Məhkəmə qərarları › İş №2(107)-1169/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1169/2025

08.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1169/2025 08.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X11 qızının katibliyi, apellyasiya şikayəti vermiş Cavabdeh nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(046)-1854/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları İddiaçı 17 iyul 2025-ci ildə Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, 02 iyul 2024-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh, artımlar nəzərə alınmaqla, har ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həcmində sabit pul məbləğində aliment tutulub ona ödənilməsi və mediasiya prosesi üçün ödədiyi 60 manat məbləğində ödənişin cavabdehdan tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 12 yanvar 2023-cü il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində nikahlarını qeydə aldıraraq evlənmiş olsa da, Göyçay rayon Qeydiyyat Şöbəsinin 17 may 2023-cü il tarixli şəhadətnaməsi ilə onların nikahına xitam verilmişdir. Lakin, bundan bir müddət sonra onların ailə münasibətləri bərpa olunmuş və onlar birgə yaşamağa başlamışlar. Onların 02 iyul 2024-cü il tarixdə X6 övladları anadan olmuş və Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən 11 iyul 2024-cü il tarixdə həmin uşağa atalığın müəyyən edilməsi barədə şəhadətnamə verilmişdir. Lakin, hal-hazırda cavabdehlə münasibətləri yenidən pozulmuş və onlar faktiki olaraq bir aydan artıqdır ki, ayrılmışlar. Ayrıldıqdan sonra o, azyaşlı uşağı - 02 iyul 2024-cü il təvəllüdlü X6 ilə birlikdə valideynlərinə məxsus Göyçay rayonunun İnçə kəndindəki evdə yaşayır. Uşağın bütün xərcləri və saxlanması ilə bağlı məsuliyyət tamamilə onun üzərindədir. Hal-hazırda maddi çətinliklər səbəbindən övladının saxlanılmasında çətinlik çəkir. Cavabdeh isə uşağın saxlanmasına heç bir maddi yardım göstərmir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər öz uşaqlarını saxlamaqla yükümlüdürlər və bu məqsədlə aliment ödəmək onların borcudur. Alimentin alınması üçün əvvəlcə Mediasiya Şurasına müraciət etmiş və bu barədə müvafiq arayış təqdim edilmişdir. Lakin nəticə əldə olunmadığına görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

2. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin (hakim Gülnaz Qurbanova) 02 sentyabr 2025-ci il tarixli, 2(046)-1854/2025 nömrəli qətnaməsi ilə qət edilmişdir ki: - “İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqının 0,63 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh 50,24 (əlli manat 24 qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsin. 50 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilsin.” Göyçay Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(046)-1854/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə X7 nikahın pozulması haqqında xx.xx.2023-cü il tarixdə 63 nömrəli akt qeydi tərtib olunmuşdur. Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydlər kitabında xx.xx.2024-cü il tarixdə 30 nömrə ilə qeyd edilmişdir. Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İV № 992250 nömrəli xx.xx.2024-cü il tarixli doğum haqqında arayışdan görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X5 anadan olmuşdur. Atası Cavabdeh və anası İddiaçı qeyd edilmişdir. Qəbələ 1 saylı Mediasıya təşkilatının mediatoru tərəfində verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat ilkin mediasiya xərci və 10 manat dəftərxana xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, məhkəmədən xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh, artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,74 misli həcmində sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, övladı Cavabdeh hal-hazırda səhhəti ilə bağlı heç yerdə işləmədiyini, İddiaçı iddia tələbində qeyd olunan məbləğdə alimenti ödəməyə maddi imkanlarının olmadığını və bir uşağın saxlanması üçün hər ay 100 manat ödəniş etməyə maddi imkanlarının çatdığını bildirmişdir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində nikahları qeydə alınmış və Göyçay rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli şəhadətnaməsi ilə nikahlarına xitam verilsə də, onlar bundan sonra yenidən barışaraq birgə yaşamışlar. Birgə yaşadıqları müddət ərzində xx.xx.2024-cü il təvəllüdlü X6 anadan olmuşdur və münasibətləri tamamilə pozulduqdan sonra xx.xx.2024-cü il təvəllüdlü X6 İddiaçı himayəsindədir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh, artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,74 misli həcmində sabit pul məbləğində aliment tutulub ona ödənilməsi və mediasiya prosesi üçün ödədiyi 60 manat məbləğində ödənişin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, mülki iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Məhkəmə iddiaçının himayəsində olan xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək uşağını saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsinin olmasını nəzərə alıb, hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün aliment alınaraq İddiaçı verilməlidir. Alimentin miqdarına gəldikdə isə məhkəmə qeyd edir ki, Ailə məcəlləsinin 78.2- ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). Məhkəmə, eyni zamanda onu da qeyd edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), iddia tələbini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları əsas tutaraq, həmçinin, yuxarıda qeyd edilən Plenum qərarı əsasında formalaşmış mövqeyi nəzərə alaraq hesab edir ki, aliment uşağa görə hər ay 2025ci il üzrə minimum əmək haqqının 0.63 misli həddində müəyyən edilməlidir. İddiaçı alimentin təyin edilməsinə dair iddia ilə məhkəməyə 17 iyul 2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni 17 iyul 2025-ci ildən hesablanmalıdır. Nəticə: Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqının 0,63 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin hesablanması məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün 50 manat ilkin mediasiya xərci və 10 manat dəftərxana xərci ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36.5-ci maddəsinə əsasən mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçı müvafiq tələb irəli sürdüyündən ilkin mediasiya sessiyasında iştirak üçün iddiaçının çəkdiyi 50 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, cavabdehdən dövlət rüsumu qismində bir il ərzində ödənilməli olan alimentin məbləği nəzərə alınmaqla 50 manat 24 qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Birinci instansiya məhkəməsi həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 100.2 və 100.3cü maddələrinə, "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 13 və 19-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77, 107, 119.1, 119.2, 217.3, 218.3 və 234.2.1-ci maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz:

- 3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Göyçay Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(046)-1854/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(046)-1854/2025 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh, artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həcmində sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını və mediasiya prosesi üçün ödədiyi 60 manat məbləğində ödənişin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(046)-1854/2025 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqının 0,63 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddianı qismən təmin edərkən, iddiaçının cavabdehdən iddia ərizəsində artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həcmində alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə imkan verən qazancının və gəlirinin olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, lakin uşağın bütün xərcləri və saxlanması ilə bağlı məsuliyyətin tamamilə onun üzərində olduğunu göstərmişdir. Məhkəmə, iddianı qismən təmin edərkən qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), iddia tələbini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları nəzərə aldığını göstərsə də, bu nəticə nə işin hallarına, nə də maddi normaların tələblərinə uyğun gəlmir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdeh X1 Federasiyasında olsa da, heç bir yerdə işləmir. Belə ki, Moskva şəhəri “İ.V.Davıdovski” adına şəhər klinik xəstəxanasından verilmiş epikrizdən görünür ki, X8 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci ilədək stasionar şəraitdə müalicə almış, daha sonra xx.xx.2025-ci ilədək ambulator müalicə keçib. Cərrahi müdaxilə xx.xx.2025-ci ildə olub və onun onikibarmaq bağırsağın perforasiya olunmuş hissəsi tikilib (Bülqer üsulu ilə). Mədənin distal hissəsi rezeksiya olunub (kəsilib çıxarılıb), qarın boşluğu yuyulub, drenaj qoyulmuş, onun perforasiya olunmuş onikibarmaq bağırsaq xorası diqanozu təsdiqlənmişdir. Lakin, məhkəmə tərəfindən onun maddi vəziyəti, bu xəstəliyi nəzərə alınmamamış və əsassız olararaq 2025-ci il üzrə minimum əmək haqqının 0,63 misli, yəni 252 manat həddində sabit pul məblığində aliment tutulmuşdur. İddiaçı maddi və ailə vəziyyətinin pis olması, uşağını maddi cəhətdən təmin edə bilməməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmədiyi halda, məhkəmə onun tələblərini təmin etmişdir. Məhkəmə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), iddia tələbini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları əsas tutmuş, lakin cavabdehin heç bir yerdən əmək haqqı almamasını, Rusiya Federasiasında daimi müalicə almasını, işsiz kimi Məşğulluq Mərkəzində qeydiyata alınmasını araşdırmamış və sübutlara hərtərəfli və tam baxmamışdır. Halbuki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin, hakim sadəcə maddələri sadalamaqla kifayətlənmiş, gəldiyi nəticəni yalnız iddiaçı tərəfin mənafeyinə uyğun əsaslandırmışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Lakin, hazırkı qətnamədə iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmədiyi, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadığı üçün həmin qətnamə əsaslı hesab edilə bilməz. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Lakin, bu iş üzrə hakim iş üçün əhəmiyyətli olan bütün halları müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi uşağın saxlanılması üçün cavabdehdən sabit pul məbləğində alimentin tutulmasına qərar verərkən gəldiyi nəticə, yəni cavabdehin təyin edilən məbləğdə alimenti ödəməyə imkan verən gəlirinin olmaması halını araşdırmamışdır.

- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz İddiaçı 25 dekabr 2025-ci ildə Cavabdeh verdiyi apellyasiya şikayətinə qarşı yazılı Etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(046)-1854/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və həmin Etirazını onunla əsaslandırmışdır ki, o, Göyçay Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin tam əsassız olduğunu bildirir va hamin şikayətə etiraz edir. Belə ki, Göyçay Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə cavabdehdən azyaşlı uşağın saxlanılması üçün aliment tutulması qanuna va iş üzrə faktiki hallara uyğun olaraq müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli araşdırmış, tərəflərin ailə va maddi vəziyyətini düzgün qiymətləndirmiş və qanuni, əsaslı qətnamə qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi arqumentlər reallığı əks etdirmir va sübutlarla təsdiqlənmir. Belə ki, azyaşlı uşağa faktiki olaraq özü baxır va bu səbəbdən də onun işləmək imkanı yoxdur. Uşağın gündəlik qida, geyim, tibbi va digər zəruri xərcləri tam şəkildə onun üzərindədir. Onun müntəzəm gəlir mənbəyi yoxdur va sosial baxımdan çətin vəziyyətdədir. Cavabdeh isə əmək qabiliyyətlidir, işləmək imkanı var va maddi imkanları mövcuddur, lakin bunu gizlətməyə çalışır. Cavabdehin apellyasiya şikayəti faktiki olaraq uşağın manafeyinə ziddir, yalnız aliment öhdəliyindən yayınmağa yönəlib va hüquqi əsaslardan mahrumdur.

4. İş üzrə apellyasiya icraatı:

- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş Cavabdeh nümayəndəsi gəlmiş olsa da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş Cavabdeh nümayəndəsi (atası) Nümayəndə Göyçay Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(046)-1854/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Göyçay Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(046)-1854/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmiş və eyni zamanda, məhkəmə iclasında verilən suallara cavab olaraq cavabdeh tərəfin uşağın saxlanması üçün hər ay təxminən 170 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir.

- 4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Göyçay Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(046)-1854/2025 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

- 4.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin normaları (maddələri): 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və Cavabdeh apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, Göyçay Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(046)-1854/2025 nömrəli qətnaməsində tərəflərin faktiki nikahından anadan olmuş uşağın saxlanması üçün tutulan alimentin miqdarı - tərəflərin maddi və ailə vəziyyəti, uşağın mənafeyi və iş üzrə diqqətə layiq olan digər hallar, o cümlədən də bu sahəni nizamlayan müvafiq qanunvericilik normaları nəzərə alınmaqla müəyyən edilmişdir. Hazırkı apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin mübqahisələndirilən hissəsində ləğvi üçün əsas deyildir və eyni zamanda, şikayətin dəlillərində göstərilən məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində (həmin bənd “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarına əsasən müəyyən edilmişdir) qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı apellyasiya şikayətində qətnamənin mübahisələndirilən hissəsi üzrə düzgün nəticəyə gələrək, həmin hissədə də qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməyərək, Göyçay Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(046)-1854/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(046)-1854/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar