Məhkəmə qərarları › İş №2(107)-1507/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1507/2020

16.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1507/2020 16.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh1, onun nümayəndəsi X1 və vəkili X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı "bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair" mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-398/2020 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili X9 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim E.M.Meydiyev) xx xxx 2020-ci il tarixli, 2(075)- 398/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108,8 kvadrat metr, yaşayış sahəsi 56,6 kvadrat metr, yardımçı sahəsi 52,2 kvadrat metr olan 4 otaqlı fərdi yaşayış evinin İddiaçı məxsus pay hissəsinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsinin İddiaçı məxsus pay hissəsinin İddiaçı tərəfindən Cavabdeh1 bağışlanması ilə bağlı onlar arasında bağlanmış, Şəki rayon 2 saylı Notariat Kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə-98 nömrə ilə qeydə alınmış xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108,8 kvadrat metr, yaşayış sahəsi 56,6 kvadrat metr, yardımçı sahəsi 52,2 kvadrat metr olan 4 otaqlı fərdi yaşayış evinin özünə məxsus pay hissəsinin, habelə həmin ünvanda yerləşən ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsinin özünə məxsus pay hissəsinin onun tərəfindən Cavabdeh1 bağışlanması barədə xx xxxxxx 2017-ci il tarixdə Şəki şəhərində 2 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiаçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yaşayır. Cavabdeh1 onun qardaşıdır. Onun əri 2003-cü ildə vəfat etmişdir. Həmçinin bir qızı 18 yaşında vəfat etmişdir. DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxx 2009-cu il tarixdə verilmiş çıxarışa əsasən Şəki şəhəri Bağbanlar küçəsi, döngə 16-da mülkiyyətlərində olan 0,03 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 56,6 kvadrat metr yaşayış, 52,2 kvadrat metr köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə onun və Cavabdeh1 adlarına qeydiyyata alınmışdır. Onun ailə qurub ər evinə köçüb yaşadığı ev təmirsiz vəziyyətdə olmuşdur. Cavabdeh1 onunla ümumi birgə mülkiyyətlərində olan evin özünə bağışlanması qarşılığında ona 3000 manat pul təklif etmiş, lakin o, Cavabdeh1 ilə razılaşmamışdır. Sonradan Cavabdeh1 anasının və digər yaxın qohumlarının yanında öz payının ona bağışlamasını təklif etmiş, bunun qarşılığında ona 3000 manat verəcəyini, öz hesabına onun evinin üstünü dəyişdirəcəyini, otaqlarını təmir etdirəcəyini, ona mətbəx və hamam tikdirəcəyini, oğluna toy edəcəyini və toy zamanı lazım olan qızıl-zinət əşyalarını alacağını bildirmişdir. O da Cavabdeh1 həmin vədlərinə inanaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108,8 kvadrat metr, yaşayış sahəsi 56,6 kvadrat metr, yardımçı sahəsi 52,2 kvadrat metr olan 4 otaqlı fərdi yaşayış evinin özünə məxsus pay hissəsini, bundan əlavə həmin ünvanda yerləşən ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsinin özünə məxsus pay hissəsini Cavabdeh1 bağışlamışdır. Bununla bağlı onlar arasında xx xxxxxx 2017-ci il tarixdə Şəki şəhərində 2 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş bağışlama müqaviləsi bağlanmışdır. Həmin vaxt Cavabdeh1 onu xəstə vəziyyətdə notariat kontoruna aparmışdır. Lakin sonradan Cavabdeh1 aralarında bağışlama müqaviləsinin bağlanması üçün üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. O, 2019-cu ilin aprel ayında Cavabdeh1 bir daha üzərinə götürdüyü öhdəlikləri icra etməsini tələb etsə də, Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, hətta verdiyi 3000 manatı qaytaracağı halda aralarında bağlanmış bağışlama müqaviləsini şəxsən özünün ləğv etdirəciyini bildirmiş və onu bağışladığı evdən qovmuşdur. O da oğlunun avtomobilini sataraq əldə etdiyi 3000 manat pulu götürüb “Asan” Xidmətin yanına getmiş və Cavabdeh1 özü də həmin yerə gəlmişdir. Lakin, “Asan” Xidmətin qarşısında Cavabdeh1 pulu ondan qəbul etməmiş və notariat orqanına getməmişdir. Onun Cavabdeh1 bağışladığı əmlakın dəyəri 25000-30000 manat təşkil edir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianı müdafiə edir və hesab edir ki, iddiası əsaslıdır. Buna görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı vəkili Vəkil da mahiyyətcə İddiaçı ilə eyni məzmunlu izahat verərək, sonuncunun iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdə yaşayır. DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxx 2009-cu il tarixdə verilmiş çıxarışa əsasən Şəki şəhəri Bağbanlar küçəsi, döngə 16-da mülkiyyətlərində olan 0,03 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 56,6 kvadrat metr yaşayış, 52,2 kvadrat metr köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə onun və İddiaçı adlarına qeydiyyata alınmışdır. İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108,8 kvadrat metr, yaşayış sahəsi 56,6 kvadrat metr, yardımçı sahəsi 52,2 kvadrat metr olan 4 otaqlı fərdi yaşayış evinin özünə məxsus pay hissəsini, bundan əlavə həmin ünvanda yerləşən ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsinin özünə məxsus pay hissəsini ona bağışlamış, bununla bağlı onlar arasında xx xxxxxx 2017-ci il tarixdə Şəki şəhərində 2 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş bağışlama müqaviləsi bağlanmışdır. Həmin ev iki otaqdan ibarətdir. Evi İddiaçı ilə öz aralarında bölmüşlər. O, əsgərlikdən gəldikdən sonra həmin evi təmir etdirmişdir. Hazırda İddiaçı ilə münasibətləri yaxşıdır. İddiaçı borcunun olduğunu bildirərək ondan 3000 manat borc pul istəmiş, o da İddiaçı imkanının olmadığını bildirmişdir. Bundan sonra İddiaçı ona bankdan kredit alaraq borc verməsini xahiş etmiş, o isə İddiaçı ilə razılaşmamışdır. Bundan sonra İddiaçı ümumi birgə mülkiyyətlərində olan evdən özünə düşən payı ona satmasını təklif etmiş, o, İddiaçı ilə razılaşmışdır. Hətta, o, İddiaçı aldığı borcun əvəzində evinin özünə düşən hissəsini ona bağışlamasını və aldığı borcu nə vaxt qaytararsa, o da əmlakını ona qaytaracağını bildirmişdir. Yəni verdiyi pulu qarantiya (zəmanət) altına almışdır. Bundan sonra “xxxxxxxxxxxx” ASC-nin Şəki filialından kredit götürmüş və bundan iki gün sonra aralarında hazırda mübahisələndirilən bağışlama müqaviləsi bağlanmışdır. Onlar notariat kontorundan çıxdıqdan sonra o, İddiaçı 3000 manat pulu vermişdir. Bundan da iki ay sonra İddiaçı onun yanına gələrək ər evində 1 mətbəx və 4x4 metr ölçüdə bir otaq tikməyə kömək etməsini xahiş etmişdir. O da İddiaçı ona tikəcəyi mətbəx və otağa çəkəsi xərcə özünə kənarda ayrıca ev tikməsinin onun üçün daha əlverişli olmasını bildirmişdir. Lakin, sonradan onun hesabına İddiaçı bir mətbəx tikilməsinə razılaşmışlar. Bağışlama müqaviləsi bağlanandan 8 ay sonra o, öz hesabına İddiaçı mətbəx və hamam tikmiş, bu tikililərə 3500 manat xərci çıxmışdır. Sonra İddiaçı ondan bir otaq da tikməsini tələb etmiş, o isə İddiaçı pulunun olmadığını bildirmişdir. Sonradan İddiaçı özünə bir otaq tikmiş və həmin otağın təmirinin başa çatdırılması üçün onun arvadından 2000 manat və 1500 manat olmaqla 3500 manat pul almışdır. O, sonuncu dəfə pul verəndə anasının sırğalarını götürmüşdür. Bundan bir müddət sonra İddiaçı əvəzinə anası 1000 manat və 300 manat olmaqla, onun arvadına 1300 manat pul qaytarmışdır. Çünki, o, həmin pulları İddiaçı borc olaraq vermişdir. İddiaçı ona 3000 manat qaytarması müqabilində aralarında bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsini tələb etsə də, o, aralarında bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi müqabilində verdiyi bütün pulların qaytarılmasını tələb etmişdir. Lakin, İddiaçı onun verdiyi pulları qaytarmamışdır. O, bağışlama müqaviləsindən sonra həmin evi öz adına rəsmiləşdirmiş və hazırda həmin ev tam mülkiyyət hüququ üzrə ona məxsusdur. İddiaçı onun verdiyi 8000 manatı geri qaytaracağı halda, aralarında bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsinə razıdır. Göstərilənləri nəzərə alaraq qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, İddiaçı və Cavabdeh1 anasıdır. Heç biri ilə ədavəti, düşmənçiliyi yoxdur. O, 1968-ci ildə allə qurmuş və əri Yusifin evinə gəlin gəlmişdir. Əri Yusif 2008-ci ildə vəfat etmişdir. Onun Elçin adlı da bir uşağı vardır. Elçin kənarda yaşayır. O isə 1968-ci ildən ünvan 1 ünvanında yerləşən evdə yaşayır. Ərinin sağlığında evlərini iki hissəyə bölüb bir hissəsini Elşada, bir hissəsini isə Nəsibəyə vermişlər. Oğlu Elşad ailə qurub həmin evə gəlin gətirmişdir. Qızı Nəsibə isə 1992-ci ildə ailə qurub ər evinə köçmüşdür. Nəsibənin əri və 18 yaşlı qızı vəfat etmişdir. Nəsibə öz payını Elşada bağışlamışdır. Bunun qarşılığında Elşad Nəsibəyə 3000 manat pul vermiş və Nəsibənin ər evində mətbəx, hamam, tikdirəcəyini, evini yenidən təmir etdirəcəyini, oğlu evlənəndə lazım olan qızıl-zinət əşyalarını alacağını öz öhdəsinə götürmüşdür. Həmin işlər verilən 3000 manatdan əlavə olmalı idi. Bundan sonra Elşad ona əvəzində 3100 manat qaytarmaq şərti ilə 2600 manat pul vermiş və həmin pula Nəsibənin yaşadığı ər evində hündürlüyü 1,6 metr olan quru divar tikilmişdir. Elşad verdiyi həmin pulu onlara hissə-hissə vermiş və sonuncu 600 manatı verəndə onun sırğalarını götürmüş və pulu qaytaranda sırğalarını verəcəyini bildirmişdir. O, hissə-hissə, yəni hər ay 100-150 manat olmaqla, Elşada cəmi 1050 manat pul qaytarmışdır. Lakin, Elşad ondan aldığı qızılları qaytarmamışdır. Bundan başqa, Elşad Nəsibəyə hər hansı bir şəkildə köməklik etməmişdir. O, bununla bağlı Elşada irad tutmuşdur. Hətta, qızı Nəsibə də Elşada onu aldatdığını bildirmiş, Elşad da Nəsibəyə “ağlın var idi aldanmayardın” deyə cavab vermişdir. Cаvаbdeh Cavabdeh2 birinci instansiya məhkəməsinin iclаsının vаxtı və yeri barədə lаzımi qаydаdа xəbərdаr edilməsinə bаxmаyаrаq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Аzərbаycаn Respublikаsı MPM-in 185.5-ci mаddəsinə əsаsən məhkəmə cаvаbdeh Cavabdeh2 nümayəndəsinin iştirаkı оlmаdаn işə bаxılmаsını mümkün hesаb etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-398/2020 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili X9 tərəfindən apelyasiya şikayəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri Apelyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf tələbində bağışlanma müqaviləsini şərtləndirdiyini bildirmiş və bu şərtlərə cavabdeh tərəfin əməl etmədiyini qeyd etmişdir. Lakin iş materiallarından göründüyü kimi, bağışlama müqaviləsində iddiaçının dediyi şərtlərin heç biri öz əksini tapmamışdır. Bundan başqa, iddiaçı tələbində, ərizəsində yaxın qohumların yanında müqavilənin şərtlərinin müzakirə edildiyini qeyd etmişdir. Lakin məhkəmə gedişatında həmin şəxslərin kimliyi araşdırılmamış və dindirilməmişdir. Çünki iddiaçı bunu yalan yazmışdır. İddiaçı ilə cavabdeh arasında bağışlama müqaviləsi bağlanarkən və ya müzakirə olunarkən kənar şəxslərdən heç kim olmamışdır. Bundan başqa, işə baxan məhkəmə cavabdeh tərəfin verdiyi izahatı təhrif edərək düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh bacı-qardaşdır. İddiaçı ona pul lazım olduğu üçün öz payını satdığını bildirmişdir. Eyni zamanda, iddiaçı həmin hissənin satışını ev alqısatqısı ilə məşğul olan maklerlərə də təklif etmişdir. Belə olan halda cavabdeh həmin hissənin “satılırsa ona satılmasını” təklif etmişdir. İddiaçı bununla razılaşmış və ona 3000 manat pul lazım olduğunu bildirmişdir. Cavabdeh bankdan 3000 manat kredit götürüb iddiaçıya vermişdir. Bundan əlavə, iddiaçı təmir üçün cavabdehdən əlavə pul götürmüşdür. Eyni zamanda, iddiaçı üçün cavabdeh tərəfindən tikinti işləri aparılmışdır. Nəticədə cavabdehin iddiaçıya verdiyi və xərclədiyi pullarla birlikdə 8000 manat məsrəfi çıxmışdır. Bunların hamısı həmin evin alqı-satqısı üçün çəkilmiş xərclər olmuşdur. Məhz buna görə də tərəflər arasında bağışlama müqaviləsi bağlanmışdır. İddiaçı həmin xərclərdən əlavə daha çox məbləğ tələb etməyə başlamışdır. Halbuki, tərəflərlər iddiaçının payı olan bir otaq üçün onun dediyi formada razılaşmamışdırlar. Cavabdeh öz üzərinə düşən bütün öhdəliyi yerinə yetirmişdir. Baxmayaraq ki, tərəflər arasında bağışlama müqaviləsi hər hansı bir şərtlə şərtləndirilməmişdir. Tərəflər alqı-satqıya razılaşmış və nəticədə notariat kontorunda bu mübahisəli bağışlama müqaviləsini bağlamışlar. Əgər bağışlama müqaviləsində, iddiaçının dediyi kimi, toy xərci, qızıl-zinət alınması və s. məsələlər müzakirə olmuş olsaydı, o zaman notarius müqavilədə həmin şərtləri xüsusi olaraq qeyd etmiş olardı. Bu zaman müqavilə şərtləndirilmiş sayılacaqdı. Lakin belə bir müqavilə tərəflər arasında rəsimləşdirilməmişdir. Buna görə də, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-398/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclаsında Cavabdeh1 və onun vəkili X9 apelyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verib, apelyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-398/2020 nömrəli qətnaməsinin ləğv, iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclаsında həmçinin cаvаbdeh Cavabdeh1 nümayəndəsi X5 apelyasiya şikayətinin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-398/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclаsında iddiаçı İddiaçı və onun vəkili Vəkil apelyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-398/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Cаvаbdeh Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh2 məktubla məhkəmə kollegiyasına müraciət edərək notariat ofisində gündəlik iş yükünün çox olmasını nəzərə alaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cаvаbdeh Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh1 və vəkili X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-398/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Hüquqi məsələlər Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Mülki Prosessuаl Məcəllənin 372.6-cı mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Mülki Prosessuаl Məcəllənin 372.7-ci maddəsinə əsasən аpelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan DƏDRX-nin X20 tərəfindən xx xxxxx 2009-cu il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki şəhəri Bağbanlar küçəsi, döngə 16-da mülkiyyətlərində olan 0,03 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 56,6 kvadrat metr yaşayış, 52,2 kvadrat metr köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1 və İddiaçı adlarına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan İddiaçı tərəfindən Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna yazılmış xx xxxxxx 2017-ci il tarixli ərizədən görünür ki, o, həmin ərizəsi ilə 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2009-cu il tarixdə verilmş **********59-10301 reyestr nömrəli və ********** nömrəli çıxarışlar əsasında ünvan 3 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evinin özünə məxsus pay hissəsini bağışlamaq istədiyini, bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsi ilə bağlı dövlət rüsumunun və xidmət haqqının ödənilməsinə dair qəbzləri əlavə etdiyini bildirmişdir. İşdə olan Şəki şəhər İHB-nin İpəkçi məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli arayışdan görünür ki, Şəki şəhəri Bağbanlar küçəsi, döngə 16/2 ünvanında yerləşən ev və həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1 və İddiaçı məxsusdur, həmin evdə Cavabdeh1, X5 və X10 yaşayırlar. İşdə olan Şəki şəhər VVAQ Şöbəsi tərəfindən xx xxxxxxxx 2003-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxxxx 2003-cü il tarixdə vəfat etmişdir. İşdə olan Şəki şəhər VVAQ Şöbəsi tərəfindən xx xxxxxx 1992-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Feyzullayeva (İbrahimxəlilova) Nəcibə Yusif qızının arasında xx xxxxxx 1992-ci il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 357 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şəki şəhəri VVAQ Bürosu tərəfindən xx xxxxxx 1969-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1969-cu il təvəllüdlü X2 atası X7, anası isə Şahiddır. İşdə olan Şəki şəhəri VVAQ Bürosu tərəfindən xx xxxx 1973-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1973-cü il təvəllüdlü Cavabdeh1 atası X7, anası isə Şahiddır. İşdə olan X5 tərəfindən Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna yazılmış ərizədən görünür ki, o, həmin ərizəsi ilə qeydiyyatda olduğu və İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evinin bağışlanmasına etiraz etmədiyini bildirmişdir. İşdə olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Şəki rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən xx xxxxxx 2017-ci il tarixdə təsdiq edilmiş bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108,8 kvadrat metr, yaşayış sahəsi 56,6 kvadrat metr, yardımçı sahəsi 52,2 kvadrat metr olan 4 otaqlı fərdi yaşayış evinin özünə məxsus pay hissəsini, bundan əlavə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsinin özünə məxsus pay hissəsini Cavabdeh1 bağışlamışdır. İşdə olan DƏDRX-nin X20 tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki şəhəri Bağbanlar küçəsi, döngə 16-da xüsusi mülkiyyətdə olan 0,03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 108,8 kvadrat metr olan 2 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İşdə olan İddiaçı tərəfindən Cavabdeh1 göndərilmiş bağışlamadan imtina haqqında xx xxxxxx 2018-ci il tarixli bildirişdən görünür ki, İddiaçı həmin bildirişlə mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108,8 kvadrat metr, yaşayış sahəsi 56,6 kvadrat metr, yardımçı sahəsi 52,2 kvadrat metr olan 4 otaqlı fərdi yaşayış evinin özünə məxsus pay hissəsini və həmin ünvanda yerləşən ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsinin özünə məxsus pay hissəsini Cavabdeh1 bağışlaması ilə bağlı aralarında bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə müraciət edəcəyini bildirməklə bağışlamadan imtina etmişdir. İşdə olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında ona 48 ay müddətinə 3850 manat məbləğində kredit verilmişdir. Mülki Prosessuаl Məcəllənin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. MPM-nin 77.1-ci mаddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Şəki rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən xx xxxxxx 2017-ci il tarixdə təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108,8 kvadrat metr, yaşayış sahəsi 56,6 kvadrat metr, yardımçı sahəsi 52,2 kvadrat metr olan 4 otaqlı fərdi yaşayış evinin özünə məxsus pay hissəsini və həmin ünvanda yerləşən ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsinin özünə məxsus pay hissəsini Cavabdeh1 bağışlamışdır. İndi isə İddiaçı Cavabdeh1 anasının və digər yaxın qohumlarının yanında öz payını ona bağışlaması müqabilində ona 3000 manat pul verəcəyini, öz hesabına onun evinin üstünü dəyişdirəcəyini, otaqlarını təmir etdirəcəyini, ona mətbəx və hamam tikdirəcəyini, oğluna toy edəcəyini və toy zamanı lazım olan qızıl-zinət əşyalarını alacağını öz öhdəsinə götürdüyünü, lakin üzərinə götürdüyü öhdəliyini icra etmədiyini əsas göstərərək, ünvan 1 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinin özünə məxsus pay hissəsinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsinin özünə məxsus pay hissəsinin onun tərəfindən Cavabdeh1 bağışlanması barədə xx xxxxxx 2017-ci il tarixdə Şəki şəhərində Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş bağışlama müqaviləsinin ləğv edilməsini xahiş edir. Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi İddiaçı iddia tələbini təmin etmiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı müvafiq müqavilə əsasında özünə məxsus iddia predmeti olan əmlakını bağışlayarkən bağışlamanı hər hansı bir öhdəliklə şərtləndirməsi onlar arasında bağlanmış müqavilədə öz əksini tapmasa da, məhkəmə araşdırması zamanı İddiaçı, onun vəkili Vəkil, qismən Cavabdeh1 izahatları, Şahid ifadəsi ilə müəyyən edilmişdir ki, həmin bağışlama müqaviləsi üzrə Cavabdeh1 İddiaçı öz payını ona bağışlaması qarşılığında İddiaçı 3000 manat verəcəyini, öz hesabına İddiaçı evinin üstünü dəyişdirəcəyini, evinin otaqlarını təmir etdirəcəyini, İddiaçı mətbəx və hamam tikdirəcəyini, İddiaçı oğluna toy edəcəyini və toy zamanı lazım olan qızıl-zinət əşyalarını alacağını öz öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyini üzrsüz səbəblərdən tam şəkildə icra etməmişdir. Cavabdeh1 İddiaçı ilə aralarında bağlanmış bağışlama müqaviləsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri əsassız olaraq icra etmədiyinə görə İddiaçı bağışlamaqdan imtina etməkdə, yəni mübahisəli əmlakın onun tərəfindən Cavabdeh1 bağışlanması barədə xx xxxxxx 2017-ci il tarixdə Şəki şəhərində Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş bağışlama müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsinin özünün də qeyd etdiyi kimi, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq etibarlı bağışlama müqaviləsi bağlanılmış və həmin müqavilənin etibarlı olması ilə bağlı tərəflər arasında hər hansı bir mübahisə yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin Məcəllənin 670.1-ci maddəsinə görə, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 673.1.3-cü maddəsinə görə, hədiyyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.3-cü maddəsinə əsasən, imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir... Mülki Məcəllənin 396-cı maddəsinə görə, öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir. Məhkəmə kollegiyasının qənaətincə, Mülki Məcəllənin 396 və 668.1.1-ci maddələrinin birgə təfsiri belə nəticəyə gəlməyə əsas verir ki, daşınmaz əşyanın (əmlakın) bağışlanması barədə müqavilənin notariat qaydasında bağlanması tələb olunduğu kimi, həmin əşyanın (əmlakın) bağışlanması şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edildiyi halda bu şərtlər və öhdəliklər barədə razılaşma da eyni qaydada tərtib olunmalı, yəni notariat qaydasında təsdiqlənməlidir. Lakin, birinci instansiya məhkəməsinin özünün də təsdiq etdiyi kimi, iddiaçı müvafiq müqavilə əsasında özünə məxsus iddia predmeti olan əmlak payını bağışlayarkən bağışlamanı hər hansı bir öhdəliklə şərtləndirməsi tərəflər arasında bağlanmış bağışlama müqaviləsində öz əksini tapmamışdır. Bu da onu ehtiva edir ki, sözügedən bağışlama müqaviləsi iddiaçı tərəfindən cavabdehin üzərinə hər hansı konkret və rəsmi şərt və ya öhdəlik qoyulmadan, eyni zamanda cavabdeh tərəfindən də mübahisəli əmlakın ona bağışlanması müqabilində iddiaçı qarşısında öz üzərinə hər hansı konkret və rəsmi şərt və ya öhdəlik götürülmədən bağlanmışdır. Buna baxmayaraq, Cavabdeh1 bağışlama müqaviləsi bağlanandan sonra İddiaçı ehtiyacı olduğu 3000 manat pul vermiş (qaytarılmamaq şərtilə), iddiaçının yaşadığı evin həyətində onun üçün öz hesabına mətbəx və hamam tikdirmişdir. Bunu iddiaçı özü də təsdiqləyir. Lakin iddiaçı qeyd edilənlərlə kifayətlənməyib cavabdehdən öz hesabına onun üçün həyətində əlavə bir otaq da tikdirməyi və evinin dam örtüyünü dəyişdirməyi tələb etmiş, cavabdeh isə həmin işləri yerinə yetirməyə maddi imkanının olmadığını bildirmişdir. Cavabdeh1 apelyasiya baxışı iclasında verdiyi izahata görə o, əri vəfat etmiş bacısına imkanı daxilində maddi yardım göstərməyi və onun yaşayış şəraitini yaxşılaşdırmağı bir qardaş kimi özünə borc bilmiş, bunları yalnız bacısının ona bağışladığı əmlaka görə etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 670.4-cü maddəsində göstərilmiş halda hədiyyə alan bağışlama müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina da edə bilər. Həmin maddədə deyilir ki, əgər bağışlama müqaviləsi bağlandıqdan sonra hədiyyə alan hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini ödəmədiyini və zərərin əvəzinin ona ödənilməyəcəyini aşkar edərsə, öhdəliyin icrasından imtina edə bilər... Bu baxımdan Cavabdeh1 bağışlama müqaviləsinin bağlanması ilə əlaqədar İddiaçı hansısa tələblərini yerinə yetirməyə vəd vermişsə də, bu tələblərin yerinə yetirilməsinə çəkiləcək xərclərin bağışlanmış əmlakın dəyərini üstələməsi və həmin xərcləri çəkmək imkanına malik olmaması səbəbindən verdiyi vədi (və ya onun bir hissəsini) yerinə yetirməkdən imtina etməkdə haqlı olmuşdur. İddiaçı qardaşı olan Cavabdeh1 maddi imkanını və çəkə biləcəyi xərclərin həcmini, bu konteksdə onun gözləntilərini doğrulda bilib-bilməyəcəyini özü üçün qabaqcadan müəyyən edə və gəldiyi nəticədən çıxış edərək bağışlama müqaviləsi bağlayıb-bağlamamaq barədə daha düzgün qərar qəbul edə bilərdi. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 İddiaçı ilə aralarında bağlanmış bağışlama müqaviləsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri əsassız olaraq icra etməməsi, bu səbəbdən İddiaçı bağışlamaqdan imtina etməkdə haqlı olması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Digər tərəfdən isə, İddiaçı Cavabdeh1lə bağışlama müqaviləsi bağladıqdan təxminən 3 il sonra bağışlamaqdan imtina edərək həmin müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmışdır. Halbuki, Mülki Məcəllənin 673.3-cü maddəsinə görə, bağışlamaqdan imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində ... qüvvədədir. İddiaçı izahatlarında vurğulamışdır ki, Cavabdeh1 bağışlama müqaviləsi üzrə öhdəliklərini icra etmək niyyətində olmamasını 2019-cu ilin aprelində başa düşmüş və həmin vaxtdan bağışlamaqdan imtina etmək qərarına gəlmişdir. Mülki Məcəllənin 673.3-cü maddəsinin tələbinə uyğun olaraq bağışlamaqdan imtina haqqında xx.xx.2019-cu il tarixli bildiriş isə Cavabdeh1 poçt vasitəsilə xx.xx.2019-cu il tarixdə göndərilmişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, əvvəla, iddiaçı öz əmlak payını cavabdehə bağışlayarkən bağışlamanı hər hansı bir öhdəliklə şərtləndirməsinə dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Bundan başqa, Cavabdeh1 bağışlama müqaviləsi ilə bağlı üzərinə götürməsi iddia edilən öhdəlikləri icra etmək niyyətində olmamasını İddiaçı bağışlama müqaviləsinin bağlandığı vaxtdan 2 ildən artıq müddət keçəndən sonra başa düşməsi inandırıcı görünmür. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı Mülki Məcəllənin 673.3-cü maddəsində hədiyyə verənin bağışlamaqdan imtina etməsi üçün müəyyən olunmuş 1 illik müddəti ötürəndən sonra bağışlama müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmışdır. Nəzərə almaq lazım gəlir ki, bağışlamaqdan imtina üçün əsas olması ehtimalında, Mülki Məcəllənin 673.3-cü maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin keçməsi iddiaçının bağışlama müqaviləsinin ləğvi barədə tələbinin təmin olunmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətindən fərqli olaraq, Mülki Məcəllənin 673.3-cü maddəsində müəyyən olunmuş 1 illik müddət kəsici xarakter daşıdığından mübahisə tərəfinin onun tətbiqi barədə ərizə verməsinə ehtiyac yoxdur, başqa sözlə, məhkəmə öz təşəbbüsü ilə həmin müddəti tətbiq etməlidir. Bu baxımdan Mülki Məcəllənin 673.3-cü maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin keçməsi İddiaçı tərəfindən onun mülkiyyət payı olan əmlak barəsində bağlanmış bağışlama müqaviləsinin ləğvinin mübahisələndirilməsini və bununla bağlı irəli sürdüyü tələb əsaslı olsa belə, həmin tələbin təmin olunmasını istisna edir. Qanunda nəzərdə tutulmuş kəsici müddət keçdikdən sonra maraqlı şəxs əqdi (müqaviləni) mübahisələndirmək hüququnu itirir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş müddət məhdudiyyətləri hüquqi müəyyənlik prinsipinin təmin olunmasına xidmət edir, ona görə də həmin məhdudiyyətlərin tətbiqinə məhkəmələr tərəfindən əməl olunması məcburidir. Bundan əlavə, Mülki Məcəllənin 9.3-cü maddəsinə görə, qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə tərəflər arasındakı hüquqi münasibətləri düzgün qiymətləndirməmiş və çıxardığı qətnaməni tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.4-cü mаddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə görə, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-398/2020 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnаmə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 və vəkili X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-398/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnаmə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı "bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair" iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gundən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikаyət verilmədiyi hаldа qəbul edildiyi gündən 2 (iki) аy keçdikdə qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar