Məhkəmə qərarları › İş №2(107)-1256/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1256/2021

22.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1256/2021 22.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, iddiaçı İsmayılova (Məmmədova) Nəzrin Tahir qızının və Cavabdeh nümayəndəsi (vəkili) X1 iştirakı ilə İddiaçı İsmayılova (Məmmədova) Nəzrin Tahir qızının Cavabdeh qarşı nikah pozulduqdan sonra zəruri vəsaitə malik ərdən iddiaçının mənafeyi naminə aliment tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(039)-287/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı İsmayılova (Məmmədova) Nəzrin Tahir qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı İsmayılova (Məmmədova) Nəzrin Tahir qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında olan rəsmi nikahın pozulmasına nəzərə alaraq, özünün mənafeyinə naminə, yəni cavabdehlə birgə nikahdan olan 25.03.2020-ci il təvəllüdlü X4 3 yaşına çatanadək cavabdehdən 100 manat alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) 19 fevral 2021-ci il tarixli, 2(039)- 287/2021 nömrəli qətnaməsi ilə iddiaçı İsmayılova (Məmmədova) Nəzrin Tahir qızının Cavabdeh qarşı nikah pozulduqdan sonra zəruri vəsaitə malik ərdən iddiaçının mənafeyi naminə aliment tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı İsmayılova (Məmmədova) Nəzrin Tahir qızı apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun sabiq həyat yoldaşıdır. Onların arasında olan rəsmi nikah 29.10.2020-ci il tarixdə ləğv edilmişdir. Cavabdehlə onun birgə nikahlarından 25.03.2020-ci il təvəllüdlü X7 adlı övladları vardır. Yevlax Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə arasında olan rəsmi nikah pozulmuş və həmin qətnaməyə əsasən azyaşlı övladı Zeydin onun yanında saxlanılması və uşağın saxlanılması üçün 140 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Övladı hələ 8 aylıqdır. Onun iş qüvvəsi yoxdur. Yalnız körpə övladının qayğısına qalır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni qeyri- qanuni və əsassız hesab edir. Məhkəmə işə birtərəfli və səthi yanaşmış, işin həqiqi hallarını hərtərəfli araşdırmamış və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh heç bir yerdə işləmir. Əslində isə cavabdeh Dövlət sektorunda işləyir və yüksək əmək haqqı alır. Cavabdehin iş yeri və əmək haqqı barəsində müvafiq arayış əldə etməyi üçün məhkəmə ona şərait yaratmamış və ona bununla bağlı vaxt verməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İsmayılova (Məmmədova) Nəzrin Tahir qızı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, uşaq böyüdükcə onun tələbatları da artır. Hazırda heç bir yerdə işləmir. Birgə nikah dövründə cavabdehə avtomobil almaq üçün kredit götürmüş, lakin cavabdeh həmin kreditin ödənilməsinə heç bir köməklik göstərmir. Aldığı alimenti də kreditə ödəyir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) X3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh hər ay 140 manat məbləğində aliment ödəyir. Hesab edir ki, alimentin məbləği kifayət qədər normaldır. Bundan əlavə cavabdeh əlavə heç bir zəruri qazanca malik deyil. Ona görə də birinci instanisya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 fevral 2021ci il tarixli, 2(039)-287/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; AZ-İV seriyalı 456301 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahdan 25.03.2020-ci il təvəllüdlü Zeyd adlı uşaqları var. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən 06 noyabr 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 359861 №li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanmış nikah qeydi 29.10.2020-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Məmmədova soyadı verilmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-1764/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 ilə Cavabdeh arasında bağlanmış 06.11.2018-ci il tarixli nikah qeydi pozulmuş və tərəflərin birgə nikahdan olan övladları- 25.03.2020-ci il təvəllüdlü X4 anasının yanında qalması, Cavabdeh 27 avqust 2020-ci il tarixdən başlayaraq X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə düzgün nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Ailə Məcəlləsinin tələbinə görə ər və arvad bir-birinə maddi cəhətdən köməklik etməlidirlər (maddə 84.1). Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir (maddə 84.2 və 84.2.2). Beləliklə məhkəmə kollegiyası iclasında tərəflərin izahatı və təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, tərəflərin birgə nikahdan 25.03.2020-ci il təvəllüdlü Zeyd adlı uşaqları var. Cavabdeh ilə X5 arasında bağlanmış nikah qeydi 29.10.2020-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Məmmədova soyadı verilmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-1764/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X5 ilə Cavabdeh arasında bağlanmış 06.11.2018-ci il tarixli nikah qeydi pozulmuş və tərəflərin birgə nikahdan olan övladları- 25.03.2020-ci il təvəllüdlü X4 anasının yanında qalması, Cavabdeh 27 avqust 2020-ci il tarixdən başlayaraq X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və tələbin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Birincisi ona görə ki, apellyasiya şikayətində göstərilənlər alimentin artırılması üçün deyil, daha çox yaranmış xərclərin ödənilməsinə dair olan dəlillərdir. İkincisi, iddiaçı cavabdehin maddi imkanının yetərli olduğunu bildirsə də, bu imkanın tələb edilən alimentin ödənilməsini təmin edəcək dərəcədə olmasına dair nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Üçüncüsü, yuxarıda qeyd olunan normalara istinadən məhkəmə kollegiyası belə halda irəli sürülən iddia tələbinin dəstəklənməsinə əsas verən halların, məsələn, cavabdehin aylıq qazancının və digər gəlirlərinin iddia tələbini ödəyəcək məbləğdə olmasını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən sübutların iddiaçı tərəfindən təqdim edilməsini, həmçinin uşağın minimum yaşayış tələbatının təmin olunmasının zəruriliyini nəzərə alır. Göründüyü kimi qanunvericiliyin də əsas tələbi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası sonda qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 404-1-ci (kassasiya şikayətinin mümkünlüyü) maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırkı işdə iddianın illik qiyməti 1200 manat (100x12=1200) təşkil edir. Kollegiya belə qənaətə gəlir ki, tələb olunan alimentin məbləğinin bir illik ödəməsinin məcmusu 2000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı İsmayılova (Məmmədova) Nəzrin Tahir qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(039)-287/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar