Məhkəmə qərarları › İş №2(107)-1469/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1469/2021

23.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1469/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızının Cavabdeh qarşı “uşağın saxlanılması, aliment tələbinə dair” mülki iş üzrə (Açar sözlər: iddia- aliment tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızının, Cavabdeh iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 2(075)-915/2021 saylı, 19 may 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 dekabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 200 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızı iddia tələbini belə əsaslanmışdır ki, o, Cavabdeh ilə 2016-cı ildə qeyri-rəsmi qaydada ailə qurmuş və 23 noyabr 2018-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə onların 28 dekabr 2018-ci il tarixdə Nuray adlı uşaqları anadan olmuşdur. Onlar bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar və Şəki Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş və 28 dekabr 2018-ci il təvəllüdlü X2 onun yanında saxlanılması qərara alınmışdır. Ayrıldıqları vaxtdan 28 dekabr 2018-ci il təvəllüdlü X4 onun himayəsindədir. O, bu müddət ərzində 28 dekabr 2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh aliment tələb etməmişdir. Həmçinin, Cavabdeh özü də ona uşağının saxlanılması üçün köməklik göstərməmişdir. O, uşağının saxlanılması üçün maddi cəhətdən çox çətinlik çəkir. Təkbaşına uşağının pal-paltarlarının, sağlamlığının və maddi təminatlarının qeydinə qalması heç cür mümkün deyildir. Uşağın səhhəti ilə əlaqədar mütəmadi olaraq dərman. xərcləri artır. Uşaq böyüdükcə tələbatları artır. Təkbaşına himayəsində olan uşağının tələbatlarını ödəyə bilmir. Cavabdeh ondan əvvəl də iki qadınla ailə qurmuşdur. Cavabdeh birinci qrup əlil kimi pensiya almaqla yanaşı taksi fəaliyyəti ilə də məşğul olur. Cavabdeh həm əlilliyinə görə digər bir avtomobili, həm də Mercedes marakalı avtomobili vardır. Lakin, Cavabdeh qazancı barədə məlumatı yoxdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 2(075)-915/2021 saylı, 19 may 2021-ci il tаrixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia qismən təmin edilmiş, 28 dekabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat məbləğində aliment Cavabdeh tutulub iddiaçı Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızına verilməsi, alimentin tutulmasının əvvəli 20 aprel 2021-ci il tarixdən hesablanması, iddianın qalan hissəsinin təmin edilməməsi, məhkəmə qətnaməsinin dərhal icra edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızı Cavabdeh ilə 2016-ci ildə qeyri-rəsmi ailə qurmuş və 23 noyabr 2018-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan onların 28 dekabr 2018-ci il tarixdə Nuray adlı uşaqları anadan olmuşdur. Tərəflər bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar. Şəki Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2 (075)-1763/2019 nömrəli nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızı arasında 23 noyabr 2018-ci il tarixdə Mingəçevir Regional “Asan” Xidmət mərkəzində qeydiyyat Şöbəsində bağlanmış 497 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları-28 dekabr 2018-ci il təvəllüdlü X2 anası Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızının himayəsində saxlanılması qərara alınmışdır. İddiaçı Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızı təkbaşına himayəsində olan uşağının tələbatını ödəyə bilmədiyindən Cavabdeh qarşı aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızı iddiasını müdafiə edir. Cavabdeh isə məhkəmə baxışı iclasında iştirak etməsə də, o, iş üzrə keçirilmiş məhkəmə hazırlıq iclası zamanı birinci qrup əlil olduğunu, 240 manat pensiya və 400 manat Prezident təqaüdü aldığını, 400 manat pulun onun dərmanlarına xərcləndiyini, əvvəllər taksi fəaliyyəti ilə məşğul olduğunu, gündəlik 3-5 manat qazandığını, aldığı 240 manat alimentin 25 faizini, təxminən 50 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızının uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini, hər iki valideynin uşağa baxmaq öhdəliklərinin olmasını, Azərbaycan Respublikası Prezidentinin 31 dekabr 2020-ci tarixli Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, 28 dekabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızının xeyrinə aliment tutulmalıdır. İddiaçı Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızı cavabdehin qazancı barədə məhkəməyə heç bir sənəd təqdim etmədiyindən məhkəmə hesab edir ki, Cavabdeh Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızının xeyrinə sabit pul məbləğində aliment tutulmalıdır. Lakin məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara tərəfləri tam, obyektiv və qərəzsiz, baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və cavabdehin birinci qrup əlil olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab etmişdir ki, 28 dekabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat məbləğində aliment Cavabdeh tutulub iddiaçı Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızına verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni, 20 aprel 2021-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməklə müharibə veteranı olmasına görə dövlət rüsumu ödəməkdən azad edilməli olması nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı, 78.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosesal hüquq normalarının pozulmasına yol verdiyindən qətnamə qanunsuz və əsassızdır. Belə ki, Məhkəmə qətnamə çıxararkən nəzərə almamışdır ki onun ikinci nigahdan 21 mart 2021-ci il təvəllüdlü X3 övladı vardır. Əlavə olaraq özü İ qrup müharibə əlilidir. Onun özünün əlavə baxıma ehtiyacı vardır. İ qrup əlilliyə görə aldığı 240 manatdır və baxıma görə əlavə olaraq 50 manat aylıq müavinatdır. Azərbaycan Respublikasım Prezidentinin fərmanına əsasən 1 uşaqın minumum saxlanması üçün 175 manatdır. Lakin buna baxmayaraq iki tərəfin uşağın saxlanması öhdəliyi var. Belə hesab edir ki, uşağın saxlanması üçün 130 manat iki hissəyə bölünməlidir və 65 manat puluda o ödəmək təqdirində deyil. Qeyd etdiklərini nəzərə alaraq apelliyasiya şkayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-915/2021 saylı, 19 may 2021-ci il tаrixli qətnaməsinin dəyişdirilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ikinci nigahdan övladının olduğu və aliment məbləğini ödəməkdə çətinlik çəkdiyini bildirmiş, ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-915/2021 saylı, 19 may 2021-ci il tаrixli qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-915/2021 saylı, 19 may 2021-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanun: «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarı: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qərarını alimentin məbləğinə münasibətdə yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq alimentin məbləğini düzgün olaraq 130 manat həddində müəyyən etmişdir. Ona görə də iş üzrə Şəki Rayon Məhkəməsinin 2(075)-915/2021 saylı, 19 may 2021-ci il tаrixli qətnaməsi mübahisələndirilən yəni alimentə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızı Cavabdeh ilə 2016-ci ildə qeyri-rəsmi ailə qurmuş və 23 noyabr 2018-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan onların 28 dekabr 2018-ci il tarixdə Nuray adlı uşaqları anadan olmuşdur. Tərəflər bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar. Şəki Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2 (075)-1763/2019 nömrəli nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızı arasında 23 noyabr 2018-ci il tarixdə Mingəçevir Regional “Asan” Xidmət mərkəzində qeydiyyat Şöbəsində bağlanmış 497 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları-28 dekabr 2018-ci il təvəllüdlü X4 anası Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızının himayəsində saxlanılması qərara alınmışdır. İddiaçı Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızı təkbaşına himayəsində olan uşağının tələbatını ödəyə bilmədiyindən Cavabdeh qarşı aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Cavabdeh isə birinci qrup əlil olmaqla 240 manat pensiya və 400 manat Prezident təqaüdü alır. Əlavə olaraq taksi fəaliyyəti ilə məşğul olur. 400 manat pulun onun dərmanlarına xərcləndiyini, əvvəllər taksi fəaliyyəti ilə məşğul olduğunu, gündəlik 3-5 manat qazandığını, aldığı 240 manat alimentin 25 faizini, təxminən 50 manat aliment ödəməyə razı olduğunu bildirmişdir.. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh apellyasiya şikayətində 1-ci qrup əlil olduğunu, onun başqa bir nikahından olan uşağı olduğunu bildirmişdir. kollegiya qeyd edir ki, işin bu halı onu uşağı saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. Bundan əlavə 2021-ci il üçün uşaqlar üçün müəyyən edilmiş 175 manat aliment məbləğini nəzərdən keçiridikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi alimentin məbləğini uşaq üçün 130 manat qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşağın saxlanması üçün 130 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 2(075)-915/2021 saylı, 19 may 2021-ci il tаrixli qətnaməsi mübahisələndirilən yəni alimentin məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 2(075)-915/2021 saylı, 19 may 2021-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar