Məhkəmə qərarları › İş №2(107)-163/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-163/2023

10.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-163/2023 10.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: aliment tələbi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh nümayəndələri Nümayəndə və Vəkil (həmçinin vəkil) iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rаyоn Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(037)-1228/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I.İşin halları

1. Hazırkı məhkəmə mübahisəsi İddiaçı (bundan sonra- iddiaçı) ilə Cavabdeh (bundan sonra - cavabdeh) arasında onların ümumi uşaqlarına alimentin ödənilməsi ilə bağlııdır.

2. Tərəflər arasında nikah 04 iyul 2008-ci il tarixdə İsmayıllı rayon Basqal qəsəbəsi İnzibati Ərazi bölgə nümayəndəliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 № ilə qeyd edilmişdir.

3. Tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə X5 və xx.xx.2011-ci il tarixdə X6 adlı iki övladları doğulmuşdur.

4. Bakı şəhəri 14 saylı notariat ofisində 28 aprel 2021-ci il tarixdə təsdiq olunmuş razılaşmadan görünür ki, tərəflər nikahın pozulmasına qərar verir, Cavabdeh xx.xx.2010cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 üçün aliment pulu ödəməkdən imtina edir və uşaqların İddiaçı yanında saxlanılmalarına razılıq verir, İddiaçı isə xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X3 onunla birlikdə qalmasına razılıq verir və uşaqlar üçün anaları X5 tərəfindən ödəniləcək aliment pulunu ödəməməyi qəbul edir ....

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (001)-210 saylı qətnaməsinin surətindən müəyyən edilir ki, iddiaçı X4 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, Rüqayə və Əşrəf adlı uşaqlar boşanmadan sonra atasının yanında saxlanılmışdır.

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2010-cu il tarxdə doğulmuş X1 və xx.xx.2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 193 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq və mediasiya sessiyası üçün ödənilmiş 50 (əlli) manat məbləğin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

7. İddia tələbini hazırkı qətnamənin 1-3 və 5-6-cı bəndlərində göstərilənlərlə əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, ayrıldıqları vaxtdan cavabdeh uşaqların mənəvi inkişafı, sağlamlığı ilə maraqlanmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin MTT (001)- 31/2021 tarixli qərardadına asasan Cavabdeh hər həftənin bazar günü saat 10:00-dan 20:00-a qədər xx.xx.2010-cu il təvəllüdlü Rüqayə vəxx.xx.2011 -ci il təvəllüdlü Əşrəf adlı övladları ilə ünsiyyətdə olmaq hüququ verilməsi barədə qərar qəbul olunmuşdur. İsmayıllı rayon icra va probasiya şöbəsində icra sənədinin icrası zamanı uşaqları cavabdehlə görüşə aparsa da cavabdeh özü gəlməmiş, müxtəlif vaxtlarda anası Xumar və digər qohumunu göndərmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə göstərmişi ki, tərəflər arasında münasibətlər pozulduğu üçün nikahın pozulmasına, uşaqların atanın yanında saxlanılmasına və alimentlə bağlı öz aralarında razılığa gəlmişlər və bu razılaşmanı 28 aprel 2021-ci il tarixdə Bakı şəhərinin 14 saylı notariat ofisində notarial qaydada təsdiqləmişlər. Tərəflər arasında bağlanmış nikah pozulmuş, iki uşaq atası iş üzrə İddiaçı yanında saxlanılmışdır. Hesab edir ki, Cavabdeh iki uşağın saxlanması üçün aliment ödəməkdən imtina etdiyindən, İddiaçı isə alimentdən imtinanı qəbul etdiyindən və qarşılıqlı razılıq notariat qaydada təsdiq edildiyindən alimentin təyin edilməsi məsələsinə baxılmamalıdır. Ona görə də iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir.

9. Birnci instansiya məhkəməsində işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmışdır.

10. İsmayıllı Rаyоn Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(037)-1228/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 31 avqust 2022-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2010 cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 130 (bir yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altımış) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi, Cavabdeh 51,2 (əlli bir manat, iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh mediasiya sessiyası üçün ödənilmiş 50 (əlli) manat məbləği tutularaq X2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Cavabdeh İsmayıllı Rаyоn Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(037)- 1228/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz, ədalətsiz, əsassızdır. Hakim tərəfindən işin hallarını düzgün araşdırmadan, aydınlaşdırmadan qəbul olunan qanunsuz qətnamə ləğv edilməlidir. Hakim iddia ərizəsini icraata qəbul edərkən və iddia tələbini araşdırarkən iddiaçı və cavabdeh arasında boşanmadan əvvəl notarial qaydada bağlanmış müqaviləyə əhəmiyyət vermədən, hətta cavabdehin vəsatətini təmin etmədən bilə-bilə qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Hakim tərəflər arasındakı bağlanmış müqaviləni araşdırmamış, tərəflər arasındakı bağlanmış müqavilənin şərtlərinə əhəmiyyət vermədən qəbul etdiyi qanunsuz qətnamə ilə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2, 75.1, 75.4, 78.1 və 100.2-ci maddələrinin tələblərini bilərəkdən pozmuşdur. Valideynlər arasında uşaqların saxlanması üçün qarşılıqlı razılıq olmadıqda, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Tərəflər arasında notarial qaydada qarşılıqlı razılıq olduğu halda məhkəmə qanunun tələblərini pozaraq iddianı qismən təmin edərək cavabdehin hüquq və qanuni mənafelərini pozmuşdur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Amma iddiaçı və cavabdeh öz aralarında qarşılıqlı müqavilə imzalamışlar ki, boşanmadan sonra Cavabdeh uşaqların saxlanması üçün aliment ödəməyəcək. İddiaçı uşaqların saxlanmasını öz üzərinə götürmüşdür.Məhkəmə tərəflər arasındakı müqavilənin mövcud olduğu halda bilə-bilə qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-1228/2022 saylı qətnaməsini tamamilə ləğv edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

14. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinbaxmayaraq iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı teleqramla məhkəməyə müraciət edərək məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasına və qərar qəbul edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil və digər nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-1228/2022 saylı qətnaməsinin tamamilə ləğv edilərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişlər. IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.

19. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər.

20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

21. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

Maddə 22.2.2. Məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidirdir Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda, uşaqlarının saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rаyоn Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(037)-1228/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

26. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

27. Müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2 (001)-210 saylı qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş, Rüqayə və Əşrəf adlı uşaqlar boşanmadan sonra atasının yanında saxlanılmışdır. Tərəflər arasında xx.xx.2021-ci il tarixli notariat qaydada təsdiq olunmuş razılaşma əldə olunmuş və razılaşmaya əsasən cavabdeh X1 və X3 atası ilə qalmasına razı olduğunu və bunun qarşılığında uşaqların saxlanması üçün aliment ödəməkdən imtina etdiyini bildirmişdir. Uşaqlar hazırda iddiaçının yanındadır. İddiaçı ayrıldıqları vaxtdan cavabdehin uşaqlarının mənəvi inkişafı, sağlamlığı ilə maraqlanmadığını qeyd edərək iki uşağın saxlanması üçün hər ay hər uşağa 193 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini, xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən iddia tələbinin baxılmamış saxlanılmasını xahiş edir. Cavabdeh uşaqların maddi təminatının ödənilməsində iştirak etmir.

28. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, uşaqlar iddiaçının yanında olduğundan, uşaqlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır.

30. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixlı razılaşma ilə bağlı qeyd edir ki, Cavabdeh iki uşağın saxlanması üçün aliment ödəməkdən imtina etməsi və İddiaçı alimentin ödənilməməsini qəbul etməsi və bu razılaşmanın notariat qaydada təsdiq olunması hazırki iş üzrə iddiaçının onun himayəsində qalan uşaqların saxlanması üçün digər valideyndən, yəni cavabdehdən aliment tələb etmək hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Belə ki, aliment öhdəliyi dinamik, yəni davam edən öhdəlik olduğundan tərəflər arasında alimentin ödənilməsi və ya ödənilməməsi barədə razılaşma sonradan tərəflərin biri tərəfindən pozula, anlaşma zamanı uşaqların yanında qalan valideynin maddi imkanında dəyişiklik ola bilər. Belə olan halda aliment öhdəliyi ilə bağlı tərəflər arasında bağlanmış anlaşma, sonradan aliment tələb etmə hüququnu istisna etmir.

31. Digər tərəfdən məhkəmə kollegiyası onu da qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi uşaqların kimin yanında qalması məsələsini həll edərkən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixlı razılaşmaya istinad etməmiş, iş üzrə keçirilmiş məhkəmə psixoloji ekspertizasının rəyini əsas götürmüşdür.

32. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2 saylı qərarının 8.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi).

34. Həmin Qərarın 8.2-ci bəndində qeyd olunur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

35. Məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilən aliment uşağın saxlanılmasına, onun maddi və mənəvi inkişafının təmin edilməsi üçün yetərli olmalıdır. Alimentin məbləği müəyyən edilərkən uşağın mənafeyi başlıca şərt olaraq götürülməlidir.

36. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

37. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, alimentin tutulması üçün qanuni əsasın olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

38. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının hər uşaq üçün 130 manat müəyyən edilməsi nəticəsinə gələrkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslıdır.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

40. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

42. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

43. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rаyоn Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(037)-1228/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-ci maddəsinə görə, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.

46. Hazırkı işdən görünür ki, məhkəmə tərəfindən qət edilmiş aliment məbləği hər ay üçün 260 manatdır.

47. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə bir il ərzində ödəmənin məcmusu 3120 manat təşkil edir. Ona görə də, hazırkı qətnamədən kassasiya şikayəti nəzərdə tutulmayıb. (MPM-in 402.1-ci maddəsi) Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən аpellyаsiyа şikayəti təmin edilməsin. İsmayıllı Rаyоn Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(037)-1228/2022 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar