Məhkəmə qərarları › İş №2(107)-1138/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1138/2025

18.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1138/2025 18.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment” tələbi, qüvvə) X1 (sədrlik edən və məruzəçi), X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddiasına dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, e-2(025)-1171/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,90 misli həddində sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 20 noyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və Qəbələ rayonu, Bum qəsəbəsində onunla birlikdə yaşamışlar. Onların birgə nikahdan xx.xx.2020- ci il təvəllüdlü X7 adında uşaqları olmuş və münasibətləri pozulduğundan 2025-ci ilin aprel ayında faktiki surətdə ayrılmışlar. O, halhazırda 2 nömrəli körpələr evində əvəzedən tərbiyəçi işləyərək 440,0 manat əmək haqqı alır və uşağın maddi təlabatlarını təkbaşına təmin edə bilmir. Ona görə də, birgə nikahdan doğulmuş xx.xx.2000-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,90 misli həddində sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə iddia qaldırmışdır.

Birinci instansiya məhkəməsində icraat:

3. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, o, 20 noyabr 2019-cu il tarixdə İddiaçı ilə rəsmi nikaha daxil olaraq evlənmiş və Qəbələ rayonu, Bum qəsəbəsində onunla birlikdə yaşamışlar. Onların birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X7 uşaqları olmuş və münasibətləri pozulduğundan bir neçə ay bundan qabaq faktiki surətdə ayrılmışlar. Uşaq İddiaçı himayəsində qalmışdır. O, hal-hazırda Bum qəsəbəsində yerləşən uşaq baxçasında gözətçi vəzifəsində işləyərək cəmi 431,0 manat əmək haqqı alır və uşağın saxlanmasından ötrü ayda 200,0 manat məbləğində aliment ödəməyə razıdır.

5. Qəbələ Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) 18 sentyabr 2025-ci il tarixli, e-2(025)-1171/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, birgə nikahdan doğulmuş 09 avqust 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması, Qətnamənin dərhal icra edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh ilə 20 noyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və Qəbələ rayonu, Bum qəsəbəsində onunla birlikdə yaşamışlar. Onların birgə nikahdan xx.xx.2020- ci il təvəllüdlü X7 adında uşaqları olmuş və münasibətləri pozulduğundan 2025-ci ilin aprel ayında faktiki surətdə ayrılmışlar. O, hal-hazırda 2 nömrəli körpələr evində əvəzedən tərbiyəçi işləyərək 440,0 manat əmək haqqı alır və uşağın maddi təlabatlarını təkbaşına təmin edə bilmir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmə hesab etmişdir ki, tərəflərin ayrı yaşaması, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X4 İddiaçı yanında qalması nəzərə alınaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü ananın xeyrinə Cavabdeh hər ay sabit pul məbləğində aliment tutulmalı, alimentin miqdarı müəyyən edilərkən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu, o cümlədən uşağın baxımı ilə əlaqədar ananın qazanc əldə etmək imkanının məhdud olması nəzərə alınmalıdır.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76.1, 78.1 və 78.2 -ci maddələri, Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsinə, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

9. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Qəbələ Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, e-2(025)-1171/2025 nömrəli qətnaməsi ilə razı deyil, belə ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən tərəflərin ailə vəziyyəti, maddi vəziyyəti, gəlirləri, qazanc mənbəyi, iş yeri, yaşayış səviyyəsi, əmlak vəziyyəti (hər hansı daşınar və daşınmaz əmlaklarımın olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi, kreditinin olub-olmaması və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməmişdir. Ona görə də o məhkəmə iclasında da bildirmişdir ki, 20 noyabr 2019-cu il tarixdə İddiaçı ilə rəsmi nikaha daxil olaraq evlənmiş və Qəbələ rayonu, Bum qəsəbəsində onunla birlikdə yaşamışlar. Onların birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X7 olmuş və münasibətləri pozulduğundan bir neçə ay bundan qabaq faktiki surətdə ayrılmışlar. Uşaq İddiaçı himayəsində qalmışdır. O, hal-hazırda Bum qəsəbəsində yerləşən uşaq baxçasında gözətçi vəzifəsində işləyərək məcburi tutulmalardan sonra cəmi 431,0 manat əmək haqqı alır və uşağın saxlanmasından ötrü ayda 150-200 manat məbləğində aliment ödəyə bilər. Onu da qeyd edir ki, o İİ Qarabağ müharibəsi veteranıdır və veteran olduğuna görə də 80 manat təqaüd alır. Lakin özü müharibə iştirakçısı olduğundan hərdən psixoloji müalicələr alır. Eyni zamanda pensioner yaşlı valideynləri vardır ki, onların da dolanışıq xərcləri, müalicə almaları xərcləri onun üzərindədir. Həmçinin, nəzərə alsa ki, onun adında hər hansı daşınar və daşınmaz əmlak yoxdur və əlavə qazanc da əldə edə bilmir. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, İddiaçı da işlədiyi nömrəli körpələr evində əvəzedən tərbiyəçi işləyərək 440,0 manat əmək haqqı alır, uşağın saxlanılması hər iki valideynin vəzifə borcu olduğundan, qarşı tərəfdə aldığı əmək haqqı ilə uşağın saxlanılmasında köməklik etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Göründüyü kimi məhkəmə alimentin miqdarının müəyyən edilməsi barədə qətnamə qəbul edərkən cavabdeh şəxs kimi onun maddi vəziyyətini, himayəsində yaşlı valideynlərinin olmasını, əmək haqqıdan və müavinətdən başqa gəlirlərinin olmamasını vəs. nəzərə almamışdır.

11. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, e-2(025)- 1171/2025 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin qismən alimentin məbləğnin minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində (160 manat) olmaqla təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etirazı daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbəri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancının aliment verməyə borclu olan valideynin qazancının və ya başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

15. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: 13-cü maddəsinə əsasən uşağın AR qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarı.

17. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarı: 1-ci bəndində göstərilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır

18. “Uşaq hüquqları haqqında” Konvensiya: “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

19. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarı: Həmin qərarda deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

21. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Kollegiya qeyd edir ki, apellyasiya şikayətindən görünür ki, cavabdeh Qəbələ Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, e-2(025)-1171/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur.

26. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

27. Məhkəmə kollegiyası iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə dair dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz.

28. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin onun bu məbləğdə alimenti ödəməyə imkanının olmaması, himayəsində xəstə valideynlərinin olması barədə dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

29. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia tələbinə hüquqi qiymət verilərkən uşaqların layiqli, firavan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlıqlarının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafeyi nəzərə alınaraq onların saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində alimentin tutulması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmirlər.

30. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşaqların azyaşlı olmaqla, böyüdükcə təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti əsaslı deyildir.

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, həmin hissədə mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, e-2(025)- 1171/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, e-2(025)-1171/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar