Məhkəmə qərarları › İş №2(107)-1237/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1237/2023

16.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1237/2023 16.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «varislərdən borcun tutulması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin vərəsələrindən borcun tutulması, podrat müqaviləsi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Kərimli Tunar Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «varislərdən borcun tutulması» tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(046)-119/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «varislərdən borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh1 sonuncular tərəfindən qəbul edilmiş miras payından onun xeyrinə 103.185,88 ABŞ dolları əsas borcun, 43.448,54 ABŞ dolları faiz, 2.000 manat mənəvi ziyan, ödənilmiş 541,31 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh1 sonuncular tərəfindən qəbul edilmiş miras payından onun xeyrinə 103.185,88 ABŞ dolları əsas borcun, 43.448,54 ABŞ dolları faiz, 2.000 manat mənəvi ziyan, ödənilmiş 541,31 manat dövlət rüsumu və göstərilmiş hüquqi xidmətə görə 500 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, mərhum X3 kreditorudur. Belə ki, bibisi oğlu Manaşir Sosunov (Manaşir İxiloviç) Rusiya Federasiyasından xammal tədarükünü görürmüş. Adətən buradan həmin zavoda xammal spirti göndərilir və orada emal olunmaqla satışa buraxılır. Təxminən 2007-ci ildən Vaqif Mammədovu tanıyırmış. Belə ki, bibisi oğlu Manaşir Sosunov vasitəsi ilə tanış olmuşdur. X19 Məmmədovla xammal verməsi ilə razılaşmışlar. Vaqif Məmmədov həmin vaxt Göyçay konyak zavodunun direktoru olmuşdur. X21 müəyyən müddətdən sonra xammalı Rusiya Federasiyasına göndərməmişdir. Buna görə də, 2008-ci il tarixdə Manaşir Sosunov Bakı şəhərinə gəlmiş və aralarında müəyyən problemlər olduğundan X19 Məmmədovu məhkəməyə vermiş, bundan sonra X7 Sosunov arasında biznes əlaqələri kəsilmişdir. 2014-cü ildə X15 Sosunovla görüşərək, yeni biznes əlaqələri qurmaq üçün müqavilə bağlamış, sonuncu 28 may 2014-cü il tarixdə 295.580 ABŞ dolları Göyçay konyak zavodunun hesabına Bank vasitəsi ilə köçürmüşdür. Həmin ərəfələrdə Manaşir Sosunov tez-tez Bakı şəhərinə gəlib Vaqif Məmmədovla görüşmüş, həmin görüşlərdə o da iştirak etmişdir. Həmin ilin iyun ayında Vaqif Məmmədovla görüşüb söhbət edərkən Vaqif Məmmədov ona təklif etmişdir ki, hazırda əlində xammal hazırlamaq üçün pul olmadığından Manaşir Sosunova xammal göndərə bilmir, ona pul veriləcəyi halda zavodda Manaşir Sosunova göndərmək üçün xammal hazırlayacaq və həmin xammalı Manaşir Sosunova sataraq hər vaqona 15.000-20.000 arası gəlir əldə edəcək. Şifahi razlaşmaya əsasən, Vaqif Məmmədova 112.000 ABŞ dolları məbləğində nağd pul vermişdir. Vaqif Məmmədov demişdir ki, bir müddətdən sonra xammal zavodda hazır olacaq və vaqona vurub Manaşir Sosunova göndərəcəkmiş. Nəhayət, Vaqif Məmmədov zavodda, ona aid olan 54 ton konyak spirti hazır etmiş və bununla bağlı ona sertifikat da vermişdir. Həmin ilin iyul ayında Rusiyadan gələn texnoloqlarla birlikdə Vaqif Məmmədovun idarə etdiyi Göyçay konyak zavoduna getmişlər. Texnoloqlar çənlərdə 54 ton xammalı bəyənib onların ağızlarını plomblamışlar. Vaqif Məmmədov həmin şəxslərin yanında da bildirmişdir ki, vaqondakı spirt ona məxsusdur, yaxın vaxtlarda vaqona vurub Manaşir Sosunova göndərəcək. X21 malı göndərməmişdir. Hazırlanmış xammalı Vaqif Məmmədovdan ala bilməmişdir. Dəfələrlə Göyçay rayonuna getmiş, lakin onu zavoda buraxmamışlar. Vaqif Məmmədovun mobil telefonuna dəfələrlə zəng etməsinə baxmayaraq, telefon zənglərinə cavab verməmiş və onunla görüşə gəlməmişdir. 112.000 ABŞ dollarını Vaqif Məmmədov ələ keçirərək dələduzluq etmiş və nəticədə pulunu qaytarmamışdır. Bununla əlaqədar olaraq, 2016-cı ilin noyabr ayında Bakı şəhəri Sabunçu rayon prokurorluğuna müraciət etmişdir. Sabunçu rayon prokuroru Ceyhun Şirinov tərəfindən 28 noyabr 2016-ci il tarixdə Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. Cinayət işi üzrə 25 dekabr 2016-cı il tarixdə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, «Göyçay konyak» ATSC zavodunun direktoru X9 «X16» QSC-nin sədri X5 məxsus zavoda şərab və konyak emalı üçün xammal tədarük etmək adı ilə etibardan sui-istifadə etməklə ayrı-ayrı (2007-ci il tarixdən 2014-cü il tarixədək olan müddət) vaxtlarda 500.000 ABŞ dolları pul vəsaitini əvəzsiz olaraq öz mülkiyyətinə keçirərək Manaşir Sosunova külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Uzun müddət axtarışda olan Vaqif Məmmədov tutularaq 48 saat ərzində Sabunçu rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə gətirilmiş, törətdiyi cinayət əməlini etiraf etmişdir. Vaqif Məmmədovun ifadəsi alınarkən bildirmişdir ki, 112.000 ABŞ dolları dəyərində konyak spirti Göyçay rayonundakı zavodunda yerləşirmiş. Sabunçu RPİ İŞ-nin müstəntiqi, polis mayoru Abbas Hüseynov tərəfindən Göyçay rayonunda, Konyak zavoduna baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Orada olan spirtdən nümunə götürülmüş, X3 ifadəsi yerində yoxlanılmaqla, protokol tərtib edilmiş, fotoşəkilləri çəkilmişdir. Cinayət işinin istintaqı zamanı ona məxsus 54 ton spirt zavodda imiş. Vaqif Məmmədov ifadə verərkən, yaxın vaxtlarda spirti satıb, pulunu ona qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən 27 iyul 2018-ci il tarixdə X4 Azərbaycan Respublikası CM-in 195.2-ci maddəsi ilə ittiham elan olunmuş və iş üzrə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. 27 avqust 2018-ci il tarixdə onunla Vaqif Məmmədov arasında üzləşdirmə keçirilmiş, sonuncu ona borclu olduğunu etiraf etmişdir. Üzləşdirmə zamanı Vaqif Məmmədov zavodda maddi problemlər yarandığı üçün spirti satdığını və ona borclu olduğu pulu qaytarmadığını bildirmişdir. Vaqif Məmmədov üzləşdirmə zamanı ona borclu olduğu 112.000 ABŞ dollarını qısa müddət ərzində qaytaracağına söz vermişdir. 30 avqust 2018-ci il tarixdə Manaşir Sosunov Bakıya gəlmiş və Vaqif Məmmədovla üzləşmişdir. Vaqif Məmmədov üzləşmə zamanı Manaşir Sosunovdan üzr istəmiş və borcunu etiraf etmişdir. İstintaq zamanı 30 avqust 2018-ci il tarixli qərarla X8 zərər çəkmiş şəxs qismində tanınmışdır. Vaqif Məmmədov istintaq zamanı İstintaq Təcridxanasından onunla dəfələrlə telefonla əlaqə saxlamış, İstintaq Təcridxanasında onunla görüşməsini xahiş etmişdir. X6 Təcridxanasında görüş zamanı sonuncu xahiş etmişdir ki, Manaşir Sosunovla birlikdə ondan şikayətçi olmasın. Şikayətçi olmadıqları halda, azadlığa çıxan kimi onun 112.000 ABŞ dollarını, eləcə də Manaşir Sosunova borclu olduğu pulu qaytaracaq. X10 pul əvəzinə alternativ Göyçay şəhərində Konyak Zavoduna məxsus 62.561 m2 torpaq sahəsini, eləcə də araq doldurulması və satışı ilə məşğul olan «EMİL-1» firmasını təklif etmişdir. Vaqif Məmmədovun təklifi onu qane etmədiyi üçün qəbul etməmişdir. Vaqif Məmmədov yenidən xahiş etmişdir ki, bibisi oğlu Sosunovla birlikdə ona qarşı humanist davransınlar. Manaşir Sosunovla əlaqə saxlayaraq Vaqif Məmmədovun xahişini çatdırmış, X12 bağlı artıq hüquqmühafizə orqanlarına şikayət etməyəcəyini, ancaq Vaqif Məmmədov istintaq təcridxanasından çıxarkən, ona yaranmış borcu ödəməyə başlamasını bildirdirmişdir. Bundan sonra Vaqif Məmmədovla əlaqə saxlayaraq Manaşir Sosunovun və öz qərarını açıqlamış, ondan bir daha şikayətçi olmayacaqlarını, amma həbsxanadan çıxan kimi onlara borclu olduğu pulu tam qaytaracağını söyləmişdir. Vaqif Məmmədov ona kişi sözü vermişdir ki, həbsdən çıxan kimi pulu qaytaracaqmış. Vaqif Məmmədov azadlığa çıxandan sonra, ona xx.xx.2019-cu il tarixdə 1.200 manat, xx.xx.2019-cu il tarixdə 13.00 manat, xx.xx.2019-cu il tarixdə 3.000 manat, xx.xx.2019cu il tarixdə 2.000 manat, xx.xx.2019-cu il tarixdə 1.500 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat və xx.xx.2019-cu il tarixdə 2.000 manat ödəmişdir. Vaqif Məmmədov ona ümumilikdə yalnız 12.984 manat, yəni 7.638 ABŞ dolları pul qaytarmışdır. Vaqif Məmmədovun onun qarşısında öhdəliklərinin yerinə yetirilmə müddəti çoxdan başa çatmışdır. Lakin, bu günə kimi Vaqif Məmmədov 112.000 ABŞ dollarını ona tam qaytarmamışdır. Vaqif Məmmədov onunla əlaqə saxlayaraq, COVİD-19 pandemiyasına görə maddi çətinliklə üzləşdiyini, borclu olduğu pulu qaytara bilmədiyini, üzr istəyib pulu qaytarmaq üçün ona vaxt verməsini xahiş etmişdir. Danışıqlarından bir müddət sonra, Vaqif Məmmədov dünyasını dəyişmişdir. Vaqif Məmmədovun qalan borcu 104.362 ABŞ dolları təşkil edir. Vaqif Məmmədovun ölümü ilə bağlı öhdəliklərini yerinə yetirməməsi bu iddia ilə məhkəməyə müraciət etməsi üçün əsas olmuşdur. Əldə etdiyi məlumata görə, 2021-ci ilə qədər «Göyçay Konyak zavodu» Vaqif Məmmədova məxsus olmuşdur, həmin əmlak hesabına sonuncunun ona olan borcunu ödəmək olar. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(046)-119/2023 saylı qətnaməsi ilə (hakim İ.Fəttahov) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «varislərdən borcun tutulması» tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı mərhum X9 ilə bibisi oğlu Manaşir İxiloviç (Mişa Sosunov) vasitəsi ilə tanış olmuş, işgüzar münasibətləri yaranmışdır. 2014-cü ildə Vaqif Məmmədov tərəfindən İddiaçı RF-yə spirt ixrac etməsi təklif olunmuş, iddiaçı həmin təklifi qəbul edərək, Vaqif Məmmədova spirt sifariş vermişdir. V.Məmmədov rəhbəri olduğu zavodda sifariş edilmiş həcmdə spirt istehsal etmiş, lakin V.Məmmədovla iddiaçının bibisi oğlu arasında işgüzar münasibətlərindən dolayı anlaşılmazlıq yarandığına görə, İddiaçı sifariş verdiyi 54 ton spirti zavoddan götürməmiş və RF-yə göndərməmişdir. Vaqif Məmmədovla iddiaçının bibisi oğlu M.İxiloviç arasında spirt tədarükü ilə bağlı yaranmış mübahisə ilə əlaqədar sonuncu hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun müraciəti əsasında cinayət işi başlanmışdır. Eyni zamanda, İddiaçı da şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət edərək, 54 ton xammal spirtin verilməsi vədi ilə Vaqif Məmmədovun 112.000 ABŞ dollarını ələ keçirməsini, bu səbəbdən sonuncu barəsində cinayət işi başlanmasını xahiş etmişdir. İddiaçının şikayəti əsasında o, zərər çəkmiş şəxs qismində tanınmış, ifadəsi alınmış, şikayət ərizəsində göstərdiyi xüsusatlar üzrə araşdırma aparılmış, Vaqif Məmmədovun ifadəsi yerində yoxlanılmış, iddiaçının göstərdikləri sübuta yetirilmədiyindən cinayət işi üzrə icraata sonuncuya münasibətdə xitam verilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon Prokuroru tərəfindən bir neçə dəfə ləğv edilmiş, işin obyektiv və hərtərəfli araşdırılması üçün yazılı göstərişlər verilmiş, göstərişdə müstəntiq qarşısında qoyulmuş tələblər üzrə əlavə araşdırma aparılmış, iddiaçının göstərdikləri sübuta yetirilmədiyindən, yəni Vaqif Məmmədovun 54 ton xammal spirtin verilməsi vədi ilə iddiaçıdan 112.000 ABŞ dolları alması təsdiqini tapmadığından, cinayət işi üzrə icraata yenidən xitam verilmişdir. Bundan sonra, Vaqif Məmmədov vəfat etdiyi üçün iddiaçı sonuncunun vərəsələrinə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, 103.185,88 ABŞ dolları əsas borc, 43.448,54 ABŞ dolları faiz, 2.000 manat mənəvi ziyan, ödənilmiş 541,31 manat dövlət rüsumu və göstərilmiş hüquqi xidmətə görə 500 manat pul vəsaitinin onun xeyrinə tutulmasını xahiş etmiş, iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 439.3 və 1306-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Beləliklə, qanunun yuxarıda göstərilən normalarına və Konstitusiya Məhkəməsinin izahına əsasən, borclunun borcu qaytarmaq üzrə öhdəliklərini yerinə yetirməyən şəxs kimi tanınması üçün onlar arasında elə hərəkətlərin göstərilməsi barədə müqavilənin olması zəruridir ki, borclu onları yerinə yetirməli olduğu halda yerinə yetirmir və buna görə də mülki mübahisənin yaranmasına gətirib çıxarır. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405-ci maddəsinin tələblərinə uyğun olan müqavilə təqdim olunmamışdır. Yəni, başqa sözlə desək, iddiaçı qarşısında 112.000 ABŞ dollarının ödənilməsi ilə bağlı mərhum Vaqif Məmmədovun hər hansı öhdəliyinin olmasını təsdiq edən müqavilə olmamışdır. Birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyinə müvafiq olaraq, məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «varislərdən borcun tutulması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 72, 60-ci maddələri, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6 və 13-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740, 442 və 386.1-ci maddələri, Öhdəliyin yaranması üçün müqavilənin olmasının zəruriliyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 4.2, 77.1, 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, təxminən 2007-ci ildən Vaqif Mammədovu tanıyırmış. Belə ki, bibisi oğlu Sosunov Mişa vasitəsi ilə tanış olmuşdur. X9 həmin vaxt Göyçay konyak zavodunun direktoru idi. X23 müəyyən müddətdən sonra söz verdiyi xammalı Rusiya Federasiyasına göndərməmişdir. Müəyyən müddət X17 Mişa ilə arasında biznes əlaqələri kəsilmişdir. 2014-cü il tarixdə X17 Mişa ilə görüşüb və müqavilə bağlayıblar ki, yenidən işləsinlər. X20 Vaqif ilə razılaşıb və 2014–cü ilin 28 may tarixində 295.580 ABŞ dolları pulu Göyçay konyak zavodunun hesabına Bank vasitəsi ilə köçürülmüşdür. Həmin vaxt Məmmədov Vaqif spirt olan xammalı iki vaqon vasitəsi ilə Sosunov Mişagilə göndərmişdir. 2014-сü ilin iyun ayinda o Məmmədov Vaqif ilə görüşüb söhbət edərkən Məmmədov Vaqif ona təklif etdi ki, hazırda əlində xammal hazırlamaq üçün pul olmadığından Sosunov Mişaya xammal göndərə bilmirmiş. Həmin vaxt Məmmədov Vaqif ona dedi ki, əgər ona pul veriləcəyi halda o, zavodda Sosunov Mişaya göndərmək üçün xammal hazırlayacaq və həmin xammalı Sosunov Mişa alacaqmış. Konyak spirti istehsalı üçün xammal əldə etmək, eləcə də bu xammalın kiməsə satılması onu heç vaxt maraqlandırmırmış. Şifahi razılığa əsasən, Məmmədov Vaqif yüksək keyfiyyətli konyak spirti üçün xammal istehsal etməli idi və onlar Sosunov Mişaya satmalı idi. X18 zavodda onun mülkiyyətini və ona məxsus olan 54 ton konyak spirti hazır elədi və bununla bağlı hətta ona sertifikat da vermişlər. Həmin ilin iyul ayında Rusiyadan gələn texnoloqlarla birlikdə Məmmədov Vaqifin işlətdiyi Göyçay konyak zavoduna getmişlər, amma sonra Məmmədov Vaqif onu aldatmış və konyak spirti göndərməmişdir. Məmmədov Vaqif dələduzluq edib konyak spirtini özünə mənimsəyərək ona verməmiş, o da konyak spirtinin istehsalı üçün ona verdiyi 112 000 (yüz on iki min) ABŞ dolları məbləğində pulunu ona qaytarmamışdır. Bununla əlaqədar olaraq, 2016-cı ilin noyabr ayında Bakı şəhəri Sabunçu rayon prokurorluğuna müraciət etmişdir. 28 noyabr 2016-ci il tarixdə Sabunçu rayon prokuroru Ceyhun Şirinov cinayət işini № ********* Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə başlanması və aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarılmışdır. 28 avqust 2018-ci ildə təqsirləndirilən şəxsnən Məmmədov Vaqif ilə üzləşdirmədə dindirilməklə iştirak etmişdir. Məmmədov Vaqif günahından üzr istədi və borcunu etiraf etdi. O, bildirdi ki, ona məxsus 54 ton spirti çoxdan satıb və aldığı pulu öz ehtiyaclarına xərcləmişdir. Bu səbəbdən də Məmmədov Vaqif onun 112.000 (yüz on iki min) ABŞ dollarının hamısını qısa müddətdə qaytardığını söz vermişdir. Eyni zamanda, Məmmədov Vaqif pul əvəzində ona alternativ variantları demişdir. Göyçay şəhərindəki 62.561 kv.metrlik Konyak Zavoduna məxsus torpaq sahəsi həm də araq doldurulması və satışı ilə məşğul olan Məmmədov Vaqifə məxsus "EMİL-İ" firmasını təklif etmişdir. O Göyçaya getmiş və Məmmədov Vaqifin sürücüsü X14 ilə görüşmüşdür. X13 Vaqifin tapşırığı ilə pul əvəzinə təklif olunan əmlak üçün ona lazım olan bütün sənədləri təqdim etmişdir. "EMİL-İ" firmasında əvvəllər geri qaytarılmalı olan bir bankda kredit olduğundan o bu təklifdən də imtina etmişdir. Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Abbas Hüseynovun 01 mart 2018-ci il tarixli imzalanan qərardan göründüyü kimi, “20 fevral 2018–ci il tarixdə cinayət işi № ********* üzrə icraat təzələnmiş və həmin günü Göyçay rayonuna gedilərək, orada Konyak zavoduna baxış keçirilərək protokol tərtib edilmişdir. Orada olan spirtdən nümunə götürülərək müayinə olunması üçün labaratoriyadan arayış alınmış, X3 ifadəsi yerində yoxlanılmaqla protokol tərtib edilərək fotoşəkilləri çəkilmişdir. Məlum olmuşdur ki, İddiaçı məxsus 54 ton spirt zavoddadır.” Məmmədov Vaqif söz verdi ki, yaxın vaxtlarda bu spirti satacaq və pulunu ona verəcəkdir. Qəflətən onlara xəbər gəldi ki, Məmmədov Vaqif artıq dünyasını dəyişib. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “varislərdən borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət edərək, mərhum X3 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh1 sonuncular tərəfindən qəbul edilmiş miras payindan onun xeyrinə 103.185,88 ABŞ dolları (yüz üç min yüz səksən beş dollar səksən səkkiz sent) əsas borc, 43.448,54 ABŞ dolları məbləği (qırx üç min dörd yüz qırx səkkiz dollar əlli dörd sent) - borcun üstünə faiz hesablanması, 2.000 manat (iki min) manat mənəvi ziyan, 541,31 (beş yüz qırx bir manat otuz bir qəpik) manat ödənilmiş dövlət rüsumu və 500 (beş yüz) manat ödənilmiş hüquqi xidmət üçün pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq o, Apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2(046)-119/2023 saylı qətnaməsinin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2(046)-119/2023 saylı qətnaməsinin ləğv edilib iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2(046)-119/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər və sair. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Göyçay Rayon Məhkəməsinin 20 aprel 2023cü il tarixli e-2(046)-119/2023 saylı qətnaməsinin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(046)-119/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(046)-119/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Vaqif Məmmədov direktor olduğu zavodda onun üçün 112000 (yüz on iki min) ABŞ dolları məbləğində 54 ton konyak spirti hazır etmiş, X23 dələduzluq edib konyak spirtini özü mənimsəyərək ona verməmiş, o da konyak spirtinin istehsalı üçün ona verdiyi 112000 (yüz on iki min) ABŞ dolları məbləğində pulunu ona qaytarmamışdır. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1. 752.2-ci maddələri nəzərdən keçirilə bilər; Belə ki, həmin maddələrə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olan müqavilə təqdim olunmamışdır. Yəni, iddiaçı ilə cavabdeh Vaqif Məmmədovun 112.000 ABŞ dolları dəyərindən spirtin hazırlanması ilə bağlı hər hansı öhdəliyinin olmasını təsdiq edən müqavilə olmamışdır. Şikayətin ilk dəlili ondan ibarətdir ki, 2014-cü il tarixdə X17 Mişa ilə görüşüb və müqavilə bağlayıblar ki, birgə işləsinlər. Məmmədov Vaqif zavodda onun mülkiyyətini və ona məxsus olan 54 ton konyak spirti hazır etmiş və bununla bağlı hətta ona sertifikat da vermişdir. X23 dələduzluq edib konyak spirtini özü mənimsəyərək ona verməmiş, o da konyak spirtinin istehsalı üçün ona verdiyi 112000 (yüz on iki min) ABŞ dolları məbləğində pulunu ona qaytarmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya şikayətin bu hissəsi ilə razı deyildir. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə yarana bilər. İddiaçı ilə Vaqif Məmmədov arasında öhdəlik hüquq münasibətinin yaranması üçün iddiaçı ilə cavabdeh arasında müqavilə mövcud olmayıb. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə aid hissəsinə düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən məbləğdə, yəni 112000 dollar pulun Vaqif Məmmədova verildiyini bildirsə də buna dair hər hansı bir sübut növü təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apelyasiya şikayəti bu hissədə əsassız olmaqla, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, 2016-cı ilin noyabr ayında Bakı şəhəri Sabunçu rayon prokurorluğuna müraciət etmiş, 28 noyabr 2016-ci il tarixdə Sabunçu rayon prokuroru Ceyhun Şirinovun göstərişi ilə cinayət işini № ********* Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə başlanması və aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarılmışdır. 28 avqust 2018-ci ildə təqsirləndirilən şəxs Məmmədov Vaqif ilə üzləşdirmədə dindirilməklə iştirak etmişdir. Məmmədov Vaqif ondan üzr istəmiş və borcunu etiraf etmişdir. Məmmədov Vaqif bildirmişdir ki, ona məxsus 54 ton spirti çoxdan satıb və aldığı pulu öz ehtiyaclarına xərcləmişdir. Bu səbəbdən Məmmədov Vaqif ona məxsus 112.000 (yüz on iki min) ABŞ dollarının hamısını qısa müddətdə qaytaracağına söz vermişdir. Kollegiya şikayətin bu hissəsi ilə də razılaşmır və onu əsassız sayır. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başalnmasının rədd edilməsi barədə qərarların surətindən görünür ki, Vaqif Məmmədov iddiaçıdan 112.000 (yüz on iki min) ABŞ dolları almasını etiraf etməmiş, eyni zamanda Vaqif Məmmədov iddiaçıdan aldığı 112.000 (yüz on iki min) ABŞ dollarının hamısını qısa müddətdə qaytaracağına dair hər hansı bir söz verməmişdir. Digər tərəfdən kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni cinayət işinin başalnmasının rədd edilməsi barədə qərar sübut kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(046)-119/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(046)-119/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar