Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1375/2022 29.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair (Açar sözlər: apellyasiya icraatına xitam) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(035)-577/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş nikah haqqında çıxarışdan görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Şıxəliyev, arvada Şıxəliyeva soyadı verilmişdir. Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X6 doğulmuşdur. Mediator Z.Abdullayev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MŞİH-19334 nömrəli “mediasiya prosesinə xitam verilməsi barədə” protokoldan görünür ki, İddiaçı məsələnin həlli ilə bağlı mediatora müraciət etsə də, məsələnin mediasiya qaydasında həlli mümkün olmamışdır. M.Füzuli adına Məlikumudlu kənd tam orta məktəbinin direktoru tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 06 saylı arayışdan görünür ki. Cavabdeh Zərdab rayonu M.Füzuli adına Məlikumudlu kənd tam orta məktəbində ixtisası üzrə müəllim işləyir və orta hesabla aylıq əmək haqqı 577.00 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı övladları xx.xx.2014-cii il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh X1 pul məbləğində hər uşağa görə 193 manat, cəmi 386 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahdan iki uşaqları- xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X6 anadan olmuşdur. Əvvəllər tərəflərin münasibətləri normal olmuş, lakin sonradan pisləşmişdir. Cavabdeh onun hər bir hərəkətinə deyinmiş, geyiminə qarışmış, telefondan istifadəsinə, anasıgilə, qohumlarıgilə gedib gəlməsinə vaxt məhdudiyyəti qoymuş, qısqanclıq səbəbindən ailədə mütamadi olaraq söz-söhbət yaratmış, onu arvadı kimi deyil, qul kimi hesab etmişdir. O, xx.xx.2022-ci il tarixdən cavabdehdən ayrılaraq ata evinə qayıtmış və hazırda uşaqlarla birlikdə ata evində yaşayır. Cavabdeh Məlikumudlu kəndində müəllim işləyir, iddiaçı da həmin məktəbdə ibtidai sinil müəllimi işləyir. Hazırda cavabdeh uşaqlarına maddi köməklik göstərmir. Cavabdeh uşaqlarına aliment verməlidir, onların minimum ehtiyaclarını ödəməlidir. Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 19 sentyabr 2022-ci il tarixli, 2(035)-577/2022 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına yatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 43.08 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından iki uşaqları - xx.xx.2014cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər xx.xx.2022-ci il tarixdən ayrı yaşayırlar. Uşaqlar iddiaçının (ananın) yanında qalır. Tərəflərin arasındakı nikahın pozulmasına dair Zərdab Rayon Məhkəməsinin icraatında mülki iş var. Cavabdeh M.Füzuli adına Məlikumudlu tam orta kənd məktəbində müəllim işləyir, onun aylıq əmək haqqı 577.00 manat təşkil edir. O cümlədən iddiaçı həmin məktəbdə müəllim işləyir. Göründüyü kimi qanunverici valideyinin qazancı və ya sair gəlirinin olmadığı, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkün olmadığı təqdirdə hər ay ödənilməli olan alimentin sabit pul məbləğində tutulmalı olmasını təsbit etmişdir. İşin yuxarıda müəyyən olunan hallarından görünür ki. cavabdeh M.Füzuli adıa Məlikumudlu tam orta kənd məktəbində müəllim işləməklə aylıq sabit qazanca malikdir və alimentin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkündür. Ona görə də məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və sadalanan qanunvericilik normalarının müddəalarına rəhbər tutaraq hesab edir ki, cavabdehdən uşaqların saxlanması üçün onun qazancından (gəlirindən) müəyyən hissə kimi, yəni qazancının (gəlirinin) 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçıya verilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə, Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1 və 75.4-cü, 76.1, 76.1.2-ci, 78.1, 100.2-ci, 112.1.3 və 234.2.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2, 9.1.2 və 9.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını araşdırmadan, həqiqi vəziyyəti bilmədən, yalnız cavabdehin doğru olmayan məlumatlarını əks etdirən ifadələrə istinad etməklə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Aşağıdakı dəlillərə və hüquqi aktlara görə məhkəmənin qərarı tamamilə qanunsuz və əsassızdır. Ona görə də, qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Birinci instansiya məhkəməsi düzgün araşdırma aparmadan və ya bunu etmək istəmədiyindən cavabdehin Zərdab rayonu M.Füzuli adına Məlikumudlu kənd tam orta məktəbində müəllim işlədiyini və onun 577,0 manat əmək haqqı almasını qətnamədə qeyd etmişdir. Halbuki 04 oktyabr 2022-ci il tarixli vəkil sorğusuna əsasən alınmış 05 oktyabr 2022-ci il tarixli, 12 saylı arayışa əsasən cavabdeh cəmi 249,6 manat əmək haqqı alır. Cavabdehin başqa gəliri də yoxdur. Qeyd edilənlərə əsasən hesab edir ki, Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(035)-577/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi, yəni azyaşlı övladlarının -19 sentyabr 2014-cü il təvəllüdlü X4 və 12 may 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh sabit pul məbləğində bir uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, iki uşağa görə cəmi 386 (üç yüz səksən altı) manat alimentin tutularaq ona verilməsi barədə yeni qətnamə çıxarılmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə iclasəna gəlməmişlər. İddiaçı məhkəməyə 11 noyabr 2022-ci il tarixdə ərizə ünvanlayaraq, həyat yoldaşı Ehtiram Şıxaliyevlə barışdığını, hazırda bir evdə yaşadıqlarını və cavabdehə qarşı heç bir şikayəti və tələbin olmamasını bildirmişdir. Ona görə də Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(035)- 577/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinindən imtina etdiyini və apellyasiya şikayətin geri qaytarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı 28 noyabr 2022-ci il tarixdə məhkəməyə teleqarm ünvanlayarq, cavabdeh tərəflə barışdığı üçün apellyasiya şikayətinə baxılmamasını xahiş etmiş və bununla bağlı notarial qaydada ərizəni məhkəməyə göndərdiyini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(035)-577/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də kollegiya Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(035)- 577/2022 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən iddiaçı tərəfin apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, apellyasiya şikayətlərindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(035)-577/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1375/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1375/2022
29.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver