Məhkəmə qərarları › İş №2(107)-1578/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1578/2021

14.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1578/2021 14.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh Balakən Rayon Məhkəməsinin hakimi Səlimov Hümbət Qamuna oğluna verdiyi etiraz ərizələrinə baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh RX seriyalı ******* nömrəli «Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış»a əsasən xüsusi mülkiyyətində olan Balakən rayonu Katex kəndində 0,2585 ha torpaq sahəsinə buraxmamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin qarşısında cavabdeh tərəfindən inşa edilmiş hasarın sökülməsi və cavabdehin son 20 (iyirmi) il ərzində torpaq sahəsindən qanunsuz olaraq istifadə etməsi nəticəsində əldən çıxmış fayda olan 20.000 (iyirmi min) manat pulun və 5000 (beş min) manat mənəvi ziyanının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən mülki işə baxılan zaman Cavabdeh hakim Səlimov Hümbət Qamuna oğluna etiraz etmişdir. Etiraz ərizələri onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və ziyanın ödənilməsi tələbinə dair mülki iş hakim Səlimov Hümbət Qamuna oğlunun icraatındadır. Həmin iş üzrə iddiaçı ərizəsində cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin qeyri-qanuni istifadə etdiyi üçün cavabdehin dəymiş zərərinin ödənilməsi və s. ödəmələrə dair əsassız tələblər irəli sürülmüşdür. O, işə hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi ilə baxılmasına etiraz edir. Belə ki, hakim iddiaçının hər dediyini edir, onu bir vəkil kimi müdafiə edir. Onun xeyrinə olan vəsadətləri isə qəbul etmir. Onda olan məlumata əsasən, hakim artıq öz mövqeyini bildirmiş və onun ziyanına qətnamə çıxaracağını qeyd etmişdir. Bu da onu deməyə əsas verir ki, bu işdə ona qarşı qərəzlidir. Ona görə də mülki işə baxılmasının başqa hakimə verilməsi məsələsinin həlli üçün etirazın Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. Beləliklə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh Balakən Rayon Məhkəməsinin hakimi Səlimov Hümbət Qamuna oğluna verdiyi etiraz müzakirə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bununlа bаğlı məhkəmə kоllegiyаsı qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmiş etirazın həll edilmə qaydası Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 22-ci mаddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmin Məcəllənin 19.2-ci maddəsinə əsaən, aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: 19.2.1. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.2.2. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və qohumu olmuşsa; 19.2.3. o, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 19-20ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən etirazlar əsassızdır və etirazlarda qeyd edilən əsaslar müəyyən edilmədiyindən etirazların təmin edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, etirazların dəlillərini araşdıraraq hesab edir ki, cavabdehlər tərəfindən verilmiş etiraz əsaslandırılmadığından və etirazların təmin edilməsi üçün sübutlar təqdim olunmadığından təmin edilməməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 22, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə kоllegiyаsı qərara aldı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh Balakən Rayon Məhkəməsinin hakimi Səlimov Hümbət Qamuna oğluna verdiyi etiraz təmin edilməsin. Mülki iş baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar