Məhkəmə qərarları › İş №2(107)-1495/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1495/2020

17.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1495/2020 17.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(019)-386/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X1 450 (dörd yüz əlli) manat aliment tələbi olan hissəsində azaldaraq hər bir uşaq üçün 100 (bir yüz) manat olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(019)-386/2020 saylı qətnaməsi ilə iddia təmin olunmamış və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı apelyasiya şikayəti vermişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə tərəfindən ona tətbiq olunan 450 manat aliment məbləği həddindən çox olduğundan məhkəmənin qərarına hörmətlə yanaşsa da, heç bir yerdə iş tapa bilmədiyindən bu qədər məbləğin hansı yolla tapıb ödəməli olduğunu ağlına belə gətirə bilməmişdir. İşə düzəlmək üçün Balakən rayon Dövlət Məşğulluq Mərkəzinə müraciət etmişdir. Həmin idarədən işaxtaran kimi qeydiyyata aldırmışdır. O, fəhləliklə 200-250 manat əmək haqqı alırsa, 450 manat pulu necə ödəyə bilər və onun ümumiyyətlə fəhlə kimi iş yeri mövcud deyildir. Ona görə də iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(019)-386/2020 saylı qətnaməsi dəyişdirilməli, İddiaçı xx.xx.2005-ci il tarixdə X3, xx.xx.2007-ci ildə X4 və xx.xx.2014-cü ildə X2 yetkinlik yаşınа çаtаnа kimi sаxlаnmаsı üçün hər аy hər uşaq üçün 120 manat olmaqla ümumilikdə 360 manat pul alınaraq X1 xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı Cavabdeh ilə xx.xx.2005-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 146969 nömrəli nikah haqqında şəhadətnaməsi əsasında 10 nömrə ilə nikahlarını qeydə alınmışdır. Birgə evlilikdən xx.xx.2005-ci il tarixdə X3, xx.xx.2007-ci ildə X4 və xx.xx.2014-cü ildə X5 adında üç uşaqları doğulmuşdur. Onlar bir müddət birgə yaşadıqdan sonra cavabdehlə yaşamaq mümkün olmadığından aralarında yaranan münaqişə zəminində cavabdeh ona qarşı Balakən Rayon Məhkəməsində nikahın pozulması və aliment tələbi ilə bağlı iddia qaldırmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)- 517/2019 saylı qətnaməsinə əsasən hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləiğndə alimentin ondan tutularaq, cavabdehə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, iddiaçı heç yerdə işləmir, başqa bir gəliri də yoxdur. Bundan əlavə iş materiallarında olan ambulator kartdan çıxarışdan görünür ki, iddiaçının səhətində kifayət qədər problemlər vardır ki, bu da onun işləyib pul qazanmaq perspektivini məhdudlaşdırır. Bundan əlavə təyin edilən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(019)-386/2020 saylı qətnaməsi dəyişdirilməli, İddiaçı xx.xx.2005-ci il tarixdə X3, xx.xx.2007-ci ildə X4 və xx.xx.2014-cü ildə X2 yetkinlik yаşınа çаtаnа kimi sаxlаnmаsı üçün hər аy hər uşaq üçün 120 manat olmaqla ümumilikdə 360 manat pul alınaraq Cavabdeh xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, iddiaçının heç bir yerdə işləməməsini, tərəflərin ailə və maddi vəziyyətlərini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(019)-386/2020 saylı qətnaməsi dəyişdirilməli, İddiaçı xx.xx.2005-ci il tarixdə X3, xx.xx.2007-ci ildə X4 və xx.xx.2014-cü ildə X2 yetkinlik yаşınа çаtаnа kimi sаxlаnmаsı üçün hər аy hər uşaq üçün 120 manat olmaqla ümumilikdə 360 manat pul alınaraq Cavabdeh xeyrinə verilməlidir. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(019)-386/2020 saylı qətnaməsi dəyişdirilsin. İddiaçı xx.xx.2005-ci il tarixdə X3, xx.xx.2007-ci ildə X4 və xx.xx.2014-cü ildə X2 yetkinlik yаşınа çаtаnа kimi sаxlаnmаsı üçün hər аy hər uşaq üçün 120 manat olmaqla ümumilikdə 360 manat pul alınaraq Cavabdeh xeyrinə verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar