Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-135/2021 11.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və onun vəkili X2 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-565/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi verərək xx xxxxxxxx 2015-ci il tarixli 1S-3411 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-565/2020 saylı qətnаməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh iddiaçının qızıdır. İddiaçı yaşlı olub əldən düşdüyü üçün mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən ümumi sahəsi 118 kvm, yaşayış sahəsi 47,5 kvm ibarət evini cavabdeh olan qızı Cavabdeh bağışlamaq fikrinə düşmüşdür. Belə ki, cavabdeh iddiaçıya bildirmişdir ki, evi ona bağışlayacağı təqdirdə ona sonacan baxaraq bütün xərclərini qarşılayacaqdır. İddiaçı da cavabdehə inanıb xx xxxxxxxx 2015-ci il tarixdə mülkiyyətində olan evini cavabdehə bağışlamışdır. Bundan bir müddət keçdikdən sonra qızı artıq onu tanımaq istəməmişdir. Onun 84 yaşı vardır. Cavabdeh onu tənha qoyaraq çıxıb getmişdir. Sonradan o başa düşmüşdür ki, qızının niyyəti evi ələ keçirmək olubmuş. İddiaçının qızı üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən hesab edir ki, bağışlama müqaviləsi ləğv olunmalı, ev onun mülkiyyətində qalmalıdır. Odur ki, göstərilənlər nəzərə alınaraq Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-565/2020 saylı qətnаməsi ləğv edilərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən ümumi sahəsi 118 kvm, yaşayış sahəsi 47,5 kvm ibarət evini cavabdeh olan qızı Cavabdeh bağışlamaq fikrinə düşmüşdür. Cavabdeh iddiaçıya bildirmişdir ki, evi ona bağışlayacağı təqdirdə ona sonacan baxaraq bütün xərclərini qarşılayacaqdır. İddiaçı da cavabdehə inanıb xx xxxxxxxx 2015-ci il tarixdə mülkiyyətində olan evini cavabdehə bağışlamışdır. Bundan bir müddət keçdikdən sonra qızı artıq onu tək qoyaraq Şəmkir rayonuna getmişdir. Evə gələndə isə onu təhqir edərək dəsmalla ağzını bağlamış, dəfələrlə döymüşdür. Evdə tək qala bilmədiyindən oğlunun kirayədə yaşadığı evə köçmüşdür. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh və nümayəndəsi X1 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Eyni zamanda Cavabdeh əlavə olaraq bildirmişdir ki, həqiqətən bağışlama müqaviləsindən sonra Şəmkir rayonuna oğlunun yanına köçmüş, hal-hazırda da Şəmkir rayonunda yaşayırlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə və onun vəkili X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-565/2020 saylı qətnаməsi ləğv edilərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh hazırkı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-565/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbаycаn Respublikаsının Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən fiziki və hüquqi şəxslər mülki hüquqlаrı öz mənаfelərini gerçəkləşdirmək üçün irаdələrinə uyğun olаrаq əldə edir və həyаtа keçirirlər. Onlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvericiliyə zidd olmаyаn hər hаnsı müqаvilə şərtləri qoymаqdа sərbəstdirlər. Həmin Məcəllənin 666.1-ci mаddəsinə əsаsən bаğışlаmа müqаviləsi sаğ ikən bаğlаnаn elə müqаvilədir ki, onun əsаsındа hədiyyə verən öz əmlаkının bir hissəsini bаğışlаmаqlа hədiyyə аlаnı zənginləşdirir, həm də bu cür bаğışlаmа hədiyyə аlаn tərəfindən heç bir cаvаb xidməti ilə şərtləndirilmir. Bаğışlаmа müqаviləsi hədiyyə аlаnın hədiyyəni qəbul etməsi ilə bаğlаnmış sаyılır. Əgər bаğışlаmа öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimаl olunur. Həmin Məcəllənin 668.1.1-ci mаddəsinə əsаsən bаğışlаmаnın etibаrlı hesаb edilməsi hаllаrındаn biri də dаşınmаz əşyаlаrın və həmin əşyаlаrа hüquqlаrın bаğışlаnmаsı zаmаnı bаğışlаmа müqаviləsinin notаriаt qаydаsındа təsdiqlənməsidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bağışlama müqaviləsinin ləğvi üçün tələb olunan əsaslardan heç biri hazırki iş üzrə yaranmış münasibətlərdə yoxdur və iddiaçı müqavilədən imtina etməkdə və ya onun ləğvini tələb etməkdə haqlı deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçının qızıdır. İddiaçı yaşlı olub əldən düşdüyü üçün mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən ümumi sahəsi 118 kvm, yaşayış sahəsi 47,5 kvm ibarət evini cavabdeh olan qızı Cavabdeh bağışlamaq fikrinə düşmüşdür. Belə ki, cavabdeh iddiaçıya bildirmişdir ki, evi ona bağışlayacağı təqdirdə ona sonacan baxaraq bütün xərclərini qarşılayacaqdır. İddiaçı da cavabdehə inanıb xx xxxxxxxx 2015-ci il tarixdə mülkiyyətində olan evini cavabdehə bağışlamışdır. Bundan bir müddət keçdikdən sonra qızı artıq onu tanımaq istəməmişdir. Cavabdeh onu tənha qoyaraq çıxıb getmişdir. İddiaçının qızı üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. Bu baxımdan, bir çox dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında sosial cavabdehlik prinsipi öz əksini tapmışdır. Bu prinsipə görə yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur (Konstitusiyanın 38-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İnsanın şəxsiyyət kimi formalaşmasında, müəyyən bir həyat tərzinə və əxlaqi keyfiyyətlərə yiyələnməsində yaşadığı mühitin rolu böyükdür. Cəmiyyətin əsas özəyi olan ailənin və onun bütün üzvlərinin, inkişafının və rifahının müdafiə edilməsi və dəstəklənməsi sağlam, etibarlı ailə münasibətlərinin qorunması baxımından zəruridir. Ailənin sağlam və etibarlı olması ailə üzvləri arasında qarşılıqlı məhəbbət, hörmət, məsuliyyət və yardımlaşma səviyyəsindən birbaşa asılıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 90-cı maddəsinə əsasən əmək qabiliyyətli olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər. Mülki Məcəllənin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, İddiaçı cavabdehin anasıdır. Ev cavabdehə bağışlandıqdan sonra cavabdehin iddiaçıya qarşı münasibəti dəyişmiş, onun səhhəti ilə maraqlanmamış, milli mentalitetdən, uzun illərlə formalaşmış ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozaraq, iddiaçını kimsəsiz və köməksiz qoyaraq evdən getmişdir. Halbuki, iddiaçı ilə cavabdeh biri-birini saxlamaq vəzifəsi daşıyan şəxslər kateqoriyasına daxildirlər. Cavabdeh isə iddiaçıya münasibətdə ailə hüquq münasibətlərdən irəli gələn digər öhdəliklərə əməl etməmiş və nəticədə ailə hüquq münasibətlərdən irəli gələn vəzifələri kobudcasına pozmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin İİ hissəsinə əsasən Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-565/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, xx xxxxxxxx 2015-ci il tarixli, 1S-3411 reyestr nömrəli bağışlama müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)- 565/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, xx xxxxxxxx 2015-ci il tarixli, 1S-3411 reyestr nömrəli bağışlama müqaviləsi ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-565/2020 saylı qətnаməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. xx xxxxxxxx 2015-ci il tarixli, 1S-3411 reyestr nömrəli bağışlama müqaviləsi ləğv edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-135/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-135/2021
11.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver