Məhkəmə qərarları › İş №2(107)-1661/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1661/2021

30.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1661/2021 30.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə (Açar sözlər: iddia- aliment tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin 2(046)-395/2021 saylı, 01 iyun 2021-ci il tаrixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx xxx 1955-ci ildə Göyçay rayonunun Ulaşlı-Şıxlə kəndində anadan olmuş, 1973-cü ildə Cəyirli kəndinə ərə gəlmişdir. X2 04.11.2017-ci il tarixdə Cəyirli kəndində vəfat etmişdir. Həmin vaxtdan tənha yaşayır. Müxtəlif vaxtlarda Bakı şəhərində yaşayan bir qızı və iki oğlu bu və ya başqa formada onunla şəxsən gələrək və ya telefon vasitəsilə əlaqə saxlayır, səhhəti ilə maraqlanır, maddi və mənəvi cəhətdən ona dəstək olurlar. Onlar tənhalığım, qocalıq yaşım və səhhətimdə olan problemlərlə əlaqədar olaraq çətinliklərim yarandıqda məni evlərinə dəvət edərək orada saxlamaqla qayğıma qalır, ağır dərəcəli şəkər xəstəliyim və səhhətimdəki digər problemlərlə bağlı müxtəlif dövlət və özəl tibb müəssisələrində müalicə və müayinə olunmağıma yaxından köməklik göstərirlər. Cavabdeh 2012- ci ildə ailə qurduqdan sonra əvvəlcə Bakı şəhərində, daha sonra isə Göyçay şəhərinə qayıdaraq ailəsilə birlikdə hazırkı ünvanda yaşamaqdadır. Atasının ölümündən sonra tənha qalmağına, ağır şəkər xəstəliyindən əziyyət çəkməyinə və səhhətində olan digər problemlərdən xəbərdar olmasına, daimi müayinə və müalicə olunmaq üçün maddi imkanının aşağı olmasına baxmayaraq ötən müddət ərzində oğlu ona ana kimi nəyinki maraqlanmamış, heç bir maddi və mənəvi dəstək göstərməmişdir. Pensiyaçıdır, ailə başçısının itirdiyinə görə hər ay 259 pensiya alır. Bundan başqa fərdi əməklə məşqul olur, həyətyanı torpaq sahəsində xurma ağaclarına qulluğ edir, hər il 3000-4000 manat gəlir əldə edir. Hesab edir ki, xəstəliyi ilə əlaqədar oğlu ona aliment ödəməldir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 2(046)-395/2021 saylı, 01 iyun 2021-ci il tаrixli qətnaməsi ilə ( hakim İ.Fəttahov) iddia rədd edilmiş, iddiaçı X1 Cavabdeh qarşı aliment tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı özünün fəaliyyət qabiliyyətli olmadığını və maddi yardıma ehtiyacı olduğunu əsas gətirərək oğlu Cavabdeh özünün saxlanması üçün aliment tələb edir, iddiaçı X4 fəaliyyət qabiliyyəti olmaqla heç bir əlillik dərəcəsi yoxdur. Eyni zamanda hər ay 259 manat ailə başçısın itirdiyinə görə pensiya alır, bundan başqa Göyçay rayon Aqrar İslahat komissiyasının müvafiq qərarı ilə mülkiyyətinə verilmiş Göyçay rayonu Cəyirli kəndində 0.21 ha torpaq sahəsi olmaqla, həmin torpaq sahəsində yetişən xurma meyvəsinin satışından hər il 3000-4000 manat civarında vəsait əldə edir ki, həmin vəsait onun kifayət qədər minimum yaşayış xərclərini ödəməyə imkan verir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə baxışı zamanı İddiaçı özünü əmək qabiliyyətli olmamaqla, maddi imkanın aşağı olmasını yəni, qazancının (gəlirinin) olmamasına dair hər hansısa bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddiaçı X1 Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci, 82.2-ci maddələri, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsi, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul olunmuş eyni zamanda iş üçün əhəmiyyətli olan faktiki hallar nəzərə alınmamışdır. Belə ki, əri, 15.10.1949-cu il doğumlu X5 04.11.2017-ci il tarixdə Cəyirli kəndində vəfat etmişdir. Həmin vaxtdan o tam tənha yaşayır. Bakı şəhərində yaşayan bir qızı və iki oğlu tənhalığı, qocalıq yaşı və səhhətində olan problemlərlə əlaqədar olaraq çətinlikləri yarandıqda onu evlərinə dəvət edərək orada saxlamaqla qayğısına qalır, ağır dərəcəli şəkər xəstəliyi və səhhətindəki digər problemlərlə bağlı müxtəlif dövlət və özəl tibb müəssisələrində müalicə və müayinə olunmağına yaxından köməklik göstərirlər. Dördüncü, sonuncu övladı olan Cavabdeh atasının ölümündən sonra tənha qalmağına, ağır şəkər xəstəliyindən əziyyət çəkməyinə və səhhətində olan digər problemlərdən xəbərdar olmasına, daimi müayinə və müalicə olunmaq üçün maddi imkanının çox aşağı olmasına baxmayaraq bir anası kimi nəinki onunla yaxından maraqlanmamış, heç bir maddi və mənəvi dəstək göstərməmişdir. Hazırda o 67 yaşındadır. Son artımdan sonra ailə başçısını itirməyə görə 259.0 manat olmaqla minimum pensiya alır, əmək qabiliyyəti yoxdur. Bu məbləğ onun yalnız bəzi xırda, cüzi xərclərini ödəməyə birtəhər kifayət edir. “İkitərəfli qonartroz. Endokrin(diabetik) artropatiya. İkitərəfli beyker. Sağtərəfli sinovit” diaqnozu ilə xəstədir, daimi olaraq Göyçay şəhəri və Bakı şəhərində müayinə olunur və müalicə alır. Maddi imkansızlıqdan bəzi hallarda həkimə vaxtında müraciət edə bilməməyinə görə səhhətində ağırlaşmalar baş verməklə həyatı üçün təhlükə yaranması halları ola bilir. Oğlunun maddi imkanının olomadığına, onu evdən qovduğuna, onun heç bir yerdə işləmədiyinə dair qeyd etdikləri həqiqəti əks etdirmir. X9 şəhərindəki “Məmmədrəşid yeri” adlanan ərazidəki mebel sexində mebel ustası kimi işləyir və hər ay üzrə 1500-2000 manatdan az olmamaqla aylıq qazancı (gəliri) vardır. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 2(046)-395/2021 saylı, 01 iyun 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Göyçay Rayon Məhkəməsinin 2(046)-395/2021 saylı, 01 iyun 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh Həmid oğlu məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs sayılır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator Göyçay Rayon Məhkəməsinin 2(046)- 395/2021 saylı, 01 iyun 2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Kollegiya hesab edir ki, şikayət qərarın ləğv edilməsinə yönəldiyindən qətnamə tam həcmdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Ona görə də iş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)-395/2021 saylı, 01 iyun 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı X4 fəaliyyət qabiliyyəti olmaqla heç bir əlillik dərəcəsi yoxdur. Eyni zamanda hər ay 259 manat ailə başçısın itirdiyinə görə pensiya alır, bundan başqa Göyçay rayon Aqrar İslahat komissiyasının müvafiq qərarı ilə mülkiyyətinə verilmiş Göyçay rayonu Cəyirli kəndində 0.21 ha torpaq sahəsi olmaqla, həmin torpaq sahəsində yetişən xurma meyvəsinin satışından hər il müəyyən gəlirlər götürür. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı X4 fəaliyyət qabiliyyəti olmaqla heç bir əlillik dərəcəsi yoxdur. Eyni zamanda hər ay 259 manat ailə başçısın itirdiyinə görə pensiya alır, bundan başqa Göyçay rayon Aqrar İslahat komissiyasının müvafiq qərarı ilə mülkiyyətinə verilmiş Göyçay rayonu Cəyirli kəndində 0.21 ha torpaq sahəsi olmaqla, həmin torpaq sahəsində yetişən xurma meyvəsinin satışından hər il müəyyən gəlirlər götürür. Bundan başqa iddiaçının iddia ərizəsindən də görünür ki, iddiaçının Bakı şəhərində yaşayan bir qızı və iki oğlu bu və ya başqa formada onunla görüşür və ya telefon vasitəsilə əlaqə saxlayır, səhhəti ilə maraqlanır, maddi və mənəvi cəhətdən ona dəstək olurlar. Onlar tənhalığı, qocalıq yaşı və səhhətində olan problemlərlə əlaqədar olaraq çətinlikləri yarandıqda onu evlərinə dəvət edərək orada saxlamaqla qayğısına qalır, ağır dərəcəli şəkər xəstəliyi və səhhətindəki digər problemlərlə bağlı müxtəlif dövlət və özəl tibb müəssisələrində müalicə və müayinə olunmağına yaxından köməklik göstərirlər. Ona görə də kollegiya hesab edir ki, iddiaçı digər övladları tərəfindən diqqət və qayğı ilə əhatə olunduğundan, əlavə olaraq indiki cavabdehdən əlavə olaraq pul tutulmasına lüzum yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı alimentə aid hissədə düzgün olaraq təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)- 395/2021 saylı, 01 iyun 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 2(046)-395/2021 saylı, 01 iyun 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar