Məhkəmə qərarları › İş №2(107)-1280/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1280/2023

14.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1280/2023 14.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil və X1 iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra-cavabdeh) qarşı pul tələbinə dair iddiasına dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 07 sentyabr 2023-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışla müəyyən olunur ki, Mingəçevir şəhəri, V.Abdullayev küçəsi 5 nömrəli evin 35 nömrəli mənzili xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışla müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydiyyata alınmışdır. 2017-ci ilin mart ayında iddiaçı və cavabdeh yuxarıda qeyd edilən yaşayış evlərinin dəyişdirilməsi barədə şifahi razılığa gəlmişlər. Razılaşma əsasında iddiaçı cavabdehin evinə, cavabdeh isə iddiaçının evinə köçərək yaşamağa başlamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, 20 Yanvar döngəsi ev 17 ünvanında yerləşən evin təmiri üçün xərclədiyi 100.000 (bir yüz min) manat pulun, 18.000 (on səkkiz min) manat pulun və 408 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun və ailə üzvlərinin mənzildən çıxarılmağı barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Cavabdeh öz verdiyi iddia ərizəsində göstərmişdir ki, “X6 ogluna məxsus ünvan 2 ünvanda yerləşən mənzil ilə ünvan 3 evini dəyişmişlər. Hal-hazırda o, ailəsilə cavabdehə məxsus ünvan 2 ünvanında köçüb yaşayır, cavabdeh isə ailəsi ilə ona məxsus ünvan 1 ünvaninda yaşayir”. Cavabdeh tərəfindən göstərilmiş bu sözlərdən də göründüyü kimi onların arasında dəyişmə müqaviləsi 2017-ci ilin ilk aylarında olmuş və onlar evləri dəyişmişlər. Sözügedən evləri dəyişdikləri zaman Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanı təmirsiz və sənədsiz olmuş, ona məxsus ünvan 5 ünvanında yerləşən mənzil isə tam təmirli olmuşdur. Sözügedən mənzilə onlar evləri dəyişdikdən indiyə kimi cəmi 100.000 (bir yüz min) manatdan çox xərc çəkmişdir. Bunu təsdiq edən sənədləri, evin əvvəlki (təmirsiz) şəkilləri, hazırki (təmirli) şəkillərini təqdim etmişdir. Onun sözügedən evi təmir etməyini cavabdeh hər zaman bilmiş və buna etiraz etməmişdir. Çünki onlar cavabdehin də bildirdiyi kimi evləri dəyişmişlər və ev faktiki olaraq iddiaçıya məxsus olduğu üçün təmir işlərini etdirməyində mübahsə olmamışdır. Cavabdehlə münasibətləri yaxşı olmuş və bir-birilərinin evinə gedib gəlmişlər. Lakin hazırda cavabdeh onu və ilə üzvlərini evdən çıxarır. Təmir tam başa çatdıqdan sonra cavabdeh onu və ailəsini həmin mənzildən çıxarmaqla bağlı məhkəməyə müraciət etmiş və hazırda da onu həmin evdən çıxarmaq niyyətindədir. Bundan əlavə, Cavabdeh müxtəlif vaxtlarda hissə-hissə 18.000 manat pul vermişdir. Bu pulları verməkdə məqsədi evlərin arasında olan fərqi bağlamaq olmuşdur. Belə ki, o, tam təmirli evi verdikdən sonra əlavə olaraq 18.000 manat pul verməklə evləri dəyişmişlər. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, verilmiş iddia ərizəsi məhkəmə tərəfindən qəbul edilməməli idi. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsində göstərilir ki, iddia ərizəsində iddiaçı və ya ərizəçinin tələbi, onların öz tələblərinə əsaslandırılması halları göstərilməlidir. Belə ki, iddia ərizəsində iddiaçının tələbinə görə hansı xərclər çəkilibsə, yəni nə düzəldilibsə, onun tərəfindən onların bir-bir adları, çəkdiyi xərclər və digər halları təsdiq edən halları iddia ərizəsində göstərməli idi. Bu halları sübut edən və iddia ərizəsində tələb olunan heç nə göstərilməmişdir. Yəni məhkəmənin belə bir iddianı qəbul etməyə əsası yox idi. Məhkəmə heç bir hüquqi əsaslar olmadan iddia ərizəsini icraata qəbul etmiş, qarşı tərəfə vermədən işi icraata götürüb, ekspertiza təyin etmişdir və ekspertizanın təyin edilməsi ilə əlaqədar olaraq lazım olan məlumatlar qarşı tərəfə bildirilməmişdir. İddia ərizəsinin məzmunu düzgün tərtib olunmaması ekspertlərə səhv rəy vermək üçün əsas yaratmışdır. Bundan əlavə iddiaçı onları aldadaraq ev bankda yüklü olduğu halda evi ona satdığını bildirmiş və qərəzli olaraq sənədləşməni gecikdirmişdir. Bütün göstərilən hallar iddiaçının qanunsuz əməllərindən xəbər verir və vicdanlı sahibdən bu halda söz gedə bilməz. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) e-2(051)- 156/2023 nömrəli iş üzrə qəbul etdiyi 07 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 59.257 manat məbləğində təmir xərci, 240 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Şəhər Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Məhkəmə ilk öncə tərəflərin təqdim etdiyi sübutları araşdırmaqla hesab edir ki, iddiaçı öz sübutlarını təqdim etmiş, cavabdeh isə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə cavabdeh məhkəmə iclasında və ərizələrində iddiaçı ilə evlərin dəyişməsini etiraf etmiş, lakin bu dəyişmənin etibarsız olmasını bildirmişdir. Buna səbəb kimi İddiaçı ona verdiyi evin yüklü olması barədə ona məlumat verməməsi kimi izah edir. Məhkəmə sözügedən hallara və sübutlara ümumi halda qiymət verərək hesab edir ki, iddiaçının özünün təqdim etdiyi, onların vəsatəti ilə aparılmış ekspert rəyindən və evə baxış protokolundan görünür ki, Mingəçevir şəhəri, 20 Yanvar döngəsi ev 17 ünvanında yerləşən fərdi yaşayış evi və onun həyətyanı torpaq sahəsində yaxın vaxtlarda təmir işləri aparılmış, sözügedən təmir iddiaçı tərəfindən aparılması tərəflər tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin təmirə razılıq verməməsi ilə bağlı fikirləri isə məhkəmə tərəfindən inandırıcı görünmür. Belə ki, cavabdeh etirazlarında da evlərin dəyişdirilməsini bildirmiş və iddiaçının ailəsi ilə birlikdə həmin evdə yaşamasını bilmişdir. Evin tam olaraq təmirsiz olmasını və yaşanmasının qeyri-mümkün olmasını nəzərə alaraq təmir olunması aydın görünür. 2017-ci ildən evlərin dəyişməsinə razılığı olmayan cavabdeh buna bir neçə il ərzində etirazını bildirməli və həmin vaxtlar evin təmirinin qarşısının alınmasına çalışmalı idi. Bununla da Cavabdeh evi könüllü olaraq dəyişməsinə razılıq verməsi, 6 il ərzində evin təmir olunmasını bildiyi halda buna mane olmaması və əksinə iddiaçının həmin evin təmirinə pul xərclənməsinə şərait yaratması iddiaçının vicdanlı sahib olmasına əsas verir. Bundan əlavə məhkəmə tərəflərin təqdim etdiyi sübutları və izahatlarını nəzərdən keçirərkən müəyyən edir ki, tərəflər arasında şifahi formada evlərin dəyişməsi ilə bağlı razılıq olmuş. Onlar arasında bu cür razılaşma olarkən İddiaçı məxsus mənzil ipoteka yüklu, Cavabdeh evinin isə sənədi olmamışdır. İş materiallarında olan çıxarışdan görünür ki, Cavabdeh mübahisəli evi iddiaçının ailə üzvləri ilə həmin evdə yaşadığı və ev təmir olunduqdan sonra yəni 2022-ci ildə mülkiyyətinə keçirmişdir. Cavabdehin evi təmirsiz verdikdən sonra hazırda iddiaçıdan təmirli halda tələb etməsi və onu ailə üzvləri ilə həmin evdən çıxarması onun əsassız varlanması ilə nəticələnməkdədir. Məhkəmə mübahisə obyekti olan tərəflər arasında bağlanmış dəyişmə müqaviləsinə münasibət bildirərək hesab edir ki, tərəflər iddia ərizələrində bu halı mübahisələndirməsələr də məhkəmə tərəflər arasında olan əqdlərə qiymət verməlidir (Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı). Məhkəmə sözügedən əqdə qiymət verərək hesab edir ki, tərəflər arasında daşınmaz əmlakla bağlı bağlanmış müqavilələr notarial qaydada təstiq olunmalıdır (Mülki Məcəllənin 394-cü maddəsi). Lakin tərəflər arasında müqavilə bağlanmamış və öz aralarıda şifahi razılaşma olmuşdur. Ona görə də müqavilə bağlandığı vaxtdan etibarsızdır. Belə olan halda və ümumilikdə iş materiallarından da görünür ki, iddiaçı vicdanlı sahib olmaqla Mülki Məcəllənin 157-ci maddəsinə əsasən əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsində haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsində göstərilir ki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göstərilən norma ümumən mülkiyyətin müdafiəsinə yönəlsə də, vindikasiya tələbləri üzrə əmlakı mülkiyyətçiyə qaytarmalı olan vicdanlı sahibin sahiblik dövründə əmlakı yaxşılaşdırmaqla bağlı çəkdiyi xərclərin əvəzini mülkiyyətçidən tələb etmək üçün qanuni əsas kimi çıxış edir və bu normanın təhlili “əsassız varlanma” normaları ilə paralel şəkildə aparılmalıdır, belə ki, vicdanlı sahibin yaxşılaşdırmalarını özündə saxlayan mülkiyyətçi onun hesabına əsassız varlanmış olur və mülkiyyətçidən həmin yaxşılaşdırmanı və ya onun dəyərini tələb etmək üçün “əsassız varlanma” normalarının dispozisiya şərtlərinin mövcudluğu da tələb olunur. Bu tələb Mülki Məcəllənin 1094-cü maddəsindən də aydın olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsində göstərilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin maddənin 2-ci hissəsində qeyd edilir ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə iddiaçının 18.000 (on səkkiz min) manat pul tələbinə dair hissədə hüquqi qiymət verərək bildirir ki, iddiaçı bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdehin isə sözügedən pul məbləğinin ona verilməsini sübut etmək kimi bir öhdəliyi olmadığı üçün iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə mövqeyini Mülki Məcəlləsinin 157.6, 157.7, 1091.1, 1094, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazın dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, məhkəmə təmin olunmuş təmir işlərinin kim tərəfindən aparılmasını və digər halları məhkəmə prossesində araşdırmalı idi. Ekspertizada göstərilən işlərin 90%-i cavabdeh tərəfindən aparılmış işlərdir. Misal üçün, qapının qoyulması, elektrik xəttinin çəkilməsi, sanuzellərin quraşdırılması, ayna pəncərələrin qoyulması və sairə halları iddiaçı öz adına çıxmışdır və bildirəndə ki, bunlar cavabdeh tərəfdən olunub və bunu təsdiq edən şahidlərimiz var, məhkəmə bunlara əhəmiyyət vermədən dərhal qətnamə çıxartmışdır. Bu prossesual pozuntular kobud pozuntulardır və bu səhvlərin buraxılması yolverilməzdir. Pozulmuş maddi hüquq normaları aşağıdakılardır: Məhkəmə Mülki Məcəllənin 157.6-157.7-ci maddələrinə istinad edərək qəsdən düzgün təfsir etmədən İddiaçı vicdanlı sahib hesab edibdir. İndi belə sual meydana çıxır, iddiaçı vicdanlı sahibdir, yoxsa vicdansız? Məhkəmə bu hüquq normasını düzgün təfsir etməmişdir. Belə ki, bu bəndlər, istər Mülki Məcəllənin 157.6, istərsə də 157.7-ci maddələri vicdanlı sahibə aiddir. Burada isə iddiaçı vicdanlı sahib hesab edilə bilməz. Ona görə ki, onun mənzili V.Abdullayev küçəsi ev 5, mənzil 35 saylı ev 2012-ci ildən ipoteka müqaviləsi əsasında girov qoyulmuşdur. Tərəflər isə mənzilləri 2017-ci ildə dəyişməyə qərara gəlmişdir. Yəni, iddiaçı mənzili dəyişərkən evinin girovda olmasını bildirməmişdir. "xxxx" ASC İddiaçı dəfələrlə xəbərdarlıq etmişdir ki, ödəmə etmirsiniz, ona görə də mənziliniz məhkəmə qaydasında hərraca çıxarılıb satılıcaqdı. Axırıncı xəbərdarlıq 2016-cı ilin fevralında verilmişdir. Bundan sonra iş məhkəməyə verilmişdir. 2017-ci ildə Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ilə Mingəçevir şəhəri, V.Abdullayev küçəsi 5 saylı evin 35 saylı mənzilinin hərracda satılması və iddiaçının borcunun ödənilməsinə yönəlmişdir. Həmçinin iddiaçının həmin ünvandan çıxarılması barədə qətnamə çıxarılmışdır və bu barədə icra vərəqəsi yazılmışdır. Həmin ərəfədə, yəni 2017-ci ildə iddiaçı evini dəyişmək üçün cavabdehə müraciət etmişdir. Bir sözlə, ona məxsus olmayan məhkəmə qərarı olan evi dələduzluqla ona məxsus olmasını bildirmişdir və müxtəlif bəhanələrlə rəsmiləşmənin uzadılmasını xahiş etmişdir. Sual meydana çıxır ki, belə insan vicdanlı sahib ola bilərmi? Mülki Məcəllənin 157.5-ci maddənin müddəalarında göstərir ki, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib) əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Qanunsuz mülkiyyətində olması onunla təsdiq olunur ki, iddiaçı aldadıb evi dəyişmək istəyib, yəni bilib ki, bu ev onun qanunsuz istifadəsindədir. Ona görə də iddiaçı vicdansız sahib hesab edilir. Bununla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli Plenum qərarı vardır. Vicdanlı, vicdansız sahib anlayışının təfsiri orda verilmişdir. Cavabdeh evin girovda olduğunu 2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrinə müraciət etdikdən sonra bilmişdir. Həmçinin ev girovda, icra vərəqəsi olduğu bir halda iddiaçı yenidən 2019-cu ildə həmin evə yenidən kredit götürmüşdür. Ondan sonra cavabdeh iddiaçının mənzildən çıxarmaq məsələsini qaldırmışdır. Beləliklə, qanunun tələbinə görə iddiaçı vicdansız sahibdir. Ona görə də MM-nin 157.5-ci maddəsi tətbiq edilə bilər. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, iş materiallarından da görünür ki, tərəflər arasında mənzillə fərdi yaşayış evinin dəyişməsi barədə razılaşma olmuşdur. Cavabdeh məxsus ev tam olaraq təmirsiz və yarımtikili formada olsa da, İddiaçı məxsus mənzil isə tam təmirli olmuşdur. Bunu sübut edən bütün sübutlar, evlərin hazırki və əvvəlki halları barədə foto şəkillər, təmirə çəkilmiş xərclər barədə qəbzlər iş materillarında vardır. Bundan əlavə Cavabdeh da İddiaçı evdən çıxarılması barədə ərizəsində bunu etiraf edir. Belə ki, təqdim edilmiş iddia ərizəsindən də göründüyü kimi tərəflər arasında razılıq əsasında dəyişmə olsa da, bunun rəsmiləşdirilməməsinin səbəbi hər iki evin sənədlərində olan problemlərdir. Belə ki, cavabdeh iddia edir ki, iddiaçıya məxsus mənzil girovda olmuş, ancaq Cavabdeh məxsus evin də sənədləri olmamış və evin çıxarışı 2022-cil ilin iyun ayında, yəni ev tam olaraq təmir olunduqdan sonra və istifadəyə yararlı olduqdan sonra alınmışdır. Belə olan halda apellyasiya şikayətinin əsassız olması iddia tələbinin tam olaraq əsaslı olmasına əsas verir. Ona görə apellyasiya şikayətinin təmin edilməməsi və Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndələri(vəkil) Vəkil və X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdirlər. Apellyasiya baxışının əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat vermişdirlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbini qismən təmin etsə də, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Qətnamədən apelyasiya şikayəti vermiş cavabdeh isə qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, yalnız “iddia tələbinin təmin edilməsi” hissəsini mübahisələndirir. Göstərilənləri nəzərə alan Məhkəmə birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsinin yalnız “təmir və yaxşılaşdırmalara görə çəkilmiş vəsaitin tutulması” barədə hissəsini yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışdan görünür ki, Mingəçevir şəhəri, V.Abdullayev küçəsi 5 nömrəli evin 35 nömrəli mənzili xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydiyyata alınmışdır. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən məlum olur ki, 2017-ci ilin mart ayında iddiaçı ona məxsus Mingəçevir şəhəri, V.Abdullayev küçəsi 5 nömrəli evin 35 nömrəli mənzilin, cavabdeh isə ünvan 1 ünvanında ona aid hazırki iş üzrə mübahisəli fərdi yaşayış evinin dəyişdirilməsi barədə şifahi razılığa gəlmişlər. Razılaşma əsasında iddiaçı ailə üzvləri ilə birlikdə 17 nömrəli fərdi yaşayış evinə, cavabdeh isə ailə üzvləri ilə birlikdə 35 nömrəli mənzilə köçərək yaşamağa başlamışlar. İşdə olan Mingəçevir Şəhər Məhkəməsi tərəfindən 2(051)-62/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə iddiaçı (hazırki iş üzrə cavabdeh) Cavabdehlər (hazırki iş üzrə iddiaçı) İddiaçı, onun arvadı (hazırki iş üzrə tərəf olmayan) Gülnar Nəsibova, (övladları) X7 və Fərid Nəsibova qarşı irəli sürdüyü “fərdi yaşayış evindən çıxarılma tələbi barədə” iddiasının təmin edilməsi, İddiaçı, Gülnar Nəsibova, Ayla Nəsibova və X2 şəhəri, 20 Yanvar döngəsi, ev 17 ünvanında yerləşən Cavabdeh məxsus mübahisəli fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli (İş № 2(107)-448/2023) qətnamə ilə Mingəçevin Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarından (İş № 2(102)-3130/2023) görünür ki, həmin qərarla Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iş materiallarında olan sənədlərə və tərəflərin məhkəmələrə verdikləri izahatlara əsaslanaraq işin halı kimi müəyyən edir ki, hazırki iş üzrə tərəflər 2017-ci ildə öz aralarında şifahi formada dəyişdirmə müqaviləsi bağlamışlar. Həmin müqavilənin şərtlərinə görə, iddiaçı, mülkiyyətində olan 35 nömrəli mənzili, cavabdeh isə mübahisəli fərdi yaşayış evini bir-biriləri ilə dəyişmişlər. Mülki Məcəllənin 139.1-ci maddəsinin mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 19cu maddəsinə görə, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 19.1.). Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir (maddə 19.2.). Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır (maddə 19.3.). Bu maddi hüquq normalarının mənasından göründüyü kimi, daşınmaz əmlakla bağlı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalı olan hüquqdur. Qeyd edilən qeydiyyatın aparılması üçün isə dəyişdirmə müqaviləsinin notarial formasına riayət edilməsi tələb olunur. Məhkəmə bildirir ki, iş üzrə tərəflər arasında dəyişdirmə müqaviləsi faktiki olaraq bağlanmışdır. Lakin həmin müqavilə qanunvericiliyin tələblərinə uyğun qeydə alınmadığı üçün özü-özlüyündə etibarsız müqavilədir. Eyni zamanda Məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış dəyişdirmə müqaviləsi etibarsız müqavilə olması, iddiaçının vicdansız sahib olması anlamına gəlmir. Belə ki, tərəflər arasında sözügedən razılaşma əldə olunduğu vaxt iddiaçı, cavabdehə aid mübahisəli fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, cavabdeh isə iddiaçıya məxsus 17 nömrəli mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü olması barədə məlumatlı olmuşlar. İddiaçı ailə üzvləri ilə birlikdə cavabdehin razılığı ilə mübahisəli fərdi yaşayış evində 6 il müddətində yaşamışdır. Bu halı cavabdeh həm hazırki iş üzrə, həm də 2(051)-62/2023 saylı mülki iş üzrə verdiyi izahatlarında təsdiq etmişdir. Həmin müddət ərzində cavabdeh iddiaçının mübahisəli fərdi yaşayış evində yaşamasına və həmin evdə təmir işləri aparmasına hər hansı etiraz, şikayət etməmişdir. Cavabdeh yalnız 2022-ci ildə, yəni mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırdıqdan sonra, iddiaçının və onun ailə üzvlərinin mübahisəli fərdi yaşayış evindən çıxarılmaları barədə məhkəmədə iddia irəli sürmüş, məhkəmə qətnaməsi ilə həmin iddianın təmin edilməsi qət edilmişdir. Hazırda cavabdeh iddiaçıya məxsus mənzilin yuklu olmasını 2022-ci ildə bildiyini bildirir. Məhkəmə cavabdehin bu dəlilini əsaslı saymır. Belə ki, 2(051)-62/2023 saylı mülki işin başlanmasına əsas olmuş iddia ərizəsində iddiaçı(hazırki iş üzrə cavabdeh) iddia ərizəsində mənzilin yüklü olması barədə məlumatın evləri dəyişdirdikdən bir müddət sonra bildiyini bildirmişdir. Bundan başqa Məhkəmə bildirir ki, “iddiaçıya məxsus mənzilin ipoteka ilə yüklü olması haqqında cavabdehin 2022-ci ildə məlumatlı olması” barədə cavadehin bildirdikləri həqiqət kimi qəbul edilsə belə, bu hal iddiaçının hazırki iş üzrə “vicdansız sahib” etmir. Çünki hazırki halda “vicdanlılıq” iddiaçının mübahisəli fərdi yaşayış evində yaşamasının əsaslarına münasibətdə müəyyən edilir. Cavabdehin özünün bildirdiklərindən və məhkəmələrin işin müəyyən etdikləri hallarından məlum olur ki, 2022-ci ilədək iddiaçının mübahisəli yaşayış evində yaşamasına cavabdeh şəxsən razılıq vermişdir. Belə olan halda Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evində 2017-ci ildən 2022-ci ilədək ailə üzvləri ilə birlikdə yaşayan iddiaçı həmin evin qanuni (vicdanlı) sahibi olmuşdur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, müzakirə olunan hissədə Şəhər Məhkəməsinin mövqeyi əsaslı, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Hazırda apellyasiya baxışının predmeti olan və işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı mübahisəli fərdi yaşayış evi üzrə yerinə yetirilmiş təmir-tikinti və yaxşılaşdırma işlərinə görə 100.000 manat vəsait sərf etdiyini bildirir və həmin vəsaiti tələb edir. Məhkəmə bildirir ki, Mülki Məcəllənin 157.6 və 157.7-ci maddələrinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzini tələb edə bilər. Vicdansız sahib isə yaxşılaşdırılmaları deyil, yalnız zəruri xərcləri tələb edə bilər. Zəruri xərclər elə xərclərdir ki, bunlar əşyanın lazımı qaydada saxlanması və istifadəsi üçün mülkiyyətçinin də çəkməli olduğu xərclərdir. Yaxşılaşdırılmalar isə əşyanın lazımı qaydada saxlanması və istifadəsi üçün zəruri olmayan, daha çox əşyanın dəyərinin artmasına xidmət edən xərclərdir. Hazırki iş üzrə cavabdeh iddiaçının mübahisəli fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamasına 2022-ci il tarixədək razı olmuşdur. Bundan sonra o, iddiaçının ailə üzvlərilə birlikdə həmin evdən çıxarılmalarını məhkəmə qaydasında tələb etmişdir. Bu baxımdan hesab edilməlidir ki, iddiaçı 2022-ci il tarixədək mübahisəli fərdi yaşayış evinin qanuni sahibi, yəni vicdanlı olmuşdur. Odur ki, hazırki iş üzrə iddiaçı haqlı olaraq cavabdehdən 2022-ci il tarixədək həm zəruri xərcləri, həm də yaxşılaşdırmaları tələb edir. İddiaçının bildirdiyinə görə, həmin xərclərin ümumi məbləği 100.000 manat təşkil edir. İddiaçı, mübahisəli fərdi yaşayış evində və evin həyətyanı sahəsində aparılmış təmir və yaxşılaşdırmaların onun tərəfindən aparılmasının təsdiqi kimi məhkəməyə fotoşəkillər təqdim etmişdir. Həmin fotoşəkillərdən görünür ki, mübahisəli fərdi yaşayış evində və onun həyətyanı torpaq sahəsində təmir işləri, yaxşılaşdırmalar aparılmışdır. Fotoşəkillərin müqayisəli şəkildə təhlil nəticəsində müəyyən edilir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçərkən və evin hazırki vəziyyəti arasında fərq mövcuddur, evin və həyatyanı sahəsində təmir, yenidənqurma və tikinti işləri görülmüşdür. Cavabdehin iddia tələbinə və apellyasiya şikayətinə qarşı etirazı ondan ibarətdir ki, iddiaçı, mübahisəli fərdi yaşayış evinin cavabdeh tərəfindən ona yaşayış üçün yararsız, təmirsiz vəziyyətdə verməsini bildirsə də, bu məlumat həqiqəti əks etmir. Mübahisəli evin təmir işlərinin 90%-i (məsələn: qapının qoyulması, elektrik xəttinin çəkilməsi, sanuzellərin quraşdırılması, ayna pəncərələrin qoyulması və s.) cavabdeh tərəfindən aparılmışdır. Bu halları təsdiq edən şahidlərin olması barədə məhkəməyə bildirilsə də, məhkəmə buna əhəmiyyət verməmişdir. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir (maddə 8.1.). Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir (maddə 9.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur (maddə 104.6.). Göründüyü kimi mülki işlər üzrə ədalət mühakiməsini həyata keçirən məhkəmələr iş üzrə tərəflərin heç birinə üstünlük vermir; məhkəmələr öz təşəbbüsü ilə sübut toplamır; iş üzrə tərəflər sübutlarını işə baxan birinci instansiya məhkəməsinə təqdim edirlər; şahidin çağırılması iş üzrə tərəfin (tərəflərin) vəsatəti (vəsatətləri) əsasında həyata keçirilir. Lakin iş materiallarından görünür ki, işə Şəhər Məhkəməsi tərəfindən işə baxılarkən cavabdeh hər hansı bir şahidin dindirilməsi barədə məhkəməyə vəsatət verməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh təmir-tikinti, yaxşılaşdırma işlərinin çox hissəsinin onun aparması barədə dəlilləri üzrə sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Sübuta söykənməyən dəlil əsaslı hesab edilə bilməz. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə də əsassızdır. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin və evin həyətyanı sahəsinin təmirinə və yaxşalışdırmalarına iddiaçı tərəfindən vəsaitin sərf olunduğu iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/174-9/251 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evinin təmirli vəziyyətdə hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 276.000 manat, təmirsiz vəziyyətdə hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 216.000 manat məbləğində təşkil edir. Fərdi yaşayış evinin və onun həyətyanı torpaq sahəsində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 59.257 manat məbləğindədir. Odur ki, Məhkəmə hesab edir ki, Şəhər Məhkəməsi 59.257 manat məbləğində pul vəsaitini cavabdehdən iddiaçının xeyrinə tutmaqla apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri isə odur ki, hazırki iş üzrə iddia ərizəsi icraata qəbul edilməməli idi. Belə ki, iddia ərizəsinin forma və məzmununa riayət olunmamışdır. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirir ki, hazırki iş üzrə iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilərək tərtib olunmuş və icraata qəbul edilmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar