Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1361/2021 07.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 İsmayil qızı, İddiaçı3, X4 və İddiaçı5 cavabdeh X5 qarşı “tikilinin sökülməsi və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(046)-59/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 İsmayil qızı, İddiaçı3, X4 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(046)-59/2021 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia rədd olunmuş, iddiaçılar İddiaçı1, İddiaçı2 İsmayil qızı, İddiaçı3, X4 və İddiaçı5 mülkiyyətlərində olan 0.68 ha torpaq sahəsində cavabdeh X7 tərəfindən qanunsuz olaraq tikilmiş eni 4 metr, uzunluğu 7 metr olan talvarın sökülməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində 177879 manat məbləğində əldən çıxmış faydanın cavabdeh X2 alınaraq onlara verilməsi barədə tələbinin təmin edilməməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 142.86 manat məhkəmə xərcinin İddiaçı1 Aburəhman oğlundan alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilməsi, iş üzrə ekspertiza xərci olan 100 manatın İddiaçı1 Aburəhman oğlundan alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi, qətnamənin icrasının məhkəmə xərclərinə dair hissədə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2 İsmayil qızı, İddiaçı3, X4 və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət mülkiyyətlərində olan 0.68 ha torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş eni 4 metr, uzunluğu 7 metr olan talvarın sökülməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində 177879 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 Aburəhman oğlu iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayonu Cəyirli kəndində DƏDXR-nin çıxarışına əsasən 0.68 ha torpaq sahəsi onun və digər iddiaçıların mülkiyyətinə verilmişdir. Qeyd edilən torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq talvar inşa edilmişdir. Həmin talvarın sökülməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etmiş, lakin cavabdeh öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdehin qanunsuz olaraq ona məxsus torpaq sahəsində talvar tikdirməsi nəticəsində 177.879 manat əldən çıxmış fayda vardır. Buna görə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İş üzrə cavabdeh X7 iddianı qəbul edərək göstərmişdir ki, iddiaçılara məxsus xüsusi mülkiyyətdə olan Göyçay rayon Cəyirli kəndində yerləşən 0.68 ha torpaq sahəsində talvar inşa etməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə digər iddiaçılara məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin iddiaçılar məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, İddiaçı2 İsmayil qızı, İddiaçı3, X4 və İddiaçı5 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2 İsmayil qızı, İddiaçı3, X4 və İddiaçı5 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, iddia ərizəsinə qanuni qüvvəyə minmiş 7 (yeddi) məhkəmə qərarı, Göyçay rayon İcra bölməsinin 20.10.2015 ci -il tarixli aktını, Əmlak Məsələləri Komitəsinin 3(üç) fərqli qurumunun birgə təıtib etdikləri 15.02.2017-ci il tarixli aktını, Dövlət Statistika Komitəsinin 28.11.2019-cu il tarixli 02/1-7823 saylı məktubunu və əlavə olaraq sübut xarakterli bir neçə sənəd əlavə etmişdilər. Həmin sübutların birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaması bir tərəfə, ümumiyyətlə qətnamə qəbul edilərkən sübutlar yoxmuş kimi gizlədilmiş, bir cümlə belə münasibət bildirilməmişdir. Qətnamədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində, xxxx MMC-nin Ağsu LTT-nin 25.08.2020 ci il tarixli mütəxəssis rəyinə istinad edilmişdir ki, həmin rəydə Cavabdeh tərəfindən tikilmiş talvarın bizim torpaq sahəmizə düşmədiyi göstərilmişdir. Məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının 30.12.2020-ci il tarixli rəyində də Ağsu LTT-nin mütəxəssis rəyinə istinad edilmişdir. Halbuki, talvarın müəyyən hissəsinin onların torpaq sahəsinə düşməsini Ağsu LTTnin müdiri Yaqub İskəndərov bildirmiş, hazırki rəy də onun diqtəsi ilə hazırlanmışdır. Necə olur ki, eyni şəxs ayrı-ayrı vaxtlarda iki fərqli fikir, rəy bildirir. Həmin rəydən sonra DƏDRX-nin 16 saylı ərazi idarəsinə gediblər, qəbul zamanı idarənin rəhbərliyi talvarın müəyyən hissəsinin onların əraziyə düşməsini təsdiqləmiş, məhkəmədən sorğu gələcəyi halda həmin faktı təsdiq edən rəy verə biləcəklərini qeyd etmişlər. Bu məsələ ilə bağlı məhkəməyə bildirsələr də, ərizə versələr də, məhkəmə hakimi İbrahim Fəttahov onlara acıqlanmaqla bu məsələyə də münasibət bildirməmişdi. Bundan əlavə, məhkəmə qətnaməsində əldən çıxmış fayda hissəsi güya onlar tərəfindən mötəbər sübut təqdim edilməməsinə görə təmin edilməmişdir. Halbuki, iddiyaya əlavə edilmiş məhkəmə qərarları, aktlar, digər sənədlər əldən çıxmış faydanı tam olaraq sübuta yetirir, yəni cavabdeh X6 qanunsuzluqları nəticəsində 2004-cü ildəh 2017-ci ilədək torpaq sahəsindən istifadə edə bilməməkləri aydın görünür. Həmçinin məhkəmə tərəfindən əldən çıxmış fayda hissəsinə münasibət bildirilməyəcəyi təyin edilmiş ekspertizadan da məlum olur. Çünki iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilməli olduğu halda, məhkəmənin əvvəlcədən gəldiyi qənaətə görə ehtiyac qalmamışdır. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(046)-59/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2 İsmayil qızı, X4, İddiaçı5 və cavabdeh X5 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 İsmayil qızı, İddiaçı3, X4 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(046)-59/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Göyçay rayonu Cəyirli kəndində 0.68 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 Aburəhman oğlunun, İddiaçı2 İsmayil qızının, İddiaçı3, X1 və İddiaçı5 adına, daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA Seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Göyçay rayonu Cəyirli kəndində 1.20 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X3 adına dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 25.08.2020-ci il tarixli rəyindən görünür ki, Naturada mövcud olan mübahisəli talvar iddiaçıların mülkiyyətinə verilmiş RX seriyalı №0743267 çıxarışın ayrılmaz hissəsi olan 0.68 ha torpaq sahəsinin koordinatlarını əks etdirən A№306359 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinə düşmür. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 142.86 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 30.12.2020-ci il tarixli 10/4047 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” MMC-nin Ağsu LTİ-nin mütəsəssis rəyinən əsasən, Göyçay rayonunun Cəyirli kəndində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş talvar iddiaçıların mülkiyyətinə verilmiş 0.68 ha torpaq sahəsinə düşmədiyi müəyyən edilmişdir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ekspert rəyinə əsasən RX ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə iddiaçıların mülkiyyətinə verilmiş 0.68 ha torpaq sahəsində cavabdeh tərəfindən talvar tikilməmişdir. Məhkəmə baxışı zamanı İddiaçı1 Aburəhman oğlu ümumi-birgə mülkiyyətdə olan 0.68 ha torpaq sahəsində cavabdeh X7 tərəfindən talvar tikilməsinə və bunun nəticəsində 177.879 manat məbləğində əldən çıxmış faydanın mövcud olduğuna dair heç bir mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməli, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 142.86 manat məhkəmə xərcinin İddiaçı1 Aburəhman oğlundan tutularaq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin hesabına keçirilməli, iş üzrə ekspertiza xərci olan 100 manat İddiaçı1 Aburəhman oğlundan tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçılar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı1, İddiaçı2 İsmayil qızı, İddiaçı3, X4 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(046)- 59/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 İsmayil qızı, İddiaçı3, X4 və İddiaçı5 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(046)-59/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1361/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1361/2021
07.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver