Məhkəmə qərarları › İş №2(107)-1445/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1445/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1445/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pulun qaytarılması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- pul tələbi, alqı-satqı müqaviləsi,sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X2 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-226/2021 saylı, 22 aprel 2021-ci il tаrixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, 31.01.2019-cu il tarixli AN 1 № ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, torpağın naturada geri qaytarılması və ya torpaq sahəsinin dəyəri olan 22360 manat, 258 manat vergi məbləği, sənədlərin rəsmiləşdirilməsi üçün ödənilmiş 78 manat və 30 manat dövlət rüsumu cəmi 22726 manat pulun cavabdeh X1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X4 ilə 31.01.2019-cu il tarixdə razılaşaraq ona mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri, Gəncə şosesi, 21 A ünvanda yerləşən ümumi sahəsi 4000 kv.metr torpağın bir hissəsini (430 kv.m) ona alqı-satqı müqaviləsi ilə 3500 manata satmışdır. Mingəçevir ASAN Xidmət Mərkəzinin Notariat ofisində 31.01.2019-cu il tarixli AN1 1 №0728266 saylı alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı olan 258 manat pulu da o ödəmişdir. Cavabdeh razılaşdıqları kimi torpaq sahəsinin pulunu ona bir ay ərzində qaytarmalı idi. Lakin o indiyədək müqavilə üzrə torpaq sahəsinin qiymətləndirilmiş 3500 manat pulu, eləcə də 258 manat vergi məbləği, sənədlərin rəsmiləşdirilməsi üçün ödənilmiş 78 manat məbləğində xərci qaytarmamışdır. Torpaq bazarında mübahisələndirilən torpaq sahəsinin 1 kv.m qiyməti 50 manatdır. Cavabdehə verilmiş 430 kv.metr torpaq sahəsinin real bazar qiyməti 22360 manat dəyərindədir və bu pulun cavabdehdən alınmasını tələb edir. İddia ərizəsinin verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə hesab edir ki, 31.01.2019-cu il tarixli AN1 1 № ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, torpaq sahəsi ona qaytarılmalıdır. Lakin həmin torpaq sahəsində sökülməsi çətin olan obyektlərin tikilməsi torpağın naturada qaytarılmasını məhdudlaşdırır. Bu səbəbdən mülki qanunvericiliyin tələblərinə uyğun olaraq alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda cavabdeh onun dəyərini pulla ödəməlidir. Məhkəmədən 31.01.2019-cu il tarixli AN 1 № ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin dəyəri olan 22360 manat, 258 manat vergi məbləği, sənədlərin rəsmiləşdirilməsi üçün ödənilmiş 78 manat və 30 manat dövlət rüsumu cəmi 22726 manat pulun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tаrixli, 2(051)-226/2021 saylı, qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və pulun qaytarılması tələbinə dair iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 31 yanvar 2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 430 kv.m torpaq sahəsini İddiaçı 3.500 manata almışdır. Satıcı İddiaçı 430 kv.metr sahə üçünn 0.5 manat vergi dərəcəsi ilə 1.2 əmlak əmsalı ilə 258 manat sadələşdirilmiş vergi tutulmuşdur. Məhkəməyə təqdim olunmuş DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Gəncə şosesi 21A yerləşən 0.40 ha torpaq sahəsi tam, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 27.04.2016-cı il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh 430 kv.m torpaq sahəsini X3 2.500 manata satmışdır. Satıcı Cavabdeh 430 kv.metr sahə üçün 0.5 manat vergi dərəcəsi ilə 1.2 əmlak əmsalı ilə 258 manat sadələşdirilmiş vergi tutulmuşdur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əqdin etibarsız hesab edilməsi ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə iş materiallarını və iddiaçının izahatlarını nəzərdən keçirərək belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbi tam əsassızdır. Belə ki, müqavilənin ləğv edilməsi üçün heç bir əsas müəyyən olunmamışdır. Əksinə iş materiallarında olan sənədlərdən və notariat kontoru tərəfindən göndərilən sənədlərdən də göründüyü kimi müqavilə tam əsaslıdır və tərəflərin iradə ifadəsi kimi müqavilə bütün tərəflər tərəfindən imzalanmışdır. İddiaçı öz tələbinə əsaslandıran lazımi sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı qeyd olunan əqdin etibarsız olması barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.2-ci, 6.1.5-ci, 390.1-ci, 14.2.1-ci, 329.1-ci, 331-ci, 337.1-ci, 337.5-ci, 339.1-ci, 339.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, tərəf alqı-satqı müqaviləsi üzrə aldığı torpaq sahəsinin müqabilində pulu ödəmək vəzifəsindən boyun qaçırmışdır, yəni digər tərəf aldadılmışdır. İddiaçı tərəfə inanıb onun pulunun müqavilə bağlandığı anında olmadığını nəzərə alıb müqavilə xərclərini özü çəkmişdir və cavabdeh torpağın razılaşdırılmış məbləğini yaxın zamanlarda verəcəyini vədd etmiş, lakin vədinə əməl etməmişdir ki, bu səbəbdən müqavilənin ləğv edilməsi və pulun qaytarılması tələbi irəli sürülmüşdür. Odur ki, iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tаrixli, 2(051)-226/2021 saylı, qətnaməsinin ləğv edilməsini iddianın təmin ediməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi (vəkili) X6 apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(051)-226/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı, cavabdeh X4 və 3-cü şəxs X5 məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 647. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin rəsmiləşdirilməsi xərcləri Alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirərək Mingəçevir Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(051)-226/2021 saylı qətnaməsinin ləğv edilməsini iddianın təmin edilməsini xahiş etmişdir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə doğru nəticəyə gəlsə də, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, maddi hüququn tətbiqində səhvə yol vermişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli Mingəçevir Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(051)-226/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. İşə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 329.1-ci, 331-ci, 337.1-ci, 337.5-ci, 339.1-ci, 339.2-ci maddələrinə istinad etmişdir. Halbuki məhkəmə tərəfindən iddiaçının bildirdiyi faktiki hallarla həmin normaların dispozisiya şərtləri arasında uyğunluq müəyyən edilməmiş və əsaslandırılmamışdır. Bu hal ona dəlalət edir ki, birinci instansiyası məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İşdən görünür ki, İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 31.01.2019-cu il tarixli AN 1 № ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, torpağın naturada geri qaytarılması və ya torpaq sahəsinin dəyəri olan 22360 manat, 258 manat vergi məbləği, sənədlərin rəsmiləşdirilməsi üçün ödənilmiş 78 manat və 30 manat dövlət rüsumu cəmi 22726 manat pulun cavabdeh X1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 14-cü, 646-cı, 647-ci, 648-ci, 567-ci 421-ci, 600.1-ci maddələri nəzərdən keçirilə bilər. Kollegiyanın iclasında tərəflərin izahatları, 31 yanvar 2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 430 kv.m torpaq sahəsini İddiaçı 3.500 manata almışdır. Satıcı İddiaçı 430 kv.metr sahə üçünn 0.5 manat vergi dərəcəsi ilə 1.2 əmlak əmsalı ilə 258 manat sadələşdirilmiş vergi tutulmuşdur. Məhkəməyə təqdim olunmuş DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Gəncə şosesi 21A yerləşən 0.40 ha torpaq sahəsi tam, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 27.04.2016-cı il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh 430 kv.m torpaq sahəsini X3 2.500 manata satmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətinin dəlili olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, iş materiallarında olan 31 yanvar 2019cu il tarixli ANİ № ******* saylı alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh 430 kv.m torpaq sahəsini İddiaçı 3.500 manata almışdır. Satıcı İddiaçı 430 kv.metr sahə üçün 0.5 manat vergi dərəcəsi ilə 1.2 əmlak əmsalı ilə 258 manat sadələşdirilmiş vergi tutulmuşdur. Həmin müqavilədə isə satılan torpaqla bağlı ödəniləcək məbləğin gələcəkdə ödənilməsi barədə hər hansı bir qeyd aparılmamışdır. Yəni cavabdehin müqavilənin şərtlərini pozması barədə iddiaçı tərəfindən hər hansı bir sübut növü təqdim edilməmişdir. Yəni iddiaçının iddia tələbi üzrə bildirdiyi faktiki hallarla Mülki Məcəllənin 600.1-ci maddəsinin dispozisiya şərtləri arasında uyğunluq müəyyən edilmir. Həmin maddəyə əsasən isə Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Kollegiya qeyd edir ki, iddiaçı müqavilənin ləğv edilməsi üçün sübutlar təqdim etmədiyindən, həmin müqavilə üzrə çəkilmiş xərcləri tələb etməkdə haqlı deyildir. Göründüyü kimi iddiaçının iddia ərizəsini təmin etmək üçün əsaslar müəyyən edilmir. Apellyasiya şikayətindəki dəlillərə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasına iddiaçı qeyd etdiyi dəliləri əsaslandıran heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, iddianın təmin edilən olması barədə iddiaçının apellyasiya şikayətindəki dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmadığından əsassızdır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(051)-226/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(051)-226/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlə aralarında bağlanmış 31.01.2019-cu il tarixli AN 1 № ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, torpağın naturada geri qaytarılması və ya torpaq sahəsinin dəyəri olan 22360 manat, 258 manat vergi məbləği, sənədlərin rəsmiləşdirilməsi üçün ödənilmiş 78 manat və 30 manat dövlət rüsumu cəmi 22726 manat pulun cavabdeh X1 alınıb ona verilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar