Məhkəmə qərarları › İş №2(107)-1242/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1242/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1242/2020 19.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-813/2019 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh X9 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-813/2019 nömrəli qətnaməsi ilə (hakim Namidar Misirzadə) iddia qismən təmin edilmiş, X3 1600 (min altı yüz) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdeh X5 qarşı – cavabdehdən ona vurulmuş 4800 manat əsas pul vəsaitinin və 30 manat dövlət rüsumunun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ilin sentyabr ayında qardaşının oğlu X8 dostu Turalın Sabunçu rayonu, Ramana qəsəbəsində sərfəli qiymətə torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini almasını təklif etdiyini bildirmişdir. Sonradan Aydın və Tural onu torpaq sahəsini göstərmək məqsədilə sonuncunun tanışı Məşədi adlı şəxslə tanış etmişlər. Məşədi ona 0.03 ha torpaq sahəsinin qiymətinin 4500-5000 manat civarında olduğunu söyləmişdir. Torpaq sahəsinə baxış keçirtdikdən sonra Aydına 300 manat pul vermişdir ki, Məşədiyə beh kimi versin. Pulun qalan hissəsini və torpaq sahəsini guya adına rəsmiləşdirilməsi üçün şəxsiyyət vəsiqəsi ilə birlikdə çatdırmağına razılaşmışlar. Bundan sonra Aydın və Tural onunla ünvan 1 ünvanında müvəqqəti yaşadığı mənzilə gəlmiş və Aydına 1500 manat pulu vermişdir. Təxminən bir aydan sonra pulun qalıq hissəsini, yəni 3000 manat pulu həmin ünvanda Aydına vermişdir. Sonuncu həmin məbləği aldıqdan sonra Məşədi adlı şəxslə saxta sənəd alaraq ona gətirərək torpaq sahəsinin adına rəsmiləşdirildiyini bildirmişdir. Həmin vaxtdan ona nə pul qaytarılmış, nə də satılmış torpaq sahəsi təhvil verilmişdir. Cavabdeh ona bildirmişdir ki, həmin məbləği Məşədiyə versə də, sonuncu onları aldatmışdır. Bununla bağlı tərəfindən Sabunçu Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizəsi əsasında material Sabunçu rayon Pİ-yə göndərilmişdir. Araşdırma nəticəsində Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən xx.xx.2018-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Cavabdeh həmin vaxt ondan 4800 manat pul vəsaitinin alınmasını təsdiq etmişdir. Cavabdehə verilən pul məbləği müqabilində torpaq sahəsinə görə Məşədi adlı şəxsə ödənilməsini şübhə altına saldığı üçün pullarını ondan geri tələb etmişdir. Lakin cavabdeh bir neçə müddət ərzində bildirmişdir ki, ona verilən torpaq sahəsinin haqqı Məşədi adlı şəxsə çatdırılmışdır. İddiaçı iddia ərizəsi ilə eyni vaxtda birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq məhkəmə proseslərində maddi imkanı ilə bağlı iştirak edə bilmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X9 iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, İddiaçı doğma bibisidir. Uzun illər Ukrayna Respublikasında yaşadıqdan sonra 2015-ci ildə Azərbaycana qayıtmışdır. Vətənə qayıtdıqdan sonra bütün işlərində ona köməklik etmiş, heç kəsə etibar etmədiyi üçün torpaq sahəsi almaqda ona köməklik edilməsini xahiş etmişdir. Bu barədə dostlarına da bildirmiş, dostu Tural yeni torpaq sahəsi almış, sənədini ona göstərdikdən sonra bu barədə bibisinə danışmışdır. İddiaçı torpaq sahəsi ilə maraqlanıb torpaq sahəsinə baxmaq istəmişdir. Odur ki, dostu Turalla birlikdə torpağı satan Məşədi adı ilə tanınan X2 ilə görüşmüşlər. İddiaçı şəxsən özü Aydəmirlə danışmış, sonuncu torpağı ona göstərib yerini belə ölçmüşdür. 0.03 ha torpaq sahəsini 4800 manata almağa razılaşmışlar. Həmin vaxt bibisi onunla Turalın yanında 300 manat Aydəmirə beh kimi pul vermişdir. Bibisi onu Turalla birlikdə evinə aparmış, evdə pulun bir hissəsini, dollardan manata çevirilərkən 1600 manat məbləğində pulu Aydəmirə çatdırmaq üçün onlara vermişdir. Həmin dövrdə dolların kursu 0.78 manat olmuşdur. Lakin həmin vaxt işə getdiyi üçün pulu Turala vermişdir ki, Aydəmirə çatdırsın. Sonuncu torpaq sənədinin hazırlanması üçün iddiaçıdan 1 ay vaxt möhlət istəmişdir. Həmin müddətdə onlar dəfələrlə telefonla əlaqə saxlamışlar. Sənəd hazır olduqdan sonra da Turaldan xahiş etmişdir ki, pulun qalan hissəsini bibisindən götürüb Aydəmirə versin. Həmin puldan qətiyyən onun məlumatı olmamış, bibisi şəxsən pulu Turala vermişdir. Həmin işdə yalnız bibisini maşınla Aydəmirlə söhbət etmək və razılaşdıqları halda torpaq sahəsinə baxış üçün aparmışdır. Sonradan Turalın da Aydəmir tərəfindən aldadılaraq saxta sənəd verildiyi müəyyən edilmiş, dəfələrlə Aydəmirlə əlaqə saxlanılmağa çalışılsa da, nəticəsi olmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, cavabdeh Aydın Şükürovu uşaqlıqdan tanıyır. İddiaçını isə hazırki məsələ ilə bağlı tanımışdır. Cavabdehlə birlikdə dükan işləmişlər. Aydın ona bibisinin torpaq sahəsi almaq istədiyini bildirdikdə birlikdə torpaq axtarışına getmişlər. Aydəmiri əvvəldən tanımışdır. Çünki özü də ondan torpaq sahəsi satın almışdır. Ona görə də Aydının bibisi Reyhanı Aydəmirlə tanış etmiş, onlar söhbət edib razılığa gəlmişlər. İddiaçı onların, yəni Aydınla onun yanında 300 manat beh məbləğini Məşədi kimi tanınan Aydəmirə vermişdir. Oradan birlikdə iddiaçının yaşadığı evə qayıtdıqda, iddiaçı 1500 manat pulu Məşədiyə çatdırmaq üçün Aydına vermişdir. Pul ABŞ dolları ekvivalentində olmuşdur. Aydın da həmin məbləği Məşədiyə çatdırmaq üçün ona vermişdir. O da pulu sonuncuya çatdırmışdır. Sonrakı dəfə 3000 manat pul məbləği ona verilmişdir ki, Məşədiyə verilsin. Həmin vaxt Aydın yanında olmamışdır. İddiaçı pulu Koroğlu metrosunun yanında ona vermiş, o da həmin məbləği Qaraçuxur qəsəbəsində Məşədiyə vermişdir. Ondan sonra sonuncunun təqdim etdiyi sənədi Aydına vermişdir. Həmin sənədin saxta olduğunu bildirdilər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və cavabdeh X9 аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətlərinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, iş icraatını aparan hakim işə düzgün baxmamış, işin hallarına və işə aid olan sübutlara prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz qətnaməni qəbul etmişdir. Hakim iddianı qismən təmin etmiş və bunun əsasını yalnız cavadehin dostu Turalın ondan 3000 manat pul alınması ilə əsaslandırmışdır. Lakin, nəzərə almamışdır ki, polis idarəsində cavabdeh bu məsələ ilə əlaqədar olaraq izahat verdikdə ümumilikdə pulların hamısını ondan aldığını bildirmişdir. Cavabdeh dostu Turalın ondan 3000 manat almasını bildirmiş olsaydı, həmin halda Tural polis idarəsində izahat verərdi. Göründüyü kimi belə bir hal-olmayıb. Cavabdeh bütün məbləğləri özü almışdır. Ona görə də, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)- 813/2019 nömrəli qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsini və tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh X9 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki,məhkəmənin həmin qətnaməsi əsassız və qanunsuz qəbul edilmişdir. Məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış və nəticədə işin hallarına uyğun gəlməyən, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə işdəki sübutlara obyektiv, qərəzsiz və hərtərəfli baxmamış, sübutlara maddi hüquq normalarına müvafiq düzgün qiymət verməmiş, nəticədə işin hallarına uyğun gəlməyən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı Sabunçu rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizəsi əsasında material Sabunçu rayon Pİ-nə göndərilmişdir. Araşdırma nəticəsində Sabunçu RPİ-nin İŞ- nin müstəntiqi tərəfindən xx.xx.2018-ci il tarixdə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" Qərar qəbul edilmişdir. O, məhkəmədə iddiaçının yazdığı iddiasına etiraz edərək, mülahizələriylə bildirmişdir ki, İddiaçı, onun bibisidir. Uzun illərdir Ukrayna Respublikasında yaşayırdı, 2015-ci ildə Azərbaycana qayıtmışdır. Nə iş görsəydi onu çağırırdı, heç kəsə etibar etmədiyini, yalnız ona etibar etdiyini bildirərək, torpaq sahəsi almaqda ona köməklik etməyini xahiş etmişdir. O da, tanıdığı dost tanışına demişdir, hətta uşaqlıqdan bir yerdə böyüdüyü Tural adlı dostu ona torpaq sənədi göstərərək torpaq sahəsi aldığını bildirmişdir. O da, iddiaçı Reyhana demişdir, Tural, o və İddiaçı, bir yerdə gedib torpağı satan Məşədi adı ilə tanınan X2 ilə görüşmüşlər. İddiaçı Reyhan şəxsən özü Aydəmirlə danışmış, Aydəmir iddiaçıya torpaq sahəsini göstərmişdir. İddiaçı şəxsən torpağı Aydəmirlə özü ölçmüş, 0,03 ha torpaq sahəsini 4800 manata almağa razılaşmışlar. Həmin vaxt hamının yanında 300 manat pulu, İddiaçı, torpağı satan Məşədi adı ilə tanınan X1 beh kimi vermişdir. Sonra İddiaçı, o dostu Turalla birgə olanda, 1500 manatı Aydəmirə çatdırmaq üçün Turala vermişdir, o, işə getdiyinə görə Tural aparıb verib. Onlar iddiaçıgildən bir yerdə çıxmışlar, dostu Turalla, o, işə, Tural isə pulu Aydəmirə çatdırmağa getmişdir. Torpağı satan X2, İddiaçı, torpaq sənədinin hazırlanması üçün, 1 ay vaxt möhlət istəmişdir. İddiaçı və torpaq satan Aydəmir həmin müddətdə dəfələrlə telefonla əlaqə saxlamışlar. Sənəd hazır olduqdan sonra telefonda Aydəmir, Reyhana sənəd hazırdır, gəl, pulumun qalan hissəsini də gətir, torpağın sənədini apar demişdi, İddiaçı, Turaldan xahiş etmişdir ki, pulun qalan hissəsini götürsün iddiaçıdan, aparıb torpağı satan X1 versin və torpağın sənədinin alıb gətirsin iddiaçıya versin. O, kimisə aldatmamışdır, kiminsə pulunu yeməmişdir, ona qarşı belə bir iddianın, irəli sürülməsi hətta doğma bibisi tərəfindən haqsızlıqdır, odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin qətnaməsində onun üzərinə 100 manat əlavə olunur. Qətnamə o qədər əsassızdır ki, 4800 manat, indi 4900 manat hesabında çıxarılır. 300 manat iddiaçı beh verir, 1500 manat Turalla o, birgə olanda Turala verir ki, Aydəmirə aparıb versin, Sənədi götürməyə gedəndə 3000 manat Turala verilib. Bu da 4800 manat edir. Məhkəmənin həmin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməməklə, prossesual hüquq normalarına uyğun çıxarılmamışdır. Məhkəmənin əsassız və qanunsuz olan həmin qətnaməsi nəticədə onun hüquq və mənafeylərinin pozulmasına səbəb olmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-813/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh X9 özü tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmin apelyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İddiaçı lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı və cavabdeh X9 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-813/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2019-cu il tarixli qərarından və toplanmış materialdan görünür ki, İddiaçı qardaşı oğlu Aydın Şükürov və onun dostları Tural və Məşədi adlı şəxslərin torpaq sahəsi satmaq adı ilə onu aldadaraq 4500 manat məbləğində pulunun ələ keçirmələri barədə Sabunçu rayon Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı qardaşı oğlu Cavabdeh torpaq sahəsi tapmaqda kömək etməsini xahiş etmiş, sonuncu dostu Tural Cəfərovla birlikdə onu Aydəmir (Məşədi kimi tanınan) adlı şəxslə tanış etmişlər. Aralarında olan razılaşmaya görə 0.03 ha torpaq sahəsini 4800 manata almaq üçün ilk olaraq 300 manat beh verilmiş, həmin vaxt cavabdeh və dostu Tural Cəfərov da orada olmuşdur. Birlikdə iddiaçının evinə qayıtmış, iddiaçı 1600 manat məbləğində (ABŞ dolları ekvivalentində) pulu cavabdehə vermiş, cavabdeh işi olduğu üçün həmin məbləği Məşədiyə (Aydəmirə) çatdırmağı Tural Cəfərovdan xahiş etmişdir. Sonradan iddiaçı Tural Cəfərovun şəxsən özünə Məşədiyə verilməsi üçün 3000 manat məbləğində pul vermişdir. İddiaçı iddia ərizəsində 1500 manat məbləğində pulu Cavabdeh verdiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, məbləğ ABŞ dolları ilə verilmiş, Azərbaycan manatı ilə 1600 manat məbləğində hesablanmışdır. Həmin hal, yəni Tural Cəfərovla birlikdə olduqları zaman iddiaçının Cavabdeh 1600 manat məbləğində pul verilməsi cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsi və son məhkəmə baxışında verdiyi izahatı, eyni zamanda “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2019-cu il tarixli qərarı ilə də sübuta yetirilmişdir. İddiaçı tələb etdiyi məbləğdən 300 manat beh məbləğini cavabdehin və dostu Tural Cəfərovun yanında Məşədi (Aydəmir) adlı şəxsə vermiş, sonradan Məşədiyə çatdırmaq üçün 3000 manat məbləğində pul vəsaitini də şəxsən Tural Cəfərova təqdim etmişdir. Göründüyü kimi, iddiaçının cavabdehə 1600 manat pul verməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, Aydın Şükürovdan 1600 manat məbləğində pul iddiaçıya qaytarılmaqla iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin ilkin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə onlara əlavə zərər vurmuşdur. Odur ki, pul vəsaiti cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Lakin, ilkin iddia qismən təmin edilməli olduğundan, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq, 30 manat dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilməli, 20 manat isə cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətlərinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apelyatorların apelyasiya şikayətlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan tərəflər göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı və cavabdeh X9 tərəfindən verilmiş аpelyasiya şikayətləri təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-813/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-813/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı və cavabdeh X9 tərəfindən verilmiş аpelyasiya şikayətləri təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar