Məhkəmə qərarları › İş №2(107)-133/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-133/2024

05.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-133/2024 05.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı küçədəki yerüstü drenaj şəbəkəsinə cavabdeh tərəfindən axıdılan kanalizasiya xəttinin cavabdehin şəxsi hesabına sökülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: kanalizasiya xəttinin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı küçədəki yerüstü drenaj şəbəkəsinə cavabdeh tərəfindən axıdılan kanalizasiya xəttinin cavabdehin şəxsi hesabına sökülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(035)-211/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Zərdab şəhəri 20 Yanvar küçəsindəki 51 nömrəli evin küçəyə tərəf olan hissəsində yerüstü drenajla çirkab suların axıdılması üçün nəzərdə tutulan kanalizasiya mövcuddur. Kanalizasiya sistemi tikinti normalarına və sanitar-gigiyenik tələblərə cavab vermədiyindən sökülməsi tələb olunur.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab şəhəri 20 Yanvar küçəsindəki yerüstü drenaj şəbəkəsinə Cavabdeh tərəfindən axıdılan kanalizasiya xəttinin cavabdehin şəxsi hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, yaşadığı Zərdab şəhəri 20 Yanvar küçəsində həmişə sözsöhbətlər qonşuların küçədəki yerüstü drenajla çirkab suların axıdılması üçün nəzərdə tutulan kanalizasiya xəttinin qanunsuz olması səbəbindən olub. Belə ki, aralarında olan çox saylı mübahisələrə baxmayaraq Cavabdeh heç bir iradlara məhəl qoymayaraq küçəyə kanalizasiya suyu axıtmaqda davam edir. Onun xx.xx.2022-ci il tarixdə şikayəti əsasında və bütün qonşuların iştirakı ilə Ekologiya Nazirliyinin Zərdab regional şöbəsinin əməkdaşları tərəfindən Zərdab şəhəri 20 Yanvar küçəsində baxış keçirilmişdi. Lakin, cavabdeh bilinməyən səbəblərdən iştirak etməmişdir. Həmin vaxt bir neçə nəfər haqqında, o da daxil olmaqla 100 manat cərimə edilmişlər. Ekologiya Nazirliyinin regional şöbəsinin əməkdaşları tərəfindən monitorinq keçirildikdən sonra bütün qonşular kanalizasiya xəttlərini yığışdırmışlar. Lakin, cavabdeh bu günə kimi qanunsuz kanalizasiya xəttlərini yığışdırmamışdır. Bu barədə cavabdehdən DİN-nin 102 xidmətinə dəfələrlə şikayətli zənglər olmuşdur. Cavabdeh isə əksinə onu yolda görən kimi nalayiq ifadələrlə təhqir etmişdir. Cavabdehi cərimə etsələr də heç kəsə məhəl qoymur. Rayon İcra Hakimiyyətinin Başçısının qəbulunda olduğu zaman cavabdehə kanalizasiya xəttlərini yığışdırılması tapşırlsada təəssüflər olsun ki, cavabdeh tərəfindən heç-bir nəticə olmamışdır. Qarşıdan yay gəlir, havalar isindikcə çirkab suların iyindən dayanmaq mümkün olmayacaq. Cavabdehdən qanunsuz hərəkətlərə son qoymasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı iddia ərizəsində göstərilənlər müəyyən edilmişdir. İddiaçı çirkab suların iyindən evdə, həyətdə oturmağın mümkün olmadığını əsas götürərək Cavabdeh bunun qarşısını alınmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

5. İddianın faktiki əsası ondan ibarətdir ki, haqqında mübahisə qaldırılan Zərdab şəhəri 20 Yanvar küçəsindəki yerüstü drenajla çirkab suların axıdılması üçün nəzərdə tutulan kanalizasiya həqiqətən mövcuddur. Bu hal tərəflərin məhkəmə iclasında verdiyi izahatla da, öz təstiqini tapmışdır. Bu hal Zərdab rayon İHB-nin başçısı M.Camalzadə, Zərdab rayon İHB-nin Zərdab şəhəri üzrə nümayəndəsi Ə.Əliyev, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi T.Əsgərov tərəfindən İddiaçı ünvanladığı məktublarla da təsdiq olunmuşdur.

6. İddianın hüquqi əsası ondan ibarətdir ki, haqqında mübahisə qaldırılan yerüstü drenajla çirkab suların axıdılması üçün nəzərdə tutulan kanalizasiya sistemi tikinti normalarına və sanitar-gigiyenik tələblərə cavab vermir.

7. Zərdab Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(035)-211/2023 saylı qətnaməsi ilə (hakim İlqam Həsənquliyev) iddia təmin olunmuş, Zərdab şəhəri 20 Yanvar küçəsində qanunsuz olaraq inşa edilmiş yerüstü drenajla çirkab suların axıdılması üçün nəzərdə tutlmuş kanalizasiya sisteminin Cavabdeh vəsaiti hesabına sökülməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157 və 170-ci maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Zərdab şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ə.Əliyevin xx.xx.2022-ci il tarixli məktubu 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi T.Əsgərov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 471/Q-275 saylı məktub Zərdab Rayon İcra Hakimiyyəti başçısı M.Camalzadə tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01/957 saylı məktub

10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, sözügedən 20 Yanvar küçəsindəki 51 saylı ev ümumiyyətcə ona məxsus deyil və o sözügedən ünvanda kirayəçi olaraq yaşayır və dediklərinin əksini sübut edən, yəni 20 Yanvar küç. 51 saylı evin mülkiyyət sənədləri və mülkiyyətçisi barədə məlumatlar iş materiallarında yoxdur və ola da bilməzdi. Çünki sözügedən ev X2 məxsusdur və sonuncu məlum evə tək payla mülkiyyətçilik edir.

12. Digər bir məsələ ondan ibarətdir ki, məhkəmə məlum 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, təxminən 6 ay əvvəlki, İH-nin xx.xx.2022-ci il tarixli, təxminən 7 ay əvvəlki, məktubunu sübutlar kimi qəbul edir, lakin məktubda qoyulan tələbin nədən ibarət olmasını və iddia tələbi ilə hansı eynilik və ya fərqliliyin olmasını, yenə də səthi olaraq yanaşmada eyniləşdirir. Belə ki, məlum məktublarda qoyulan tələb, yalnız, evlərdən, bu halda isə məlum 20 Yanvar küç.51 saylı evdən, kanalizasiya və mənzil məişət sularının, küçədə olan yerüstü drinaj kanalına axıdılmaması olduğu halda, iddia tələbində isə məlum xəttin ümumiyyətcə sökülməsindən söhbət gedir. Məhkəmə araşdırmamışdır ki, bu xəttlər ümumiyyətcə nəyə xidmət edir, baxmayaraq ki, cavabdeh öz izahatında bu vəziyyətə və ümumiliktə mövcud vəziyyətə kifayət qədər açıqlama vermişdir. Məlum yerüstü drinaj kanalları, küçədə, yol boyu olmaqla, mərkəzləşdirilmiş kanalizasiyası olmayan Zərdab üçün yeraltı suların, yəni qurunt sularının və mövsümü yağış sularının ötürülməsi və idarə olunması üçün nəzərdə tutulmuş dövlət qurğusudur. Evlərin həyətlərindən isə həmin sözügedən drinaj kanalına, yeraltı olmaqla, təxmini 70 mm-lik diametr ölçüdə eyni funksiyanı həyata keçirən (qurunt sularının və mövsümü yağış sularının ötürülməsi üçün) borular düzülmüşdür ki, bu borulara da, vaxtaşırı, sakinlər öz mənzil məişət sularını axıdırlar və nəticə olaraq ümumi drinaj kanalları üzrə sular hərəkətli olaraq axır. Yalnız, ümumi istifadədə olan sözügedən drinaj kanallar, vaxtı-vaxtında təmizlənməyəndə məlum su axınında gecikmələr olur ki, bununda məsuliyyəti bu vaxta qədər Rayon (şəhər) Komunal Xidmət İdarəsinin üzərində olmuş, cari ildən isə İH-i bu kimi məsələləri sakinlərin üzərinə qoymaq kimi bir siyasət yürüdür və məlum problemli vəziyyət qalmaqdadır. Zərdab şəhəri üzrə tikintisi başladılmış kanalizasiya sistemi isə yarımçıq saxladılmışdır.

13. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(035)- 211/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə görə yorpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

19. Cavabdeh Zərdab Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(035)- 211/2023 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

21. Məhkəmə kollegiyası mübahisəli əraziyə yerli baxış keçirmiş və müəyyən edilmişdir ki, Zərdab şəhəri 20 Yanvar küçəsində evlərin nömrələrinin artan istiqaməti ilə gedərkən yolun sağ tərəfində yerüstü drenaj xətti (su arxı) keçir. Həmin xətt yağış və qrunt sularının axması üçün nəzərdə tutulmuşdur. Cavabdeh özünün yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən küçədən keçən asvalt xəttinin altı ilə çəkilmiş yeraltı su xətti vasitəsilə kanalizasiya sularını həmin drenaj xəttinə (su arxı) axıdır. Həmçinin müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh deyil başqa şəxs olsa da, mülkiyyətçi həmin evdə yaşamır, mübahisəli ev cavabdeh tərəfindən istifadə olunur.

22. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəmə kollegiyasına göndərilmiş sənədlərdən müəyyən edilmişdir ki, idarənin 21 noyabr 2022-ci il tarixli 332 saylı sərəncamına əsasən, Zərdab şəhər sakini İddiaçı tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və 8 saylı RETS İdarəsinə Zərdab RİH başçısı tərəfindən ünvanlanmış eyni məzmunlu müraciətləri iddiaçının, Zərdab RİHB-nin şəhər İƏD üzrə nümayəndəsinin müavini Həsən Eminovun və Zərdab Bələdiyyəsinin sədri Bəhruz Qurbanovun iştirakı ilə yerində araşdırılmış, bu barədə 24 noyabr 2022-ci il tarixli 76538 saytı akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, İddiaçı qonşuluqda yaşayan Cavabdeh həyətyanı sahəsində yaranan çirkab suları onun evinin arxa tərəfinə bilərəkdən axıtdığını bildirmişdir. Cavabdehla ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılmış, İddiaçı şikayəti ilə əlaqədar ona məlumat verilmiş, o, mobil telefon vasitəsi ilə araşdırmada iştirak etməkdən və izahat verməkdən imtina etdiyini bildirmişdir. Müraciətdə göstərilən şəhərin 20 yanvar küçəsində İddiaçı fərdi yaşayış evinin arxa hissəsinə baxış keçirilmişdir. Baxış zamanı Cavabdeh həyətyani sahəsində məişətdə formalaşan çirkab suları boru vasitəsi ilə həyətyani sahəsindən kənara küçənin əks tərəfində yerləşən İddiaçı fərdi evinin arxa hissəsinə yağış və qrunt sularının axıdılması üçün nəzərdə tutulan küveytə axıdılması müəyyən edilmişdir. Araşdırma zamanı Zərdab RİHB-nın şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayışda Cavabdeh həyətyani sahəsində formalaşan məişət çirkablarının həyətyani sahəsindən kənara axıdılmasının qarşısının alınması üçün bildiriş verildiyi,lakin onun tərəfindən heç bir tədbir görülmədiyi göstərilmişdir. Beləliklə, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Ətraf Mühitin Mühafizəsi haqqında Qanunun tələbləri pozularaq, İnzibati Xətalar Məcəlləsinin 262.2.3 maddəsi üzrə inzibati xəta törədilmişdir. Araşdırmanın nəticəsi itə bağlı 24 noyabr 2022-ci il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 262.2.3 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi göstərilmişdir. 24 noyabr 2022-ci il tarixli digər aktdan görünür ki, Cavabdeh məişət çirkab sularının həyətyanı sahəsindən kənar əraziyə axıdılması ilə əlaqədar aşkar edilmiş qanun pozuntusu ilə bağlı onun barəsində tərtib edilmiş akt və protokolu imzalamaqdan imtina etmişdir. Göstrilənlərlə bağlı 28 noyabr 2022-ci il tarixdə idarənin baş məsləhətçi müfəttişləri Raqif Xəlilov və İlqar İsmayılov tərəfindən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Tofiq Əsgərova xidməti məruzə və 6 dekabr 2022-ci il tarixdə X3 Xidmətinin rəisi Hikmət Əlizadəyə məktub ünvanlanmışdır. O cümlədən, yuxarıda göstərilən araşdırma ilə bağlı toplanmış materiallar 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Tofiq Əsgərov tərəfindən 6 dekabr 2022-ci il tarixli məktubla qərar qəbul edilməsi üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Zərdab Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 3(035)-14/2023 nömrəli qərarı ilə Osmanov X4 Xətalar Məcəlləsinin 262.2.3 maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Qərar qanuni qüvvəsini almışdır.

23. Məhkəmə kollegiyаsı apellyasiya şikayətinin bu qətnamənin 11-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, məhkəmə kollegiyasının yerli baxışı nəticəsində müəyyən edildiyi kimi, mübahisəli fərdi yaşayış evi faktiki olaraq mülkiyyətçi tərəfindən deyil, hazırki iş üzrə cavabdeh tərəfindən istifadə olunduğundan və həmin evin həyətindən məişət çirkab sularının drenaj xəttinə axıdılması sonuncu tərəfindən həyata keçirildiyindən iddiaçı hazırki iş üzrə cavabdeh qismində Cavabdeh göstərməkdə və məhkəmə həmin iddiaya baxaraq qətnamə qəbul etməkdə haqlı olmuşdur.

24. Kolelgiya o cümlədən qeyd edir ki, çirkab sularının axıdılması küçədən keçən asvalt xəttinin altı ilə çəkilmiş yeraltı boru vasitəsilə həyata keçirilir ki, həmin borunun özünün çəkilməsinin qanuniliyi və əsaslılığı iş materialları ilə təsdiq olunmur. Həmçinin, həmin boru başlanğıcını cavabdehin yaşadığı evin həyətində yerləşən çirkab sularının toplandığı mənbədən götürdüyündən, boru mövcud olduqca, çirkab sularının axıdılmasının aradan qalxması qeyri-mümkündür. İddia tələbinin əsaslandığı qonşuluq münasibətlərində qonşu təsirinə dözmək vəzifəsi müəyyən olunub. Bu hüququ təsbit edən Mülki Məcəllənin 171.1-ci maddəsində, təsirə məruz qalan qonşunun müdafiə üsulu kimi təsirin qadağan edilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda iddiaçının hüquqlarını çirkab sularının axıdılması ilə bağlı fəaliyyətlə birlikdə, həm də təyinatı məhz həmin çirkab sularının axıdılması və başlanğıcı çirkab sularının toplandığı mənbə olan borunun mövcudluğu pozur. Həmin boru sökülmədən çirkab sularının axıdılmasının qarşısının alınması mümkün deyildir.

25. Məhkəmə kollegiyаsı apellyasiya şikayətinin bu qətnamənin 12-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, mübahisəli drenaj xətti (su arxı) yağış və qrunt sularının axması üçün nəzərdə tutulmuşdur. Fərdi yaşayış evlərinin sakinlərinin məişət çirkab sularını həmin su arxına axıtması nəzərdə tutulmamışdır. İnzibati Xətalar Məcəlləsinin 262.2.3 maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 262-ci maddəsi su obyektlərindən və sudan istifadə qaydalarının pozulması adlanır. Göründüyü kimi, tullantı sularının həyətyanı sahədən kənara axıdılması sudan istifadə qaydalarının pozulmasıdır. Şəhərdə mərkəzləşmiş kanalizasiya xəttinin olmaması qanunun pozulması və nəticədə qonşulara zərər vurulması üçün əsas deyildir. Ona görə də, iddiaçı iddia tələbində, birinci instansiya məhkəməsi isə iddianı təmin etməkdə haqlı olmuşdur.

26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(035)-211/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(035)-211/2023 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar