Məhkəmə qərarları › İş №2(107)-1219/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1219/2020

18.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1219/2020 18.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-471/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun birgə nikahdan anadan olmuş uşaqları-xx xxxxxx 2006-cı il təvəllüdlü X5 və xx xxxxxxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan alınaraq cavabdehə verilməli olan aliment məbləğinin dəyişdirilərək hər ay üçün sabit pul məbləğində 70 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-471/2020 saylı qətnaməsi ilə iddia ərizəsi rədd edilmiş, İddiaçı dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumu onun özünə aid edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, cavabdehlə xx xxxxxx 2006-cı il tarixdə rəsmi qaydada nikah qeyd etdirməklə ailə qurmuşdir. Birgə nikahdan onların xx xxxxxx 2006-cı il tarixdə Elnur və xx xxxxxxxx 2008-ci il tarixdə Eltun adlı uşaqları anadan olmuşdur. Sonradan münasibətləri pisləşdiyindən Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Nikah pozularkən uşaqlar ananın himayəsində saxlanılmaqla, onun aylıq qazancının 1/3 hissəsi miqdarında aliment təyin edilmişdir. O, Cavabdeh ayrıldıqdan sonra ailə qurmuşdur. Həmin nikahdan onun xx xxxx 2015-ci il tarixdə Aylin və xx xxxxxx 2019-cu il tarixdə Qəzənfər adlı uşaqları anadan olmuşdur. Beləliklə onun himayəsində 4 uşağı vardır. Onun əmək haqqısının 1/3 hissəsi birinci nikahdan olan uşaqlarına aliment üçün ödənilirsə, qalan iki uşağa onun baxmağa imkanı qalmır. Hal-hazırda Bakı şəhərində Penitensiar Xidmətdə işləyir və ailəsi Şəki şəhərində kirayədə qalır. Aylıq əmək haqqısı 609 manat təşkil edir. Həmin puldan aliment tutulduqdan sonra 351 manat qalır ki, həmin pulun da 200 manatını aylıq kirayəyə, 50 manatını isə kommunal xərclərə ödəyir. Onun başqa gəlir yeri yoxdur. Qanunvericiliyin tələblərinə əsasən bir uşaq üçün qazancın 1 / 4 hissəsinin, üç və daha çox uşaq üçün isə 1/2 hissəsinin ödənilməli olması nəzərdə tutulmuşdur. Onun aylıq qazancı 4 uşaq arasında bölünəsi olarsa, artıq birinci nikahdan olan uşaqlarına ödəməli olan aliment məbləği az miqdarda təşkil edəcəkdir. Buna görə də aliment məbləğinin sabit pul məbləği ilə müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmalı olmuşdur. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-471/2020 saylıqətnaməsi ləğv edilərək hər uşaq üçün 70 manat cəmi 140 manat olmaqla alimentin müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kolegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ilə xx xxxxxx 2006-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahdan xx xxxxxx 2006-cı il tarixdə X5, xx xxxxxxxx 2008-ci il tarixdə isə X4 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşasalar da sonradan səmimi ailə münasibətləri pisləşmiş və aralarında bağlanmış nikah Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozularkən Elnur və Eltun cavabdehin himayəsində saxlanılmış və onların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehin aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci tarixli qətnaməsinə əsasən xx xxxxxx 2006-cı il təvəllüdlü X3 və xx xxxxxxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı aylıq qazancının 1/3 hissəsi və hər ay hər uşaq üçün 30 manat olmaqla sabit pul məbləğində 60 manat alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Sonuncu dəfə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 518/2019 saylı qətnaməsinə əsasən xx xxxxxx 2006-cı il təvəllüdlü X3 və xx xxxxxxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı aylıq qazancının 1 / 3 hissəsi və hər ay hər uşaq üçün 40 manat olmaqla sabit pul məbləğində 80 manat aliment tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən edilmiş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti formal mülahizələrdən ibarət olmaqla əsaslandırılmamışdır. Belə ki, Cavabdeh aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə xx xxxxxx 2019-cu il tarixli, 2(075)-518/2019 saylı qətnamə qəbul edilmişdir. Həmin məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan bu vaxtadək iddiaçının maddi durumu və ya həyat şəraiti ilə bağlı onun vəziyyətini pisləşdirəcək, cavabdehin isə maddi vəziyyətini yaxşılaşdıracaq şəkildə heç nə dəyişməmişdir. Bunun əksini sübut edən hər hansı bir hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədi. Həmçinin, həmin vaxtdan sonra ötən müddət ərzində ölkə üzrə uşaqalrın yaşayış minimumu artırılmışdır. Bundan başqa məhkəməyə təqdim edilmiş müayinə və resprtlərlə İddiaçı ilə Cavabdeh birgə nikahdan anadan olan uşağı-xx xxxxxx 2006-cı il təvəllüdlü X3 hər iki gözündə olan zəif hipermotropofiya xəstəliyindən əziyyət çəkdiyi və onun həmin xəstəliyinin müalicəsi ilə bağlı mütəmadi olaraq müayinə və müalicə alındığı müəyyən edilmişdir. Bu isə xx xxxxxx 2006-cı il təvəllüdlü X1 üçün daha çox maddi köməkliyə ehtiyacının olduğunu deməyə əsas verir. Alimentin miqdarı azaldılacağı halda isə bu hal gündəlik zəruri xərclərin azaldılmsı ilə yanaşı mütəmadi olaraq müalicə alan uşağın səhhətinin vəziyyətinin pisləşməsi, uşaqların əvvəlki təminatlarının səviyyəsinin aşağı düşməsi ilə nəticələnəcəkdir. Belə olduğu halda iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayətedici hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və iş üzrəŞəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)- 471/2020 saylıqətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-471/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar