Məhkəmə qərarları › İş №2(107)-1254/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1254/2025

29.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1254/2025 29.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin azaldılması tələbi, dəyişdirildi) X16 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2(014)-1790/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aliment tələbinə dair iddiası üzrə 02 mart 2016-cı il tarixdən başlayaraq 26 may 2009-cu il təvəllüdlü X6 və 16 aprel 2011-ci il təvəllüdlü X4 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat məbləğində alimentin ondan alınaraq Cavabdeh xeyrinə tutulması barədə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1191/2016 nömrəli, 14 sentyabr 2016-cı il tarixli qətnaməsi və Ağdaş Rayon Məhkəməsinin 8(014)- 298/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərardadı ilə məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin indeksasiya edilərək, həmin uşaqların saxlanılması üçün ondan, yəni İddiaçı Cavabdeh xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,85 misli həddində sabit pul məbləğində alimentin miqdarının azaldılaraq həmin uşaqların 18 yaşına çatana kimi saxlanılmaları üçün ondan hər ay minimum əmək haqqının 0.40 misli miqdarında sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılır ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1191/2016 nömrəli, 14 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı 02 mart 2016-cı il tarixdən başlayaraq 26 may 2009-cu il təvəllüdlü X6 və 16 aprel 2011- ci il təvəllüdlü X4 18 yaşına çatana qədər saxlanılması üçün X1 xeyrinə hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat aliment məbləğinin tutulması qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 8(014)-298/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərardadı ilə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği indeksasiya edilərək, həmin uşaqların saxlanılması üçün ondan, yəni İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,85 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Onun daimi iş yeri yoxdur. Fərdi əməklə məşğul olur. Adına ayrıca təsərrüfatı yoxdur. Valideynləri ilə birlikdə onlara məxsus fərdi yaşayış evində yaşayır. Valideynləri də yaşlı və xəstə olduqlarına görə heç bir yerdə işləyə bilmirlər. Atası əlildir və əliliyə görə müavinət alır. Anası isə müxtəlif xəstəliklərdən əziyyət çəkir. Onun xəstə bibisi ayrı təsərrüfatda qeydiyyatda olmasına baxmayaraq xəstə və kimsəsiz olduğuna görə ailəsi ilə birlikdə yaşayır və bibisinə də özləri baxırlar. Bundan başqa, o cavadehlə rəsmi qaydada boşandıqdan sonra başqa qadınla, yəni X5 ilə faktiki olaraq evlənmiş və onunla faktiki evliliklərindən 2020-ci il təvəllüdlü X7 doğulmuşdur. Beş nəfər ailə üzvlərinin adına cəmi 1.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var və torpaqda sürətlə şoranlaşma getdiyi üçün demək olar ki, istifadə edə bilmirlər. Ona görə də aylıq gəliri hesabına alimenti ödədikdən sonra qalan cüzi məbləğlə ailəsinin, valideynlərinin və xəstə bibisinin saxlanılmasına, onların mütəmadi müayinə və müalicəsinə çatmır. Bəzi hallarda ailənin təminatını ödəmək üçün qohum və tanışlardan borc alaraq çətinliklə ödəyir. Valideynləri və bibisi yaşlı və xəstə olduqlarından onların saxlanılması, daima müayinə və müalicəsi üçün tələb olunan vəsaitlər, yeni qurduğu ailənin, eləcə də məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsi onsuz da ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Məhz bu səbəbdən də uşaqların saxlanıması üçün müəyyən edilmiş hər ay hər uşaq üçün minimum əmək haqqının 0.85 misli (340 manat) olmaqla, cəmi 680 manat məbləğində alimenti ödəməyə maddi imkanı yoxdur. Uşaqların saxlanılması üçün tərəfindən maddi dəstəyin vacib olduğunu bilir. Lakin aylıq gəliri az olduğundan himayəsində biri azyaşlı olmaqla iki nəfər ailə üzvləri, yaşı və xəstə valideynləri və bibi olduğundan, yəni ailə və maddi vəziyyəti olduqca ağır olduğundan o, uşaqların saxlanılması üçün ayda hər birinə maksimum 160 manat, yəni minimum əmək haqqının 0.40 misli miqdarında ödəmək iqtidarındadır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılmasına dair cavabdehlə aralarında yaranmış mübahisənin həlli ilə bağlı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdehlə mübahisənin məhkəmədənkənar həlli mümkün olmadığına görə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.

3. Ağdaş Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2(014)-1790/2025 nömrəli qətnaməsi ilə (hakim Məhəmməd Bağırov) iddia tələbi qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 8(014)-298/2025 nömrəli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 26 may 2009-cu il təvəllüdlü X6 və 16 aprel 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.60 misli həddində sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2 və 112.1-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli qərarına istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1191/2016 nömrəli, 14 sentyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, 26 may 2009-cu il təvəllüdlü X6 və 16 aprel 2011-ci il təvəllüdlü X4 18 yaşına çatana kimi saxlanılması üçün İddiaçı sabit pul məbləğində hər ay bir uşaq üçün 90 manat olmaqla, iki uşaq üçün cəmi 180 manat alımentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 8(014)-298/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərardadından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1191/2016 nömrəli, 14 sentyabr 2016-cı il tarixli qətnaməsinin icrası üsulu və qaydası dəyişdirilərək həmin qətnamə ilə borclu İddiaçı 26 may 2009-cu il təvəllüdlü X3 və 16 aprel 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.85 misli həddində sabit pul məbləğində alimentin tutularaq tələbkar Cavabdeh ödənilməsinə dair qərar qəbul edilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 24 iyul 2025-ci il tarixli, MŞQ/MT035-2025-00493 saylı arayışından görünür ki, alimentin miqdarının azaldılmasının mübahisələndirilməsi üzrə 24 iyul 2025-ci il tarixdə saat 12:00da keçirilmiş mediasiya prosesində İddiaçı və Cavabdeh iştirak etmişlər, lakin İddiaçı prosesin davam etdirilməsinə razılıq verməmişdir. Ağdaş rayon İcra Hakimiyyəti başçısının Pirəzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi qeyri rəsmi nikahda olduğu arvadı 1994-cü il təvəllüdlü X5 və övladı 2020-ci il təvəllüdlü X2 ibarətdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləyir və 1126,86 manat məbləğində əmək haqqı alır.

6. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən, qətnamənin nəticəsinə birbaşa təsir edən mühüm faktiki halları tam şəkildə araşdırmamış, onların mahiyyətini aydınlaşdırmamışdır. Əvvəla, məhkəmə onun ailə vəziyyətinin əvvəlkindən kəskin şəkildə dəyişdiyini yetərincə araşdırmamış, yeni ailə qurmağı və bu nikahdan doğulan azyaşlı övladının (X7, 2020-ci il) tam təminatının onun üzərində olduğunu nəzərə almamışdır. Bu hal alimentin real məbləğinin müəyyən olunmasına birbaşa təsir edən mühüm faktiki haldır. Məhkəmə həmçinin onun ümumi ailə xərclərini, sosial öhdəliklərini, gündəlik yaşayış və saxlanma xərclərinin miqdarını araşdırmamış, təqdim etdiyi müvafiq izahatlara və arayışlara lazımi prosessual qiymət verməmişdir. Digər tərəfdən, məhkəmə onun əmək haqqının yüksək olmadığı və iri həcimli aliment öhdəliyinin onun və ailəsinin sosial vəziyyətinə ciddi təsir göstərdiyi barədə təqdim etdiyi məlumatların aydınlaşdırılması üçün əlavə araşdırma aparmamışdır. Bundan başqa, valideynlərinin və bibisinin aldıqları müavinət və təqaüdlərin onun faktiki maddi imkanlarına aid olub-olmadığı araşdırılmamış, onların yaşlı, xəstə və asılı vəziyyətdə olmaları nəzərə alınmadan bu gəlirlər əsassız şəkildə onun “ailə gəliri” kimi qiymətləndirilmişdir. Halbuki bu məbləğlərin onun öhdəliklərinə heç bir aidiyyəti yoxdur və məhkəmə bu faktiki halları aydınlaşdırmalı idi. Eyni zamanda, alimentin əvvəlki məbləğinə uyğunlaşdırılmış yeni indeksasiya qaydasının onun maddi imkanlarına təsiri araşdırılmamış, məhkəmə mövcud reallığı tam şəkildə qiymətləndirmədən qətnamə çıxarmışdır. Beləliklə, birinci instansiya məhkəməsi onun ailə vəziyyətinin dəyişməsi, yeni öhdəliklərin yaranması, faktiki gəlirimin real həcmi, ailəsinin ümumi maddi təminatı, və alimentin müəyyən olunmasına birbaşa təsir edən digər həyati əhəmiyyətli halları aydınlaşdırmadan və tam araşdırmadan, yalnız natamam məlumatlar əsasında nəticəyə gəlmişdir. Bu isə qətnamənin qanuniliyinə və əsaslılığına ciddi təsir göstərən pozuntudur.

8. Odur ki, yuxarıda qeyd olunanları rəhbər tutaraq Ağdaş Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2(014)-1790/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və aliment məbləğinin hər bir uşaq üçün minimum əmək haqqının 0,40 misli miqdarında müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini Ağdaş Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2(014)-1790/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və aliment məbləğinin hər bir uşaq üçün minimum əmək haqqının 0,40 misli miqdarında müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

11. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin;

75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli qərarı: uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Plenum qərarında qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Plenum qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

15. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. İddiaçı Ağdaş Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2(014)-1790/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.

23. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1191/2016 nömrəli, 14 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən 26 may 2009-cu il təvəllüdlü X6 və 16 aprel 2011-ci il təvəllüdlü X4 18 yaşına çatana kimi saxlanılması üçün İddiaçı sabit pul məbləğində hər ay bir uşaq üçün 90 manat olmaqla, iki uşaq üçün cəmi 180 manat alimentin alınaraq Cavabdeh verilməsi qət edilmiş, Ağdaş Rayon Məhkəməsinin 8(014)- 298/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1191/2016 nömrəli, 14 sentyabr 2016-cı il tarixli qətnaməsinin icrası üsulu və qaydası dəyişdirilərək həmin qətnamə ilə borclu İddiaçı 26 may 2009-cu il təvəllüdlü X3 və 16 aprel 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.85 misli həddində indeksasiya edilmişdir. 0.85 misli həddində indeksasiya edilməsi iddiaçının ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğun deyildir. Ona görə də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.

25. Məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının azaldılaraq hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,50 misli (400 x 0,5 = 200 manat) həddində sabit pul məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğundur.

26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıdan hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,50 misli (400 x 0,5 = 200 manat) həddində sabit pul məbləğində alimentin tutulması uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə iddiaçını əlverişsiz vəziyyətə salmır.

27. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşaqların mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq azaldılmalıdır.

28. Odur ki, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2(014)-1790/2025 nömrəli qətnaməsi dəyişdirilməli, İddiaçı 26 may 2009-cu il təvəllüdlü X3 və 16 aprel 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutularaq Cavabdeh verilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin hər ay hər uşaq üçün 0,50 misli məbləğində müəyyən edilməli, qətnamə verilmiş apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissəsində dəyişdirilmədən sаxlаnılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Ağdaş Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2(014)-1790/2025 nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı 26 may 2009-cu il təvəllüdlü X3 və 16 aprel 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutularaq Cavabdeh verilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin hər ay hər uşaq üçün 0,50 misli məbləğində müəyyən edilsin. Qətnamə verilmiş apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar