Məhkəmə qərarları › İş №2(107)-1166/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1166/2023

24.10.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1166/2023 24.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Abdurrəhman oğlu və Ağsu Rayon Notariat Ofisinə qarşı “xx.xx.2007-ci il tarixli 4Ə/-01-386 saylı torpaq sahəsinin alqı-satqısına dair notariat müqaviləsinin etibarsızlığı” tələbinə dair (Açar sözlər: Alqı-satqı müqaviləsinin etibarsızlığı, əqdin bəyənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X29 qızının katibliyi ilə, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Abdurrəhman oğlu və Ağsu Rayon Notariat Ofisinə qarşı “xx.xx.2007-ci il tarixli 4Ə/-01-386 saylı torpaq sahəsinin alqı-satqısına dair notariat müqaviləsinin etibarsızlığı” tələbinə dair Ağsu Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(016)-34/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 Abdurrəhman oğlu və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Abdurrəhman oğlu və Ağsu Rayon Notariat Ofisinə qarşı “xx.xx.2007-ci il tarixli 4Ə/-01-386 saylı torpaq sahəsinin alqısatqısına dair notariat müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair” JN 0003, KOD 40903048 olan Dövlət Akt əsasında birgə paylı mülkiyyətlərində olan 9,09 ha torpaq sahəsi ilə əlaqədar Cavabdeh3 (hazırkı adı notariat ofisi) xx.xx.2007-ci il tarixli 4Ə/-01- 386 saylı torpaq sahəsinin alqı-satqısına dair notariat müqaviləsinin ləğv edilməsinə və tərəfindən ödənilmiş dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair" JN 0003, KOD 40903048 olan Dövlət Aktı əsasında birgə paylı mülkiyyətlərində olan 9.09 ha torpaq sahəsi ilə əlaqədar Cavabdeh3 xx.xx.2007-ci il tarixli 4Ə/-01-386 saylı torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, babası X28, nənəsi X15, bibisi X25, anası X17, bacıları X3 və X4, bibisi oğlu X30, bibisi qızı X13 və özünə Ağsu rayonu Aqrar islahat Komissiyasının 1998-ci il 19 mart tarixli 03 nömrəli qərarı ilə Ağsu rayonun Bəyimli kəndinin ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün birgə paylı mülkiyyətlərinə “Torpağa mülkiyyət hüququna dair” JN 0003, KOD 40903048 olan Dövlət Akt əsasında 9,09 ha torpaq sahəsi verilmişdir. Babası və nənəsi 2005-ci ildə ölmüşlər. Böyüyəndən sonra bir müddət Bakı şəhərində yaşadığından torpaqdan istifadə etmək marağında olmamışdır. Anası və bacıları da qadın olduqlarından bu işlə məşğul ola bilməmişlər. Yalnız 2021-ci ilin iyun ayında birgə mülkiyyətlərində olan pay torpaqlarının Cavabdeh1 Abdurrəhman oğlu tərəfindən psixi xəstəliyi olan bibisi qızı X9 psixi qüsurundan istifadə edərək aldatma yolu ilə etibarnamə almaqla Cavabdeh2 qanunsuz olaraq satıldığını öyrənmişdir. Nə özü, nə də dövlət aktında adları olan şəxslərdən heç biri alqı-satqı ilə əlaqədar etibarnamə verməmiş, nə də hər hansı bir sənədə imza etməmişlər. Odur ki, bu qanunsuz əməldə təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi üçün 2021ci ilin həmin aylarında Ağsu rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Prokurorluq araşdırma apararaq 24 sentyabr 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edərək surətini ona göndərmişdir. Həmin qərardan göründüyü kimi bu qanunsuz alqı-satqı əməliyyatında iştirak edən X5 öldüyündən barəsində AR CM-nin 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanması rədd edilmiş və ona xx.xx.2007-ci il tarixli 4Ə/-01-386 saylı torpaq sahəsinin alqısatqısına dair notariat müqaviləsinin ləğvi ilə əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Ağsu rayon prokurorluğunda araşdırmanı aparan müstəntiq vəzifəsi üzrə stajor Sona Ağayevanın cinayət işi başlanmasının rədd edilmə qərarı ilə də müəyyən edilmişdir ki, qeyd edilən Dövlət Aktında adları qeyd edilən X1 torpaq sahəsinin alqı-satqısı üçün digər adları qeyd edilən sağ olan şəxslərin heç biri etibarnamə, razılıq və ya imza etməmişlər. Yəni notariat hərəkəti tam qanunsuz edildiyindən aiqı-satqı müqaviləsi də ləğv edilməlidir. Paylı mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz olaraq alqı-satqısının edilməsindən yalnız 2021-ci ilin iyun ayının əvvəllərində xəbər tutub öyrənmiş və bu barədə dərhal rayon prokurorluğuna şikayət ərizəsi vermişdir. Həmin torpağın alqı-satqısı barədə bibisi qızı X18 və əri də onlara heç bir məlumat verməmişlər. Həmçinin torpağın alqı-satqısı ilə əlaqədar aktda adları qeyd olunan şəxslərin heç birinə pul da verilməmişdir. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı birinci instansiya məhkəməsində məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin dəlillərinə uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 etibarnamə üzrə nümayəndəsi kimi izahatında göstərdi ki, Meyvə Məlikova anasıdır. Anası İ qrup əlildir. Bu səbəbdən evdən çölə çıxmaq imkanı yoxdur. Mübahisəli torpaq sahəsinin satılmasından onun xəbəri olmamışdır. Bu barədə onun da razılığı alınmamışdır.

5. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehlərin (nümayəndələrinin) məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Cavabdeh Ağsu rayon notariat ofisi xx.xx.2023-cü il tarixli, 47 saylı məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və mülki mübahisənin məhkəmənin mülahizəsindən asılı olaraq həll edilməsini xahiş etmişdir.

7. Cavabdeh1 Abdurrəhman oğlu birinci instansiya məhkəməsində məhkəmə iclasında izahatında iddia tələbinə etiraz edərək göstərmişdir ki, sözü gedən torpaq sahəsi razılıq əsasında alınmışdır. İddiaçıya məxsus torpağı İlham adlı şəxs almış, pulu da iddiaçının dayısı oğluna vermişdir. İddiaçıdan torpaq almamışdır. Həmin torpaq sahəsinin satışından alınan pulla iddiaçının ailəsi öz evlərini təmir etdirmişlər.

8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X30 birinci instansiya məhkəməsinin 19 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında izahat verərək göstərmişdir ki, mübahisəli əmlakın alqı-satqısında iştirak etməmişdir. Bacısı Nişanənin də bu hadisədən xəbəri yoxdur. O, fiziki və əqli cəhətdən qüsurludur. O da alqı-satqı prosesində iştirak etməyib.

10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 birinci instansiya məhkəməsinin 16 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında izahat verərək göstərmişdir ki, bibisi ona zəng edərək torpaq sahəsinin satılması ilə bağlı xalasının əri Süleyman və baldızının əri Ayazla birlikdə Şamaxı şəhərinə getmişlər. Getmək istəməsədə onu and verərək məcbur aparmışlar. Şamaxı şəhərində tanımadığı bir yerə getdilər. Orada torpaq sahəsini Xəyyam adlı şəxsin alacağını bildirdilər. Həmin vaxt maşında kök kişi oturmuşdur. Yazıb-oxuması yoxdur. Hərfləri tanımır. Həmin vaxt ona 150 manat pul verildi. Həmin məbləğə də paltar almışdır.

11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 birinci instansiya məhkəməsinin 16 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında izahat verərək göstərmişdir ki, alqı-satqıdan xəbəri olmamış, hər hansı orqana getməmiş və hansısa sənədə imza etməmişdir. Bu barədə sonradan eşitmişdir.

12. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 birinci instansiya məhkəməsinin 16 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında izahat verərək göstərmişdir ki, alqı-satqıdan onun da xəbəri olmamışdır. Bu barədə mübahisə yaranarkən qardaşı Vüsaldan eşitmişdir.

13. Ağsu Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(016)-34/2023 saylı qətnaməsi ilə (hakim B.Qasımov), iddianın təmin edilməsi, X11 adından çıxış edən Cavabdeh1 ilə Cavabdeh2 arasında 13 sentyabr 2007-ci il tarixdə Cavabdeh3 bağlanmış 4Ə/01-386 saylı torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumu olan 100 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, torpağa mülkiyyət hüququna dair JN-0003, kod-40903048 olan Dövlət Aktına əsasən X28 və ailə üzvləri olan X15, X26, X17, X3, X4, İddiaçı, X30 və X9 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 mart tarixli 03 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 9,09 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzrə 13 sentyabr 2007-ci il tarixdə Ağsu rayonu dövlət notariat kontorunda bağlanmış torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 xx.xx.2007-ci il tarixli 7E/03-1347 saylı etibarnaməsinə əsasən X11 adından çıxış edən Ağsu rayonu Çiyni kəndində yaşayan Cavabdeh1 Azərbaycan Respublikası DTK tərəfindən verilmiş JN-0003, kod-40903048 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X20 məxsus Ağsu rayon Hacıqədirli kəndində yerləşən 9,09 ha torpaq sahəsi Cavabdeh2 satmışdır. Alqı-satqı müqaviləsi 13 sentyabr 2007-ci il tarixdə rəsmiləşdirilmiş və müqavilədə X11 adından etibarnamə əsasında Cavabdeh1 imza etmişdir. Tərəflər satılan torpaq sahəsini 4500 manat qiymətləndirmişlər.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsi X28 və ailə üzvləri X15, X26, X17, X3, X4, İddiaçı, X30 və X9 mülkiyyətinə verilmişdir. Torpaq mülkiyyətçisi X28 xx.xx.2005-ci ildə, ailə üzvü olan X15 isə xx.xx.2005-ci ildə vəfat etmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan xx.xx.2007-ci il tarixdə 4Ə/01-386 reyestr nömrəli müqaviləyə dair notariat işinin surətlərindən görünür ki, sadalanan torpaq mülkiyyətçilərindən yalnız X11 adından, Cavabdeh3 xx.xx.2007-ci il tarixli 7E/03-1347 saylı etibarnaməsinə əsasən Cavabdeh1 çıxış etməklə JN-0003, kod- 40903048 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X28 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 9,09 ha torpaq sahəsi Cavabdeh2 satılmışdır.

17. Alqı satqı müqaviləsinə əlavə edilmiş Ağsu rayonu Hacıqədirli kənd sakinləri X17, X3, X4, X30, X26, islamov Müslüm Mikayıl oğlunun adından tərtib edilmiş xx.xx.2007-ci il tarixli razılıq ərizəsi ərizədə adları qeyd edilən şəxslər tərəfindən deyil, başqa şəxslər tərəfindən imza edilmişdir.

18. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş X30, X7 və X4 izahatlarında mülkiyyətçiləri olduqları torpaq sahələrinin satılması barədə məlumatları olmadıqlarını, torpağın satılması ilə bağlı heç kimə etibarnamə və razılıq vermədiklərini, hər hansı notariat orqanına getmədiklərini, satılması barədə son vaxtlar, yəni iddiaçı xəbər tutub bu barədə rayon prokurorluğuna şikayət etdikdən sonra məlumatları olduqlarını göstərmişlər.

19. Yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 izahatında torpaq satılması ilə bağlı xalasının əri Süleyman və baldızının əri Ayaz tərəfindən and verilərək məcbur aparılması nəticəsində oxuyub-yazma bilmədiyindən hansısa sənədə imza etdiyini və bunun müqabilində ona 150 manat pul verildiyini qeyd etmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, bu hallar İddiaçı rayon prokurorluğuna müraciət edərək ona və digər 8 qohumuna məxsus olan pay torpaq sahəsinin, onların razılıqları olmadan satılması barədə xx.xx.2021-ci il tarixli ərizəsinin araşdırılması zamanı da əksini tapmışdır. Belə ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Ağsu rayonu Hacıqədirli kənd sakini X2 rayon İcra Hakimiyyəti Başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işlədiyi müddətdə, öz vəzifə səlahiyyətlərindən sui istifadə, yəni üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, Ağsu rayonu Hacıqədirli kənd sakinləri X17, X3, X4, X30, X26, islamov Miislüm Mikayıl oğlunun adından xx.xx.2007-ci il tarixli ərizə tərtib etmiş, həmin rəsmi sənəd hesab olunan ərizəyə bilə-bilə adları qeyd edilən şəxslərin adından saxta imzalar qoyulmasını təmin edərək, ərizəni Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi kimi imzalayıb, nümayəndəliyin möhürü ilə təsdiq etməklə Cavabdeh3na təqdim etmiş və nəticədə adları qeyd edilən şəxslərin birgə mülkiyyətində olan Ağsu rayonu Hacıqədirli kəndi ərazisində yerləşən 9,09 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməklə, həmin şəxslərin qanunla qorunan mülkiyyət hüququna mühüm ziyan vurmuşdur.

21. Bununla da, X5 öldüyündən, barəsində Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmasının rədd edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi, İddiaçı qərarın surəti göndərilməklə, qərardan şikayət etmək hüququ, eləcə də, Ağsu rayonu Hacıqədirli kəndində yerləşən 9,09 ha torpaq sahəsinin X19 tərəfindən Cavabdeh2 satılması ilə bağlı xx.xx.2021-ci il tarixli, 4Ə/01-386 saylı notarial müqavilənin ləğvi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi barədə xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

22. Məhkəmə alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair tələb üzrə qeyd etmişdir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

23. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin satılmasından məlumatı olduqdan sonra Ağsu Rayon Prokurorluğuna müraciət etmiş və rayon prokurorluğu tərəfindən araşdırma aparılan zaman alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş razılıq ərizəsində qeyd edilən imzaların ərizədə göstərilən şəxslər tərəfindən icra olunmadığı müəyyən edilmiş, lakin ərizəni təsdiq edən X5 öldüyündən, barəsində Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmasının xx.xx.2021-ci il tarixli qərarla rədd edilərək iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçıda bundan sonra xx.xx.2022-ci il tarixdə hazırki tələblə məhkəmədə iddia qaldırmışdır.

24. Məhkəmə hesab etmişdir ki, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən (xx.xx.2021-ci il tarixdən) bir il ərzində (xx.xx.2022-ci il tarixdə) əqdi məhkəmədə mübahisələndirmiş və bu səbəbdən qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 359.1, 362.1, 362.2, 152.1, 354.1,354.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

26. Qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti vermişlər.

27. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddianı qəbul etmirlər, X11 adından çıxış edən Cavabdeh1 ilə Cavabdeh2 arasında 13 sentyabr 2007ci il tarixdə Cavabdeh3 bağlanmış 4Ə/01-386 saylı torpaq sahəsinin alqı-satqı müqaviləsi qanuni bağlanmışdır. Həmin torpaq sahəsinə görə alıcıya ödəniş də edilmişdir və 2007-ci ildən bu günədək mübahisəli torpaq sahəsi alıcının mülkiyyətində olmuşdur, bu hal bir çox şahidlər dindirilərək təsdiq edilə bilər. Lakin birinci instansiya məhkəməsi işə tam, obyektiv və hərtərəfli baxılması məqsədilə iş üzrə şahidlərin dindirilməsi barədə tərəflərindən vəsatətlər verilsə də onları dindirməmişdir. Çünki məhkəmə vəsatətlərində göstərilən şahidləri dindirməklə iddiaçının mübahisəli torpaq sahəsinin satılmasından xəbəri olduğunu müəyyən edə bilərdi. Mübahisəli torpaq sahəsinin alıcısı 2007-ci ildən mübahisəli torpaq sahəsinə xeyli xərc çəkmişdir, həmin torpaq sahəsində gözlə görünən dərəcədə dəyişikliklər edilmiş, ağaclar əkilmişdir, mümkün deyildir ki, iddiaçı mübahisəli torpaq sahəsinin satılmasından xəbəri olmasın.

28. Həmçinin bildirlər ki, 13 sentyabr 2007-ci il tarixli, 4Ə/01-386 saylı torpaq sahəsinin aİqı-satqı müqaviləsi Ağsu rayon Notariat orqanında bağlanmışdır. Azərbaycan Respublikası Mülki qanunvericiliyinin tələbidir ki, daşınmaz əmlakla bağlı bağlanılan alqısatqı müqaviləsi mütləq notariat orqanında təsdiq edilməlidir. Bu qanun normasının məntiqi ondan ibarətdir ki, daşınmaz əmlakın alqı-satqısı ilə bağlı sui-istifadələrə yol verilməsin, qanunvericiliyin tələblərinə tam riayət edilsin. Onlar mübahisəli alqı-satqı nüqaviləsi bağlanan anda da qanunun tələblərinə tam riayət edildiyini bilirdilər. Düşünsələr ki, mübahisəli alqı-satqı müqaviləsi notariat orqanında təsdiq ediləndə hüquqi prosedura tam riayət edilməyib, bu məsələdə də müqavilə tərəfi kimi Cavabdeh1 və Cavabdeh2 təqsiri yoxdur. Çünki notariat orqanının və ya digər dövlət orqanının funksiyasını onlar həyata keçirə bilmərlər, bu səlahiyyət onlara aiddir. Bu halda belə müqavilə tərəfi kimi alıcı Cavabdeh2 vicdanlı alıcı kimi tanınmalı idi. Halbuki onlar məhkəmənin mövqeyi ilə də razı deyillər, hesab edirlər ki, məhkəmə tam araşdırma aparmadan səhv qətnamə çıxarmışdır, X11 adından çıxış edən Cavabdeh1 ilə Cavabdeh2 arasında 13 sentyabr 2007-ci il tarixdə Cavabdeh3 bağlanmış 4Ə/01-386 saylı torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarsız sayılmalı deyildir.

29. Ağsu rayon Məhkəməsinin 2(016)-34/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin birinci səhifəsində və iddiaçı iddia ərizəsində göstərmişdir: “Babası və nənəsi 2005-ci ildə ölmüşlər. Böyüyəndən sonra bir müddət Bakı səhərində yaşadığından torpaqdan istifadə etmək marağında olmamışdır. Anası və bacıları da qadın olduqlarından bu islə məsğul ola bilməmişlər. Yalnız 2021-ci ilin iyun ayında birgə mülkiyyətlərində olan pay torpaqlarının Cavabdeh1 Abdurrəhman oğlu tərəfindən psixi xəstəliyi olan bibisi qızı X12 psixi qüsurundan istifadə edərək aldatma yolu ilə etibarnamə almaqla Cavabdeh2 qanunsuz olaraq satıldığını öyrənmişdir.” Göründüyü kimi məhkəmə qətnaməsində və iddiaçının izahatında qeyd edilir ki, torpaq sahəsi satılanda iddiaçı yaşı az olmuşdur. Məhkəmə mübahisəli alqı-satqı müqaviləsinin bağlanılması vaxtında iddiaçının yaşının nə qədər olmasını müəyyən etməmiş, ümumiyyətlə iddiaçının həmin vaxt müqaviləyə imza etmə qabiliyyətinin (fəaliyyət qabiliyyəti) olub-olmaması, onun əvəzinə qanuni nümayəndəsinin mübahisəli torpaq sahəsinin satılmasına etiraz etmir ərizəsinə imza edib-etməməsi halını yoxlamamışdır və araşdırmamışdır.

30. Eyni zamanda iddiaçı iddia ərizəsində X11 psixi xəstəliyi olmasını bildirir. Lakin bununla bağlı mübahisəli alqı-satqı müqaviləsi bağlanan anda və hazırki anda onun psixi xəstəliyinin olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir.

31. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin sonuncu səhifəsində məhkəmə hesab etmişdir ki, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən (xx.xx.2021-ci il tarixdən) bir il ərzində (xx.xx.2022-ci il tarixdə) əqdi məhkəmədə mübahisələndirmiş və bu səbəbdən qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Birinci instansiya məhkəməsinin bu mövqeyi ilə də razı deyillər.

32. Göründüyü kimi birinci instansiya məhkəməsində iddiaçı izahatında mübahisəli torpaq sahəsinin 2021-ci ilin iyun ayında birgə mülkiyyətlərində olan pay torpaqlarının Cavabdeh1 Abdurrəhman oğlu tərəfindən psixi xəstəliyi olan bibisi qızı X9 psixi qüsurundan istifadə edərək aldatma yolu ilə etibarnamə almaqla Cavabdeh2 qanunsuz olaraq satıldığını öyrənmişdir. Təəsüüf ki, birinci instansiya məhkəməsi iddiaçının əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi günü xx.xx.2021-ci il tarixdən (cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar) müəyyən etmişdir. İddiaçı isə hazırki iddia ərizəsi ilə mübahisəli əqdi xx.xx.2022-ci il tarixdə mübahisələndirmişdir. Qeyd edirlər ki, məhkəmə bu mövqeyi ilə səhv nəticəyə gələrək yanlış qətnamə çıxarmışdır. Halbuki iddiaçı mübahisələndirilən əqddən illər əvvəl məlumatı olmuş, mübahisəli torpaq sahəsinin satılmasından da xəbəri olmuşdur, bu hal apellyasiya baxışı zamanı vəsatətlərində göstərilən şahidlər dindirilərkən təsdiq edilə bilər. Necə ola bilərdi ki, Ağsu rayonuna hər dəfə gedib-gəlsin və orada yaxın qohumları yaşamışdır, amma onun torpaq sahəsinin satılmasından xəbəri olmasın?! Bu mümkün deyildir. Hətta iddiaçının iddia ərizəsində bildirdiyi kimi, 2021-ci ilin iyun ayında birgə mülkiyyətlərində olan pay torpaqlarının Cavabdeh1 Abdurrəhman oğlu tərəfindən psixi xəstəliyi olan bibisi qızı X9 psixi qüsurundan istifadə edərək aldatma yolu ilə etibarnamə almaqla Cavabdeh2 qanunsuz olaraq satıldığını öyrəndiyini və mübahisəli əqdi məhkəmədə xx.xx.2022-ci il tarixdə mübahisələndirdiyini nəzərə alsaq (bu faktlar birinci instansiya məhkəməsinin mübahisələndirdikləri qətnaməsində əks olunub) göründüyü kimi iddiaçı hazırki iddia tələbi üzrə iddia müddətini ötürdüyünə görə iddia tələbi rədd edilməlidir. 2021-ci ilin iyun ayından 1 il 3 ay müddət keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi qanun normasının dispozisiyasında qeyd edilən kimi bildiyi və yaxud bilməli olduğu vaxtdan da hesablansa iddia müddəti yenə ötürülmüş hesab edilməlidir. Çünki mübahisəli torpaq sahəsi uzun müddətdir ki (16 il), alıcının mülkiyyətində olmuş, həmin torpaq sahəsinə xərclər çəkilib. Bu halda alıcının hüquqları pozula bilməz.

33. İşə baxan birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab edərkən daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasını, o cümlədən vicdanlı alıcı olmasını nəzərə almamış, nəticədə cavabdehlərin Konstitusiyanın 13, 29 və 60-cı maddələrində təsbit edilmiş hüquqları pozulmuşdur.

34. Hesab edirlər ki, mübahisələndirilən əqd etibarlı və qanuni əqddir, müqavilə bağlanan zaman bütün tələblərə əməl edilib, torpaq sahəsinə görə ödəniş edilib.

35. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Göründüyü kimi birinci instansiya məhkəməsi şahidlərinin dindirilməsi və sair vəsatətlərini təmin etməyərək prosessual qanunvericiliyin qeyd olunan nomrasını pozmuşdur.

36. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə iş üzrə bütün faktları (hazırki şikayətdə işin faktiki halları ilə bildirdikləri hallar) araşdırmayaraq və yanlış şərh verərək qanunsuz və əsassız qətnamə çıxarmışdır. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Göründüyü kimi iddiaçı izahatında mübahisəli torpaq sahəsinin satılmasından 2021-ci ilin iyun ayından xəbər tutduğunu desə də birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixdən bildiyini hesab etmişdir. Lakin prosessual qanunvericiliyin qeyd edilən normasında da göstərilir ki, məhkəmə tərəflərin izahatını və sair sübutları tam araşdırmalıdır. Birinci instansiya məhkəməsi isə yalnız öz mülahizələrinə əsasən əsassız və qanunsuz qətnamə çıxarmışdır.

37. Həmçinin mübahisəli torpaq sahəsinin alıcısının vicdanlı alıcı olması və həmin torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən çıxarışının olub-olmamasını birinci instansiya məhkəməsi araşdırmamışdır və öz qətnaməsində bu məsələlərə münasibət bildirməmişdir. Çünki daşınmaz əmlakın həqiqiliyi və tamamlığı prezumpsiyası mövcuddur. Həmçinin alıcı vicdanlı alıcıdır. Əqdin etibarsızlığına əsas olan hal mövcud deyildir, olsa da belə alıcı həmin əsasları bilməmişdir, müqavilə bağlanan ana da qədər və ondan sonra da ona məlum olmamışdır. Qeyd edilən məsələ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir.

38. Göründüyü kimi iddiaçı izahatında mübahisəli torpaq sahəsinin satılmasından 2021-ci ilin iyun ayından xəbər tutduğunu desə də, birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixdən bildiyini hesab etmişdir. Lakin prosessual qanunvericiliyin qeyd edilən normasında da göstərilir ki, məhkəmə tərəflərin izahatını və sair sübutları tam araşdırmalıdır. Birinci instansiya məhkəməsi isə yalnız öz mülahizələrinə əsasən əsassız və qanunsuz qətnamə çıxarmışdır.

39. Hazırki iş üzrə iddiaçının mübahisəli torpaq sahəsinin satılmasından və torpaq sahəsinə görə alqı-satqı müqaviləsinə əsasən ödənişin edildiyini təsdiq edən şahidlər dindirilə bilər.

40. Odur ki, Ağsu rayon Məhkəməsinin 2(016)-34/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

41. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianı qəbul etmirlər, X11 adından çıxış edən Cavabdeh1 ilə Cavabdeh2 arasında 13 sentyabr 2007-ci il tarixdə Cavabdeh3 bağlanmış 4Ə/01-386 saylı torpaq sahəsinin alqı-satqı müqaviləsi qanuni bağlanmışdır və Ağsu rayon Notariat Ofisində təsdiq edilmişdir. Həmin torpaq sahəsinə görə alıcıya ödəniş də edilmişdir və 2007-ci ildən bu günədək mübahisəli torpaq sahəsi alıcının mülkiyyətində olmuşdur, bu hal bir çox şahidlər dindirilərək təsdiq edilə bilər. Lakin birinci instansiya məhkəməsi işə tam, obyektiv və hərtərəfli baxılması məqsədilə iş üzrə onun iştirakını təmin etməmişdir, məhkəmə iclaslarının vaxtı barədə onu məlumatlandırmamışdır. Həmçinin o mübahisəli torpaq sahəsini alarkən qanunun tələblərinin pozulduğunu müəyyən edə bilməzdi, fikirləşirdi ki əgər notarius bu müqaviləni təsdiq edirsə demək bütün proseslər qanunauyğundur. Eyni zamanda bildirir ki, müqavilə üzrə tərəflərdən heç biri onun yaxın qohumu deyildir ki, torpaq sahəsinin satılarkən qanunun tələbinin pozulduğunu bilsin. Halbuki o, müqavilə tərəfi kimi torpaq sahəsinə görə müəyyən ödənişi edib, əldə etmişdr. Ondan sonra isə həmin torpaq sahəsi "Azqranata” MMC-ə satılmışdır. Mübahisəli torpaq sahəsi ondan sonra "xxxx" MMC-ə satılmışdır, həmin torpağın alıcısı 2007-ci ildən mübahisəli torpaq sahəsinə xeyli xərc çəkmişdir, həmin torpaq sahəsində gözlə görünən dərəcədə dəyişikliklər edilmiş, ağaclar əkilmişdir, vergilər ödənilibdir. Mümkün deyildir ki, iddiaçı mübahisəli torpaq sahəsinin satılmasından xəbəri olmasın.

42. Həmçinin bildirir ki, 13 sentyabr 2007-ci il tarixli, 4Ə/01-386 saylı torpaq sahəsinin alqı-satqı müqaviləsi Ağsu rayon Notariat orqanında bağlanmışdır. Azərbaycan Respublikası Mülki qanunvericiliyinin tələbidir ki, daşınmaz əmlakla bağlı bağlanılan alqısatqı müqaviləsi mütləq notariat orqanında təsdiq edilməlidir. Bu qanun normasının məntiqi ondan ibarətdir ki, daşınmaz əmlakın alqı-satqısı ilə bağlı sui-istifadələrə yol verilməsin, qanunvericiliyin tələblərinə tam riayət edilsin. Onlar mübahisəli alqı-satqı müqaviləsi bağlanan anda da qanunun tələblərinə tam riayət edildiyini bilirdilər. Düşünülsə ki, mübahisəli alqı-satqı müqaviləsi notariat orqanında təsdiq ediləndə hüquqi prosedura tam riayət edilməyib, bu məsələdə də müqavilə tərəfi kimi Cavabdeh2 təqsiri yoxdur, vicdanlı alıcıdır, hardan bilərdi ki, müqavilə təsdiq ediləndə qanunun tələbləri pozulubdur. Çünki notariat orqanının və ya digər dövlət orqanının funksiyasını onlar həyata keçirə bilməzlər, bu səlahiyyət onlara aiddir. Bu halda belə müqavilə tərəfi kimi alıcı Cavabdeh2 vicdanlı alıcı kimi tanınmalı idi. Halbuki onlar məhkəmənin mövqeyi ilə də razı deyillər, hesab edirlər ki, məhkəmə tam araşdırma aparmadan səhv qətnamə çıxarmışdır, X11 adından çıxış edən Cavabdeh1 ilə Cavabdeh2 arasında 13 sentyabr 2007-ci il tarixdə Cavabdeh3 bağlanmış 4Ə/01-386 saylı torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarsız sayılmalı deyildir.

43. Ağsu rayon Məhkəməsinin 2(016)-34/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin birinci səhifəsində və iddiaçı iddia ərizəsində göstərmişdir: “Babası və nənəsi 2005-ci ildə ölmüşlər. Böyüyəndən sonra bir müddət Bakı səhərində yaşadığından torpaqdan istifadə etmək marağında olmamışdır. Anası və bacıları da qadın olduqlarından bu islə məşğul ola bilməmişlər. Yalnız 2021-ci ilin iyun ayında birgə mülkiyyətlərində olan pay torpaqlarının Cavabdeh1 Abdurrəhman oğlu tərəfindən psixi xəstəliyi olan bibisi qızı X9 psixi qüsurundan istifadə edərək aldatma yolu ilə etibarnamə almaqla Cavabdeh2 qanunsuz olaraq satıldığını öyrənmişdir.” Göründüyü kimi məhkəmə qətnaməsində və iddiaçının izahatında qeyd edilir ki, torpaq sahəsi satılanda iddiaçı yaşı az olmuşdur. Məhkəmə mübahisəli alqı- satqı müqaviləsinin bağlanılması vaxtında iddiaçının yaşının nə qədər olmasını müəyyən etməmiş, ümumiyyətlə iddiaçının həmin vaxt müqaviləyə imza etmə qabiliyyətinin (fəaliyyət qabiliyyəti) olub-olmaması, onun əvəzinə qanuni nümayəndəsinin mübahisəli torpaq sahəsinin satılmasına etiraz etmirəm ərizəsinə imza edib-etməməsi halını yoxlamamışdır və araşdırmamışdır.

44. Eyni zamanda iddiaçı iddia ərizəsində X11 psixi xəstəliyi olmasını bildirir. Lakin bununla bağlı mübahisəli alqı-satqı müqaviləsi bağlanan anda və hazırkı anda onun psixi xəstəliyinin olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir.

45. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin sonuncu səhifəsində məhkəmə hesab etmişdir ki, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən (xx.xx.2021-ci il tarixdən) bir il ərzində (xx.xx.2022-ci il tarixdə) əqdi məhkəmədə mübahisələndirmiş və bu səbəbdən qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Birinci instansiya məhkəməsinin bu mövqeyi ilə də razı deyil.

46. Göründüyü kimi birinci instansiya məhkəməsində iddiaçı izahatında mübahisəli torpaq sahəsinin 2021-ci ilin iyun ayında birgə mülkiyyətlərində olan pay torpaqlarının Cavabdeh1 Abdurrəhman oğlu tərəfindən psixi xəstəliyi olan bibisi qızı X9 psixi qüsurundan istifadə edərək aldatma yolu ilə etibarnamə almaqla Cavabdeh2 qanunsuz olaraq satıldığını öyrənmişdir. Təəssüf ki, birinci instansiya məhkəməsi iddiaçının əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi günü xx.xx.2021-ci il tarixdən (cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar) müəyyən etmişdir. İddiaçı isə hazırki iddia ərizəsi ilə mübahisəli əqdi xx.xx.2022-ci il tarixdə mübahisələndirmişdir. Qeyd edir ki, məhkəmə bu mövqeyi ilə səhv nəticəyə gələrək yanlış qətnamə çıxarmışdır. Halbuki iddiaçı mübahisələndirilən əqddən illər əvvəl məlumatı olmuş, mübahisəli torpaq sahəsinin satılmasından da xəbəri olmuşdur, iddiaçı izahatında və iddia ərizəsində bunu etiraf edir. Necə ola bilərdi ki, Ağsu rayonuna hər dəfə gedib- gəlsin və orada yaxın qohumları yaşamışdır, amma onun torpaq sahəsinin satılmasından xəbəri olmasın?! Bu mümkün deyildir. Hətta iddiaçının iddia ərizəsində göstərdiyi kimi, 2021-ci ilin iyun ayında birgə mülkiyyətlərində olan pay torpaqlarının Cavabdeh1 Abdurrəhman oğlu tərəfindən psixi xəstəliyi olan bibisi qızı X9 psixi qüsurundan istifadə edərək aldatma yolu ilə etibarnamə almaqla Cavabdeh2 qanunsuz olaraq satıldığını öyrəndiyini və mübahisəli əqdi məhkəmədə xx.xx.2022-ci il tarixdə mübahisələndirdiyini nəzərə alsalar (bu faktlar birinci instansiya məhkəməsinin mübahisələndirdiyimiz qətnaməsində əks olunub) göründüyü kimi iddiaçı hazırki iddia tələbi üzrə iddia müddətini ötürdüyünə görə iddia tələbi rədd edilməlidir. 2021-ci ilin iyun ayından 1 il 3 ay müddət keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi qanun normasının dispozisiyasında qeyd edilən kimi bildiyi və yaxud bilməli olduğu vaxtdan da hesablansa iddia müddəti yenə ötürülmüş hesab edilməlidir. Çünki mübahisəli torpaq sahəsi uzun müddətdir ki (16 il), alıcının mülkiyyətində olmuş, həmin torpaq sahəsinə xərclər çəkilib. Bu halda alıcının hüquqları pozula bilməz.

47. İşə baxan birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab edərkən daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasını, o cümlədən vicdanlı alıcı olmasını nəzərə almamış, nəticədə cavabdehlərin Konstitusiyanın 13, 29 və 60-cı maddələrində təsbit edilmiş hüquqları pozulmuşdur. Eyni zamanda hazırda həmin mübahisəli torpaq sahəsinin hazırki mülkiyyətçisinin kim olması məsələsini aydınlaşdırmamışdır.

48. İşin hallarından göründüyü kimi, Cavabdeh2 mübahisəli torpaq sahəsinin alqısatqısında alıcı qismində iştirak edib, satıcı şəxsləri isə Cavabdeh1 Abdurrəhman oğlu təmsil etmişdir. Qeyd olunan müqavilə isə Ağsu rayon Notariat Ofisində təsdiq edilmişdir. Belə olduğu halda təqdim edilən sənədləri yoxlayıb alqı-atqını təsdiq edən təşkilat Notariat orqanıdır. Həmçinin satıcını etibarnamə üzrə Cavabdeh1 təmsil edir. Cavabdehin torpaq sahəsinin qanunun tələblərinə əməl edilmədən satılmasından necə xəbəri ola bilərdi?! Təbii ki xəbəri ola bilməzdi. Alıcı Cavabdeh2 də torpağın alqı-satqısı zamanı təqdim edilən sənədlərin digər mülkiyyətçilər tərəfindən torpağın satılmasına etiraz etməmə ərizələrinin onlar tərəfindən yazılıb-yazılmadığını aşkar edə bilməzdi, onun həqiqiliyinin müəyyən etmə səlahiyyəti və imkanı da olabilməzdi və ümumiyyətlə onda belə bir şübhə yaranmamışdır.

49. Hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam araşdırmayaraq və bütün sübutlara tam qiymət verməyərək qeyd olunan qanun normasını tətbiq etməməklə səhv qətnamə çıxartmışdır. Hesab edir ki, mübahisələndirilən əqd etibarlı və qanuni əqddir, müqavilə bağlanan zaman Cavabdeh2 tərəfindən bütün tələblərə əməl edilib, torpaq sahəsinə görə ödəniş edilib. Birinci instansiya məhkəməsi qeyd olunan qanun normasını səhv şərh edərək yanlış qətnamə çıxarmışdır.

50. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Göründüyü kimi birinci instansiya məhkəməsi onun məhkəmə iclaslarında iştirakını təmin etməməklə prosessual qanunvericiliyin qeyd olunan normasını pozmuşdur. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi məhkəmə iclasları vaxtı barədə onu məlumatlandırmamışdır, iştirakını təmin etməmişdir, qeyd olunan sənədlər ona göndərilməmişdir. Nəticədə qeyd olunan qanun normalarının tələblərini yerinə yetirməyərək onların mövqelərini öyrənmədən səhv qətnamə çıxarmışdır.

51. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə iş üzrə bütün faktları (hazırki şikayətdə işin faktiki halları ilə bildirdikləri hallar) araşdırmayaraq və yanlış şərh verərək qanunsuz və əsassız qətnamə çıxarmışdır. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Göründüyü kimi iddiaçı izahatında mübahisəli torpaq sahəsinin satılmasından 2021-ci ilin iyun ayından xəbər tutduğunu desə də birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixdən bildiyini hesab etmişdir. Lakin prosessual qanunvericiliyin qeyd edilən normasında da göstərilir ki, məhkəmə tərəflərin izahatını və sair sübutları tam araşdırmalıdır. Birinci instansiya məhkəməsi isə yalnız öz mülahizələrinə əsasən əsassız və qanunsuz qətnamə çıxarmışdır.

52. Belə ki, iddianı qəbul etmir, X11 adından çıxış edən Cavabdeh1 ilə Cavabdeh2 arasında 13 sentyabr 2007-ci il tarixdə Cavabdeh3 bağlanmış 4Ə/01-386 saylı torpaq sahəsinin alqı-satqı müqaviləsi qanuni bağlanmışdır. Həmin torpaq sahəsinə görə alıcıya ödəniş də edilmişdir və 2007-ci ildən bu günədək mübahisəli torpaq sahəsi Cavabdeh2, daha sonra isə "xxxx" MMC-nin mülkiyyətində olmuşdur. Lakin birinci instansiya məhkəməsi onun iştirakını təmin etməməklə Cavabdeh2 dindirməmişdir. Həmçinin məhkəmə şahidləri dindirməklə iddiaçının mübahisəli torpaq sahəsinin satılmasından xəbəri olduğunu müəyyən edə bilərdi. Mübahisəli torpaq sahəsinin alıcısı 2007-ci ildən mübahisəli torpaq sahəsinə xeyli xərc çəkmişdir, həmin torpaq sahəsində gözlə görünən dərəcədə dəyişikliklər edilmiş, ağaclar əkilmişdir, mümkün deyildir ki, iddiaçı mübahisəli torpaq sahəsinin satılmasından xəbəri olmasın. Vergilər və sair məcburi dövlət ödənişləri edilmişdir. Bunların hamısını iddiaçı etməmişdir.

53. Həmçinin mübahisəli torpaq sahəsinin alıcısının, yəni Cavabdeh2 vicdanlı alıcı olması, ondan sonra torpağın digər şəxslərə satılıb-satılmadığını, hazırda mübahisəli torpaq sahəsinin mülkiyyətçisinin kim olması məsələsini və həmin torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən çıxarışının olub-olmamasını birinci instansiya məhkəməsi araşdırmamışdır və öz qətnaməsində bu məsələlərə münasibət bildirməmişdir. Çünki daşınmaz əmlakın həqiqiliyi və tamamlığı prezumpsiyası mövcuddur. Həmçinin alıcı Cavabdeh2 vicdanlı alıcıdır. Əqdin etibarsızlığına əsas olan hal mövcud deyildir, olsa da belə alıcı həmin əsasları bilməmişdir, müqavilə bağlanan ana da qədər və ondan sonra da ona məlum olmamışdır. Yalnız hazırki iş üzrə apellyasiya baxışı zamanı ona məlum olmuşdur ki, 2007-ci ildə alınan torpaq sahəsi mübahisələndirilmişdir. 16 il müddətində bir dəfə də qeyd edilən torpaq sahəsi ilə bağlı ona heç kəs iddia irəli sürməmişdir. Həmçinin alqı-satqı müqaviləsi bağlanılan anda da müqavilənin etibarsızlığına səbəb olan halları bilməmişdir. Qanun necə tələb edirsə o qaydada müqavilə tərəfi kimi iştirak edib, üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir. Qeyd edilən məsələyə oxşar münasibətə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında münasibət bildirilmişdir.

54. Göründüyü kimi iddiaçı izahatında mübahisəli torpaq sahəsinin satılmasından 2021-ci ilin iyun ayından xəbər tutduğunu desə də birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixdən bildiyini hesab etmişdir. Lakin prosessual qanunvericiliyin qeyd edilən normasında da göstərilir ki, məhkəmə tərəflərin izahatını və sair sübutları tam araşdırmalıdır. Birinci instansiya məhkəməsi isə yalnız öz mülahizələrinə əsasən əsassız və qanunsuz qətnamə çıxarmışdır. Hazırki iş üzrə iddiaçının mübahisəli torpaq sahəsinin satılmasından və torpaq sahəsinə görə alqı-satqı müqaviləsinə əsasən ödənişin edildiyini təsdiq edən şahidlər dindirilə bilər. Eyni zamanda Cavabdeh2 bildirdiyinə görə mübahisəli torpaq sahəsi sonradan "xxxx" MMC-ə satılmışdır. Hesab edir ki, apellyasiya baxışı zamanı bu məsələ də araşdırılmamışdır.

55. Odur ki, Ağsu rayon Məhkəməsinin 2(016)-34/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin Cavabdeh2 aid hissədə tam ləğv edilməsi, iddia tələbinin Cavabdeh2 aid hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

56. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

57. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı cavabdehlərin apellyasiya şikayətlərinə etiraz edərək, apellyasiya şikayətlərinin təmin edilməməsini, Ağsu rayon Məhkəməsinin 2(016)-34/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

58. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X30 cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, Ağsu rayon Məhkəməsinin 2(016)-34/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

59. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 Abdurrəhman oğlu, cavabdehlərin vəkilləri Vəkil2 və Vəkil1, Ağsu rayon Notariat Ofisinin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17, X4, X3, X26, X18, Az- Granata MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh Ağsu rayon Notariat Ofisi məhkəməyə göndərdiyi müraciətində iştirakları olmadan mülki işə baxılmasını, üçüncü şəxs Az-Granata MMC-nin nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə göndərdiyi ərizəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində məhkəmə proseslərində iştirakı ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilmədiyindən məhkəmə prosesinin təxirə salınmasını xahiş etsə də digər proses tərəfləri, üçüncü şəxslər və vəkillər məhkəmə kollegiyasının iclasında iştiraklarının mümkünsüzlüyünün səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

60. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarı:

62. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.03.23-cü il tarxli qərarı:

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

64. Apellyasiya şikayətlərindən görünür ki, cavabdehlərdən Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Belə ki, o, Ağsu Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(016)-34/2023 saylı qətnaməsinin ona aid hissədə tam ləğv edilməsini, iddia tələbinin ona aid hissədə təmin edilməməsini xahiş etmişdir.

65. Cavabdeh1 Abdurrəhman oğlu isə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Ağsu Rayon Məhkəməsinin 2(016)-34/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

67. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(016)-34/2023 saylı qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayətləri təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(016)-34/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

69. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

70. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Ağsu rayonu Aqrar islahat Komissiyasının 19 mart 1998-ci il tarixli 03 nömrəli qərarı üzrə JN-0003, kod-40903048 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı, onun babası X28, nənəsi X15, bibisi X25, anası X17, bacıları X3 və X4, bibisi oğlu X30, bibisi qızı X9 ümumi birgə mülkiyyətinə Ağsu rayonun Bəyimli kəndi ərazisindən 9,09 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Cavabdeh3 xx.xx.2007-ci il tarixdə təsdiq etdiyi 7E/03-1347 saylı etibarnaməsinə əsasən satıcı X11 adından çıxış edən Ağsu rayonu Çiyni kəndində yaşayan Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında 13 sentyabr 2007-ci il tarixdə Cavabdeh3 bağlanmış 4Ə/01-386 saylı torpaq sahəsinin alqısatqı müqaviləsinə əsasən JN-0003, kod-40903048 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ümumibirgə mülkiyyətdə olan, Ağsu rayon Hacıqədirli kəndində yerləşən 9,09 ha torpaq sahəsi 4500 manata Cavabdeh2 satılmışdır. İddiaçı xx.xx.2007ci il tarixli 4Ə/01-386 saylı torpaq sahəsinin alqı-satqısına dair notariat müqaviləsinin etibarsızlığına dair iddia tələbi həmin müqavilənin bağlanmasından on beş ildən artıq müddət keçdikdən sonra birinci instansiya məhkəməsinə təqdim edilmişdir.

71. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi iddiaçı və digərlərinin ümumi birgə mülkiyyətində olmuşdur. Məlum olduğu kimi, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Belə əşyaya sərəncam verilməsi qaydaları Mülki Məcəllənin 222-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

72. Bundan əlavə, səlahiyyəti olmayan şəxsin əşyaya sərəncam verməsi və onun nəticələri ilə bağlı hüquq münasibətləri Mülki Məcəllənin digər normaları ilə də tənzimlənmişdir.

73. Belə ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

74. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Əgər əqdin etibariığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.

75. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

76. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi hazırkı iddianı təmin etməklə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə almamış, beləliklə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

77. Apellyasiya şikayətlərinin dəlilləri ilə razışan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhvə yol vermişdir.

78. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli 4Ə/01-386 reyestr nömrəli alqı-satqı müqaviləsinə dair notariat işində olan sənədlərin surətlərindən görünür ki, torpaq mülkiyyətçilərindən yalnız X19 nümayəndəsi Cavabdeh1 vasitəsi ilə JN-0003, kod-40903048 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Ağsu rayonu Hacıqədirli kəndində yerləşən 9,09 ha torpaq sahəsini Cavabdeh2 satmışdır.

79. Göründüyü kimi, İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətində olmuş Ağsu rayon Hacıqədirli kəndində yerləşən 9,09 ha torpaq sahəsi 2007-ci ildə notarial qaydada bağlanmış müqaviləyə əsasən Cavabdeh2 satılmışdır.

80. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin apellyasiya şikayətlərinin məzmunu və dəlilləri cüzi istisnalar nəzərə alınmaqla demək olar ki, eynilik təşkil edir. Bu səbəbdən də məhkəmə kollegiyası məzmunları eynilik təşkil edən hissədə cavabdehlərin apellyasiya şikayətinin dəlilləri üzrə birgə dəyərləndirilmə aparılmasını doğru hesab edir.

81. Cavabdehlərin apellyasiya şikayətlərinin iddiaçının mübahisəli torpaq sahəsinin satılmasından xəbərinin olmamasının mümkün olmamasına, iddiaçının mübahisələndirilən əqddən illər əvvəl məlumatının olmasına dair dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında Ağsu rayon Hacıqədirli kəndində yerləşən 9,09 ha torpaq sahəsinin satılmasından onun satışından 3 il sonra, yəni 2010-cu ildə məlumat əldə etdiyini, bundan sonra bu barədə Ağsu rayonu, Hacıqədirli kənd Bələdiyyəsinə müraciət etdiyini, orada sözügedən torpaq sahəsinin kimin tərəfindən alınmasından məlumatlı olmadıqlarının bildirildiyini göstərmişdir. Daha sonra iddiaçı Ağsu şəhərində yaşasa da, qohumları Ağsu rayonu, Hacıqədirli kəndində yaşadıqlarından mütəmadi olaraq həmin kəndə gedib–gəldiyini bildirmişdir. O, həmçinin bildirmişdir ki, mübahisəli torpaq sahəsi satılandan sonra, həmin torpaq sahəsi ilə bağlı vergilər onun və ailə üzvləri tərəfindən ödənilməmiş, həmin torpaq sahəsi ilə bağlı ona və ailə üzvlərinə subsidiya verilməmişdir.

82. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərinin torpaq sahəsinin satılmasını təsdiq edən şahidlərin dindirilə bilməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, torpaq sahəsinin alqı-satqısına dair notarial qaydada təsdiq edilmiş müqavilənin mövcudluğu nəzərə alınaraq, iş üzrə şahidlərin dindirilməsinə zərurət müəyyən edilmir.

83. İddiaçının izahatından göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsinin satılmasından 2010-cu ildə məlumatlı olmuş, həmin ildən 2022-ci ilədək torpaq sahəsinin qaytarılması ilə bağlı hər hansı addım atmamışdır.

84. Bu baxımdan, cavabdehlərin apellyasiya şikayətlərinin 13 sentyabr 2007-ci il tarixdə Cavabdeh3 bağlanmış 4Ə/01-386 saylı torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız sayılmalı olmaması, mübahisələndirilən əqdin etibarlı və qanuni əqd olmasına dair dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibi olan İddiaçı bu əqddən xəbərdar olması və bəyənməsi işin araşdırılmış halları ilə müəyyən olunur.

85. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərinin məhkəmənin mübahisəli alqı-satqı müqaviləsinin bağlanılması vaxtında iddiaçının yaşının nə qədər olmasını müəyyən etməməsi, ümumiyyətlə iddiaçının həmin vaxt müqaviləyə imza etmə qabiliyyətinin (fəaliyyət qabiliyyəti) olub-olmaması, onun əvəzinə qanuni nümayəndəsinin mübahisəli torpaq sahəsinin satılmasına etiraz etməməsinə dair ərizəyə imza edibetməməsi halını yoxlamaması, araşdırmamasına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, 13 sentyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinin bağlandığı zaman xx xxx 1991-ci il təvəllüdlü iddiaçı 17-ci yaşda olmuş, torpaq sahəsinin satılmasına etiraz edilməməsinə dair ərizədə onun adı, imzası olmamış, buna baxmayaraq, torpaq sahəsinin satılmasından məlumat əldə etdikdə onun artıq 18 yaşı tamam olmuş, lakin torpaq sahəsinin satılmasından məlumat əldə etdikdən sonra 2022-ci ilədək torpaq sahəsinin qaytarılması tələbini irəli sürməmişdir.

86. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli qərarında qeyd olunanlara əsasən hazırkı iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

87. Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir.

88. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

89. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.

90. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

91. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

92. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.

93. Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

94. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir.

95. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur.

96. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

97. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.03.23-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

98. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir.

99. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.

100. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

101. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

102. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyinə əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə müraciətləri Mülki Məcəlləinin 5.3-cü və 16.1-ci maddələrində təsbit edilmiş mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd olmaqla həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən hüquqdan sui-istifadə halını yaradır.

103. Kollegiya qeyd edir ki, məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

104. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi’’ anlayışının özünə kökündən ziddir.

105. Bundan başqa məhkəmə kollegiyası Cavabdeh2 işə birinci instansiya məhkəməsində baxılarkən onun iştirakının təmin olunmaması, məhkəmə iclaslarının vaxtı barədə məlumatlandırılmamasına dair dəlillərini də əsaslı hesab edir.

106. Belə ki, mülki iş materiallarından görünür ki, Cavabdeh2 adına göndərilən məhkəmə bildirişləri, cavabdehin ünvan 1 ünvanında 2015-ci il tarixdən rəsmi qeydiyyatda olmasına baxmayaraq, yalnız Bakı şəhəri, Hövsan qəsəbəsi ev 20/93 ünvanına göndərilmişdir. Hansı ki, hər dəfə Cavabdeh2 göndərilmiş bildirişlərin həmin ünvanda yaşamaması əsası ilə geri qaytarılmasına baxmayaraq, birinci instansiya məhkəməsi Cavabdeh2 qeydiyyat ünvanının müəyyən edilərək məhkəmə bildirişlərinin həmin ünvana göndərilməsini təmin etməmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh2 yaşayış ünvanının ünvan 2kı xx.xx.2007-ci il tarixli 4Ə/01-386 reyestr nömrəli alqı-satqı müqaviləsində cavabdeh Bəkir Əmirovun ünvanının ünvan 3hkəməyə təqdim edildiyi 15 sentyabr 2022-ci il tarixədək isə 15 il müddətin keçməsi nəzərə alınmamışdır.

107. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin Cavabdeh1 Abdurrəhman oğlunun apellyasiya şikayətinin birinci instansiya məhkəməsi şahidlərinin dindirilməsi və sair vəsatətlərini təmin etməməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından və məhkəmə iclas protokollarından Cavabdeh1 Abdurrəhman oğlunun birinci instansiya məhkəməsinə hər hansı bir, o cümlədən şahidlərin dindirilməsinə dair vəsatət verməsi, verdiyi vəsatət müzakirə edilməmişdirsə məhkəmə iclas protokollarına qeyd verməsi halı müəyyən edilmir.

108. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin mübahisəli torpaq sahəsinin hazırki mülkiyyətçisinin kim olması məsələsini aydınlaşdırmamasına, mübahisəli torpaq sahəsinin sonradan "xxxx" MMC-ə satılmasının araşdırılmamasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, hazırkı iddia tələbi ilə yalnız xx.xx.2007-ci il tarixli 4Ə/01-386 reyestr nömrəli alqı-satqı müqaviləsi mübahisələndirilməsinə baxmayaraq, həmin müqavilənin etibarsızlığı sonrakı mülkiyyətçilərin də mənafeyinə təsir göstərəcəyindən, işə baxan birinci instansiya məhkəməsi bu halı araşdırma vəzifəsini daşımışdır. Hansı ki, mübahisəli torpaq sahəsinin sonradan Az-Granata MMC-nə satılmasının qeyd edilməsi nəzərə alınaraq məhkəmə kollegiyası adıçəkilən təşkilatı üçüncü şəxs qismində cəlb etmişdir.

109. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərinin işə baxan birinci instansiya məhkəməsinin alqı-satqı müqaviləsini etibarsız hesab edərkən daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasını, o cümlədən vicdanlı alıcı olmasını nəzərə almamasına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırkı halda əqdin legitimsizliyi halı müəyyən edilmədiyindən alıcının vicdanlı alıcı kimi qəbul edilməsi, daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasının diqqətə alınması zərurəti müəyyən edilmir.

110. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərinin X11 psixi xəstəliyinin olması ilə bağlı mübahisəli alqı-satqı müqaviləsi bağlanan anda və hazırki anda onun psixi xəstəliyinin olmasını təsdiq edən sənədin məhkəməyə təqdim edilməməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi Nişanə İslamovanın psixi xəstə olması kimi bir halı müəyyən etməmiş, alqı-satqı müqaviləsinin etibarsızlığını onun psixi xəstəliyi ilə əsaslandırmamışdır.

111. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərinin iddiaçı hazırki iddia tələbi üzrə iddia müddətini ötürdüyünə görə iddia tələbinin rədd edilməli olmasına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarına əsasən iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub- olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib- etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

112. Göründüyü kimi Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə əyər iddia tələbi əsaslıdırsa və iddia müddəti keçibsə iddia müddəti tətbiq edilə bilər. Yox əgər iddia tələbi əsassızıdırsa iddia müddətinin tətbiq edilməsinə zəruruət yoxdur. Yəni iddia ərizəsi əsassızlığına görə rədd edilməlidir. Hazırkı halda da kollegiya hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir.

113. İddia tələbi rədd edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir.

114. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 06 fevral 2023-ci il tarixli, 2(016)-34/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Ağsu rayon Notariat Ofisinə qarşı 13 sentyabr 2007-ci il tarixli, 4Ə/-01-386 saylı torpaq sahəsinin alqı-satqısına dair notariat müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar