Məhkəmə qərarları › İş №2(107)-1349/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1349/2023

07.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1349/2023 07.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair (Açar sözlər: aliment tələbi) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(051)-1899/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 20 mart 2022-ci ildə anadan olmuş övladları X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi və ilkin mediasya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2020-ci ildə faktiki ailə qurmuşdur və onun valideynləri ilə birgə yaşadığı Yevlax rayonu Rüstəmli kəndinə gəlin köçmüşəm, nikahları rəsmiləşdirilməyib. Birgə yaşayışlarından xx.xx.2022-ci il təvəllüdlü Amir adlı bir oğulları anadan olub. Mingəçevir regional “ASAN xidmət” X1 tərəfindən Cavabdeh oğlu Amirin atası hesab edilməsinə dair atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2022-ci ilin aprel ayının 18 günündə 43 № ilə qeyd edilmişdir. İlk vaxtlar mehriban yaşasalar da, sonradan cavabdehin anası Vüsalə Orucovanın təqsiri üzündən aralarında narazılıqlar yaranmışdır. 2023-cü ilin may ayının axırlarından isə faktiki olaraq ayrı yaşayırlar və ər-arvad münasibətləri yoxdur. Cavabdeh həmin vaxtdan uşağın saxlanmasında iştirak etmir və lazımi maddi köməklik göstərmir. Ona görə də məhkəmədən Cavabdeh 20 mart 2022-ci ildə anadan olmuş övladları X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi və ilkin mediasya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(051)-1899/2023 saylı qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia tələbini qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa 190 (bir yüz doxsan) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin tutulmasına xx.xx.2023-cü ildən başlanması, Cavabdeh 42,8 (qırx iki manat səksən qəpik) manat dövlət rüsumunun tutulub dövlət büdcəsinə ödənilməsi, iddiaçının ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat pulun Cavabdeh tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Tərəflər xx.xx.2020-ci ildə faktiki ailə qurmuşdur və onun valideynləri ilə birgə yaşadığı Yevlax rayonu Rüstəmli kəndinə gəlin köçmüşəm, nikahları rəsmiləşdirilməyib. Birgə yaşayışlarından xx.xx.2022-ci il təvəllüdlü Amir adlı bir oğulları anadan olub. Mingəçevir regional “ASAN xidmət” X1 tərəfindən Cavabdeh oğlu Amirin atası hesab edilməsinə dair atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2022-ci ilin aprel ayının 18 günündə 43 № ilə qeyd edilmişdir. İlk vaxtlar mehriban yaşasalar da, sonradan cavabdehin anası Vüsalə Orucovanın təqsiri üzündən aralarında narazılıqlar yaranmışdır. 2023-cü ilin may ayının axırlarından isə faktiki olaraq ayrı yaşayırlar və ər-arvad münasibətləri yoxdur. Cavabdeh həmin vaxtdan uşağın saxlanmasında iştirak etmir və lazımi maddi köməklik göstərmir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Tərəflər faktiki olaraq ayrı yaşayırlar. Tərəflərin birgə faktiki nikahından olan xx.xx.2022-ci il təvəllüdlü X5 uşağın saxlanması üçün cavabdeh kömək göstərmir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı aliment tələbində haqlıdır. Lakin tələb olunan məbləğdə aliment ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması sübut olunmadı. Birinci instansiya məhkəməsi tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün hər ay uşaq üçün 190 manat məbləğdə aliment müəyyən edilməsi məqsədə uyğun sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də alimentin tutulmasına xx.xx.2023cü ildən başlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 42,8 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat pul Cavabdeh tutulub İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 100.2-ci maddələri, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsi, Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3, 5 və 8-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1.3, 119.2 və 234.2.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(051)-1899/2023 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş , Cavabdeh xx.xx.2022- ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa 190 ( bir yüz doxsan ) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. O, təyin edilmiş alimentin məbləğini həddən ziyadə çox hesab edir. Həmin məbləği o, heç bir halda ödəyə bilməyəcək. Məhkəməyə bununla bağlı etiraz ünvanlamış və ancaq 100 manat məbləğində aliment pulu ödəyə biləcəyini Məhkəmənin diqqətinə çatdırmışdır. O, heç bir yerdə işləmir. İşsiz kimi qeydiyyatdadır. Övladının saxlanması üçün aliment ödəməkdən yayınmır. Lakin imkanları daxilində. Çünki, qəbul edilmiş qətnamənin icrası məcburidir və onun imkanları xaricində təyin edilmiş aliment məbləğini o, heç bir halda ödəyə bilməyəcək. Birinci instansiya məhkəməsində azyaşlı uşağın saxlanması üçün, ondan 190 manat məbləğində alimentin tutulmasını təyin etmişdir. Həmin məbləğin nəyə istinadən təyin edilməsi halı heç bir sübuta söykənmir. Birinci instansiya məhkəməsində təyin edilmiş alimentin məbləği işin hallarına uyğun deyildir. Çünki, məhkəmə elə bir məbləğ müəyyən etməli idi ki, həmin məbləği cavabdeh tərəf ödəyə bilsin. İcrası mümkün olmayan qətnamənin qəbul edilməsinin, hesab edir ki, qanuni və əsaslı ola bilməz. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-1899/2023 saylı qətnaməsində dəyişiklik edilməsini və ondan xx.xx.2022- ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa 190 məbləğində təyin edilmiş alimentin məbləğini dəyişdirərək 100 manata endirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram göndərərək qeyd etmişdir ki, uşağı Gəncə şəhərində başından müalicə aldığı üçün məhkəmə iclasında iştirak edən bilməyəcəyini və növbəti iclasda mütləq iştirak edəcəyini bildirmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək qeyd etmişdir ki, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və növbəti iclasda iştirak edəcəyini bildirmişdir. Lakin tərəflər məhkəməyə gəlməmələrinın üzürlü səbəbləri barədə heç bir sübut göndərməmişdirlər. Ona görə də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiya «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Qanun: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-1899/2023 saylı qətnaməsində dəyişiklik edilməsini və ondan xx.xx.2022- ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa 190 manat məbləğində təyin edilmiş alimentin məbləğini dəyişdirərək 100 manata endirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı qismən mübahisələndirilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(051)-1899/2023 saylı qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(051)-1899/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflərin xx.xx.2020-ci ildə faktiki ailə qurmuşdur və onun valideynləri ilə birgə yaşadığı Yevlax rayonu Rüstəmli kəndinə gəlin köçmüşəm, nikahları rəsmiləşdirilməyib. Birgə yaşayışlarından xx.xx.2022-ci il təvəllüdlü Amir adlı bir oğulları anadan olub. Mingəçevir regional “ASAN xidmət” X1 tərəfindən Cavabdeh oğlu Amirin atası hesab edilməsinə dair atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2022-ci ilin aprel ayının 18 günündə 43 № ilə qeyd edilmişdir. İlk vaxtlar mehriban yaşasalar da, sonradan cavabdehin anası Vüsalə Orucovanın təqsiri üzündən aralarında narazılıqlar yaranmışdır. 2023-cü ilin may ayının axırlarından isə faktiki olaraq ayrı yaşayırlar və ər-arvad münasibətləri yoxdur. Cavabdeh həmin vaxtdan uşağın saxlanmasında iştirak etmir və lazımi maddi köməklik göstərmir. Ona görə də məhkəmədən Cavabdeh 20 mart 2022-ci ildə anadan olmuş övladları X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirir və qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, 2023-cü il üçün uşaqlar üçün müəyyən edilmiş 220 manat aliment məbləğini nəzərdən keçirdikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi alimentin məbləğini 190 manat qət etməklə əslində hər iki tərəfin mənafeyini nəzərə almışdır. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, alimentin müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən edilməsi nəticəsinə gələrkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq alimentin miqdarının müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(051)-1899/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(051)-1899/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar