Məhkəmə qərarları › İş №2(107)-1423/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1423/2020

11.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1423/2020 11.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X4 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-323/2020 nömrəlii qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixdə doğulmuş X3 və xx xxxxxx 2016-cı ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-323/2020 nömrəlii (hakim H.Səlimov) qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxxxx 2015-ci ildə anadan olmuş X3 və xx xxxxxx 2016-cı ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Alışov X8 Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-323/2020 nömrəlii qətnaməsindən apelyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 2014-cü il tarixdə qeyri-rəsmi nikahla Cavabdeh ilə evlənmişdir. Nikahlarını xx xxxx 2015-ci ildə 53 nömrə ilə Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə xx xxxxxxxx 2015-ci ildə X7 və xx xxxxxx 2016-cı ildə X10 adında iki uşaqları olmuşdur. Cavabdehlə evləndikdən sonra onunla aralarında ailə məişət zəminində mübahisələri yaranmış, teztez aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Cavabdehin anası və bacısı onların ailə işlərinə qarışmış, onu təhqir etmiş, incitmişlər. Əri Cavabdeh isə anası və bacısının xatirinə bu hərəkətlərə müdaxilə etməmişdir. O da uzun müddət bu hallarla barışıb oturmalı olmuşdur. Bütün bu hallar uşaqların təlim-tərbiyəsinə, eyni zamanda ona pis təsir göstərmişdir. Buna görə də onunla ailə münasibətləri uzun sürməmişdir. xx xxxxxx 2020-ci ildə cavabdehdən ayrılaraq atasına evinə qayıtmışdır. Hazırda cavabdehlə birgə nikahlarından olan uşaqlar onun himayəsindədirlər. X1 rayon Polis Şöbəsində işləyir, uşaqlara baxmağa kifayət qədər imkanı vardır. Lakin o, uşaqlara baxmaq üçün ona maddi köməklik göstərmir. Ona görə da aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla, hərtərəfli araşdırma aparmadan əsassız qətnamə qəbul etmişdir. Belə ki, o iddianı qəbul etmir, tutulan alimentin məbləği düzgün deyil. Məhkəmə qətnaməni qəbul edərkən onun Balakən RPŞ-da işlədiyini və 600 manat əmək haqqı aldığını nəzərə almadan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq qazancın başqa gəlirlərinin üçdə bir hissəsi kimi yox sabit pul məbləğində müyyən etmiş, nəticədə prosessual hüquq normalarını pozmuşdur. Ona görə də Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)- 323/2020 nömrəli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hər ay bir uşaq üçün 150 manat, cəmi 300 manat məbləğində alimentin ondan tutulması qənaətinə gələrkən səhvə yol vermişdir. Belə ki, əgər Ailə Məcəlləsinin tələbinə görə ondan 2 uşağa görə qazancının 1/3 hissəsi tutulsaydı bu 200 manat təşkil edərdi. Lakin birinci instansiya məhkəməsi ondan 300 manat aliment tutulması qənaətinə gəlmişdir. Halbuki iddiaçı özü də işləyir və 300 manatdan çox aylıq əmək haqqı alır. Hazırda özünün himayəsində qoca və xəstə anası və bir nəfər də bacısı var. Bundan əlavə o bir ata kimi uşaqlarına qayğı göstərməkdən imtina etmir, hər bayram və ad günlərində uşaqlara əlavə qayğı göstərəcəkdir. İddiaçı sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, alimentin məbləğinin hər ay bir uşaq üçün 100 manat, cəmi 200 manat məbləğində müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, düzdür o özü də Balakən rayon Xəstəxanasında kompüter mütəxəssisi vəzifəsində işləyir və 340 manat əmək haqqı alır. Lakin bunun cavabdehə heç bir aidiyyəti yoxdur. Çünki cavabdeh bir ata kimi öz üzərinə düşən vəzifəni həyata keçirməli və müəyyən olunmuş alimenti ödəməlidir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin dəyişdirilməsinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, alimentin məbləği dəyişdirilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 015550 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında xx xxxx 2015-ci il tarixdə 53 nömrə ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Alışova soyadı verilmişdir. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 830750 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx xxxxxxxx 2015-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZ- İİİ seriyalı 899223 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 xx xxxxxx 2016-cı il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. DİN-i Balakən RPŞ-nin xx.xx.2020-ci il tarixli,109-12004-1220 nömrəli arayışın məzmunundan müəyyən edildi ki, Alışov X8 RPŞ-in MSY-nin polis nəfəri, polis baş serjantı olmaqla aylıq təminat xərcliyi (vəzifə maaşı, rütbə maaşı, xidmət illəri, ərzaq payı əvəzi) 659.20 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaq-la-rın qayğısına qal-maq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nə-zarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də bor-cudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən; 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır(8.4-cü bənd). Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın(gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa(məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə uşaqların olması və.s) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi(məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqında qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqında yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. (8.6-cı bənd). Apelyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayət qətnamənin ləğv edilməsi üçün əsaslı olmasa da, dəyişdirilməsi üçün əsaslıdır. Belə ki, birinci instаnsiyа məhkəməsi аlimentin miqdаrını müəyyən edərkən cavabdehin özünün də işləməsini, kifayət qədər aylıq qazancının olmasına, müəyyən edilmiş alimentin məbləğinin Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələbi ilə uzlaşmamasına xüsusi diqqət yetirməmişdir. Düzdür, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşaqları saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin apelyasiya şikayətində göstərdiyi, o cümlədən onun himayəsində digər şəxslərin olması kimi dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi atanın da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Lakin yuxarıda qeyd olunanlarla yanaşı, işin faktiki halını da nəzərə almaq lazımdır. Belə ki, iş materialları ilə sübut olunur ki, cavabdeh rəsmi işləməklə 659.20 manat məbləğində aylıq maaş alır. İddiaçı özü də daimi işə malik olmaqla 340 manat məbləğində aylıq maaş alır. Deməli, hər iki valideyn özü-özlüyündə kifayət qədər qazanca malik olmaqla uşaqlarını normal saxlamaq imkanına malikdirlər. Ona görə də məhkəmə kollegiyası bütün yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, xx xxxxxxxx 2015-ci ildə anadan olmuş X3 və xx xxxxxx 2016-cı ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin məbləği dəyişdirilərək hər ay bir uşaq üçün 120 mаnаt, cəmi 240 manatdan az olmamaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Mülki Prоsessuаl Məcəllənin 384.0.3-cü mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsini dəyişdirə bilər. Оnа görə də məhkəmə kollegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyəti qismən təmin edilməli, birinci instаnsiyа məhkəməsinin qətnаməsi tutulmаlı оlаn аlimentin miqdаrı hissəsində dəyişdirilməli və аliment hər ay hər uşaq üçün 120 mаnаt miqdаrındа müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 404.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, hazırki iddia tələbi tələbinin qiyməti 2000 manatdan yuxarı olduğundan qətnamədən kassasiya şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-323/2020 nömrəlii qətnaməsi “xx xxxxxxxx 2015-ci ildə anadan olmuş X3 və xx xxxxxx 2016-cı ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə tutulmаlı оlаn аlimentin miqdаrı ilə bаğlı hissədə dəyişdirilsin və həmin аlimentin məbləği hər ay bir uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar