Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1640/2021 12.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdeh X1 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 2(039)-86/2021 saylı iş üzrə qəbul etdiyi 07 aprel 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İlkin iddia üzrə İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikah dövründə doğulmuş 06.02.2010-cu il təvəllüdlü X3 və 17.02.2013-cü il təvəllüdlü X5 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli qərardadı ilə ilkin iddia tələbi baxılması üçün aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X4 cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmamış övladları 06.02.2010cu il təvəllüdlü X3 və 17.02.2013-cü il təvəllüdlü X5 cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 07 aprel 2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı X1 iddianın təmin etmə tədbirinin görülməsi barədə ərizəsi qismən təmin edilərək, yekun qərar qəbul edilənədək X1 06.02.2010-cu il təvəllüdlü X6 və 17.02.2013cü il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 14:00-dan saat 17:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. Qeyd olunan qərardad ilə razı olmayan iddiaçı qərardaddan şikayət verərək, Yevlax Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 07 aprel 2021-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək qeyd etmişdir ki, cavabdeh uşaqlarla həmişə pis davranmışdır. Yevlax Rayon Məhkəməsinin qərardadı uşaqların mənafelərinə ziddir və psixoloji travma yaradır. Həmçinin qərardad prosessual pozuntu ilə çıxarılmışdır, belə ki, qərardad dərhal icraya yönləndirilmişdir. İakin, bu cür qərardad, yəni uşağın ünsiyyəti ilə bağlı qərardad dərhal icraya yönləndirilə bilməz. Bundan əlavə, məhkəmə qərardadında hansı iddia təmin tədbiri barədə ərizənin qismən təmin edilməsini göstərmir və təmin edilməyən hissələrin nədən ibarət olmasını qeyd etmir, həmçinin ərizənin məzmunu nədən ibarətdir onlara aydın olmur. Odur ki, Yevlax Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 07 aprel 2021-ci il tarixli qərardadının ləğv olunmasını xahiş edir. Yevlax Rayon Məhkəməsinin 2(039)-86/2021 saylı iş üzrə qəbul etdiyi 07 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdeh X4 şikayətin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 2(039)-86/2021 saylı iş üzrə qəbul etdiyi 07 aprel 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-86/2021 saylı iş üzrə qəbul etdiyi 07 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardad prosessual pozuntu ilə çıxarılmışdır, belə ki, qərardad dərhal icraya yönləndirilmişdir. Lakin, bu cür qərardad, yəni uşağın ünsiyyəti ilə bağlı qərardad dərhal icraya yönləndirilə bilməz. Bundan əlavə, məhkəmə qərardadında hansı iddia təmin tədbiri barədə ərizənin qismən təmin edilməsini göstərmir və təmin edilməyən hissələrin nədən ibarət olmasını qeyd etmir, həmçinin ərizənin məzmunu nədən ibarətdir onlara aydın olmur. Kollegiya şikayətin dəlilləri ilə razılaşmır. Belə ki, valideynin uşaqla ünsiyyətdə olmasının müxtəlif formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) mövcuddur. O cümlədən, uşağa həftəsonu üçün nəzərdə tutulan zəruri qulluğun (gigiyenik və s. qulluq) göstərilməsi üçün ananın nəzarətində olması daha məqsədəmüvafiq hesab edilməlidir. Eyni zamanda uşaq azyaşlı olduğundan ana nəvazişinə daha çox ehtiyacı var. Bundan başqa ananın uşaqla görüşünə hər hansı bir maneə olmadığından görüşün verilməməsi ananın hüququnun pozulmasına səbəb olduğundan görüş vaxtının yuxarıda qeyd edilən müddətdə və vaxtda verilməsini uşağın mənafeyi üçün daha əlverişli hesab edən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşaraq qeyd edir ki, şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün kifayətedici hesab edilə bilməz. Odur ki, kollegiya şikayətin dəlillərinin formal mülahizələrlə əsaslandırılması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün kifayətedici əsaslar mövcud deyildir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Həmin Qərarda məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadı müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1, 158.1.2, 158.1.3-cü mаddələrinə əsаsən iddiаnı təmin etmək üçün cаvаbdehdə və yа digər şəxslərdə olаn cаvаbdehə məxsus əmlаk üzərinə həbs qoyulа, müəyyən hərəkətləri etməyi cаvаbdehə qаdаğаn edə, mübаhisə predmetinə аid olаn müəyyən hərəkətləri etmək bаşqа şəxslərə qаdаğаn edilə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də şikayət təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 2(039)-86/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-86/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1640/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1640/2021
12.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver