Məhkəmə qərarları › İş №2(107)-1441/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1441/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1441/2021 16.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli 2(033)-261/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Elbrus Məmmədov) 08 may 2020-ci il tarixli 2(033)-261/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 qızı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 49790 (qırx doqquz min yeddi yüz doxsan) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh2 qızı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra cavabdeh və ya Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 68130 manat bağ salınması üçün çəkilmiş xərclər, 1500 ABŞ dolları torpağın alınması üçün verilmiş pul, ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayonu Əliabad qəsəbəsində “Çaliaxo” adlanan sahədə yerləşən cavabdehlərə məxsus 1,70 ha torpaq sahəsini onlardan 1500 ABŞ dollarına satın almışdır. Həmin alqı-satqı onların arasında 2005-ci ilin yay aylarında baş tutmuş və 23 aprel 2006-cı ildə bu barədə akt yazmışlar. Belə ki, 2005-2006-cı illərdə onun sənədləri qaydasında olmadığına görə aldığı həmin torpaq sahəsini qohumu X3 adına sənədləşdirməklə onun həmin torpağı almasına dair akt tərtib etmişlər. Faktiki olaraq isə həmin torpağı o almışdır. Sonradan, yəni 08 dekabr 2014-cü ildə torpaq sahəsinin onun adına sənədləşdirmək üçün yenidən torpağın mülkiyyətçisi Cavabdeh1 iştirakı ilə yeni bir akt tərtib edilmişdir. Həmin vaxtdan yəni 2006cı ildən torpaqlar onun istifadəsindədir. Həmin torpağın vergisini özü ödəyir. Alqı-satqını torpağın mülkiyyət hüququnu müəyyən edən sənədlər verilmədiyinə görə notariat kontorunda sənədləşdirə bilməmişlər. Buna görə də torpağın alqı-satqısını sübut etmək üçün öz aralarında şahidlərin iştirakı ilə akt tərtib etmişlər. Torpağın alqı-satqısını rəsmiləşdirmək üçün məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Belə olduğu halda həmin torpaq sahəsində çəkdiyi xərclər və torpaq sahəsinin alqı-satqısı zamanı verdiyi pullar geri qaytarılmalıdır. Belə ki, həmin torpaq sahəsində 2000-ci ildən bəri 500 ədəd iri-xırda fındıq ağacı əkmişdir. Hazırda iri fındıq ağacının qiyməti 100 manat, xırdasının isə qiyməti 50 manatdır. Həmin bağda 200 ədəd iri, 300 ədəd isə xırda fındıq ağacları vardır. Fındıq ağaclarının dəyəri cəmi 35 000 manat təşkil edir. Bundan başqa ağacların əkilməsinə görə X13 2000 manat, 500 manat kanal qazmaq üçün, 2000-ci ildən isə hal-hazıradək bağın qorunması üçün 1500 manat pul vermişdir. 19 ildə isə bu məbləğ 28500 manat təşkil edir. Bundan başqa həmin torpağın alqı-satqısı zamanı cavabdehlərə 1500 ABŞ dolları pul vermişdir. Əgər cavabdeh torpaq sahəsini ondan tələb edirsə, torpaq sahəsinə onun çəkdiyi xərclər əsasız varlanmaya aid edildiyinə görə cavabdehdən alınıb ona qaytarılmalıdır. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh2 izahatında iddianın təmin olunmasına etiraz edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli 2(033)-261/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli 2(033)-261/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli 2(107)- 1459/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli, 2(033)-261/2020 nömrəli qətnaməsinin tam ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, yeni qətnamə ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlərdən 42.653.0 (qırx iki min altı yüz əlli üç) manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın cavabdehlər Cavabdeh2 qızı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınaraq alınaraq "xxxx" MMC-nin hesаbınа ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli 2(107)-1459/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli 2(102)-2252/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli 2(107)- 1459/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, İddiaçı ilə mülkiyyətlərində olan 1,70 ha torpaq sahəsi ilə əlaqədar ilk dəfə 2006-cı ildə söhbətləri olmuş və həmin torpaq sahəsinə baxmaq ona çətin olduğu üçün onun qohumu X4 1500 ABŞ dollarına icarəyə vermişdir ki, onlar bu torpaqdan istifadə etsinlər. Həmin vaxt uşaqları Rusiya Federasiyasında olmuş, qızı isə Bakı şəhərində yaşamışdır. Digər tərəfdən həmin torpaq sahəsi ondan başqa bir neçə şəxsin mülkiyyətində olmuş, onun həmin torpaq sahəsinə sərəncam vermək hüququ olmamışdır. İddiaçı onların mülkiyyətində olan torpaq sahəsində onların razılığı olmadan özbaşına ağaclar əkmiş və hazırda həmin ağaclara görə onlardan külli miqdarda vəsait tələb edir, halbuki onun iddiasında məbləğ çox şişirdilmişdir. İlkin komissiya tərəfindən həmin torpağa baxış keçirilərkən iddiaçının xərcləri 4800 manat məbləğində qiymətləndirilmiş, lakin iddiaçı bununla razılaşmayaraq yenidən şikayət edib iddiasında göstərdiyi məbləği tələb etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X11 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehlər iddiaçının etibarından istifadə edərək onu aldatmışlar. Belə ki, bu illər ərzində iddiaçı həmin torpaq sahəsinə xeyli sayda qozfındıq ağacları əkmiş, becərmiş, onlara aqrotexniki qulluq göstərməklə xeyli məbləğdə xərc çəkmişdir. Cavabdeh tərəf bu illər ərzində həmin torpaq sahəsində heç bir əkin-biçin işləri aparmayıb. Verilmiş arayışlar da yalnız yanacaqla bağlı subsidiyalardır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının 19 avqust 2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, sözügedən torpaq sahəsi onların ailəsinə məxsusdur, torpağın vergisini ödəsələr də torpağa dair sənədləri yoxdur. Torpaq sahəsində əvvəllər ot, fındıq topaları əkmiş, malqara otarmışlar. 2018-ci ldə qəsəbənin bələdiyyəsi tərəfindən kənd sakinlərindən torpaq sahəsinə dair aktlar yığılıb ki, torpağa dair çıxarışlar veriləcək. Əliabad qəsəbəsində 3 dəfə torpaq islahatı aparılmışdır. Özünün həyat yoldaşı və övladı avtoqəza nəticəsində öldüyündən, yəni hüzürlü olduğundan torpaq sahəsi ilə maraqlana bilməmiş, atası infarkt keçirmiş, qardaşları isə həmin vaxtlarda Rusiya Federasiyasında olublar. İddiaçı bundan istifadə edərək torpaq sahəsində özbaşına fındıq və qoz ağacları əkmiş, indi isə həmin ağaclara görə onlardan külli miqdarda pul tələb edir. 2006-cı il tarixli aktda olan imza ona məxsusdur, lakin həmin aktı hansı şəraitdə imzaladığını xatırlamır, həmin vaxt o Əliabad qəsəbəsində yaşamamışdır. 2016-cı ildən etibarən sözügedən torpaq sahəsindən həm otu, həmdə fındığı İddiaçı yığır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, onların gəlməmələrinin üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verilməmişdir. Cavabdeh2 məhkəməyə teleqram göndərərək atası Cavabdeh1 səhhətində qəfil ağır problem yarandığı üçün 16 sentyabr 2021-ci il tarixə təyin edilmiş prosesdə iştirak edə bilmədiklərini, məhkəmə prosesinin üzrlü səbəbdən təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının və cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli 2(102)-2252/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli 2(107)-1459/2020 nömrəli qətnaməsi qismən ləğv edilərək işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, «… təxminən 14- 15 il bundan əvvəl tərəflər mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə qarşılıqlı razılığa gəlmiş və həmin vaxtdan da iddiaçı cavabdeh tərəfin torpağından istifadə etməklə faktiki sahibliyi həyata keçirmişdir.» «… cavabdeh tərəf torpaq sahəsinin əvvəlki vəziyyəti ilə bağlı mülkiyyət hüququna malik olsalar da, onun üzərində iddiaçı tərəfindən öz xərci, gəliri və zəhməti hesabına əkilib becərilmiş fındıq və s. ağaclarına heç bir subyektiv hüququn sahibi deyillər.» İlkin olaraq qeyd edilməlidir ki, işə baxan məhkəmələr dəymiş zərərin məbləğini müəyyən etməzdən və bunlarla bağlı sübutların toplanmasını həyata keçirməzdən əvvəl tərəflər arasında hansı münasibətlərin olması, bu münasibətlərin nə vaxtdan yaranması, (iddiaçının göstərdiyi kimi 2000-ci ildən və ya cavabdehin göstərdiyi kimi 2006-cı ildən və ya işdə olan yazılı sənədə əsasən 2014-cü ildən), torpaq sahəsində ağacların əkilməsinin kimin tərəfindən həyata keçirilməsi müəyyən edilməli idi. İş materialları ilə müəyyən olunur ki, 23 aprel 2006-cı il tarixdə akt tərtib olunmuş və həmin aktın məzmunundan aydın olur ki, Cavabdeh2, Cavabdeh3, B.Omarov, Cavabdeh4, Q.Omarova onlara məxsus pay torpaq sahəsini Əliabad qəsəbə sakini X1 etiraz etməmişlər. İşdə olan digər 08 dekabr 2014-cü il tarixli yazılı sənəddən görünür ki, Omarov X12 qəsəbəsi 7 saylı bölgənin «Çaliaxo» adlanan sahəsində ona və ailə üzvlərinə məxsus 1,70 ha torpaq sahəsini Əliabad qəsəbə sakini İddiaçı 1500 ABŞ dollarına satmışdır. İddiaçının iddia ərizəsində göstərdiklərindən, istinad etdiyi yuxarda göstərilən sənədlərdən və cavabdeh tərəfin mövqeyindən aydın olmur ki, mübahisəli torpaq sahəsi nə vaxtdan iddiaçının istifadəsinə verilmiş, istinad olunan sənədlərin tərtib olunmasının səbəbləri nədir. Eyni zamanda məhkəmələr faktiki olaraq rəsmi sənədlər əsasında torpaq sahəsinin kimin mülkiyyətində olmasını və həmin torpaq sahəsinin iddiaçıya keçməsi və ondan geri alınması zamanı bütün mülkiyyətçilərin razılıqlarının olub-olmaması və hazırda torpaq sahəsindən kimlərin istifadə edilməsi müəyyən edilməmiş qalmışdır. Digər tərəfdən qeyd edilməlidir ki, göstərilən halların aydınlaşdırılması iş üzrə irəli sürülmüş iddia tələbinə cavab verməli olan şəxslərin dairəsinin müəyyən edilməsi üçün də əhəmiyyətlidir. Cavabdeh tərəf etirazında faktiki olaraq torpaq sahəsini 2000-ci ildə M.Abbasovya icarəyə verməsini, hazırkı iş üzrə iddiaçı ilə heç bir münasibətinin olmamasını qeyd edir. Bu halda apellyasiya instansiya məhkəməsi ağacların 14-15 il əvvəl əkilməsi nəticəsinə gələrkən iş üzrə iddiaçı ilə 2014-cü ildə rəsmiləşdirilmiş sənədin əslini tələb edərək işdə olan digər sübutlarla birlikdə qiymətləndirilməsini təmin etməli olduğu halda bunun həyata keçirilməsini təmin etməmişdir. Eyni zamanda iddiaçının iddia ərizəsindən və verdiyi izahatlardan aydın olmur ki, o, torpaq sahəsini nə vaxt əldə etmişdir, 2006-cı ildə torpaq sahəsinin işə cəlb olunmayan M.Abbasovaya satılmasına digər cavabdehlər razılıq vermişlərsə, hansı səbəbdən 2014-cü ildə torpaq sahəsi iş üzrə iddiaçıya verilmişdir. Torpaq sahəsinin iddiaçıya 08 dekabr 2014-cü ildə verilməsi yazılı sənədlə müəyyən olunması halında iddiaçının 14-15 il əvvəl həmin torpaq sahəsində ağaclar əkməsi və onladan bəhər götürməsi işdə olan sübutlar baxımından anlaşılmazdır. Bu halda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin düzgün həll edilməsi və mövcud olan sübutların qarşılıqlı qiymətləndirilməsinin təmin edilməsi üçün işdə olan yazılı sübutların əsillərinin təqdim olunması və X3 işə cəlb olunmasının mümkünlüyünü tərəflərlə birlikdə müzakirə etməli etməli olduğu halda bunlarla bağlı heç bir təşəbbus göstərməmiş, yalnız zərərin məbləğinin müəyyən edilməsi ilə işini yekunlaşmış hesab etmişdir.” MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: 23 aprel 2006-cı il tarixli aktdan görünür ki, cavabdeh tərəfin ailə üzvləri- Cavabdeh2, Cavabdeh3, X9, Cavabdeh4 və X2 məxsus olan pay torpaq sahəsini Əliabad qəsəbə sakini X1 etiraz etmədiklərini bildirmişlər. 08 dekabr 2014-cü il tarixdə tərəflər arasında imzalanaraq Zaqatala Rayon İcra hakimiyyəti başçısının Əliabad qəsəbəsi üzrə nümayəndəsinin möhürü ilə təsdiq edilmiş aktdan görünür ki,1.70 ha torpaq sahəsini Cavabdeh1 İddiaçı 1500 ABŞ dollarına satmışdır. Zaqatala Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(033)-635/2019 saylı qətnaməsindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən Cavabdeh1 və ailəsinə məxsus "Çaliaxo" adlanan sahədə yerləşən 1.70 ha torpaq sahəsi üzrə tərəflər arasında 08 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinin İddiaçı dəmməṀ qızının mülkiyyətinə verilməsi müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 2(107)-2887/209 saylı qətnaməsinin surətindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(033)-635/2019 saylı qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala X19 Mərkəzinin 11 mart 2020-ci il tarixli arayışından görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yerləşən fındıq bağının ölçüləri 62 m x 274 m = 17000 kvm və ya 1,70 ha olmaqla 10x1 əkin sxemində 420 topadan ibarətdir. Onlardan 250 topa fındıq ağacı təqribən 10 il əvvəl əkilmiş bir neçə ildir ki məhsul verməyə başlamışdır. 50 ədəd fındıq topası sonradan əkilmiş, məhsul verməyə başlamışdır. 120 ədəd fındıq topası isə yararsız fındıq topa olduğu üçün çıxarılaraq yenidən əkilmişdir. 250 fındıq topası 1 topaya 160 manat olmaqla 40 000 manat qiymətləndirilib. 50 topa fındığa orta qiymət olaraq 1 topaya 50 manat olmaqla 2500 manat olmuşdur. Yeni salınan 120 topa fındığa hər topaya 30 manat qiymətləndirərək təqribi 3600 manat olmuşdur. Əkilmiş 17 ədəd qoz ağacları məhsul verməyə başlamış və hər bir qoz ağacı üçün 70 manat hesablanaraq təqribi 1190 manat qiymətləndirilmişdir. Bundan başqa həmin sözügedən sahənin hazırlanması, aqrotexniki tədbirlərin görülməsi və sərhədlərin bağlanmasına görə 2500 manat sərf edilmişdir. Ümumi məbləğ 49790 manat müəyyən edilə bilər. Əvvəlki apellyasiya icraatı zamanı təyin edilmiş Müstəqil Məhkəmə Ekspertizası MMC tərəfindən verilmiş 16 sentyabr 2020-ci il tarixli 337 nömrəli rəydən müəyyən olunur ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,70 ha torpaq sahəsindəki 226 ədəd fındıq topalarının inkişaf səviyyəsinə əsasən fındıq topalarının yaşının 12 il olması və həmin ağaclara 12 ilədək, sualın tədqiqat hissəsində sadalanan aqrotexniki qulluq göstərilməsi müəyyən edilir. Yerdə qalan, 238 ədəd məhsuldarlığa düşməyən 2-4 illik sonradan əkilmiş fındıq topalarına (yarısı 2 illik, yarısı təxminən 4 illik), 17 ədəd məhsuldar, təxminən 14 illik qoz ağaclarına aid olması müəyyən edilir. Ekspert baxışına təqim edilmiş, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,7 ha torpaq sahəsində salınmış 12 yaşı olan, 226 ədəd məhsuldar fındıq topasından, 119 ədəd 4 illik, 119 ədəd 2 illik fındıq topasından və 17 ədəd məhsuldar qoz ağacı olan bağın, aparılmış abadlaşdırma işləri nəzərə alınmaqla, hazırkı bazar dəyəri təxminən 42653.0 (qırx iki min altı yüz əlli üç) manat müəyyən edilir. O cümlədən: -12 yaşlı 226 ədəd məhsuldar fındıq topasının dəyəri (226 əd x 120m) - 27120,00 manat; -119 ədəd 4 illik fındıq ağacının dəyəri (119 əd x 40m) - 4760,00 manat; -119 ədəd 2 illik fındıq ağacının dəyəri (119 əd x 20m) - 2380,00 manat; -4-5 şitildən ibarət fındıq topasının əkilmə xərci (464 topa x 2m) - 928,00 manat; -17 ədəd məhsuldar qoz ağacının dəyəri (17 əd x 80m) -1360,00 manat; -14 ildə bağa qulluq edilmə və bağın mühafizəsi (30m x 14 il x 12ay) - 5040,00 manat; -355 metr kanalın qazılması xərci (355 metr x 3m) - 1065,00 manat. Qeyd: 12 illik fındıq ağacları bazarlarda satılmadığına (belə ağacı bir yerdən başqa yerə köçürmək mümkün deyil) görə, 1 illik 1 ağaca tələb edilən aqrotexniki qulluq təxminən 10 manat qiymətləndirilməklə, 12 yaşı olan fındıq topasının orta bazar qiyməti təxminən 120,00 manat qiymətləndirilmişdir. Respublika daşınmaz əmlak (o cümlədən torpaq sahəsi) bazarında mövcud olan qiymətlərdən və tələbatdan, eləcə də əmlakın yerləşdiyi məkandan, nəqliyyat xəttinə yaxınlığından, qulluq səviyyəsindən, torpağın münbitliyindən, suvarma sisteminə yaxınlığından və sairədən asılı olaraq, torpağın və torpaq üstündə olan fındıq kollarının qiymətində qismən dəyişiklik olması istisna edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil edən məsələlərdən biri ağacların 14-15 il əvvəl əkilməsi nəticəsinə gələrkən iş üzrə iddiaçı ilə 2014-cü ildə rəsmləşdirilmiş sənədin əslini tələb edərək işdə olan digər sübutlarla birlikdə qiymətləndirilməsidir. Məhkəmə kollegiyası qeyd edilən məsələ ilə bağlı 23 aprel 2006-cı il tarixli aktın əslini tələb edib alaraq tədqiq etmiş və iş materiallarına əlavə etmişdir. Qeyd edilən aktdan görünür ki, cavabdehin ailə üzvləri sözügedən torpaq sahəsinin satılmasına etiraz etmədiklərini bildirmişlər. Bundan əlavə kollegiya tərəfindən iş materiallarına əlavə edilmiş 08 dekabr 2014-cü il tarixli tərəflər arasında imzalanaraq təsdiq edilmiş aktın əslindən görünür ki,1.70 ha torpaq sahəsini cavabdeh iddiaçıya 1500 ABŞ dollarına satmışdır. Ali Məhkəmənin qərarında müəyyən edilən göstərişə uyğun olaraq məhkəmə kollegiyası X6 işə cəlb edərək şahid qismində dindirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X8 verilən suallara cavab olaraq ifadəsində bildirmişdir ki, İddiaçı onun eltisidir. 2006-cı il tarixdə tərtib edilmiş aktda torpağın ona satılması göstərilsə də, əslində həmin torpağı eltisi İddiaçı satın almışdır. Sadəcə olaraq İddiaçı sənədləri qaydasında olmadığına görə aktda bir qohum kimi formal olaraq onun adı yazılmışdır. Amma həqiqi alıcı eltisi Şahpəri olmuş, torpağın alınmasına görə pulu alıcı Şahpəri ödəmişdir. Şahpəri həmin torpaq sahəsindən 2006-cı ildən etibarən istifadə edir. 2006-cı ildə orada fındıq və qoz ağaclarını qaynı, yəni İddiaçı əri X16 Abbasova ilə birlikdə əkmişdir. Ağaclar əkilərkən o da bir qohum kimi onlara kömək etmişdir. Cavabdehlər isə torpaq sahəsində heç nə əkməyiblər. 2006-cı il tarixdə tərtib edilmiş Akta Cavabdeh2 və bütün ailə üzvləri imza atmışlar. Həmin akt o vaxtkı kənd sovetinin binasında imzalanmışdır. Sözügedən torpaq sahəsindən hazırda da Şahpəri istifadə edir. Torpağın alqı-satqısına dair 2014-cü ildə akt tərtib olunarkən o da iştirak etmiş, həmin vaxt sözügedən torpaq sahəsini Cavabdeh1 İddiaçı 1500 ABŞ dollarına satmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-152.4, 157.2 və 157.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ – subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Sаhiblik hüququ - əmlаkа (əşyаyа) fаktik sаhibliyin həyаtа keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdə hüququ əmlаkdаn (əşyаyаdаn) оnun fаydаlı təbii xаssələrini hаsil etməyin, hаbelə оndаn fаydа götürməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdədən fаydа, gəlir, аrtım, bəhər törəmə şəklində və bаşqа fоrmаlаrdа оlа bilər. Sərəncаm hüququ - əmlаkın (əşyаnın) hüquqi müqəddаrаtını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. Mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər. Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Аzərbаycаn Respublikаsı Tоrpаq Məcəlləsinin: 84-cü mаddəsinə görə, tоrpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrı qаnunlа qоrunur. Оnlаrın pоzulmuş hüquqlаrı qаnunvericilikdə nəzərdə tutulmuş qаydаdа bərpа edilir və hüquqlаrın pоzulmаsı nəticəsində оnlаrа dəyən zərər tаm həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin gerçək hallarına görə, iddiaçı cavabdeh tərəflə 2006-cı ildə sözügedən torpaq sahəsinin alqı-satqısı barədə qarşılıqlı razılığa gəlmiş, 23 aprel 2006-cı il tarixdə cavabdeh tərəfin ailə üzvləri torpaq paylarının iddiaçıya satılmasına etiraz etmədiklərini tərtib edilən akta imza etməklə təsdiq etmiş, sadəcə olaraq İddiaçı sənədləri qaydasında olmadığına görə aktda bir qohum kimi formal olaraq Şahpərinin qohumu (eltisi) X3 adı qeyd edilmişdir. Həmin vaxtdan etibarən torpaq sahəsi iddiaçının faktiki istifadəsinə verilmiş, iddiaçı sözügedən torpaq sahəsindən istifadə etməklə faktiki sahibliyi həyata keçirmişdir. Lakin həmin torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından torpaq sahəsinin rəsmi qaydada alqı-satqısı baş tutmamışdır. Tərəflər torpaq sahəsinin alqı-satqısı ilə bağlı 2006-cı ildə gəldikləri razılaşmalarına sadiq olmaları haqqında iradə ifadələrini 08 dekabr 2014-cü il tarixli akt ilə bir daha təsdiq etmişlər. Həmin aktda İddiaçı Cavabdeh1 torpağın alış qiyməti olan 1500 ABŞ dollarını ödəməsi və Cavabdeh1 torpaq sahəsini İddiaçı satması müqabilində ondan həmin pulu nəqd olaraq alması qeyd edilmiş, sözügedən sənəd tərəflərin imzaları və Zaqatala Rayon İcra hakimiyyəti başçısının Əliabad qəsəbəsi üzrə nümayəndəsinin möhürü ilə təsdiq edilmişdir. Torpaq sahəsi hazırkı dövrə kimi iddiaçının istifdəsində olmuşdur. Son dövrlərdə tərəflərin aralarında narazılıq yarandığından iddiaçı hazırkı iddianı qaldırmışdır. Sözügedən torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin torpağın respublikada aparılan aqrar islahatın nəticəsində cavabdehlərin ailəsinə verilməsi və onlara məxsus olması mübahisələndirilməyən haldır. Qeyd olunanlarla İddiaçı 2006-cı ildə cavabdehlərin ailə üzvləri ilə qarşılıqlı razılığa gələrək 1,70 ha torpaq sahəsini onlardan satın alması və həmin vaxtdan etibarən orada qoz ağacları və fındıq topalarını əkib becərərək bağ salması müəyyən olunur. Göstərilən hallar cavabdeh tərəfin apellyasiya şikayətində və kollegiyanın iclasında qeyd etdikləri ilə dolayısı ilə təsdiq olunur. Belə ki, apellyasiya şikayətində göstərilir ki, “iddiaçı onların mülkiyyətində olan torpaq sahəsində onların razılığı olmadan özbaşına ağaclar əkmiş və hazırda həmin ağaclara görə onlardan külli miqdarda vəsait tələb edir, halbuki onun iddiasında məbləğ çox şişirdilmişdir. İlkin komissiya tərəfindən həmin torpağa baxış keçirilərkən iddiaçının xərcləri 4800 manat məbləğində qiymətləndirilmiş, lakin iddiaçı bununla razılaşmayaraq yenidən şikayət edib iddiasında göstərdiyi məbləği tələb etmişdir.” Cavabdeh2 isə kollegiyanın iclasın izahatında bildirmişdir ki, “iddiaçı bundan istifadə edərək torpaq sahəsində özbaşına fındıq və qoz ağacları əkmiş, indi isə həmin ağaclara görə onlardan külli miqdarda pul tələb edir. 2006-cı il tarixli aktda olan imza ona məxsusdur, lakin həmin aktı hansı şəraitdə imzaladığını xatırlamır, həmin vaxt o Əliabad qəsəbəsində yaşamamışdır. 2016-cı ildən etibarən sözügedən torpaq sahəsindən həm otu, həmdə fındığı İddiaçı yığır.” Göründüyü kimi, həm Cavabdeh1 apellyasiya şikayətində, həm də Cavabdeh2 izahatında onlar İddiaçı onların mülkiyyətində olan torpaq sahəsində onların razılığı olmadan özbaşına ağaclar əkməsini və hazırda həmin ağaclara görə onlardan külli miqdarda vəsait tələb etməsini bildirirlər. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdehlər iddiaçının onların torpağını zəbt edərək istifadə etməsini bildirsələr də, bu işin halları ilə təkzib olunur. Çünki, uzun illər, onların bildirdikləri kimi 15 ilə yaxın müddət ərzində torpaq sahəsi qanunsuz olaraq zəbt edilmişdisə onlar bununla bağlı hər hansı inzibati orqana müraciət edə bilər və ya məhkəmədə müvafiq iddia qaldıra bilərdilər. Lakin onların belə bir müraciəti olmamış, əksinə İddiaçı cavabdehlər tərəfindən hüquqlarının pozulduğunu bildirərək məhkəmədə onlara qarşı iddialar qaldırmışdır. Bundan başqa, Cavabdeh1 şikayətində “İlkin komissiya tərəfindən həmin torpağa baxış keçirilərkən iddiaçının xərclərinin 4800 manat məbləğində qiymətləndirildiyini, lakin iddiaçının bununla razılaşmayaraq yenidən şikayət edib iddiasında göstərdiyi məbləği tələb etdiyini” göstərir. Göründüyü kimi, cavabdeh bununla İddiaçı onlara məxsus torpaq sahəsində xərc qoyduğunu etiraf edir, sadəcə olaraq tələb olunan məbləğ ilə razı deyildir. Digər Cavabdeh2 isə izahatında bunlardan əlavə 23 aprel 2006-cı il tarixli aktda olan imzanın ona məxsus olmasını etiraf etmiş, lakin həmin aktı hansı şəraitdə imzaladığını xatırlamaması kimi ziddiyyətli ifadə vermişdir ki, məhkəmə kollegiyası bunu ağlabatan izah hesab etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini əsaslı hesab etmir. Göründüyü kimi, mübahisəli ərazidə olan bəhər verən ağaclar (qoz, fındıq və s.) da məhz iddiaçı tərəfindən əkilmiş, becərilmiş, zəhmət və xərc tələb edən aqrotexniki qulluq göstərməklə həmin ağacları bu illər ərzində məhsul (bar) verən bir vəziyyətə gətirib çıxarmışdır. Artıq həmin fındıq, qoz ağacları bəhər, qazanc verən bir ərəfədə cavabdeh tərəf mübahisə edərək həmin torpağın iddiaçının adına rəsmiləşdirməkdən imtina etməklə yanaşı, geri tələb etmişlər. Məhz bundan sonra İddiaçı öz zəhmət və gəliri, xərci sayəsində əkib-becərdiyi, faktiki olaraq özünə məxsus olan və öz mülkiyyəti sayılan ağaclarının dəyərini tələb edir. İddiaçı bu illər ərzində həmin ərazinin artıq ona məxsus olduğunu zənn edərək xeyli sayda çoxillik ağaclar (qoz, fındıq tingləri) əkmiş və uzun zaman həmin torpağa və fındıq topalarına, qoz ağaclarına öz zəhməti və gəliri sayəsində aqrotexniki qulluq göstərməklə məhsuldar bir vəziyyətə salmışdır. Buradan da göründüyü kimi iddiaçının həmin torpaq sahəsinə sаhiblik etməsi heç də özbаşınа bаş verməmiş, cavabdeh tərəfin irаdəsinə uyğun оlmuşdur. İddiaçı da öz aralarındakı danışığı etimadlı münasibəti alqı-satqı kimi qiymətləndirərək, torpağı artıq özününki zənn etmiş və orada yuxarıda qeyd olunduğu kimi, zəhmət və xərc tələb edən işlər görmüş və sonda həmin ərazini mövcud vəziyyətə gətirib çıxara bilmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, eyni coğrafi zonadan olan hər iki tərəfin fındıq və qoz ağaclarının (topalarının) əklib-becərilməsi, məhsuldar bir vəziyyətə gəlib çıxması üçün nə qədər zəhmət, xərc tələb etdiyini, illər lazım olduğunu, fındıq ağacının tam məhsuldar bir vəziyyətə çatması üçün 10-12 il lazım olduğunu bildiyi bir halda cavabdehin apellyasiya şikayətinin dəlilləri inandırıcı görünmür. Buradan da bir daha görünür ki, həmin ərazi iddiaçının istifadəsinə heç də qısa müddətə deyil, uzun müddət üçün verilmişdir ki, cavabdeh bu qədər xərc çəkmişdir. Kollegiyaya görə, əgər iddiaçı tərəf öz xərci hesabına əkib-becərdiyi ağaclardan bəhər, gəlir götürmədiyi bir halda, həmin ağacların onun iradəsindən asılı olmayan bir səbəbdən birdən-birə cavabdeh tərəfin ixtiyarına verilməsi qarşı tərəfin əsassız varlanması kimi qiymətləndirilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh mübahisəli torpaq sahəsində əkilib-becərilmiş ağaclara münasibətdə hər hansı bir hüququnun olmasını təsdiq edəcək sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, bu hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməsi üçün heç bir hüquqi əsası yoxdur. Kollegiya Müstəqil Məhkəmə Ekspertizası MMC tərəfindən verilmiş 16 sentyabr 2020-ci il tarixli 337 nömrəli rəyi mötəbər sübut kimi qəbul edir və həmin rəy ilə müəyyən edilən hallara istinad etməyi qanunauyğun hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi qismən razılaşır. Göstərilənlərə əsasən, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin 06 may 2021-ci il tarixli 2(102)-2252/2021 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər və mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli, 2(033)-261/2020 nömrəli qətnaməsi tam ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən 42.653.0 (qırx iki min altı yüz əlli üç) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-in 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundаn və işə bаxılmаsı ilə əlаqədаr оlаn məsrəflərdən ibаrətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16.09.2020-ci il tarixli 337 nömrəli məhkəmə kompleks əmtəəşunaslıq və aqrotexniki ekspertizasının dəyəri olan 300 (üç yüz) manat məbləğində məhkəmə xərci cavabdehlərdən müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli 2(033)-261/2020 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3 və Cavabdeh4 42.653.0 (qırx iki min altı yüz əlli üç) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş 16.09.2020-ci il tarixli 337 nömrəli məhkəmə kompleks əmtəəşunaslıq və aqrotexniki ekspertizasının dəyəri olan 300 (üç yüz) manat məbləğində məhkəmə xərci cavabdehlər Cavabdeh2 qızı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq "xxxx" MMC-yə Kapital Bank ASC Gənclik Mail filialı, KOD 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesаbа ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar