Məhkəmə qərarları › İş №2(107)-1285/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1285/2023

05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1285/2023 05.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı 09 oktyabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: Aliment tələbi) X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 09 oktyabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-436/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı 09 oktyabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub iddiaçının xeyrinə verilməsi barədə iddia qaldırmışdır.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2009-cu ildə rəsmi nikahla ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2010-cu ildə Elay Məmmədzadə, xx.xx.2013-cü ildə Məryəm Məmmədzadə adlı iki uşağı anadan olmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(054)-134/2015 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar cavabdehin himayəsində saxlanılmış, onların saxlanılması üçün ondan hər ay hər uşaq üçün 50 manat alimentin tutulması qərara alınmışdır. 2021-ci ilin dekabr ayından Elay onun yanında yaşamağa başladığından məhkəməyə müraciət etmiş, Elayın onun yanında qalmasının müəyyən edilməsi, əvvəlki qətnamə ilə müəyyən edilmiş cəmi 100 manat alimentin ödənilməsindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi qismən təmin edilmiş, Elayın onun yanında qalmaqla qətnamə qanuni qüvvəyə mindikdən sonra onun Elay üçün cavabdehə ödədiyi alimentdən azad edilməsi qərara alınmışdır. Həmin dövrdə onun xeyli aliment borcu yaranmış, cavabdeh isə razılaşmanı pozaraq ondan Məryəmə ödənilən aliment pulu ilə birgə yığılmış borcu da tələb edir. Yenidən ailə qurmuş, həmin nikahdan 2016-cı ildə Yusif adlı oğlu doğulmuşdur. Hazırda himayəsində azyaşlı iki uşaq vardır. Cavabdeh onun maddi vəziyyətini nəzərə almadan ondan şikayət edir, aliment borcuna görə onu narahat edir. Buna görə də cavabdehdən aliment tələb etmək qərarına gəlmişdir. Hazırda uşaqlar üçün yaşayış minimumunun 220 manat olduğunu nəzərə almaqla alimentin həmin məbləğdə təyin edilməsini xahiş etsə də, onun əsas məqsədi qalıq aliment borcundan azad olmaqdır. Buna görə də alimentin məbləğinin 50-70 manat həddində təyin edilməsinə də etiraz etmir. Əks halda iddianın təmin edilməsini xahiş edir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçının izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı əvvəllər elə bilib ki, ümumiyyətlə aliment ödəmədən azad olunub, çünki uşağın biri onun yanında, digəri isə cavabdehlə birgə yaşayıb. Ona görə borc artıb. Hazırda iddiaçı azyaşlı Məryəm üçün 50 manat alimenti müntəzəm ödəyir, lakin aliment borcuna görə onun cavabdehin şikayətləri əsasında teztez məcburi icra tədbirlərinə cəlb edilməsi və həbs edilməsi ailəsi üçün mərhumiyyətlər yaradır. Hazırki iddia tələbində əsas məqsəd borcun aradan qaldırılmasıdır. Ona görə də məbləğin təyin edilməsini məhkəmənin mülahizəsinə buraxılmasına iddiaçı etiraz etməmişdir. Əks halda iddianın tam təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, nikah pozulduqdan sonra iki uşağı onun yanında saxlanılıb. Göründüyü kimi aliment məbləği də çox deyil. Həmin vaxt dolanışığının təmin edilməsi üçün Bakı şəhərində işə girib. Uşağını zorla iddiaçıya verməyib. Elay öz xoşuyla atasının yanında qalmaq istəyib. Elayı yenə də qəbul etməyə hazırdır. Aralarında alimentlə bağlı heç bir razılaşma olmayıb. İddiaçı azyaşlı uşağını bəhanə edir. Valideyn kimi uşaqlarına baxmaq onun da borcudur. Müalicə olunmaqla bağlı işdən çıxıb, Oğuz rayonuna qayıdıb. Maddi imkanı yaxşı deyil. Hazırda maddi ehtiyacı olan şəxs odur. İddiaçı isə 50 manat pulu da ödəmək istəmir. İddianın rədd edilməsini xahiş etmişdir.

6. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-436/2023 saylı qətnaməsi ilə (hakim S.Zeynalova), iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh 2009-cu ildə rəsmi nikahla ailə qurmuş, həmin nikahdan onların 2010 və 2013-cü il təvəllüdlü iki uşağı doğulmuşdur. Tərəflərin nikahı 2015-ci ildə məhkəmə qaydasında pozulub, həmin qətnamə ilə iki uşaq anada saxlanılıb, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 50 manat alimentin tutulması müəyyən edilib. 2021-ci ilin sonuncu ayından 2010-cu il təvəllüdlü Elay atası ilə yaşamağa başladığından iddiaçı məhkəməyə müraciət edərək onun yanında qalması, hər iki uşaq üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(054)-134/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 100 manat alimentdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(054)-98/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən- Elayın atanın yanında qalması və qətnamə qanuni qüvvəyə mindiyi gündən onun saxlanması üçün tutulan alimentdən iddiaçının azad edilməsi hissəsində təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü Məryəm Məmmədzadənin saxlanılması üçün tutulan alimentdən azad edilməsi hissəsində rədd edilmişdir. Hazırda iddiaçı, onun nümayəndəsi və vəkili 2010-cu il təvəllüdlü Elay üçün cəmi 220 manat, bu mümkün olmadıqda heç olmasa 50-70 manat həddində alimentin cavabdehdən tutulmasını xahiş edir, bunu onunla əsaslandırırlar ki, iddiaçı işləmir, maddi imkanı aşağıdır, himayəsində Elaydan başqa ikinci nikahdan doğulmuş 2016-cı il təvəllüdlü daha bir övladı da vardır. Əvvəllər hesablanmış aliment borcuna görə cavabdeh şikayət etdiyindən icra şöbəsində onun barəsində tədbirlər görülür, bu isə məhrumiyyətlərə səbəb olur. İddia tələbinin verilməsi aliment borcunun aradan qaldırılması məqsədi daşıyır. Cavabdeh iddia tələbinə etiraz edərək hazırda müalicə aldığından işləmədiyini, maddi ehtiyacı olduğunu bildirir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin nikahı pozularkən cavabdehin himayəsində olan iki övladına cəmi 100 manat alimentin iddiaçıdan tutulması müəyyən edilmişdir. 2022-ci ildə iddiaçı Elayın onun yanında qalmasının müəyyən edilməsi ilə yanaşı uşaqlar üçün tutulan alimentdən azad olunmasını da xahiş etmiş, onun tələbi qeyd edildiyi kimi qismən təmin olunmuşdur. Həmin qətnamə ilə bildirilmişdir ki, Elayın iddiaçının yanında qalması müəyyən edildiyindən iddiaçı həmin uşaq üçün cavabdehə aliment ödəməkdən azad edilməlidir. Bununla bərabər ikinci uşağın cavabdehin yanında qalmasına və iddiaçı özünün yanında qalan uşaq üçün aliment tələb etməməsinə baxmayaraq bu, cavabdehin öz yanında qalan uşaq üçün digər valideyndən aliment tələb etmək hüququnu istisna etmir. Bundan əlavə 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat olmasına baxmayaraq bir uşaq üçün təyin edilmiş alimentin miqdarı 50 manat olmaqla cüzi hesab edildiyindən və iddiaçının həmin uşağa görə aliment ödəməkdən azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbinin həmin hissədə təmin edilməsinin mümkün olmadığı bildirilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, tərəflərin hər biri ilə uşaq qalmışdır və belə olan halda, qanunvericiliyin tələbi ondan ibarətdir ki, yalnız bir valideyndən az təminatlı digər valideynin xeyrinə aliment tutula bilər, buna görə də məhkəmə hesab etmişdir ki, işin digər halları ilə birgə qanunvericiliyin tələbi də nəzərə alınmaqla iddia təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, 34-cü maddələri, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1, 75, 76, 78, 100.2, 112.1-ci maddələri, «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə razı deyil. Çünki boşanmadan sonra cavabdehlə birgə nikahdan anadan olmuş iki uşaqdan biri onun, digəri isə cavabdehin himayəsində qalmışdır. O cavabdehin himayəsində olan uşağa görə aliment ödəyir, cavabdeh isə onun himayəsində olan uşağa görə aliment ödəmir. Bundan başqa o başqa şəxslə rəsmi nikaha daxil olmuş və həmin nikahdan da bir uşağı var. Qətnamə qanunsuz və əsassızdır, çünki o heç bir yerdə işləmir və alimentin ödənilməsi üçün onun maddi imkanı yoxdur. Cavabdeh isə işləyir və əmək haqqı alır.

13. Cavabdehin işləməsinə, əmək haqqı almasına məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Məhkəmə cavabdehin sözünə əsaslanaraq onun maddi imkanının zəif olduğu qənaətinə gəlmişdir. Dəfələrlə bildirsə də məhkəmə tərəfindən cavabdehin maddi vəziyyəti araşdırılmamış, onun iş fəaliyyəti və əmlakları barədə sorğu verilməmiş, onun həmin məlumatları almaq imkanının olmadığına qiymət verilməmişdir. Cavabdehin mülahizələri isə məhkəmə tərəfindən sübut kimi qiymətləndirilmişdir.

14. Oğuz Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 2(054)-436/2023 nömrəli qətnaməsi ümumiyyətlə cavabdehin mülahizələri ilə əsaslandırılmışdır. Məhkəmə iddiaçının fikirlərini öyrənmək üçün heç bir tədbir görməmişdir. O məhkəməyə kifayət qədər dəlil və sübut təqdim etmişdir. Həm də onun təqdim etdiyi dəlillər və sübutlar kifayət qədər əsaslandırılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş dəlillər isə tamamilə əsassızdır. Belə ki, cavabdehin guya uşağa baxmaqda çətinlik çəkdiyi, maddi imkanının zəif olduğu barədə dedikləri həqiqətə uyğun deyil.

15. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Əvvəla məhkəmə qeyd etdiyi əsasların izahını vermir, digər tərəfdən də hazırki iddianın təmin edilməməsi əsaslandırılmır. Qətnamə yalnız cavabdehin mülahizələri ilə əsaslandırılır. Onun maddi imkanı yoxdur. Dəfələrlə yaranmış aliment borcuna görə cavabdeh şikayət etmiş, o inzibati həbs olunmuşdur. O həbs olunan zaman uşaqları və ailəsi ac-susuz qalırlar. Məhkəmə tərəfindən onun maddi vəziyyəti nəzərə alınmamış, onun iddia tələbi qismən də olsa təmin edilməmişdir. O hətta ödədiyi alimentdən də az alimentin müəyyən edilməsinə razıdır. Məhkəmə cavabdehin guya işdən çıxaraq Oğuza gəlməsi, maddi imkanının zəif olması barədəki yalan fikirlərinə əsaslanaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

16. Odur ki, Oğuz Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 2(054)- 436/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh kollegiyanın iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

23. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

24. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.

25. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin; 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.

26. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

28. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, yəni qətnamənin tam ləğv edilməsini xahiş etmişdir.

31. Buna görə də məhkəmə kollegiyası Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-436/2023 saylı qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və dəyişdirilməsi üçün əsas yoxdur.

33. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

34. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 2009-cu ildə rəsmi nikahla ailə qurmuş, həmin nikahdan onların 2010 və 2013-cü il təvəllüdlü iki uşağı doğulmuşdur. Tərəflərin nikahı 2015-ci ildə məhkəmə qaydasında pozulmuş, uşaqlar analarının yanında saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 50 manat alimentin tutulması müəyyən edilmişdir. 2021-ci ilin sonuncu ayından 2010-cu il təvəllüdlü Elay atası ilə yaşamağa başladığından iddiaçı məhkəməyə müraciət edərək həmin uşağın onun yanında qalması, hər iki uşaq üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(054)-134/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 100 manat alimentdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(054)-98/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən- Elayın atanın yanında qalması və qətnamə qanuni qüvvəyə mindiyi gündən onun saxlanması üçün tutulan alimentdən iddiaçının azad edilməsi hissəsində təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü Məryəm Məmmədzadənin saxlanılması üçün tutulan alimentdən azad edilməsi hissəsində rədd edilmişdir. Hazırda iddiaçı, 2010-cu il təvəllüdlü Elay üçün cavabdehdən cəmi 220 manat, bu mümkün olmadıqda heç olmasa 50-70 manat həddində alimentin tutulmasını xahiş edir. Bunu onunla əsaslandırır ki, iddiaçı işləmir, maddi imkanı aşağıdır, himayəsində Elaydan başqa ikinci nikahdan doğulmuş 2016-cı il təvəllüdlü daha bir övladı da vardır. Əvvəllər hesablanmış aliment borcuna görə cavabdeh şikayət etdiyindən icra şöbəsində onun barəsində tədbirlər görülür, bu isə məhrumiyyətlərə səbəb olur. İddia tələbinin verilməsi aliment borcunun aradan qaldırılması məqsədi daşıyır. Cavabdeh iddia tələbinə etiraz edərək hazırda müalicə aldığından işləmədiyini, maddi ehtiyacı olduğunu bildirir.

35. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir.

36. Belə ki, mülki iş materiallarında olan Oğuz Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, e-2(054)-98/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə anadan olmuş X5 iddiaçının yanında qalması müəyyən edilmiş, qətnamə qanuni qüvvəyə mindiyi gündən iddiaçının Elay Məmmədzadənin saxlanması üçün cavabdehə aliment ödəməkdən azad edilməsi qət edilmiş, iddia tələbi iddiaçının xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 üçün cavabdehə aliment ödəməkdən azad edilməsinə dair hissədə təmin edilməmişdir.

37. Göründüyü kimi sözügedən qətnamə ilə tərəflərin birgə nikahdan anadan olmuş X8 iddiaçının himayəsinə verilmiş və iddiaçı həmin uşaq üçün cavabdehə aliment ödəməkdən azad edilmişdir.

38. Lakin məhkəmə kollegiyası bir vacib xüsusatı da qeyd edir ki, iddiaçı cavabdehlə birgə nikahlarından anadan olmuş uşağı X7 aliment ödəməkdən azad edilsə də, o cavabdehin himayəsində saxlanılan digər uşağı X1 üçün məhkəmə tərəfindən təyin edilmiş alimentin ödənilməsindən azad edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

39. Qanunun normasından da göründüyü kimi qanunverici, tərəflərdən hər biri ilə uşaq qaldıqda, mütləq qaydada bir valideyndən digər valideynin xeyrinə deyil, daha çox təminatlı valideyndən daha az təminatlı digər valideynin xeyrinə alimentin tutulmasını müəyyən etmişdir.

40. Göründüyü kimi qanunvericiliyin əsl məqsədi tərəflərin biri-birindən aliment almalarını deyil, daha az təminatlı valideynin xeyrinə aliment tutulmasını müəyyən etmişdir.

41. Məhkəmə kollegiyası cavabdehin işləməsinə, əmək haqqı almasına məhkəmə tərəfindən hüquqi qiymət verilməməsinə, məhkəmə tərəfindən cavabdehin maddi vəziyyətinin araşdırılmamasına, onun iş fəaliyyəti və əmlakları barədə sorğu verilməməsinə, onun həmin məlumatları almaq imkanının olmadığına qiymət verilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından cavabdehin işləməsi və əmək haqqı alması, həmçinin iddiaçı tərəfin cavabdehin maddi vəziyyətinin araşdırılması, onun iş fəaliyyəti və əmlakları barədə sorğu verilməsi məqsədi ilə məhkəməyə hər hansı bir vəsatət verməsi, buna, həmçinin həmin sənədləri müstəqil qaydada əldə etməsinin mümkünsüzlüyünə dair hər hansı bir sənədi təqdim etməsi müəyyən edilməmişdir.

42. Belə ki, Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

44. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.

45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-436/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-436/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar