Məhkəmə qərarları › İş №2(107)-1160/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1160/2023

24.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1160/2023 24.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Ailə münasibətləri üzrə mübahisələr - ailə münasibətləri üzrə sair mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tаrixli, e-2(075)-1271/2023 saylı qətnаməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 2(102)-4730/2022 saylı qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)-103/2021 saylı qətnaməsi ilə Cavabdeh iddiası təmin edilmiş, İddiaçı uşağın atası olması hüquqi faktının təsdiq edilməsi, uşağa yeni doğum haqqında şəhadətnamənin verilməsi və doğum haqqında şəhadətnamədə ata qrafasında uşağın atasının adının İddiaçı kimi qeyd edilməsi ilə bağlı müvafiq qeydiyyatın aparılmasını Şəki rayon qeydiyyat şöbəsinə tapşırılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi, alimentin tutulmasının əvvəlinin 29 sentyabr 2020-ci il tarixindən hesablanması, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icraya yönəldilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2(107)-83/2022 saylı qətnaməsi ilə təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)-103/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, eyni zamanda həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 2(102)-4730/2022 saylı qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2(107)-83/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

2. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi haqqında 25 aprel 2023-cü il tarixli arayışın surətindən görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etmədilər. 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.

3. İş materiallarına əlavə edilmiş SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 05 iyul 2021-ci il tarixdən 05 yanvar 2023-cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir.

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)-103/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin 05 iyul 2021-ci il tarixindən 05 yanvar 2023-cü il tarixədək hesablanmış 2700 manat hissəsinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

5. İddia ərizəsi işin yuxarıda qeyd edilən faktiki halları ilə əsaslandırılmış, əlavə laraq göstərilmişdir ki, qətnamə alimentin tutulması hissəsində icra olunması üçün Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. O, 05 iyul 2021-ci il tarixdən 05 yanvar 2023-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Təbii ki, bu müddət ərzində onun aliment ödəməsi qeyri-mümkün idi. Bu səbəbdən də həmin müddət ərzində onun tərəfindən heç bir aliment ödənişi həyata keçirilməmişdir və nəticədə onun 4000 manatdan yuxarı aliment borcu yaranmışdır. Aliment məbləği 29 sentyabr 2020-ci il tarindən hesablanmağa başlamışdır. Bu müddətin böyük bir hissəsini isə o, həqiqi hərbi xidmətdə olmuş, yalnız cari ilin yanvar ayında tərxis olunmuşdur. Yəni xidmətdən qayıtdığı cəmi üç aydır və bü müddət ərzində o, işsiz olmuşdur. Mingəçevir şəhər İcra və Probasiya şöbəsi onun hərbi xidmətdə olmasını, işsiz olmasını nəzərə almayaraq ondan yığılmış aliment borcunu tələb etmiş, onun tərəfindən üzrlü səbəbdən aliment ödənişi olmadığı təqdirdə isə təqdimat ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edilmişdir. Ona görə də hesab edir ki, hərbi xidmət dövründə, yəni 18 ay ərzində hər ay 150 manat olmaqla hesablanmış 2700 manat borc silinməlidir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, uşağına təkbəşına özü baxır. Təyin edilmiş aliment məbləği azlıq edir. İddiaçı bu vaxta kimi aprel və may ayları ərzində cəmi 1000 manat məbləğində alimet ödəmiş, qalan məbləği isə ödəməmişdir. Ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

8. Şəki Rаyоn Məhkəməsinin (hakim Pərviz Hacıyev) 26 iyul 2023-cü il tаrixli, e- 2(075)-1271/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)-103/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin 05 iyul 2021-ci il tarixindən 05 yanvar 2023-cü il tarixədək hesablanmış 2700 manat hissəsinin silinməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

9. İddiaçı Şəki Rаyоn Məhkəməsinin 26 iyul 2023-cü il tаrixli, e-2(075)-1271/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat a) apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, hesab edir ki, məhkəmənin göstərilən qətnaməsi qanunsuz və əsassız olduğu, maddi və prosessual hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olmuş bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunduğu, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə və faktlar nöqteyi-nəzərindən əsassız qərar qəbul edilməsinə səbəb olduğu üçün qərar ləğv olunmalı və tələbin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, qanunvericilik şəxsin aliment borcunun yaranmasının üzrlü səbəblərdən əmələ gəlməsi ilə bağlı dairəni məhdudlaşdırmamış, qanunvericiliklə dəqiq müəyyən edilməmiş və baş verməsi mümkün ola biləcək digər halların da aliment borcunun üzrlü səbəbdən yaranma ehtimalını özündə nəzərə almış və özündə ehtiva etmişdir. Lakin, Şəki Rayon Məhkəməsi tərəfindən sözügedən hüquq norması işin real hallarına tətbiq etməmişdir. Həqiqi hərbi xidmətdə olduğu müddət ərzində onun aliment ödəməsi qeyri-mümkün idi. Bu səbəbdən də həmin müddət ərzində onun tərəfindən heç bir aliment ödənişi həyata keçirilməmişdir. O, faktiki olaraq hərbi xidmətdə olduğu dövrdə “qazanc əldə etmək qabiliyyətinə malik olan, lakin buna təşəbbüs göstərməyən şəxs” hesab edilə bilməzdi, çünki 18 ay ərzində onun yeganə fəaliyyəti vətənə xidmət olmuş və əmək qabiliyyəti olsa da, bunun üçün şərait olmamışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etməmiş, əksinə cavabdeh tərəfindən istinad olunan hallara dair heç bir sübut təqdim olunmasına baxmayaraq, cavabdeh tərəfindən qeydlərin hər birini sübut kimi qəbul etməklə, təsdiq etmişdir. İddiaçı həmin tarixlərdə həqiqi hərbi xidmətdə olmuşdur, onun həmin borcdan məlumatı olmamış, alimentin ödənilməsi onun imkanı xaricində olmuş, bunun nəticəsində də icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalı hal hesab olunmalı və Ailə Məcəlləsinin 107.2-ci maddəsində müəyyən edilmiş digər üzrlü səbəblər kateqroiyasına daxil edilməlidir. Ona görə də, Şəki Rаyоn Məhkəməsinin 26 iyul 2023-cü il tаrixli, e-2(075)- 1271/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə yazılı etiraz daxil olmuşdur. Həmin etirazda qeyd edilmişdir ki; -...İddiaçı apellyasiya şikayəti tamamilə əsassızdır. Hesab edirəm ki, Şəki Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, e- 2(075)-1271/2023 saylı qətnaməsi tam qanuni, əsaslı və ədalətlidir. Belə ki, iddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1 və 107.2-ci maddələrinə istinad edərək hərbi xidmətdə olduğuna görə aliment borcunu ödəyə bilmədiyini qeyd etsə də apellyasiya şikayətində Ailə Məcəlləsinin 107.1 və 107.2-ci maddələri düzgün tövsif edilməmişdir. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəlləsinin 107.2-ci maddəsinə görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Sözügedən qanunun mənasından göründüyü kimi xəstəliyi, ailə və maddi vəziyyətinin aşağı olması səbəbindən aliment ödəməli şəxsin bu borcları ödəyə bilməməsi sübuta yetirilərsə, o, həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edilə bilər. Halbuki, İddiaçı tərəfindən xəstəliyi, ailə və maddi vəziyyətinin aşağı olması səbəbindən aliment borcunu ödəyə bilməməsi ilə bağlı heç bir sübutu məhkəməyə təqdim etməmiş və bunu əsaslandıra bilməmişdir. İddiaçının qeyd etdiyi kimi şəxsin hərbi xidmətdə olması onu aliment ödəmək öhdəyindən azad etmir və bu hal Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinin təsiri altına düşmür. Cavabdeh tərəfindən apellyasiya şikayətinin əsaslı olması, birinci instansiya məhkəməsinin qətnaməsinin isə qanunsuz və əsassız olması barədə heç bir sübut apellyasiya şikayətinə əlavə edilməmişdir. Göstərilənlərə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyərək, Şəki Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, e-2(075)-1271/2023 saylı qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Şəki Rаyоn Məhkəməsinin 26 iyul 2023-cü il tаrixli, e-2(075)-1271/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

13. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iştirakı olmadan baxılmasını, verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütovlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.

17. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər.

“Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunu:

18. Maddə 3. Uşаqlаr bаrəsində dövlət siyаsəti hər bir uşаğа zəruri mаddi və məişət şərаitində böyüyüb tərbiyə olunmаsının, mütərəqqi tələblər əsаsındа təhsil аlmаsının, lаyiqli vətəndаş kimi formаlаşmаsının təmin edilməsinə yönəldilir.

19. Maddə 5. Dövlət orqаnlаrı, bütün fiziki və hüquqi şəxslər öz fəаliyyətində uşаqlаrın mənаfelərini üstün tutmаlı, onlаrın hüquqlаrının təmin olunmаsınа şərаit yаrаtmаlıdırlаr.

20. Maddə 8. Hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

21. Maddə 13. Uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

22. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

23. Maddə 78.1. Aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

24. Maddə 107. Aliment üzrə borcları ödəməkdən azad edilmə 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2. Məhkəmə аliment ödəməli şəxsin iddiаsı üzrə аliment borcunun şəxsin xəstəliyi və yа digər üzrlü səbəblərə görə əmələ gəldiyini, аilə və mаddi vəziyyətinin bu borclаrı ödəməyə imkаn vermədiyini müəyyən edərsə, onu həmin borclаrı ödəməkdən tаmаmilə və yа qismən аzаd edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rаyоn Məhkəməsinin 26 iyul 2023-cü il tаrixli, e-2(075)-1271/2023 saylı qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

37. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

38. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 02 mart 2020-ci il təvəllüdlü uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)-103/2021 saylı qətnaməsi ilə hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi, alimentin tutulmasının əvvəlinin 29 sentyabr 2020-ci il tarixindən hesablanması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alımış və icra olunması üçün Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddiaçı 05 iyul 2021-ci il tarixdə həqiqi hərbi yollanmış və 05 yanvar 2023-cü il tarixdə hərbi xidməti başa vuraraq tərxis edilmişdir. İddiaçı, 05 iyul 2021-ci il tarixdən 05 yanvar 2023-cü il tarixədək hərbi xidmətdə olduğu 18 ay müddətində hesablanmış və ödənilməmiş 2700 manat məbləğində aliment borcunun silinməsi tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia tələbinə etiraz etmişdir. Birinci instansiya məhkəməsi mübahisənui yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.

39. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin başlıca dəlillərindən biri 18 ay ərzində hesablanmış aliment borcunun silinməsi ilə bağlıdır.

40. Qeyd edildiyi kimi birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)-103/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin 05 iyul 2021-ci il tarixindən 05 yanvar 2023-cü il tarixədək hesablanmış 2700 manat hissəsinin silinməsi tələbinə dair iddiasının təmin edilməməsini qət etmişdir.

41. Azərbаycаn Respublikаsı Ailə Məcəlləsinin 107-ci mаddəsinin mənasından göründüyü kimi, aliment üzrə borcdan azad edilmənin iki qaydası fərqləndirilir: 1) tərəflərin razılığı; 2) məhkəmə qaydası.

42. Aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. İndiki halda bu baş verməmişdir.

43. Məhkəmə qaydasında aliment üzrə borc ödəməkdən azad edilmənin əsaslarına аliment borcunun onu ödəməli olan şəxsin xəstəliyi və yaxud başqa üzrlü səbəblərdən əmələ gəlməsi və aliment ödəməli şəxsin ailə və mаddi vəziyyətinin bu borcları ödəməyə imkan verməməsi daxildir. Qanunun mənasına görə bu halların hamısı olmalıdır. Qanunvericilik bu halların müəyyən edilməsini məhkəmənin səlahiyyətlərinə aid edir. Başqa sözlə, aliment üzrə borcların qalması üzrlü səbəblərlə əlaqədar olduqda, məhkəmə bu borcların miqdarını azaltmağa vəya ödəməkdən azad etməyə haqlıdır. Lakin məhkəm o halları əsas götürə bilər ki, həmin halların olması aliment borclarının ödənilməsini mümkünsüz hesab etsin. Az yaşlı uşaqlar üçün aliment tutulduqda ilk növbədə onların mənafeyinə üstünlük verilməlidir.

44. Lakin hazırkı vəziyyətdə qeyd olunan hаllаr müəyyən edilmədiyindən və iddiаçı tərəfindən məhkəməyə hər hansı sübut növü təqdim edilmədiyindən, yaranmış borcun üzrlü səbəbdən əmələ gəlməsi hesаb edilə bilməz. İddiaçının həqiqi hərbi xidmətdə olması onun aliment ödənişindən azad etmir və qanunvericiliklə nəzərdə tutulmamışdır.

45. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə əsaslıdır.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

47. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

49. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

50. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

51. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rаyоn Məhkəməsinin 26 iyul 2023-cü il tаrixli, e-2(075)-1271/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

52. Qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmayıb. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Rаyоn Məhkəməsinin 26 iyul 2023-cü il tаrixli, e-2(075)-1271/2023 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar