Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1294/2022 10.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 qarşı aliment ödəməkdən azad edilmə və aliment üzrə borcları ödəməkdən azad edilmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- aliment ödəməkdən azad edilmə tələbi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Ucar Rayon Məhkəməsinin 2(063)-484/2022 saylı, 19 avqust 2022-ci il tаrixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehə qarşı aliment ödəməkdən azad edilmə və aliment üzrə borcları ödəməkdən azad edilmə tələbi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ucar Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(063)-561/2020 nömrəli qətnaməsinə əsasən ondan tutulmalı olan aylıq 120 manat alimenti ödəməkdən azad edilməsi, 750 manat aliment borcunun silinməsi, 100 manat vəkilə ödədiyi qonorarın, 50 manat mediasiya xərcinin və 36 manat ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsi tərəfindən çıxarılmış 25 fevral 2014-cü il tarixli, 2(063)-9/2014 saylı qətnaməsi ilə onunla cavabdehin arasında olan nikah pozularaq oğlu X4 onun, digər oğlu X9 isə anasının, yəni cavabdehin himayəsinə verilmişdir. 2020-ci ildə cavabdeh aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiasında maddi vəziyyətinin çox pis olmağını, uşağı təkbaşına böyüdə bilmədiyini göstərmiş, Ucar Rayon Məhkəməsi iddiaçının tələbini qismən təmin edərək 16 sentyabr 2020ci il tarixli, 2(063)-561/2020 qətnaməsi ilə ondan 13 aprel 2008-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X2 verilməsini qət etmişdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin 07 fevral 2022-ci il tarixli, 30 nömrəli məktubunda göstərilir ki, X9 23 sentyabr 2014-cü il tarixində internat məktəbinin 1-ci sinfinə daxil olmuş və hal-hazırda həmin məktəbin 8-ci sinfində təhsil alır. Bundan əlavə, Ucar rayon icra və probasiya şöbəsinin 05 aprel 2022-ci il tarixli, 146697/2020-54-5-007 nömrəli xəbərdarlığında hazırkı iş üzrə onun aprel ayı da daxil olmaqla 750 manat aliment borcunun olduğu göstərilmişdir. O, Ucar rayon qeydiyyat şöbəsində 01 mart 2019-cu ildə 44 nömrəli qeydlə X6 ilə nikaha daxil olmuş və bu nikahlarından 12 sentyabr 2019-cu il tarixdə X10 adlı övladları dünyaya gəlmişdir. Bununla bərabər onun cavabdehlə birgə nikahlarından olan digər oğlu X4 da onun himayəsindədir. Beləliklə, qeyd olunandan göründüyü kimi cavabdeh onunla birgə nikahlarından olan oğlu X9 üçün aliment tələb etsə də uşaq internat məktəbində təhsil almaqla orda qalır. O məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən də mediator “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 16 mart 2022-ci il tarixli, MŞİH-15909 nömrəli arayış vemiş və həmin arayışdan da göründüyü kimi ilkin mediasiya sessiyanın keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci o ödəmişdir. Birinci instansiya məhkəməsində icraat Ucar Rayon Məhkəməsinin 2(063)-484/2022 saylı, 19 avqust 2022-ci il tаrixli qətnaməsi ilə (hakim H.Xəlilov) İddiaçı cavabdeh X2 qarşı aliment ödəməkdən azad edilmə və aliment üzrə borcları ödəməkdən azad edilmə tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ucar Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(063)-561/2020 nömrəli qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı aliment tələbi barədə iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 18 avqust 2020-ci ildən başlayaraq 13 aprel 2008-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X2 verilməsi qət edilmişdir. İddiaçı hazırda cavabdehə qarşı aliment ödəməkdən azad edilmə və aliment üzrə borcları ödəməkdən azad edilmə tələbi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(063)-561/2020 nömrəli qətnaməsinə əsasən ondan tutulmalı olan aylıq 120 manat alimenti ödəməkdən azad edilməsi, 750 manat aliment borcunun silinməsi, 100 manat vəkilə ödədiyi qonorarın, 50 manat mediasiya xərcinin və 36 manat ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdən də göründüyü kimi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi Ucar Rayon Məhkəməsinin qətnaməsi 16 sentyabr 2020-ci ildə qəbul edilmiş, həmin qətnamə ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilmiş, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olması məhkəmə iclasında müəyyən olunmamışdır. Həmçinin, məhkəmə iddiaçının tələbinin digər əsası ilə bağlı qeyd etmişdir ki, yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin 20 iyul 2022-ci il tarixli, 155 nömrəli məktubundan görünür ki, 13 aprel 2008-ci il təvəllüdlü X9 23 sentyabr 2014-cü il tarixində internat məktəbinin 1-ci sinfinə qəbul edilmiş və hal-hazırda həmin məktəbin 8-ci sinfini bitirərək 9-cu sinfə keçmişdir. X9 mütəmadi olaraq tətillərdə, bayramlarda və qeyri dərs günlərində anası tərəfindən evə aparılır və hal-hazırda dərs ili sona çatdığı gündən anasına təhvil verilmişdir. X9 müvəqqəti olaraq dövlət müəssisəsinə yerləşdirilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, ailə qanunvericiliyinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar, iddiaçının tələbi əsassızdır və qanunauyğun deyildir, buna görə də iddia təmin edilməməlidir. Eyni zamanda, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və digər xərclər ona aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 112.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələri, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, o, Ucar rayon Qeydiyyat şöbəsində 01 mart 2019-cu ildə 44 nömrəli qeydlə X7 ilə nikaha girmiş və bu nikahdan 12 sentyabr 2019-cu il tarixdə X10 adlı övladı dünyaya gəlib. Bununla bərabər cavabdehlə birgə nikahlarından olan digər oğlu X4 da onun himayəsindədir. Beləliklə, qeyd olunandan göründüyü kimi X3 birgə nikahlarından olan uşaqları X9 üçün aliment tələb etsə də oğlu internat məktəbində təhsil almaqla orda qalır. Məhkəmə aliment borcunun digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə həmin borcları ödəməkdən borclunu tamamilə və ya qismən azad edə bilər. İş materiallarına əlavə etdiyi nikah haqqında və doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, o yenidən ailə qurmuş və həmin nikahdan övladı dünyaya gəlib. Həyat yoldaşı işləmir, o da fəhlə işləyir. Rəsmi sənəd təqdim edə bilməsə də, gündəlik 10 manata işləyir. Qeyd edilən normadan belə aydın olur ki, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin diqqətəlayiq başqa halı odur ki, iş materiallarına əlavə etdiyi valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin 07 fevral 2022-ci il tarixli, 30 nömrəli məktubunda göstərilir ki, oğlu X9 23 sentyabr 2014-cü il tarixində internat məktəbinin 1-ci sinfinə daxil olmuş və hal hazırda həmin məktəbin 8-ci sinfində təhsil alır və deməli, cavabdeh uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün aldığı alimenti uşağın ehtiyacları üçün xərcləmir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Təhsil Nazirliyi Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin 20 iyul 2022-ci il tarixli, 155 nömrəli məktubundan görünür ki, 13 aprel 2008-ci il təvəllüdlü X9 23 sentyabr 2014-cü il tarixində internat məktəbinin 1-ci sinfinə qəbul edilmiş və hal-hazırda həmin məktəbin 8-ci sinfini bitirərək 9-cu sinfinə keçmişdir. X9 mütəmadi olaraq tətillərdə, bayramlarda və qeyri dərs günlərində anası tərəfindən evə aparılır və hal hazırda dərs ili sona çatdığı gündən anasına təhvil verilmişdir. X9 müvəqqəti olaraq dövlət müəssisəsinə verilmişdir. İnternat məktəbinin adından da göründüyü kimi valideyn himayəsindən məhrum uşaqlar təhsil almaqla orada yaşayırlar. Qeyd edilən cavabda göstərilir ki, cavabdeh uşağı tətillərdə, bayramlarda və qeyri dərs günlərində evinə aparır. Lakin məhkəmə tərəfindən həmin tətillərin, bayramların və qeyri dərs günlərinin il ərzində neçə gün olması müəyyən edilməmişdir. Əgər həmin hal müəyyən edilsəydi hesab edir ki, məhkəmə onun iddia ərizəsini ən azından qismən təmin edərdi. Belə ki, həmin günləri 365 gündən çıxmaqla cavabdehin uşağa neçə gün baxmasını hesablamaq mümkün idi. Məhkəmədə sübut olunmamışdır ki, ilin dəqiq olaraq neçə günü uşaq anasının himayəsində olmuşdur. Bu səbəbdən Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(063)-484/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və onun iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(063)-484/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və onun iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. “Uşaq hüquqları haqqında” Qanun: Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(063)- 484/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(063)-484/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Ucar Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(063)-561/2020 nömrəli qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı aliment tələbi barədə iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 18 avqust 2020-ci ildən başlayaraq 13 aprel 2008-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X2 verilməsi qət edilmişdir. İddiaçı hazırda cavabdehə qarşı aliment ödəməkdən azad edilmə və aliment üzrə borcları ödəməkdən azad edilmə tələbi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(063)-561/2020 nömrəli qətnaməsinə əsasən ondan tutulmalı olan aylıq 120 manat alimenti ödəməkdən azad edilməsi, 750 manat aliment borcunun silinməsi, 100 manat vəkilə ödədiyi qonorarın, 50 manat mediasiya xərcinin və 36 manat ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh apellyasiya şikayətində yenidən ailə qurduğunu, həmin nikahdan digər oğlunun olmasını, hazırda ailə qurduğu həyat yoldaşının işləmədiyini, özünün maddi vəziyyətinin yaxşı olmadığını bildirsə də, bu hallar onu uşağı saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. Belə ki "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. Bununla da birinci instansiya məhkəməsi alimentin məbləğini uşaq üçün 120 manat sabit pul məbləğində alimenti qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır. Belə ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşağın saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Bundan başqa kollegiya qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını diqqətə çatdırır. Ona görə də kollegiya hesab edir ki, cavabdehin qeyd etdiyi hallar onu uşaqları saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. Əksinə uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaitin, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. İddiaçı isə aliment ödəməli olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etməməklə, əslində qanunazidd hərəkət etmişdir. Kollegiyaya görə, iddiaçı ilə cavabdehin nikahları pozulmuş və həmin vaxt uşaqların hər ikisi yetkinlik yaşına çatmamaqla azyaşlı olmuşlar. Onlardan birinə, yəni 13 aprel 2008-ci ildə doğulmuş X8 anası baxaraq qayğı göstərmiş, onları tərbiyə etmiş, böyütmüşdür. Həmin müddət ərzində iddiaçı heç bir ödəniş etməmiş, cavabdeh uşaqları təkbaşına böyütmüşdür. Nəticədə cavabdeh uşağın həm maddi, həm də mənəvi təlabatını təkbaşına təmin etmişdir. Buradan irəli gələrək demək olar ki, azyaşlı uşaqların saxlanılması üçün məhkəmə qərarları ilə qət edilmiş, lakin borclu tərəfindən heç bir üzrlü səbəb olmadan ödənilməmiş aliment məbləğini də, əslində borclu iddiaçının əvəzinə uşaqların anası öz hesabına uşağa sərf etmişdir. Belə olan halda, iddiaçının məhkəmə qərarlarına əsasən öz uşağına ödəməli olduğu, lakin ödəmədiyindən yaranan aliment borcunu ödəməkdən azad edilməyi barədə tələbi əsassızdır. Kollegiyaya görə, iddiaçının göstərdiyi dəlillər onun qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş alimentin ödənilməsindən azad edilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(063)-484/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 2(063)-484/2022 saylı, 19 avqust 2022-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1294/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1294/2022
10.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver