Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1203/2020 02.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, İddiaçı (bundan sonra iddiaçı) və Cavabdeh (bundan sonra cavabdeh) iştirakı ilə iddiaçının cavabdehə qarşı aliment tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yevlax Rayon Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq onunla Cavabdeh ilə birgə nikahlarından xx xxxx 2015-ci ildə doğulmuş X9 və xx xxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 200 manat, cəmi 400 manat alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim T.Əliyev) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiа tələbi qismən təmin edilərək, cavabdehdən xx xxxx 2015-ci ildə doğulmuş X9 və xx xxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi, ödənilməli olan dövlət rüsumunun əvəzi olan 30 (otuz) manatın cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddia tələbi belə əsaslandırılmışdır ki, mən cavabdehlə xx xxx 2014-cü ildə nikahımızı rəsmiləşdirməklə evlənmiş və birgə nikahdan xx xxxx 2015-ci ildə X9, xx xxxx 2017-ci ildə isə X5 adlı övladlarımız dünyaya gəlmişlər. Cavabdehlə münasibətlərimiz əvvəllər yaxşı olsa da, sonradan cavabdehin təqsiri üzündən pozulmuşdur. Uşaqlarımın təlabatını ödəməyə artıq gücüm çatmır. Ailəni dolandırmaqda çətinlik çəkirəm. Mənim uşaqlarımın da başqa uşaqlar kimi normal yaşamağa haqqı vardır. Bir ana kimi öhdəmə düşən bütün vəzifələri layiqincə yerinə yetirsəm də, cavabdehin maddi imkanının yetərincə olmasına baxmayaraq, o, könüllü olaraq uşaqlarına yardım göstərməyə cəhd etmir. Ona görə də məcbur olub hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edirəm. Odur ki, cavabdehlə birgə nikahımızdan doğulmuş X9 və X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat alimentin cavabdehdən mənim xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edirəm. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam obyektiv araşdırmamış, maddi və prossessual hüquq normalarını pozaraq düzgün olmayan qərar qəbul etmişdir. Hesab edirəm ki, çıxarılan qətnamə hüquqlarımı pozmuşdur. Mən övladlarımı sevirəm və onlara aliment ödəməkdən yayınmıram. X15 İdarəsinin Yevlax Xidmət Sahəsində nəzarətçi-çilingər peşəsində işləyirəm və aylıq əmək haqqım 292.50 manatdır. Bu əmək haqqı ilə evimi və özümü saxlayıram. Məhkəmə uşaqlarımı nəzərə alaraq qazancım və əmək haqqım nəzərə alınmaqla, ümumi qazancımın 1/3-ni tuta bilərdi. Çünki, mənim başqa işim, qazancım yoxdur. Hər gün səhər saat 09:00-dan axşam saat 18:00-a qədər işləyirəm. Bütün əmək haqqımın isə 80-90 faizinin alimentə yönəlməsi həqiqəti əks etdirmir. Cavabdeh 06 nömrəli məktəbdə müəllimə işləyir. Aylıq 632 manat əmək haqqı alır. Evdə uşaqların hazırlanması ilə də məşğul olaraq aylıq qazancı 1000 manatdan yuxarıdır. Bundan əlavə, torpaq sahəsi vardır. Mənim isə yeganə işim və qazncımın ümumi 292.50 manat əmək haqqımdır ki, vergi xərcləri və.s çıxıldıqdan sonra, cəmi əlimə 212 manat çatır. Tutulan aliment məbləği isə 240 manatdır. Hesab edirəm ki, bu ədalətli deyildir. Məhkəmə aliment təyin edərkən mənim dövlət idarəsində işləməyimi, qazancımı, yeganə iş yerimin Tərtər X10masını, qazancımın cəmi 212 manat müəyyən edildiyini, mənim də bir insan olaraq yaşamağım üçün həmin məbləğdən saxlanılmasını nəzərə almalı idi. Odur ki, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın alimentə münasibətdə əmək haqqının 1/3 hissəsinə ypnəldilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edirəm. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edən Cavabdeh bildirmişdir ki, aliment üçün ayda 100 manat pul verə bilərəm, bundan artıq məbləği ödəməyə gücüm çatmaz. Ona görə də apelyasiya şikayətimin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən İddiaçı bildirmişdir ki, apelyasiya şikayətinə etiraz edirəm. Əmək haqqım bir müddət 632 manat olsa da, mən o pulları almamışam. Hal-hazırda məktəbdə müəllimə işləyirəm, 16 saat dərs deyirəm, əmək haqqım 286 manatdır. Bundan başqa, mən repetitor fəaliyyəti ilə məşğul olmuram. Cavabdehlə birlikdə yaşayanda müalicəmlə əlaqədar olaraq kredit götürmüşəm, bir il yarımdır ki, onu ödəyirdim. Özüm də kirayədə yaşayıram. Mənim öz evim yoxdur. Maddı sıxıntılar içində iki uşağa təkbaşına baxa bilmirəm. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquqnormasının pozulması iləəlaqədarapelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sübutlardan, yəni: Doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahlarından xx xxxx 2015-ci ildə X9 və xx xxxx 2017-ci ildə isə X5 adlı uşaqları doğulmuşlar. Azərbaycan Respublikası Təhsil Nazirliyi 9 saylı X8 Mərkəzinin 151(1)-01-151/12 №-li, xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 6 nömrəli tam orta məktəbdə aylıq əmək haqqı 632,08 manat olmaqla müəllim vəzifəsində işləyir. X16 İstismar İdarəsinin xx xxxx 2020-ci il tarixli 39 nömrəli arayışından görünür ki, Cavabdeh X15 İdarəsinin Yevlax Xidmət Sahəsində nəzarətçi çilingər peşəsində işləyir və aylıq əmək haqqı 292.50 manatdır. ƏSSMN yanında DSMF-nın Yevlax şəhər şöbəsinin xx xxxx 2020-ci il tarixli arayışından aydın olur ki, cavabdehin anası X6 İİ qrup (ömürlük) əlilliyə görə 233.20 manat pensiya alır. Yevlax ŞİH başçısının Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, X1 Tural Cümşüd oğlunun himayəsində yaşayır. Beləliklə, məhkəmə kolegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə xx xxx 2014-cü ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş və birgə nikahlarından xx xxxx 2015-ci ildə Gülər, xx xxxx 2017-ci ildə isə Cümşüd adlı uşaqları doğulmuş, bir müddət səmimi ailə münasibətlərində yaşalar da, sonradan ərarvad münasibətləri pozulmuşdur. Yevlax Rayon Məhkəməsi iddia tələbini qismən təmin edərək, hər uşaq üçün hər ay 120 manat olmaqla, cəmi 240 manat aliment müəyyən emiş, lakin cavabdeh bu nəticə ilə razılaşmamış və apelyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında onun maddi vəziyyətini nəzərə almamışdır. Apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən edilməsində səhvə yol verməmişdir. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsində təsbit edilmişdir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideyinlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamaqda borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabitpul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsində qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşаq hüquqlаrı hаqqındа” 12 nоyаbr 1989-cu il tаriхli BMT Kоnvеnsiyаsının 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. “Uşaq hüquqları haqqında” AzərbaycanRespublikası Qanununun 19-cu maddəsinə əsasən isə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmçinin, qeyd olunan Qanununun 3-cü maddəsində göstərilir ki, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasını, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası işin hallarını və azyaşlı uşaqların üstün mənafeyini milli və beynəlxalq hüquq normalarının və istinad olunanqərarların tələbləri baxımından qiymətləndirib belə qənaətə gəlir ki, Gülər Əlziadə və Cümşüd Əlizadənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi uşaqların mənafeyinə uyğun ola bilər. Məhkəmə kollegiyasının qənaətinə görə valideynlər arasında münasibətlərin pozulması valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa və bunu çətinləşdirsə belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşməyə, uşaqlarını hər cür valideyn qayğısı ilə əhatə etməyə, uşaqlara sevgi və nəvaziş göstərməyə borcludurlar ki, bunun da əsasında uşaqların maddi və mənəvi təminatının mümkün qədər maksimal saxlanılması dayanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında o da qeyd olunmuşdur ki, MPM-in 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya az qazanca malik olması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə vəziyyətdə hər iki valideyn uşağın ən azı zəruri təminatını təmin etmək məqsədilə çalışmalı və qazanc əldə etməlidirlər. Bu tələb həm də Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunlarında irəli gəlir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi azyaşlı Gülər və Cümşüdün yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul etməkdə haqlı olmuşdur. İddiaçının müəllimə kimi aldığı əmək haqqının cavabdehin əmək haqqından nisbətən üstün olması hər uşaq üçün müəyyən edilmiş 120 manat alimentin azaldılması üçün əsas ola bilməz. Çünki, uşaqların saxlanılması təkcə alimentin miqdarı ilə ölçülmür. Uşaqların gündəlik qayğıları, qidalanmaları, sağlamlıqları, gigiyenaları, təmizlikləri, təhsil almaları, bir sözlə onların sağlam və layiqli vətəndaş kimi böyümələri üçün tələb olunan bütün şərtlər uşaqların gündəlik əziyyətlərini çəkən valideynin üzərinə düşür. Ona görə də cavabdehin alimentin miqdarının azaldılması barədə apelyasiya tələbi təmin oluna bilməz. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (MPM-in 78.1-ci maddəsi). «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Azərbаycаn Respublikаsı MPM-in 217.4-cü mаddəsinə əsаsən, məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında araşdırma aparıb iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apelyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1203/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1203/2020
02.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver