Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1211/2024 03.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin artırılması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(063)-764/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 fevral 2015-ci il təvəllüdlü X2 və 17 iyul 2016cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimentin tutulub, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 10 oktyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və bu nikahdan 07 fevral 2015-ci il tarixdə Sahibə, 17 iyul 2016-cı il tarixdə isə Hüseyn adlı iki övladları doğulmuşdur. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2017- ci il tarixli, 2(107)- 1092/2017 saylı qətnaməsinə əsasən onunla cavabdeh arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş 07 fevral 2015-ci il təvəllüdlü X2 və 17 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. İlk dəfə Şəki Apelyasiya Məhkəməsinin 30 may 2017-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə cavabdehdən onun xeyrinə alimentin tutulması müəyyən edilsə də, sonradan Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 09 iyul 2018-ci il tarixli digər qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmişdir. Belə ki, Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 09 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən 07 fevral 2015-ci il təvəllüdlü X2 və 17 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün onun xeyrinə cəmi 225 manat sabit pul məbləğində aliment tutulmağa başlamışdır. Sonradan Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 31 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən bu məhkəmənin 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Lakin, hazırda uşaqlar böyüdükcə onların maddi təlabatları da artmış və təyin olunmuş aliment məbləği uşaqların xərclərini ödəmir. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün ilkin mediasiya sessiyasında iştirak etsə də qarşı tərəf həmin sessiyada iştirak etmədiyindən mediator ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 06 may 2024-cü il tarixli arayış vermişdir. Həmin arayışdan da göründüyü kimi mediasiyaya dair xərcini də o, ödəmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat;
3. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəməyə ünvanladığı ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ucar Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(063)-764/2024 nömrəli qətnaməsi ilə, (hakim X.Bədəlov) iddianın qismən təmin edilməsi, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 07 fevral 2015-ci il təvəllüdlü X2 və 17 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(063)-773/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı ödəməkdən azad edildiyi 76,40 manat dövlət rüsumunun 81,15 %-i, yəni 62 (altmış iki) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər 10 oktyabr 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 07 fevral 2015-ci il tarixdə Sahibə və 17 iyul 2016-cı il tarixdə Hüseyn adlı övladları doğulmuşdur. Eyni zamanda, Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 31 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 07 fevral 2015-ci il təvəllüdlü X2 və 17 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı hazırda cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə 07 fevral 2015-ci il təvəllüdlü X2 və 17 iyul 2016-cı il təvəllüdlü X3 artan tələbatlarını qarşılaya bilmir.
7. Məhkəmə həmçinin müəyyən etmişdir ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, 07 fevral 2015-ci il təvəllüdlü X2 və 17 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur.
9. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2024-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 235 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin heç bir yerdə işləməməsi, bununla yanaşı iddiaçının artan tələbatlarına dair lazımı sübutları təqdim etməməsi, eləcə də iddiaçının himayəsində olan uşaqların saxlanılması zərurəti nəzərə alınsa, sosial ədalət nöqteyinəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosialədalət prinsipi əsas götürülməlidir.
10. Beləliklə məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların minimum maddi təminatını və uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab etmişdir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 07 fevral 2015ci il təvəllüdlü X2 və 17 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(063)- 773/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulmalıdır.
11. Həmçinin, məhkəmə hesab etmişdir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından və bu məbləğin bir qismi iddiaçı tərəfindən müdafiə edilmədiyindən təmin edilməməlidir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə, 34-cü maddəsinin İV bəndinə, Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə, 27-ci maddəsinin 2-ci bəndinə, "Uşaq hüquqları" haqqında Qanunun 4, 19-cu maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələrinə, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanununa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 112.1.3, 115.0.9, 119.1, 124.1-ci maddəsinə, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
14. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, alimentin miqdarı müəyyən olunduqdan sonra maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olmamış, qətnamədə qeyd olunan əsasla yanaşılsa əks hal baş vermiş və maddi vəziyyəti pisləşmişdir. Çünki, Azərbaycan Respublikasında uşaqlar üçün olduğu kimi əmək qabiliyyətli əhali üçün də yaşayış minimumu artmışdır. Hal-hazırda işləmir və onun maddi vəziyyəti olduqca pisdir.
15. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilmiş 18 mart 2024-cü il tarixli, ********** nömrəli məşğulluq haqqında arayışdan da görünür ki, o, 18 avqust 2023-cü il tarixdə Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmışdır. Buna görə də hesab edir ki, məhkəmə maddi vəziyyətini nəzərə almadan qətnamə qəbul edərək, qeyd edilən normaların tələblərini pozmuşdur.
16. İddiaçı hal-hazırda Bakı şəhərində işləyir və əmək haqqı alır. Hesab edir ki, məhkəmə bu halı da elektron məhkəmənin imkanlarından istifadə edərək araşdırıb, nəzərə almalı idi.
17. Normadan göründüyü kimi valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni, ondan uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun yarısı həddində aliment tutula bilər. Lakin hətta əvvəlki qətnamə ilə müəyyən edilmiş 130 manat məbləğində aliment də bu həddən çoxdur. Ona görə də hesab edir ki, məhkəmə qeyd edilən normanı da nəzərə almadan qətnamə çıxarmışdır.
18. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Yalnız yaşayış minimumuna istinad etmişdir.
19. Halbuki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.5-ci maddəsinə əsasən sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir. (MPM-nin 77.3 maddəsi) Bütün bunlara baxmayaraq, məhkəmə iddianı təmin etməklə qeyd olunan normanın tələblərini də pozmuşdur.
20. Odur ki, Ucar Rayon Məhkəməsinin xx.xx.2024-cü ilt arixli 2(063)-764/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunması, Ucar Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(063)-764/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ucar Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(063)-764/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ucar Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(063)-764/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
26. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
27. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.
28. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin; 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.
29. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin yekununda qətnamənin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilən hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır.
35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Ucar Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(063)-764/2024 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur.
37. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
38. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında 10 oktyabr 2014-cü il tarixdə bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, onların birgə nikahlarından olan uşaqları analarının himayəsində saxlanılmış və Ucar Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(063)-773/2021 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş 07 fevral 2015-ci il təvəllüdlü X5 və 17 iyul 2016cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmasından ötrü tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində müəyyən edilmişdir. Həmin aliment məbləğinin uşaqlarının artan tələbatlarının ödənilməsini təmin etmədiyini əsas gətirən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin əsasını alimentin miqdarının çox olması təşkil edir.
40. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq hesab edir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi Ucar Rayon Məhkəməsinin 31 avqust 2024-cü il tarixli, 2(063)-773/2021 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350,0 manat müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla təlabatının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir.
42. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin onun 18 avqust 2023-cü il tarixdə Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir.
43. Bundan əlavə 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat müəyyən edilməsi diqqətə alınaraq, qət edilmiş aliment məbləği nəzərdən keçirildikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi əvvəl təyin edilmiş alimentin məbləğini artıraraq hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının hal-hazırda Bakı şəhərində işləməsi və əmək haqqı alması, məhkəmənun bu halı da elektron məhkəmənin imkanlarından istifadə edərək araşdırıb, nəzərə almalı olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının elektron məhkəmə informasiya sistemindən əldə etdiyi sorğu məlumatlarından iddiaçının işləməsi və əmək haqqı alması halları müəyyən edilməmişdir.
45. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firavan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafeyi nəzərə alınaraq onların saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(063)- 764/2024 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(063)-764/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.