Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1463/2020 26.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, iddiaçı Nümayəndə1,cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Balakən rayonu üzrə Maliyyə İdarəsinin nümayəndəsi Nümayəndə3 iştiraklarıilə, İddiaçı Nümayəndə1 cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Balakən rayonu üzrə Maliyyə İdarəsinə qarşı qanunsuz olaraq qətimkan tədbiri kimi həbsdə saxlanılmaqla vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-96/2020 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirinin müavini Azər Bayramov tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-96/2020 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia qismən təmin edilmiş, Nümayəndə1 xx xxxxxx 2016-cı il tarixdən bəraət aldığı xx xxxxx 2017-ci il tarixədək həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi ziyana görə 8000 (səkkiz min) manat miqdarında pul kompensasiyasının Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq, Nümayəndə1 ödənilməsi, iddianın qalan hissədə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Balakən rayonu üzrə Maliyyə İdarəsinə münasibətdə təmin edilməməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 30 manat məbləğində dövlət rüsumunun tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsiqət edilmişdir. İşin halları İddiaçı Nümayəndə1 cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Balakən rayonu üzrə Maliyyə İdarəsinəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun-Nümayəndə1 xx xxxxxx 2016-cı il tarixdən bəraət aldığı xx xxxxx 2017-ci il tarixədək həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi ziyana görə 50000 manat miqdarında pul kompensasiyasının Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Balakən rayonu üzrə Maliyyə İdarəsi vasitəsi ilə dövlət büdcəsindən tutularaq, ona- Nümayəndə1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikası MPM-nin 36.7-ci maddəsinə əsasən qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Qeyd olunanlara əsasən hazırki iddiaya ərazi aidiyyəti üzrə Balakən Rayon Məhkəməsində baxılması qanunauyğundur. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Nümayəndə1 iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, xx xxxxxx 2016-cı il tarixdə heç bir səbəb və əsas olmadan tam qanunsuz olaraq polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, orada ona qondarma ittiham irəli sürülmüş, nəticədə X5 Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona verilmiş ittiham üzrə əməli sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə təmin edilməmiş, bəraət hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının xx xxx 2018-ci il qərarı ilə kassasiya protesti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. 8 aydan çox müddət ərzində qanunsuz həbsdə olduğu üçün ailəsindən, övladlarından ayrı düşmüşdür. Övladları onunla bərabər xiffət çəkmişlər. Ailəliklə mənəvi iztirab keçirmişlər. Uzun müddət istintaq araşdırmaları getdiyindən barəsində müxtəlif şaiyələr gəzmişdir. Aparılan istintaq nəticəsində barəsində doğru olmayan, şərəf və ləyaqətini ləkələyən məlumatlar formalaşmışdır. Beləliklə təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, cəmiyyət içərisində hörmətdən düşmüşdür.Bütün bunların nəticəsində çox böyük sarsıntı keçirmiş və bununla da ona maddi və mənəvi zərər vurulmuşdur. Mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətlərin, keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini, maddi durumu, əmlak vəziyyəti və digər diqqətəlayiq halları nəzərə alaraq, mənəvi ziyana görə cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Balakən rayonu üzrə Maliyyə İdarəsi vasitəsi ilə dövlət büdcəsindən 50000 manatın alınaraq, ona verilməsi ədalətli olar. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə3 və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Balakən rayonu üzrə Maliyyə İdarəsinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu göstərərək, onun rədd olunmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirinin müavini Azər Bayramov аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirinin müavini Azər Bayramov apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnamə əsaslı sübutlara istinad olunmamaqla çıxarıldığından və mövcud qanunvericiliyin tələblərini pozduğundan ləğv edilməli və iddia tələbi rədd edilməlidir. İş materiallarından göründüyü kimi iddiaçı Nümayəndə1 barəsində cinayət təqibinin aparılması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini Maliyyə Nazirliyinə yönəltmişdir. İş materialları və məhkəmə araşdırması zamanı müəyyən olunan faktlar əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də Balakən Rayon Məhkəməsi iddianı cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin etməklə haqlı deyildir və mövcud qanunvericiliyin tələblərini pozmuşdur. Bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Bununla yanaşı mülki hüquq münasibətlərinin ayrı-ayrı sahələrində dövlət orqanlarının həyata keçirdiyi fəaliyyətin dairəsi və səlahiyyətlərinin çərçivəsi konkret olaraq müəyyənləşdirilmişdir. Bu baxımdan həmin orqanlar və onların vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində göstərdikləri fəaliyyətə, hərəkət və hərəkətsizliyə görə cavabdehlik daşımalıdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin digər dövlət orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərinə görə cavabdeh kimi tanınması qanunvericiliyin tələblərinə ziddir. Balakən Rayon Məhkəməsi tərəfindən təmin edilmiş kompensasiya məbləği zərərə müqabil deyildir. Qeyd edir ki, Ali Məhkəmə tərəfindən məhkəmələrə tövsiyə edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar. Şişirdilmiş kompensasiya məğləğlərinin təmin edilməsi dövlət büdcəsi qarşısında həddindən artıq maliyyə öhdəliklərin yaranması ilə nəticələnir. Birinci instansiya məhkəməsi bu xüsusu nəzərə almamışdır. Göründüyü kimi məhkəmə işə mahiyyəti üzrə baxarkən mübahisəyə düzgün hüquqi qiymət verməmiş, zəruri məhkəmə tədqiqatı aparmadan iddiaçının xeyrinə qətnamə çıxarmış, iddianı əsl olmayan cavabdehə qarşı təmin etmişdir. Göstərilən səbəblərdən həmin qətnamə ləğv edilməlidir. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-96/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Balakən rayonu üzrə Maliyyə İdarəsinin nümayəndəsi Nümayəndə3 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı Nümayəndə1 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-96/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirinin müavini Azər Bayramov tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-96/2020 nömrəli qətnaməsi dəyişdirilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq, Nümayəndə1 ödənilməli mələğ 5000 (beş min) manat müəyyən edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan X5 Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 1(091)-026/2017 nömrəli hökmündən görünür ki, Nümayəndə1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə əməli sübuta yetirilmədiyindən bəraət verilmiş, Nümayəndə1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, cinayət prosesi gedişi zamanı Nümayəndə1 vurulmuş ziyanı tələb etmək hüququ tanınmış və ona izah edilmişdir. Həmin hökmdə Nümayəndə1 xx xxxxxx 2016-cı il tarixdən həbsdə olması göstərilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarından görünür ki, xx xxxxxxxx 1971-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Balakən rayonu Meşəşambul kəndində yaşayış yeri üzrə qeydiyyatda olan bəraət verilmiş təqsirləndirilən şəxs Nümayəndə1 barəsində axtarış elan edilmiş, bununla əlaqədar cinayət işi üzrə apelyasiya icraatı dayandırılmışdır. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 1(107)-14/2018 nömrəli qərarından görünür ki, dövlət ittihamçısı Musayev Fuad Möhübbət oğlu tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmiş, Nümayəndə1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə əməli sübuta yetirilmədiyindən bəraət verilməsinə dair X5 Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Nümayəndə1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli, 1 (102)-848/18 nömrəli qərarından görünür ki, kassasiya protesti təmin edilməmiş, Nümayəndə1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin və Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin aşağıda göstərilən maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» qərarına, Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1, 4, 5, 7 və 12-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz. Həmin Məcəllənin 56.0.1-ci maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxs, CPM-nin 56.0.5-ci maddəsinə əsasən qanunsuz həbs olunmuş və ya tibb, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs, CPM-nin 56.0.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq bu Məcəllənin 176 və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Həmin Məcəllənin 57.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 56.0.1, 56.0.2, 56.0.5 və 56.0.6-cı maddələrində göstərilmiş şəxslərə-cinayət prosesini həyata keçirən orqanın cinayət təqibini istisna edən müvafiq halları bildiyi və bilməli olduğu gündən 7 (yeddi) gün keçdikdən sonra vurulmuş ziyan ödənilir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. Həmin Məcəllənin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə iraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında-təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 43 və 53-cü maddələrinə əsasən məhkəmədə iddiaçı və cavabdeh olmaq səlahiyyətləri yalnız hüquqi şəxsə mənsubdur; filial və nümayəndəliklər hüquqi şəxsin mənafeyini təmsil edir və məhkəmədə iddiaçı və ya cavabdeh ola bilməz. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» qərarında qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsinin sözügedən xx xxx 2002-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya» nın müddəaları və X4 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 82.4-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir; şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir; şəxsin çıxarılmış qərarla razılaşmadığı hallarda, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər; fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir; istintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Nümayəndə1 xx xxxxxx 2016-cı il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, orada ona ittiham irəli sürülmüş, nəticədə X5 Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona verilmiş ittiham üzrə əməli sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmış, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə təmin edilməmiş, həminbəraət hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il qərarı ilə kassasiya protesti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Nümayəndə1 xx xxxxxx 2016-cı il tarixdən xx xxxxx 2017-ci il tarixədək, yəni 8 ay 3 gün müddətdə qanunsuz və əsassız həbsdə olmuşdur. Nümayəndə1 bu müddət ərzində qanunsuz həbsdə olduğu üçün ailəsindən, övladlarından ayrı düşmüş, mənəvi iztirab keçirmişdir. Təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona o cümlədən mənəvi zərər vurulmuşdur. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instasnsiya məhkəməsi işin hallarına hüquqi qiymət verərək, hesab etmişdir ki, iş materiallarına əsasən ibtidai istintaq və prokurorluq orqanlarının səhvi nəticəsində Nümayəndə1 uzun müddət-8 ay 3 gün qanunsuz həbsdə qalması onda ümidsizlik, qeyrimüəyyənlik və həyəcan hissləri yaratmışdır. Qanunsuz həbs edilməsi və qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə uzun müddət həbsdə qalması ilə ona qarşı törədilən qanunsuz hərəkət şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, o, bu səbəbdən fiziki əzab çəkməsi nəticəsində iztirab keçirmişdir. Həmçinin Nümayəndə1 bu müddət ərzində hərəkət etmək azadlığından və fəal ictimai həyat tərzindən məhrum edilmişdir, o, özünü bədbəxt hiss edir. Qanunsuz həbsdə olması və ona istinad olunan ağır cinayətin törədilməsi barədə məlumatların yayılması ilə şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələnmiş və bu da onun psixikasında və şüurunda mənfi izlər qoymuşdur. Həmçinin iddiaçının həbsdə qalması onu şəxsi həyatından məhrum etmiş, onun xeyirxah adına və reputasiyasına bərpaolunmaz zərər vurmuşdur. Bütün bunlar təbii ki, Nümayəndə1 haqqında bəraət hökmünün çıxarılması ilə kompensasiya edilə bilməz. Birinci instasnsiya məhkəməsi İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin X1rşı işi üzrə qərarına istina edərək, qeyd etmişdir ki, mənəvi ziyanın bir sıra formaları, o cümlədən emosional iztirablar öz mahiyyətinə görə hər bir konkret halla həmişə sübut oluna bilinmir (bax: Abdulaziz, Cabales and Balkandali v. X6, məhkəmənin xx xxx 1985 il tarixli qərarı 94, §96). Ancaq bu, məhkəməyə mənəvi ziyan vurulduğunun hesab edildiyi təqdirdə iddiaçıya mənəvi zərərə görə maliyyə kompensasiyası verilməsi barədə qərar çıxarmağa mane olmur. Hazırki işdə də ağlabatandır ki, iddiaçı uzun müddət həbsdə saxlanılmaqla əzab və iztirablar yaşamış, onda güclü ümidsizlik hissləri yaranmış və bu hisslər uzunmüddətli olmuşdur. Həmçinin iddiaçı gündəlik həyat tərzindən və şəxsi həyatından, ailə və uşaqları ilə bir yerdə yaşamasından məhrum olmaqla onun gündəlik və gələcək planları puç olmuşdur. O da şübhəsizdir ki, iddiaçının 8 ay 3 gün həbsdə qalmaqla mənəvi sarsıntı, iztirab və ümidsizlik hissləri keçirməsi və nəticədə mənəvi zərərə məruz qalması ibtidai istintaq və prokurorluq orqanlarının səhvi nəticəsində baş vermişdir və burada birbaşa səbəbli əlaqə vardır. Birinci instasnsiya məhkəməsi işdəki sübutlara qiymət verərək, hesab etmişdir ki, ədalət prinsipinə görə hüquqauyğun və ağlabatan şəkildə mənəvi zərərin əvəzi olaraq iddiaçıya kompensasiya ödənilməsi zəruridir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi 3 əsas funksiyaya malikdir: birincisi-zərərçəkənin tələbinin təmin edilməsi, ikincisi-zərər vuran şəxslərə təsir göstərilməsi, üçüncüsü-digər şəxslər tərəfindən şəxsiyyətin hüquqlarına qəsd edilməsinin qarşısının alınması. Mənəvi zərərin əvəzinin ödənilməsinin başlıca məqsədi pozulmuş hüquqların restitusiyası deyil. Belə ki, vurulmuş zərər pul ekvivalentinə malik deyil və onun tamamilə kompensasiyası qeyri-mümkündür. Birinci instasnsiya məhkəməsi həmçinin belə qənaətə gəlmişdir ki, iddiaçının sarsıntı və iztirabları və onun azadlıq hüququna qəsd kifayət qədər ciddi olsa da, iddia tələbi həddər artıq şişirdilmişdir və reallıqdan uzaqdır. İddia tələbinin tam həcmdə təmin edilməsi heç şübhəsiz ki, mənəvi iztirab və sarsıntılara adekvat olmamaqla ağlabatan deyildir və demokratik cəmiyyətdə zəruri xarakterə malik tədbir hesab oluna bilməz. Birinci instasnsiya məhkəməsi hesab etmişdir ki, ədalət və ağlabatanlıq nöqteyinəzərindən iddiaçıya 8000 manat mənəvi zərərə görə kompensasiyanın təyin edilməsi iddiaçının 8 ay 3 gün əsassız həbsdə qaldığı müddətdə keçirdiyi həyəcan və iztirab hisslərinin qarşılığına və nüfuzunu, şərəf və ləyaqətini bərpa etmək məqsədinə mütənasibdir. Həmçinin kompensasiyanın ağlataban bu məbləği kimisə müflis etmək məqsədi daşımır. Birinci instasnsiya məhkəməsi həm də bu nəticəyə gəlmişdir ki, qanunvericiliyə görə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanununun tələbləri baxımından Azərbaycan Respublikasının Dövləti adından Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cavabdehlik daşıyır. Ona görə də Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia 8000 manat mənəvi zərər hissəsində təmin edilməli, həmin nazirliyə qarşı qalan məbləğ hissəsində isə təmin edilməməlidir. Birinci instasnsiya məhkəməsi həmçinin hesab etmişdir ki, hazırki iddia tələbi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Balakən rayonu üzrə Maliyyə İdarəsi cavabdehlik daşımadığından, bu idarəyə qarşı hazırki iddia tələbi qanunsuz və əsassız qaldırıldığından, iddia Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Balakən rayonu üzrə Maliyyə İdarəsinə qarşı təmin edilməməlidir. Birinci instasnsiya məhkəməsi bu xüsusda onu da bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43 və 53-cü maddələrinə əsasən məhkəmədə iddiaçı və cavabdeh olmaq səlahiyyətləri yalnız hüquqi şəxsə mənsubdur; filial və nümayəndəliklər hüquqi şəxsin mənafeyini təmsil edir və məhkəmədə iddiaçı və ya cavabdeh ola bilməz. Birinci instasnsiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, iddia Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı qismən təmin edilməli, Nümayəndə1 xx xxxxxx 2016-cı il tarixdən bəraət aldığı xx xxxxx 2017-ci il tarixədək qanunsuz və əsassız həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi ziyana görə 8000 manat miqdarında pul kompensasiyası Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq, Nümayəndə1 ödənilməli, iddia tələbi qalan hissədə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Balakən rayonu üzrə Maliyyə İdarəsinə münasibətdə isə təmin edilməməlidir. Həmçinin iddiaçı hazırki iddia üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, hesablanmış cərimə borcunun məbləğini azaldaraq 8000 manat həcmində təmin etməklə həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini əsaslı hesab edir; belə ki, qanunsuz məhkum edilməsi nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum olmuş, işgüzar nüfuzuna xələl gəlmiş, özünün və ailə üzvlərinin barəsində mənfi fikir formalaşmış, sağlamlığına zərər dəymişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarda göstərilənləri nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Şərh olunanların məcmusuna əsaslanmaqla kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərəri 8000 (səkkiz min) manat həcmində müəyyənləşdirərkən birinci instansiya məhkəməsi haqlı olmamışdır. Bununla bağlı apelyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin 5000 manat məbləğində müəyyən edilməsi iddiaçının mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Yuxarıda göstərilən maddələrin tələblərindən də göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və apelyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, iddia tələbini 8000 manat həcmində təmin etməkdə haqlı olmadığından və işdə qətnаmənin аpelyаsiyа qаydаsındа dəyişdirilməsi üçün əsаslаr olduğundan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirinin müavini Azər Bayramov tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-96/2020 nömrəli qətnaməsi dəyişdirilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq, Nümayəndə1 ödənilməli mələğ 5000 (beş min) manat müəyyən edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən salanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə аpelyаsiyа instаnsiyаsı Məhkəməsi qətnаməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirinin müavini Azər Bayramov tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-96/2020 nömrəli qətnaməsi dəyişdirilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq, Nümayəndə1 ödənilməli mələğ 5000 (beş min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1463/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1463/2020
26.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver