 dekabr 2010-cu il təvəllüdlü X3 və 13 oktyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.74 misli həddində indeksasiya edilmiş sabit pul məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün minimum əmək haqqı məbləğinin 0.50 misli həddində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar