Məhkəmə qərarları › İş №2(107)-1505/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1505/2021

10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1505/2021 10.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(033)-355/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonunun Car kəndində yerləşən onun xüsusi mülkiyyətindəki 20 sot həyətyanı torpaq sahəsinin alqı-satqısına dair 2018-ci ilin sentyabr ayında bağlanmış şifahi əqd üzrə ödənilməli 51.000 AZN məbləğdən ödənilməyib qalan 11.500 AZN pulun Cavabdeh alınıb, ona ödənilməsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 28 aprel 2021-ci il tarixli, 2(033)- 355/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 30 (otuz) manatın onun özünə aid edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018- ci ilin avqust ayının əvvəlində, hazırkı Cavabdeh ilə tanış olub. Zaqatala rayonunun Car kəndində yerləşən özünə məxsus 20 sot həyətyanı torpaq sahəsinin yekun qiymətinin 51.000 AZN məbləğinə satdığını, hazırda sözügedən daşınmaz əmlakın öz adına dövlət qeydiyyatından keçirilmədiyini bildirib əlavə etmişdir ki, əgər alıcının niyyəti qətidirsə, alqı-satqı üçün rəsmi sənədlərin dərhal hazırlanması məqsədilə ilkin olaraq 2.000 AZN ödənilməlidir. Cavabdeh satdığı həyətyanı torpaq sahəsini almaqda niyyətinin qəti olduğunu söyləyib, qeyd edilən hüquqi sənədlərinin dərhal hazırlanması üçün lazım olan 2.000 AZN pulu 1 ay müddətində ödəyəcini, daşınmaz əmlakın notarial qaydada alqı-satqısını rəsmiləşdirəcəkləri günü, qalıq 49.000 AZN pulun bütünlüklə ona verilməsinin öhdəsinə götürdüyünü bildirmişdir. Şərtləndirdikləri şifahi əqdi öz aralarında razılaşdırdıqları bu öhdəliklər əsasında bağlamışlar. Sentyabr ayının ikinci yarısında torpaq sahəsinin öz adına dövlət qeydiyyatının aparılmasına lazım olan pul məbləğini almaq üçün Bəxtiyarla görüşmüş, o, razılaşdırdıqları 51.000 AZN məbləğdən çıxılmaqla 2.000 AZN pulu ona vermişdir. Oktyabr ayının əvvəlində isə “Çıxarış"ı alaraq Bəxtiyarla yenidən görüşüb qalıq 49.000 AZN məbləği ödəməyi və alqı-satqını notarial qaydada rəsmiləşdirməyi təklif etdikdə, o, bildirmişdir ki, hazırda borcunu tam şəkildə ödəmək imkanı yoxdur, həmin məbləği 2 dəfə olmaqla hissə-hissə ödəyə bilər. 2018-ci ilin oktyabr ayı ərzində Cavabdeh verdiyi vədi müxtəlif bəhanələrlə pozaraq, hissə-hissə olmaqla cəmi 18.000 AZN pulu ona ödəmişdir. Həmin ilin noyabr ayının əvvəlində şəxsi işi ilə bağlı məcburən Rusiya Federasiyasının Kazan şəhərinə getmişdir. Mobil telefon vasitəsi ilə Cavabdehlə daimi əlaqə saxlayıb alqısatqını rəsmiləşdirmək üçün qalıq pul məbləğinin ödənilməsini israrla tələb etməklə 2019cu ilin may ayından həmin ilin oktyabr ayının sonunadək 3 dəfə olmaqla cəmi 19.500 AZN pulun ona ödənilməsinə nail olmuşdur. 2019-cu ilin oktyabr ayındakı axırıncı ödənişdən sonra, dəfələrlə Cavabdeh bildirmişdir ki, aralarında 2018-ci ilin avqust ayında bağlanmış şifahi alqı-satqı əqdi üzrə öhdəliyini lazımınca və vaxtında icra etməməklə ona əhəmiyyətli dərəcədə ziyan vurur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsi işin həqiqi hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Zaqatala rayonunun, Car kəndində yerləşən, mülkiyyətindəki 0,07 ha həyətyanı və 0,1357 ha kənd təsərrüfatı təynatlı torpaq sahəsini ümumi dəyərinin 51.000 AZN olmaqla şifahi əqd bağlanması və həmin pul məbləğlərini hissə-hissə ödənilməsini konkret müddətinin 2018-ci ilin oktyabr ayının sonunadək cavabdehlə prinisipial olmaqla razılaşdırmışdır. Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 2(033 )-355 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, 11.500 AZN (on bir min beş yüz) pulun və həmin məbləğin əldən çıxmış faydasının yekun miqdarının müəyyən edilməklə alınıb ödənilməsinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. İddiaçıya göndərilmiş poçt zərfinin üzərinə “imtina edilib” qeydi edilməklə geri qaytarılmışdır. İddiaçı rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 051 550 42 22 mobil telefon nömrəsinə, cavabdeh isə 050 338 49 57 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşlar. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir . Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(033)- 355/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İddiaçı ilə X4 arasında 18 oktyabr 2018-ci il tarixdə bağlanmış Zaqatala Rayon 2 saylı Notariat Ofisində həmin tarixdə reyestrdə 4Ə-1428 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı olan İddiaçı tərəfindən Zaqatala rayonu Car kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 12.10.2018-ci il tarixdə verilmiş **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ona məxsus, ümumi sahəsi 0,1357 ha olan torpaq sahəsi 5000 (beş min) manata X1. İddiaçı ilə X4 arasında 18 oktyabr 2018-ci il tarixdə bağlanmış Zaqatala Rayon 2 saylı Notariat Ofisində həmin tarixdə reyestrdə 4Ə-1427 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı olan İddiaçı tərəfindən Zaqatala rayonu Car kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 12.10.2018-ci il tarixdə verilmiş **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ona məxsus, ümumi sahəsi 0,07 ha olan torpaq sahəsi 5000 (beş min) manata X1. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmlaka dair rəsmiləşdirilmiş alqısatqı müqaviləsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MMnin 325.1-ci maddəsi). - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). - 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi). -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür -567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. - 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. - 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. - 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə kollegioyasının araşdırması zamanı müəyyən edildi ki, Zaqatala rayonu Car kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi və 0,1357 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı həmin torpaq sahələrini notarial qaydada bağlanmış 18 oktyabr 2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən X2 hər biri 5000 manata olmaqla, cəmi 10000 manata satmışdır. Həmin müqavilələri Elnurə Mədətovanın əvəzinə etibarnamə əsasında Cavabdeh imzalamışdır. Göründüyü ki, iddiaçı iddia edir ki, onunla cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanan zaman aralarında şifahi razılaşma olmuşdur ki, müqavilədə göstərilən məbləğdən əlavə də cavabdeh ona hissə-hissə pul ödəyəcəkdir. Lakin, iddiaçı onların arasında razılaşma olması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazı əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf iddia ərizəsində göstərilmiş ziyanın dəyməsini, zərərin məhz cavabdeh tərəfindən törədilməsini və səbəbli əlaqəsini sübut etməlidir. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş və iddiaçı tərəf öz iddiasının əsaslarını yalnız özünun formal mülahizələrinə əsasən əsaslandırmağa çalışmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbini dəstəkləyən sübutlar yenə də yalnız iddiaçının özünün izahatına söykənir. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbi və apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Birincisi ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İkincisi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehdən maddi zərərə və digər tələblərə görə pul tələb edir. Bu tələblərə dair iddiaçının izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmiş və apellyasiya şikayətində də təqdim ediləcəyinin mümkünlüyü barədə hər hansı bir dəlil irəli sürülməmişdir. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Üçüncüsü, kollegiya bildirir ki, qanunvericiliyin tələbindən görünür ki, əşyanın nisyə satılması haqqında alqı-satqı müqaviləsinin mühüm şərti kimi ödənişlərin müddəti və qaydası müqavilədə göstərilməlidir. Halbuki, iddiaçı ilə cavabdeh arasında daşınmaz əmlaka dair müqavilə rəsmiləşdirilərkən belə bir şərtin olması öz əksini tapmamış, eyni zamanda tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən, apelyasaiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasaiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(033)-355/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar