Məhkəmə qərarları › İş №2(107)-1640/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1640/2020

22.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1640/2020 22.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi və İddiaçı (bundan sonra iddiaçı) iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yevlax Rayon Məhkəməsində Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, bütün faktiki qazancından azyaşlı övladları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx xxxx 2018-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün 200 manat olmaqla, 400 manat sabit pul məbləğində alimentin, eyni zamanda Turqay və Tuncayın xəstə olmaqlarını nəzərə alaraq uşaqların xəstəlikləri bərpa edilənədək hər ay hər bir uşaq üçün 150 manat, cəmi 300 manat sabit məbləğdə pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxx 2020-ci ildən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməli olan dövlət rüsumunun əvəzi – 30 manatın cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulması və qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İddiaçı Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx xxxxxxx 2010-cu ildə rəsmi nikah qeydiyyatından keçərək ər-arvad olmuş və birgə nikahlarından xx.xx.2011-ci ildə X4, xx.xx.2018-ci ildə isə X5 adlı uşaqları anadan olmuşdur. Cavabdeh evə, ailəsinə, uşaqlarına baxmadığı üçün o, hazırda valideynlərinin yanında yaşayır. Cavabdehlə ailə həyatı dövründə özünün birgə nikah müddətində inşa etdirdiyi Yevlax şəhəri, 32-ci məhəllə yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşamışlar. Cavabdeh hazırda müvəqqəti olaraq Rusiya Federasiyasındadır, orada işləyir. Lakin son zamanlar ümumiyyətlə, ailəsinə heç bir xərclik, dolanışıq xərci göndərmir. Cavabdeh Rusiya Federasiyasında çox zəngin həyat tərzi keçirir. Özünə ev və obyektlər almışdır. Lakin azyaşlı uşaqlarının saxlanması üçün ona heç bir yardım etmir. Tuncay və Turqay göz xəstəliklərindən əziyyət çəkir. Övladlarının xəstəliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş məktubda da öz təsdiqini tapır. Ona görə də iddiası təmin olunmalıdır. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və qəbul edilmiş qətnamə maddi və prosessual hüquq normalarının pozması ilə qəbul edildiyindən, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)-1098/2020 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsi zərurəti ilə əsaslandırılmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbi və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, alimentin heç olmasa 300 manat müəyyən edilməsini və apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının vəkili və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının vəkili və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli vəYevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Belə ki, işdə olan sübutlardan, yəni: Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 627183 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış nikah Yevlax rayon qeydiyyat şöbəsinin 2010-cu ilin oktyabr ayının 30-cu günündə akt qeydləri kitabında 451 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada isə İsmayılova soyadı verilmişdir. AZ-İİ seriyalı 746906 nömrəli və AZ-İV seriyalı 132044 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci ildə Tuncay, xx.xx.2018-ci ildə isə Turqay adlı uşaqları doğulmuşlar. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki,iddiaçı ilə cavabdeh xx xxxxxxx 2010-cu ildə rəsmi nikah münasibətinə girməklə ailə qurmuş, bu nikahlarından xx.xx.2011-ci ildə Tuncay, xx.xx.2018-ci ildə isə Turqay adlı uşaqları anadan olmuş, sonra iddiaçı ilə cavabdehin ər-arvad münasibətləri pozulmuş cavabdeh ailəsinə və uşaqlarına baxmamış, uşaqların saxlanmasında iştirak etməmiş, ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı halda xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq aliment barədə iddiaçının tələbi qismən - hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin tutulması hissəsində təmin olunmalı, valideynlərin əlavə xərclərə cəlb edilməsi üçün iddiaçı tərəfindən faktiki çəkilmiş və gələcəkdə çəkilməli olan xərclərin mövcudluğunu təsdiq edən sübutları təqdim etmədiyinə, yəni üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyinə görə, iddia bu hissədə təmin edilməməlidir. Apelyasiya şikayətinin əsas dəlili isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddianı tam təmin etməli olduğu halda qismən təmin etmişdir. Ona görə də iddia tələbi tam təmin olunmalıdır. Apelyasiya şikayətinin azyaşlı uşaqlara təyin olunmuş (hər uşaq üçün 120 manat olmaqla) alimentin miqdarının artırılmalı olması barədə dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsində təsbit edilmişdir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamaqda borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabitpul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsində qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşаq hüquqlаrı hаqqındа” 12 nоyаbr 1989-cu il tаriхli BMT Kоnvеnsiyаsının 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmçinin, qeyd olunan Qanununun 3-cü maddəsində göstərilir ki, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasını, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Bu baxımdan məhkəmə kollegiyası işin hallarını və azyaşlı Turqay və Tuncayın üstün mənafeyin milli və beynəlxalq hüquq normalarının və istinad olunan qərarların tələbləri baxımından qiymətləndirib belə qənaətə gəlir ki, azyaşlı Tuncay və Turqayın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində hər uşaq üçün 120 manat alimentin tutularaq iddiaçıya verilməsi uşaqların mənafeyinə uyğun deyil. Məhkəmə kollegiyasının qənaətinə görə valideynlər arasında münasibətlərin pozulması valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa və bunu çətinləşdirsə belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşməyə, uşaqlarını hər cür valideyn qayğısı ilə əhatə etməyə, uşaqlara sevgi və nəvaziş göstərməyə borcludurlar ki, bunu da əsasında uşaqların uşağın madi və mənəvi təminatının mümkün qədər maksimal saxlanması dayanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında o da qeyd olunmuşdur ki, Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya az qazanca malik olması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ona görə də azyaşlı Tuncay və Turqayın yetkinlik yaşına qədər saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı hər uşaq üçün 150 manat müəyyən edilməlidir. Apelyasiya şikayətinin azyaşlı Tuncay və Turqayın xəstəliyi ilə əlaqədar cavabdehin əlavə xərclərə cəlb edilməli olması barədə dəlilinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşa bilmir. Belə ki, birinci instansiya məhkkəməsi iddia tələbinin bu məsələ ilə bağlı hissəsini təmin etməyərkən qeyd etmişdir ki, tələbin qanuni əsasını Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (maddə 81.1). Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur (maddə 81.2). Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (maddə 81.3). Qeyd olunan maddələrdən görünür ki, valideynlərin əlavə xərclərə cəlb edilməsi valideynlərin aliment öhdəliklərindən fərqlidir. Belə ki, aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda (Ailə Məcəlləsinin 75-ci maddəsi), əlavə xərclərin əsasını Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş müstəsna hallar təşkil edir. Bu hallara – uşağın ağır xəstə olması, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər daxildir. Eyni zamanda, valideynlərin əlavə xərclərə cəlb edilməsi üçün təkcə həmin halların mövcudluğu deyil, bu hallarla bağlı xərclərin (faktiki çəkilmiş və ya gələcəkdə çəkilməli olan) mövcud olması da tələb olunur. Lakin iddiaçı tərəfindən faktiki çəkilmiş və gələcəkdə çəkilməli olan xərclərin mövcudluğunu təsdiq edən sübutlar təqdim olunmamış və o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası iddia tələbinin bu hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və ona görə də apelyasiya şikayətinin bu barədə dəlilləri ilə razılaşmır. Eyni zamanda, valideynlərin əlavə xərclərə cəlb edilməsi üçün təkcə həmin halların mövcudluğu deyil, bu hallarla bağlı xərclərin (faktiki çəkilmiş və ya gələcəkdə çəkilməli olan) mövcud olması da tələb olunur. Lakin iddiaçı tərəfindən faktiki çəkilmiş və gələcəkdə çəkilməli olan xərclərin mövcudluğunu təsdiq edən sübutlar təqdim olunmamış və o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi iləüzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (MPM-in 78.1-ci maddəsi). «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir - birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. MPM-in 217.4-cü mаddəsinə əsаsən, məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmədə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinməmiş və tətbiq edilməli qanun düzgün tədbiq edilməmişdir. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)-1098/2020 nömrəli qətnaməsi ailmentin miqdarına aid hissədə dəyişdirilməli, qətnamə baxılmış apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və MPM-in 234, 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)-1098/2020 saylı qətnaməsi xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxx 2020-ci il tarixindən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi hissəsində dəyişdirilsin. xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxx 2020-ci il tarixindən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə baxılmış apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar