Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1217/2022 20.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- aliment tələbi, yaşayış minumumu) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1 Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(075)-1483/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Cavabdeh alimentin tutulması barədə Şəki Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(075)-3660/2018 saylı qətnaməsi ilə təyin edilən 110 manat sabit pul məbləğində alimentin məbləğinin artırılması, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o 05 sentyabr 2006-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 28 yanvar 2010-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonralar aralarındakı münasibətləri pozulmuş və ayrılmışlar. Şəki Rayon Məhkəməsinin 26 fevral 2013-cü il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasında 05 sentyabr 2006-cı il tarixdə bağlanmış nikah pozulmuş, onların birgə nikahdan olan uşaqları 28 yanvar 2010-cu il təvəllüdlü X4 onun himayəsində saxlanılmış və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bildirmişdir ki, sonradan o aliment məbləğinin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli, 2(075)-5098/2016 saylı qətnaməsinə əsasən 28 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 alınaraq ona verilən aliment məbləği artırılaraq 90 manat məbləğində müəyyən edilmişdir. Lakin bir müddət sonra həmin aliment məbləği uşağın saxlanılması üçün yetərli olmamışdır. O uşağın maddi təminatını tam qarşılaya bilmədiyi üçün alimentin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(075)- 3660/2018 saylı qətnaməsinə əsasən 28 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 tutulan aliment məbləği artırılaraq 110 manat məbləğində müəyyən olunmuşdur. Bildirmişdir ki, hal-hazırda uşağın saxlanılması xərcləri artmışdır. Belə ki, uşaq böyüyüb yaşı artdıqca onun qida, geyim və təhsil xərcləri artmışdır. O uşağın təhsil və tərbiyəsi ilə bağlı bir neçə müəllim yanına qoymuşdur ki, mükəmməl təhsil alsın, ali məktəbə qəbul ola bilsin. Ancaq müəyyən olunmuş 110 manat aliment məbləği bu xərclərin cüzi hissəsini təşkil edir. Qanunvericiliyin tələbinə əsasən Cavabdeh da onunla bərabər bu xərcləri qarşılamağa borcludur. Bildirmişdir ki, Cavabdeh Bakı şəhərində maşın təmiri ustası işləməklə yüksək gəlir əldə edir. Məşhur sənətkardır. İddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(075)-1483/2022 saylı qətnaməsi ilə (C.İmanov) iddianın qismən təmin edilməsi, 28 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(075)- 3660/2018 saylı qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsi və həmin aliment məbləğinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə 05 sentyabr 2006-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan 28 yanvar 2010-cu il təvəllüdlü X4 adlı övladları olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonralar aralarındakı münasibətləri pozulmuş və ayrılmışlar. Şəki Rayon Məhkəməsinin 26 fevral 2013-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 05 sentyabr 2006-cı il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları 28 yanvar 2010-cu il təvəllüdlü X4 İddiaçı himayəsində saxlanılmış və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı aliment məbləğinin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli, 2(075)-5098/2016 saylı qətnaməsinə əsasən 28 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 alınaraq İddiaçı verilən aliment məbləği artırılaraq 90 manat məbləğində müəyyən edilmişdir. Şəki Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(075)- 3660/2018 saylı qətnaməsinə əsasən 28 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan tutulan aliment məbləği artırılaraq 110 manat məbləğində müəyyən olunmuşdur. Hal-hazırda uşağın saxlanılması xərcləri artmışdır. İddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 etiraz ərizəsini müdafiə etmiş və cavabdeh tərəfindən alimentin 15-20 manat artırılmasına etirazının olmadığını göstərmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(075)-3660/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit məbləğdə alimentlə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, 28 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan sabit məbləğdə alimentin miqdarı qismən artırılmalıdır. Lakin məhkəmə alimentin miqdarını müəyyən edərkən cavabdehin onurğa sütununda 2 mm-lik protruziyaya (yırtıq) (bu hal cavabdehin məhkəmə zalında hərəkəti zamanı da müşahidə edilmişdir) olmasını, iddiaçının isə işləməklə 477 manat əmək haqqı almasını, həmçinin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini diqqətə almışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(075)-3660/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2, 77.1, 119, 217.4 -cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, aliment məbləği çox yüksək artırılmış və tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuşdur. Belə ki, nikah pozulduğu zaman, yəni 2013-cü ildə yaşayış minimumu uşaqlar üçün 93 manat, cavabdehdən tutulmuş aliment məbləği həmin məbləğin 75%-i; 2016-cı ildə yaşayış minimumu uşaqlar üçün 115 manat, cavabdehdən tutulmuş aliment məbləği həmin məbləğin 77% i; 2018-ci ildə yaşayış minimumu uşaqlar üçün 154 manat, cavabdehdən tutulmuş aliment məbləği həmin məbləğin 72%-i; 2022-ci ildə yaşayış minimumu uşaqlar üçün 193 manat, cavabdehdən tutulmuş aliment məbləği həmin məbləğin 89%-i müəyyən edilib. Hər il yaşayış minimumu dəyişir. İlk əvvəl aliment məbləği müəyyən edilərkən cavabdeh şəxs faktiki işləyirdi. Sahibkar kimi adına VÖEN açdırmışdı və vergi ödəyicisi idi. Onun qazancı və s. hallar nəzərə alınaraq yaşayış minimumun 75%-i yəni 70 manat aliment müəyyən edilmişdir. Hal-hazırda cavabdeh xəstəliyinə görə işləyə bilmir. Sahibkarlıq fəaliyyəti dayandırılıb. Əksinə İddiaçı yeni işə girib. Xəstəxanada işləyir və 477 manat əmək haqqı alır. Göründüyü kimi, iddiaçının sosial vəziyyəti cavabdehin sosial vəziyyətindən üstündür. Əlavə olaraq aliment məbləğinində yüksək təyin etməklə iddiaçının cavabdeh qarşısında üstünlüyü daha da artırılır. Bildiyiniz kimi, heç bir yerdə işləməyən, heç bir yerdən gəlir əldə edə bilməyən şəxsin üzərinə yüksək miqdarda aliment yüklənməsi əsassızdır və bir sıra normalara münasibətdə tərəflər arasında ayrıseçkiliyə yol açır. Belə ki, valideyinlər uşaqlar barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Qanunvericiliyin normalarından göründüyü kimi, uşaqlara baxmaq hər iki valideyinin vəzifəsidir və bu vəzifəni yerinə yetirilməsində tərəflər bərabərdir. Lakin yaşayış minimumu üzrə aliment məbləğinin 90% hissəsinin kəsilməsi bu bərabərliyi pozur. Şəki rayon məhkəməsi iş üzrə bütün mühüm halları, yəni cavabdehin xəstə olmasını, xəstəliyinə görə işləyə bilməməsini, VÖEN dayandırılmasını, iddiaçının hal-hazırda işləyərək 477 manat əmək haqqı almasını müəyyən edərək qətnaməsində göstərsə də yekunda yenədə yüksək aliment məbləği müəyyənləşdirmişdir. İlk əvvəl müəyyən edilmiş məhkəmə qətnamələri üzrə müəyyən edilmiş aliment məbləğlərinin miqdarı, ilk əvvəl işə baxan hakimlərin pozuntuya yol vermişdir. Odur ki, Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il, 2(075)-1483/2022 saylı qətnaməsini ləğv edib iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X2 apellyasiya şikayətinin təmin edilməsi, Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il, e-2(075)-1483/2022 saylı qətnaməsinin ləğv edilməsinin, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsi, Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il, e-2(075)-1483/2022 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkə mə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il, 2(075)-1483/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(075)-1483/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında proses tərəflərinin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın olmuşdur ki, İddiaçı ilə 05 sentyabr 2006-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan 28 yanvar 2010-cu il təvəllüdlü X4 adlı övladları olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonralar aralarındakı münasibətləri pozulmuş və ayrılmışlar. Şəki Rayon Məhkəməsinin 26 fevral 2013-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 05 sentyabr 2006-cı il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları 28 yanvar 2010-cu il təvəllüdlü X4 İddiaçı himayəsində saxlanılmış və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı aliment məbləğinin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli, 2(075)-5098/2016 saylı qətnaməsinə əsasən 28 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 alınaraq İddiaçı verilən aliment məbləği artırılaraq 90 manat məbləğində müəyyən edilmişdir. Şəki Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(075)- 3660/2018 saylı qətnaməsinə əsasən 28 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan tutulan aliment məbləği artırılaraq 110 manat məbləğində müəyyən olunmuşdur. Hal-hazırda uşağın saxlanılması xərcləri artmışdır. İddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi hər ay 28 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment məbləğini müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh apellyasiya şikayətində xəstəliyinə görə işləyə bilmədiyini, sahibkarlıq fəaliyyətinin dayandırılmasını, İddiaçı xəstəxanada işlədiyini və 477 manat əmək haqqı aldığını bildirsə də, bu hallar onu uşağı saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. Belə ki "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. Bununla da birinci instansiya məhkəməsi alimentin məbləğini uşaq üçün 170 manat sabit pul məbləğində alimenti qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır. Bundan başqa ananın, yənin İddiaçı 477 manat məbləğində aylıq əmək haqqı alması, uşağın maddi təminatının tam təmin olması mənasını daşımır. Yəni iddiaçının aylıq hər hansı bir gəlir yerinin olması, cavabdehi uşağı saxlamaq vəzifəsindən azad etmir. Belə ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən cavabdehin onurğa sütununda 2 mm-lik protruziyaya (yırtıq) olmasını, iddiaçının isə işləməklə 477 manat əmək haqqı almasını, həmçinin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini diqqətə almışdır. Belə ki, cavabdeh apellyasiya şikayətində etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlimtərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşaqların saxlanması üçün hər biri üçün hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(075)-1483/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(075)-1483/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1217/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1217/2022
20.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver