Məhkəmə qərarları › İş №2(107)-1266/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1266/2021

01.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1266/2021 01.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı, Yevlax şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X14 qarşı nəvələrinin himayəsinə verilməsi tələbinə dair Yevlax Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(039)-185/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh X14 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, nəvələri 18.10.2005-ci il təvəllüdlü X11 və 18.06.2007-ci il təvəllüdlü X5 onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(039)-185/2021 nömrəli (hakim G.Cavadova) qətnaməsi ilə iddia təmin edilərək, 18.10.2005-ci il təvəllüdlü X17 və 18.06.2007-ci il təvəllüdlü X5 İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının qızı X9 2005-ci ildə Əli Məmmədov ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 18.10.2005-ci il təvəllüdlü X17 və 18.06.2007-ci il təvəllüdlü X12 adlı uşaqları anadan olmuşdur. Sonradan münasibətləri pozulduğu üçün Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması və uşaqların analarının himayəsində qalması qət edilmişdir. X24 02 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtdan etibarən uşaqlar Əli və Leyla onun himayəsindədir. O, nəvələrinin onun himayəsinə və qəyyumluğuna verilməsi üçün Yevlax şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etsə də, komissiya bundan imtina etmişdir. Qızının vəfatından 10 aya yaxın müddət keçməsinə baxmayaraq ataları uşaqların alınması üçün heç bir real hərəkət etməmişdir. Əslində etsə də, uşaqlar atalarını istəmirlər. Buna səbəb də qızının sağlığı vaxtında İlham Məmmədovun onu mütəmadi döyməsi, qızını və uşaqlarını evdən qovması, hətta nəvəsi Leylanın musiqi məktəbinə getməsinə baxmayaraq atasının ona məxsus olan pianinonu başqa şəxsə satması olmuşdur. Son 10 ayda ataları uşaqlara 1 manat da olsun aliment ödəməmiş və nəticədə onun 3080 manat aliment borcu yaranmışdır. Cavabdeh uşaqlara baxmır, onlarla maraqlanmır. Hətta uşaqlar ondan aliment tələb edən zaman o, nalayiq ifadələr ilə uşaqları təhqir edərək alimenti verməkdən imtina edir. İlham Məmmədov hazırda işlədiyi mağazada qalır. Çünki onun yaşamaq üçün evi yoxdur. Bu halda onun uşaqları saxlaması da mümkünsüzdür. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Qətnamədən narazı qalan cavabdeh X2 Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(039)-185/2021 nömrəli apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh X16 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o uşaqların atasıdır. Uşaqların alınaraq babasının himayəsinə verilməsi qanuni və əsaslı deyil. Uşaqların valideynlərinin birinin olmasına baxmayaraq babalarının himayəsinə verilməsi qəbul edilə bilməz. Uşaqlarını yaşatmaq, normal inkişaf etdirmək üçün onun potensialı iddiaçıdan qatqat çoxdur. Onların sonrakı taleyi və vəziyyəti babalarını onun qədər düşündürə bilməz. Hesab edir ki, hazırki qərar qanuni deyildir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(039)-185/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə cavbabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPMin) 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Yevlax Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(039)-185/2021 saylı qətnaməsinin qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Yevlax şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X8 verdikləri rəyi müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini Yevlax Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(039)-185/2021 saylı qətnaməsinin qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan edilmiş Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli qətnaməsindən görünür ki, X16 ilə X9 arasında qeydə alınmış nikah qeydi pozulmuş və tərəflərin birgə nikahdan olan 18.10.2005-ci il təvəllüdlü X11 və 18.06.2007-ci il təvəllüdlü X5 anaları X3 himayəsində saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı X10 29 noyabr 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində alimentin cavabdeh X6 xeyrinə tutulması qət edilmişdir. AZ-İ seriyalı 689160 №li və AZ-İV seriyalı 951003 №li doğum haqqında şəhadətnamələrdən görünür ki, 18.10.2005-ci il təvəllüdlü Əlinin və 18.06.2007-ci il təvəllüdlü Leylanın atası X16, anası X7r. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 yanvar 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 065818 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X13 02.01.2020-ci ildə vəfat etmişdir. Yevlax şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən verilmiş rəydən görünür ki, Komissiya 18.10.2005-ci il təvəllüdlü X11 və 18.06.2007-ci il təvəllüdlü X5 hal-hazırda ana babaları İddiaçı ilə birgə yaşadıqlarını və onun yanında qalmaq istəmələri ilə bağlı Qəyyumluq və Himayəçilik komissiyasına verdikləri ərizələrini əsas götürərək onların ana babasının yanında qalmasını məqsədəuyğun hesab edir. Yevlax rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş 35480/4 №-li, 17 mart 2021- ci il tarixli məktubdan görünür ki, Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli icra vərəqəsi Yevlax rayon icra və probasiya şöbəsinin 08.02.2018-ci il tarixdə daxil olmuşdur. X4 tərəfindən icra sənədinə əsasən alimentin tutulmasına başlınıldığı 29.11.2017-ci il tarixdən başlayaraq tələbkar X3 öldüyü 02.01.2020-ci il tarixə kimi aliment tam şəkildə tələbkarın xeyrinə ödənilmişdir. Tələbkar 02.01.2020-ci il tarixdə öldüyü üçün X4 tərəfindən həmin müddətdən aliment ödənişi aparılmamışdır. Hazırda öyrənilən işdən aydın olur ki, uşaqların tərəflərdən hansının yanında qalması ilə bağlı mübahisə vardır. Bu baxımdan da məhkəmə kollegiyası tərəflərin bu gün mübahisə obyektinə və mənafelərinin toqquşma nöqtəsinə çevrilmiş uşaqların tərbiyəsi və təminatı ilə bağlı maraqlarına cəlb etmək istəyir. Belə ki, hər bir valideyn övladını tərbiyə edib sağlam böyütməlidir. Bu onun həm müqəddəs öhdəliyi, həm də müqəddəs arzusu və haqqıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra mətndə AM-in) 56.1 və 58-ci maddələri, Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi və Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 49.2-ci maddəsi isə uşağın hər iki valideyninin yanında yaşamaq haqqını təsbit edir. Göstərilən qaydalar təməli möhkəm qoyulmuş, birgə yaşayan ailələrdə uşaq hüquqlarının və valideyn haqlarının normativ təminat vasitələri kimi çıxış edir və faydalı olur. Təhlil edilən işdən bəlli olur ki, iddiaçı-babanın və cavabdeh-atanın uşaqlarla bağlı hüquqları müəyyən məqamlarda biri-birinə qarşı duran əksliklərə çevrilir. Bəs hazırkı işdə mübahisənin həllinə kömək edə biləcək, uşağın tərəflərdən hansının himayəsində saxlanması ilə bağlı məsələdə tərəflərin sadalanan hüquqlarından da üstün hesab edilən başqa bir mənafe varmı? Düşünürük ki, göstərilən məsələ ilə bağlı əlimizdə olan normativ bazaya istinadən bu suala «bəli, var» cavabını verə bilərik. Bu suala cavab tapmağa kömək edən isə yetkinlik yaşına çatmayan Tamaranın qanunvericiliklə öz ata və babasının yuxarıda sadalanan hüquqlarından da artıq qorunan uşaq mənafeyidir. Bu barədə AM-in 60.4-cü maddəsində ətraflı bəhs olunur. Həmin maddənin tələbinə görə, «Valideynləri ayrı yaşayan uşaqların yaşayış yeri barədə valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqı və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir». Uşaq hüquqları haqqında qanunun 5-ci maddəsi də belə məsələlərin həllində uşaqların mənafelərinin üstün tutulmalı olmasından bəhs edib. Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 9-cu maddəsi də eyni tələbdən çıxış edir. Həmin maddədə deyilir ki, «İştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər biri-birindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin». Valideynləri ayrı yaşayan uşaqların yaşayış yerinin müəyyən olunması ilə bağlı məsələlərin həlli zamanı uşaqların mənafelərinə üstünlük verilməli olması İnsan hüquqlarının Müdafiəsi üzrə Avropa Məhkəməsinin presedentləri işığında xüsusilə aydın görünür. Avropa Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsi ilə və həmin konvensiyanın 7 saylı protokolunun 5ci maddəsi ilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Bu mötəbər beynəlxalq məhkəmə Şahin Almaniyaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanlaı uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Həmin Məhkəmə Gaskinin işi üzrə qeyd etmişdir ki, belə məsələlərdə «Məhkəmənin dəyişilməz təcrübəsinə uyğun olaraq ümumi maraqla ayrıca şəxsin maraqları arasında ədalətli tarazlıq nəzərə alınmalıdır». (Gaskin, 42) Həmin məhkəmə Elsholzun işi üzrə qeyd etmişdir ki, «uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlıq yaratmaq zəruridir. Məhkəmə belə qərara gələrkən uşağın maraqlarına xüsusi əhəmiyyət verir. Çünki uşağın maraqları öz təbiətinə və əhəmiyyətinə görə valideynlərin maraqlarından üstündür. Müxtəsəri, Konvensiyanın 8ci maddəsi uşağın sağlamlığına və inkişafına zərər vuran tədbirlərə əl atmağı valideynə qadağan edir». (Elsholz, 50). Məhkəmənin Brondanın işi üzrə qərarına görə «Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır». (Bronda, 59). Beləliklə, göstərilənləri rəhbər tutan məhkəmə qəti olaraq bu qərara gəlir ki, tərəflər arasında onların toqquşan maraqlarından uşağın zərər görməməsi üçün və onun firavan gələcəyi naminə bu ailəyə müdaxilə olunmalı və uşağın maraqları müdafiə edilməlidir. Beləliklə, məhkəmə uşağın öz tərəflərdən hansının yanında qalmasının onun maraqlarına daha çox cavab verdiyini aydınlaşdırmaq və bu barədə qəti sözünü demək istəyir. Belə ki, yetkinlik yaşına çatmayan uşağın marağını ifadə edən bütün diqqətəlayiq hallar nəzərdən keçirildikdə aydın olur ki, həmin hallarla bağlı tarazlıq getdikcə iddiaçı babaının xeyrinə pozulur. Qeyd edilənlərlə yanaşı AM-in 52-ci maddəsinin tələbləri baxımından uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Digər tərəfdən “Valideynlik hüquqlarından məhrum etmə və uşaqların tərbiyə edilməsi hüquqları barədə mübahisələr üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 29 dekabr 1976-cı il tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd edilir ki, Məhkəmələr uşaqların tərbiyə edilməsi ilə əlaqədar mübahisələri həll edərkən, hər şeydən əvvəl uşaqların mənafeyini əsas götürməli, valideynlərdən hansının öz şəxsi keyfiyyətlərinə əsasən uşaqların tərbiyəsi ilə daha yaxşı məşğul ola bilməsini, onların uşaqlara münasibətini, eləcə də uşağın yaşını, valideynlərdən hansının yanında qalması arzusunu və valideynə şəxsi bağlılığını nəzərə almalıdır. Valideynlərin maddi, mənzil-məişət şəraiti bu işlərdə həlledici faktor ola bilməz və mübahisə həll edilərkən, bütün göstərilən, eləcə də digər hallarla birlikdə nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticəni həm də oxşar məsələlərlə bağlı Ali Məhkəmənin Plenumunun, həmçinin Uşaq Hüquqları Bəyannaməsinin tövsiyələri baxımından da əsaslı hesab edir. Hazırkı mülkü işin məhkəmə araşdırması zamanı müəyyən olunur ki, yetkinlik yaşına çatmayan 18.10.2005-ci il təvəllüdlü X11 və 18.06.2007-ci il təvəllüdlü X5 iddiaçı-babanın himayəsinə saxlanmasının qeyri mümkün edən heç bir müstəsna hal mövcud deyildir. Çünki, işdən göründüyü kimi tərəflərin münasibətləri pozulduğu üçün Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli qətnaməsi ilə onların arasında olan nikah pozulmuş və uşaqların analarının himayəsində qalması qət edilmişdir. Hazırkı iş üzrə cavabdehin arvadı Samirə Talıbova 02 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtdan etibarən uşaqlar Əli və Leyla iddiaçının himayəsindədir. Göründüyü kimi, faktiki olaraq tərəflərin mübahisə obyektinə çevrilmiş yetkinlik yaşına çatmayan Əli və Leyla iddiaçı babanın himayəsində yaşayır. Həmçinin, oxşar münasibətləri tənzimləyən AM-in 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Göründüyü kimi birinci instansiya məhkəməsinin iclasında fikri öyrənilmiş 18.10.2005-ci il təvəllüdlü X17 bildirmişdir ki, valideynlərinin nikahı pozulduqdan sonra o, bacısı Leyla və anası Samirə, babası Fazil ilə birlikdə yaşamağa başlamışdır. Bu müddət ərzində babaları onların qayğısına qalmış və maddi-mənəvi hər ehtiyaclarını ödəmişdir. Atası İlham hələ anası ilə nikahda olan vaxtda da özünü bir ata və ər kimi düzgün aparmamış, onların gözünün qarşısında anasını döymüş və dəfələrlə onları evdən qovmuşdur. Onlar gecələmək üçün qonşunun evində qalmağa məcbur olmuşlar və sonradan babaları Fazil onları öz evinə aparmışdır. Atası onları və analarını sevməmiş, bir ata kimi onun və bacısının sevgisini qazana bilməmişdir. Qeyd etdiyi səbəblərdən atası ilə birlikdə yaşamaq istəmir və babası Fazilin himayəsində qalmasını istəyir. Eyni zamanda Məhkəmə iclasında fikri öyrənilmiş 18.06.2007-ci il təvəllüdlü X12 bildirmişdir ki, hazırda babası Fazil ilə birlikdə yaşayır. Anası öldükdən sonra bir il müddətində atası onlara aliment verməkdən imtina etmiş və onların necə yaşadıqları, nə yeyib-içdikləri ilə maraqlanmamışdır. Atası onlara nə maddi, nə mənəvi dəstək olmuşdur. Atası ona məxsus pianinonu onun icazəsi olmadan satmışdır və bu səbəbdən o, musiqi təhsilini yarımçıq saxlamışdır. Atası yenidən evlənib və ailə həyatı qurub, o, atasının yeni arvadı ilə yaşamaq istəmir. Babası, nənəsi, xalası ona və qardaşına lazımı diqqət və qayğını göstərir. Qeyd etdiyi səbəblərdən atası ilə birlikdə yaşamaq istəmir və babası Fazilin himayəsində qalmasını istəyir. Məhkəmə kollegiyasının fikrincə yetkinlik yaşına çatmayan uşaqlar babalarının timsalında arzuladığı vahid bir ailəyə qovuşmuş, keçən bu müddət ərzində bu mühütdə yaşamış, bu ailəni özü üçün doğma və yaxın hesab etmiş, burada özünə dostlar qazanmışdır. Belə olan halda kollegiyanın fikrincə uşaqların onlar üçün doğma hesab etdiyi mühitdən ayrılması sonuncunun psixologiyasında arzu olunmaz fəsadlar yaradar və onun normal inkişafına mənfi təsir göstərə bilər. Bununla yanaşı məhkəmə kollegiyası onu xatırlatmağı zəruri bilir ki, uşağın babasının yanında qalması cavabdeh-ataya mane olmur ki, istədiyi vaxt onunla ünsiyyət saxlasın və onların tərbiyəsi, inkişafı üçün əlindən gələni etsin. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi alimentlə bağlı iddianı tələbini qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. MPM-in 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 404.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, hazırki iddia tələbi tələbinin qiyməti 2000 manatdan yuxarı olduğundan qətnamədən kassasiya şikayət verilə bilər Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(039)-185/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar