Məhkəmə qərarları › İş №2(107)-1250/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1250/2025

28.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1250/2025 28.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin məbləğinin azaldılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştitrakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli 2(051)-1964/2025 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun, yəni İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 11 avqust 2025- ci il tarixli, 8(051)-345/2025 saylı qərardadı ilə xx.xx.2018-ci il təvəllüdlü Aylin adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin miqdarının minimum əmək haqqının 1.15 misli həddində edilmiş indeksasiyanın aşağı salınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun Cavabdeh ilə olan nikahından xx.xx.2018-ci il təvəllüdlü Aylin adlı uşağı doğulmuşdur. Əfsanə Abdullayevə ilə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləmiş, aramlarındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin 09 oktyabr 2019 - cu il tarixli, 2(051)- 1538/2019 saylı qətnaməsinə əsasən pozulmuşdur. Eyni zamanda da Mingəçevir Şəhər Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli, 2(051 )-2396/2018 saylı qətnaməsinə əsasən az yaşlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat məbləğdə alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra cavabdeh alimentin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 8(051)- 345/2025 saylı qərardadına əsasən az yaşlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin miqdarı minimum əmək haqqının 1.15 misli həddində indeksasiya edilmişdir. Lakin, o, bununla qəti olaraq razı deyil. Onu da bildirir ki, o, 27 iyul 2020-ci ildə X4 ilə ailə qurmuşdur və həmin nikahdan da 24 may 2021-ci il tarixdə Tunar adlı uşağı dünyaya gəlmişdir. Lakin, buna baxmayaraq Mingəçevir şəhər məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 8(051 )-345/2025 saylı qərardadına əsasən xx.xx.2018-ci il təvəllüdlü Aylin adlı uşağının yetkinlik yaşma çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin miqdarı minimum əmək haqqının 1.15 misli həddində indeksasiya edilmişdir. Həmin məbləğ isə 460 manat edir. Bu vəziyyətdə isə onun az yaşlı övladının saxlanılması üçün aliment ödəməyi mümkün deyildir. Belə ki, özü hazırda "xxxx" MMC-də işləyir və aylıq 442 manat əmək haqqı alır. Həmin məbləğ ilə o, Aylin adlı uşağına 460 manat məbləğdə aliment ödəyə bilməz. Eyni zamanda da 2-ci nikahından olan Tunar adlı uşağına və ailəsinə baxmalıdır. Əgər o, Aylin adlı uşağına 460 manat məbləğdə aliment ödəsə, hazırki nikahından olan övladına və ailəsinə baxa bilməyəcəkdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi.

4. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və göstərdi ki, hazırda təyin edilmiş alimentin azaldılmasına zərurət yoxdur. Hesab edir ki, ilk aliment düzgün kəsilib. Alimentin azaldılması uşağın tələbatlarının ödənilməməsi deməkdir. Ona görə də alimentin miqdarının azaldılmamasını xahiş etmişdir.

5. Mingəçevir Şəhər Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli 2(051)-1964/2025 nömrəli qətnaməsi ilə (hakim T.Hüseynli) iddianın qismən təmin edilməsi, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 08 may 2018-ci il tarixdə doğulmuş Aylin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-345/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı dəyişdirilərək, hər təqvim ili üzrə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində müəyyən edilməsi və İddiaçı alınıb Cavabdeh verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü Aylin adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2396/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə uşaqları saxlanması üçün 150 manat məbləğində aliment təyin edilmişdir. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək qeyd olunan aliment məbləğinin indeksasiya olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-345/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən xx.xx.2018-ci il təvəllüdlü Aylin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2396/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 150 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,15 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. İddiaçı hazırda özünün "xxxx" MMC-də işlədiyini və aylıq 442 manat əmək haqqı aldığını, Həmin məbləğ ilə onun Aylin adlı uşağına 460 manat məbləğdə aliment ödəyə bilmədiyini, eyni zamanda da 2-ci nikahından olan Tunar adlı uşağına və ailəsinə baxmalı olduğunu bildirmişdir. Əgər o, Aylin adlı uşağına 460 manat məbləğdə aliment ödəsə, hazırki nikahından olan övladına və ailəsinə baxa bilməyəcəyinə və maddi vəziyyətinin aşağı olmasına istinad edərək indeksasiya olunmuş alimentin məbləğinin (mislinin) azaldılmasına dair iddia irəli sürmüşdür.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağladığından, hazırkı iddia tələbi üzrə alimentin miqdarının azaldılması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur.

8. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas vermişdir ki, alimentin miqdarının dəyişdirilib yaşayış minumumu həddi daxilində sabit pul məbləğində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Nəzərə alsaq ki, 2025–ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmiş, uşaqların saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 2396/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 150 manat məbləğində tutulan alimentin, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,15 misli, həddində indeksasiya edilməsi iddiaçının ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğun deyildir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin dəyişdirilməsi ilə bağlı iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçıdan hər ay sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,61 misli (400 x 0,61 = 244 manat) həddində sabit pul məbləğində alimentin tutulması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə iddiaçını əlverişsiz vəziyyətə salmır. Ona görə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşağın mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq azaldılmalıdır və iddia tələbi qalan hissədə təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2, 110.1,110.2, 112.1-ci maddələrinə, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.14, 8.4-1-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 233.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur.

13. Belə ki, övladı Aylin xəstədir, onun müalicəsi üçün hər ay dərman perapatlarına 300 manatdan çox pul vəsaiti xərcləyir. Hakim sonda elan edəcəyi qərarı, məhkəmənin hazırlıq iclasında iddiaçıya deyir ki, narahat olma, alimentin miqdarını azaldacağam. O, etiraz etdikdə, hakim üstünə qışqırmış və məhkəmə zalında ona demişdir ki, “Səsini kəs, bu saat post-patrul çağırtdırıb səni həbs etdirərəm”. Uşağın xəstəliyi ilə əlaqədar verdiyi həkim arayışlarını hakim qəbul etməmişdir. Prosesdə danışmağına icazə verməmişdir. Hakim məhkəmə iclasında ona qarşı birtərəfli və qərəzli mövqe tutmuşdur. İddiaçının iş yerindən məhkəməyə təqdim etdiyi arayış saxtadır. Məhkəmədə sübutlar araşdırılmadan hansı səbəbdənsə tələm-tələsik qətnamə çıxarılmışdır. Hakim tərəfindən övladının ağır xəstə olması nəzərə alınmamışdır.

14. Odur ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)- 1964/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı və Cavabdeh səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi Nümayəndə isə məhkəməyə teleqram ünvanlayaraq xəstə olduğu üçün məhkəmə prosesində iştirak edə bilməyəcəyini və məhkəmə iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

20. “Uşaq hüquqları haqqında” Konvensiya: “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

21. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

22.“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı: Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.

23. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 88-ci maddəsi Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 27.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

28. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

29. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

30. Apellyator Mingəçevir Şəhər Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli 2(051)- 1964/2025 nömrəli qətnaməsinin tam ləğvini xahiş etsə də iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

33. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə birgə nikahlarından 08 may 2018-ci il təvəllüdlü Aylin adlı uşaqları anadan olmuşdur. Sonradan tərəflərin münasibətləri pozulmuş və Mingəçevir Şəhər Məhkəməsinin 09 oktyabr 2019 - cu il tarixli, 2(051)- 1538/2019 saylı qətnaməsinə əsasən aralarında bağlanmış rəsmi nikah qeydi pozulmuş və azyaşlı uşaq anasının yanında saxlanılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)- 345/2025 saylı qərardadına əsasən 08 may 2018-ci il təvəllüdlü Aylin adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin miqdarı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.15 misli həddində indeksasiya edilmişdir. İddiaçının ikinci evlilikdən 24 may 2021-ci il tarixdə Tunar adlı uşağı dünyaya gəlmişdir. İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)- 345/2025 saylı qərardadına əsasən 08 may 2018-ci il təvəllüdlü Aylin adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.15 misli həddində müəyyən edilmiş alimenti ödəmək itidarında olmadığını əsas gətirərək həmin alimentin miqdarının azaldılması tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən isə iddia qəbul edilməmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

35. Məhkəmə kollegiyası iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə dair dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və qanuni və əsaslı qətnamə qəbul etmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Hansı ki, iddiaçının daha yüksək məbləğdə alimentin tutulmasına imkan verəcək bir qazanca malik olması ilə bağlı iş materialında hər hansı bir sənəd mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

38. Kollegiya qeyd edir ki, 2025-ci il üçün uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilməsinə baxmayaraq, Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələbi baxımından valideynlərin öz uşaqları barəsində bərabər vəzifə daşımaları nəzərə alınaraq, uşaqların zəruri tələbatları, minimum ehtiyacları hər iki valideyn tərəfindən qarşılanmalıdır.

39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbi baxımından sabit pul məbləğində alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılması ilə yanaşı tərəflərin maddi və ailə vəziyyətləri də nəzərə alınmalıdır.

40. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsinin qətnаməsi mübahisələndirilən hissədə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(051)-1964/2025 nömrəli qətnaməsi cavabdehin nümayəndəsinin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(051)- 1964/2025 nömrəli qətnaməsi cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar