Məhkəmə qərarları › İş №2(107)-1364/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1364/2022

01.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1364/2022 01.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- aliment tələbi) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 2(039)-1894/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsindən iddiaçı Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı aliment tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş arvadıdır. O, cavabdeh ilə ailəli olmuşdur. Onların ailəli olduğu dövrdə xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Yevlax Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən onunla cavabdehin arasında bağlanmış nikah pozulmuş və birgə nikahlarından olan uşaqları onun himayəsində qalmaları müəyyən edilmişdir. Hazırda uşaqların hər ikisi onun himayəsindədirlər. Cavabdeh hazırda uşaqların saxlanılmasında iştirak etmədiyinə, onların maddi tələbatlarını təmin etmədiyinə, uşaqların qayğısına qalmamaqla öz valideyinlik borcunu yerinə yetirməkdən yağındığına görə onun uşaqların saxlanılmasında iştirak etməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 2(039)-1894/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsi ilə (hakim K.Əliyev) iddianın qismən təmin edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 avqust 2022-ci il tarixindən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməli olan dövlət rüsumunun əvəzi - 30 (otuz) manat Cavabdeh dövlət büdcəsinin xeyrinə tutulması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli nikah qeydi pozulmuş və tərəflərin birgə nikahdan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 İddiaçı yanında saxlanılması qət edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Hazırkı halda xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, aliment barədə iddiaçının tələbi qismən təmin olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1-ci, 78.1-ci, 100.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 234.2.1-ci maddələri, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, artıq uzun müddətdir ki, iddiaçı ilə onun arasında olan münasibətlər pozulmuşdur, xx.xx.2021- ci il tarixdə isə aralarında olan rəsmi nikah ləğv edilmişdir. Hazırda o yenidən ailə həyatı qurmuşdur. 18 həftəlik hamiləliyi vardır. İş qüvvəsi yoxdur. Hazırkı vəziyyətində iddiaçının ondan aliment tələbi, əslində maddi maraqları ilə bağlı deyildir. İddiaçı, məqsədli olaraq , guya ki, onu cəzalandırmaq istəyir. Və sırf bu nöqteyi – nəzərdən də bu iddia tələbini irəli sürmüşdür. Aliment tələbi ilə bağlı iddialar davam edən münasibətlərdən doğur. Onun hamiləlik dönəmində, daha sonra isə, yenidən övlad sahibi ola bilərsə, yəqin ki, uzun müddət iş qüvvəsi olmayacaqdır. Və o aliment öhdəliklərini yerinə yetirə bilməyəcəkdir. Lakin daha ədalətli olardı ki, ona qarşı bu iddia onun iş qüvvəsinin olduğu zaman irəli sürülsün. Sırf onu cəzalandırmaq üçün irəli sürülmüş iddia tələbi hüquqi dəyərləndirmə baxımından düzgün hesab edilsə də , hesab edir ki, işin faktiki halları iddia tələbinin formal olaraq irəli sürüldüyünü təstiq edir. Hazırkı mərhələdə, yəni onun 18 həftəlik hamiləlik dövründə iş üzrə, qəbul edilmiş məhkəmə qətnaməsi ədalətsiz olmaqla yanaşı, həm də qanunsuz və əsassızdır. İddia tələbinə birinci instansiya məhkəməsində baxılarkən hakim , iddiaçı tərəfə izah etməli idi ki, hazırda və ola bilsin ki, uzun müddət bundan sonrakı dövrdə onun iş qüvvəsi olmayacaqdır və qəbul edilmiş qətnamənin icrası çətinlik törədəcəkdir. Qəbul edilən hər bir məhkəmə aktı Azərbaycan Respublikası adından qəbul edilir və onun icrası məcburidir. Lakin, bu hal da qanunvericilikdə nəzərdə tutulmuşdur ki, 8 yaşınadək uşağı olan analar iş qüvvəsi olmayan hesab edilirlər. Onun hamiləlik dövründə və övladı sağ – salamat dünyaya gələrsə , uzun müddət iş qüvvəsi olmayan şəxs statusundadır. Belə olan halda, qəbul edilmiş məhkəmə qətnaməsinin ondan asılı olmayan səbəblərdən icrasının qeyri-mümkünlüyü, hakim tərəfindən iddiaçıya izah edilməli idi. Əfsuslar olsun ki, işə birinci instansiya məhkəməsində baxılarkən MPM–nin 14.1-ci maddəsinin tələbləri pozulmuşdur. O işə birinci instansiya məhkəməsində baxılarkən hakimə hamilə olduğunu bildirmişdir . Lakin, onun səhhətinin qeyd edilən vəziyyəti iş materiallarına əlavə edilmədi. O hamiləliyi ilə bağlı “GİNEKOLOJİ ULTRASMƏSÜAYİNƏSİ “ni apellyasiya şikayətinə əlavə edərək səhhətində baş vermiş dəyişikliyi və son məlumatları məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir. Odur ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-1894/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-1894/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanun: Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Yevlax Rayon Məhkəməsinin 2(039)- 1894/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsinin qismən - iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-1894/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli nikah qeydi pozulmuş və tərəflərin birgə nikahdan olan övladları - xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 İddiaçı yanında saxlanılması qət edilmişdir. Apellyator verdiyi apellyasiya şikayətində qeyd edir ki, hazırda o yenidən ailə həyatı qurmuşdur. 18 həftəlik hamiləliyi vardır. İş qüvvəsi yoxdur. Onun hamiləlik dönəmində, daha sonra isə, yenidən övlad sahibi ola bilərsə, yəqin ki, uzun müddət iş qüvvəsi olmayacaqdır. Və o aliment öhdəliklərini yerinə yetirə bilməyəcəkdir. Lakin daha ədalətli olardı ki, ona qarşı bu iddia onun iş qüvvəsinin olduğu zaman irəli sürülsün. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, cavabdeh yuxarıda qeyd edilən dəlilləri əsası gətirməklə, iddianın rədd edilməsini tələb etməkdə haqlı deyildir. Belə ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını diqqətə çatdırır. Ona görə də kollegiya hesab edir ki, cavabdehin qeyd etdiyi hallar onu uşaqları saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir, əksinə uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaitin, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Kollegiyaya görə, iddiaçı ilə cavabdehin nikahları pozulmuş və həmin vaxt uşaqların hər ikisi yetkinlik yaşına çatmamaqla azyaşlı olmuşlar. Yevlax Rayon Məhkəməsinin 2(039)-1247/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahdan olan övladları - xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 İddiaçı yanında saxlanılmışdır. Onlara atası baxaraq qayğı göstərmişdir. Həmin müddət ərzində cavabdeh heç bir ödəniş etməmişdir. Nəticədə iddiaçı uşaqların həm maddi, həm də mənəvi təlabatını təkbaşına təmin etmişdir. Buradan irəli gələrək demək olar ki, azyaşlı uşaqların saxlanılması üçün alimentin ödənilməsi məhkəmə qərarı ilə qət edilmiş, lakin borclu tərəfindən heç bir üzrlü səbəb olmadan aliment məbləğini ödəməməmiş, əvəzinə ödəməli olduğu aliment məbləğindən azad edilməsi barədə məhkəmə müraciət etmişdir. Bundan başqa apellyator verdiyi apellyasiya şikayətində yenidən ailə qurduğunu,hamilə olduğunu, hamiləlik dönəmində, daha sonra isə, yenidən övlad sahibi ola bilərsə, yəqin ki, uzun müddət iş qüvvəsi olmayacağını bildirsə də, bu hallar onu uşağı saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin aliment məbləğindən azad edilməsi barədə şikayəti əsassızdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli,iş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-1894/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-1894/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar