Məhkəmə qərarları › İş №2(107)-1674/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1674/2021

21.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1674/2021 21.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh1 və onun vəkili X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(075)-1053/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şamil qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 dekabr 2014-cü il təvəllüdlü Uğur və 08 mart 2018-ci il təvəllüdlü Onur adlı uşaqlarının yetkinlik yaşına çatanadək hər uşağa 150 manat olmaqla, cəmi 300 manatın ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şamil qızından tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 04 iyun 2021-ci il tarixli, 2(075)- 512/201053/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mərhum X1 ilə 24 oktyabr 2013- cü il tarixdə Şəki rayon qeydiyyat şöbəsində 487 nömrə ilə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 27 dekabr 2014-cü il doğumlu Uğur Nəriman oğlu və 08 mart 2018-ci il doğumlu Onur Nəriman oğlu adlarında iki oğlan övladları olmuşdur. Onlar ailə qurduqdan sonra ünvan 1 ünvanındakı ərazidə fərdi həyət evi inşa etdirərək köçüb həmin evdə yaşamaya başlamışlar. Qeyd olunan ünvanda onlarla birlikdə heç kim yaşamamışdır. Çünki hər kəsin özünün şəxsi ev-eşiyi olmuş, orada yaşamış, əri ilə xoşbəxt həyatları olmuşdur. X1 2020-ci ilin iyul ayında vəfat etmiş, onun sağlığında ailə daxilində və qohumları ilə arasında xoşagəlməyən hansısa hadisə və münaqişə olmamışdır. X1 ailəcanlı olmuş və uşaqlarını sevmiş, onlara maddi və ya mənəvi sıxıntı yaşatmamışdır. Əri vəfat etdikdən bir müddət sonra onun valideynləri – iş üzrə cavabdehlər evi tərk etsinlər deyə onu və uşaqlarını narahat etməyə, onları istifadələrində olan evdən qovmaq üçün müxtəlif hiylələr işlətməyə başlamışlar. Bu cür qeyri-etik davranışları ona və azyaşlı uşaqlarına qarşı heç düşmən də etməzdi. Cavabdehlər nəvələri olan azyaşlı uşaqları maddi yardımsız qoymaları bir yana, mərhum həyat yoldaşının yas mərasimi pandemiya səbəbindən qadağan olduğundan və keçirilmədiyinə görə mərhumun qardaşı siyahı tutaraq yığılan pulları ona verəcəyini vəd edərək bu pulları cavabdehlərə vermişdir. Beləliklə, cavabdehlərin qanunsuz və əsassız təzyiqlərindən onları qorumaq üçün valideynləri onları öz yanlarına aparmışlar. Ailə qurduqdan və evi inşa etdikdən sonra həmin ünvana rəsmi pasport qeydiyyatına alınmış və hazırda da bu ünvanda qeydiyyatdadırlar. Cavabdehlər ödəmə qabiliyyətlidirlər və hər uşağa müştərək qaydada ən azı 300 manat ödəmə imkanları vardır. Belə ki, qayınatası usta işləyir. Qayınanasının isə torpaq sahəsi var və əkib-becərir. Hesab edir ki, onun valideynləri nəvələrinə maddi yardım göstərdikləri, onlara mənəvi dəstək, sevgi və nəvaziş göstərdikləri kimi cavabdehlər də eynisini etməlidirlər. Aliment tələbi ilə bağlı cavabdehlərin digər hər hansı təklifləri olarsa, baxmaq olar; alimentin torpaq sahəsi ilə əvəzləşdirilməsi və s. O, uşaqları ilə bağlı dövlət tərəfindən maddi yardım və ya təzminat almır, valideynlərinin köməkliyi ilə nəsə edə bilir. Odur ki, hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi və prosesual hüquq normaların tələbləri pozulmaqla çıxarılan qətnaməni tam qanunsuz hesab edir. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə hansı maddi hüquq normasına əsaslanıb onun tələbini rədd edir. Qətnamədə əsaslandığı maddi hüquq normasını göstərməlidir. Maddi hüquq normasına əsaslanmayan qətnamə qanuni hesab edilə bilməz. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, əri Nəriman elektrik cərəyanı vurması nəticəsində vəfat etmişdir. Hazırda birgə nikahdan anadan olmuş hər iki uşaq onun himayəsindədir. Ailə başçısını itirməsinə görə 240 manat məbləğində müavinət almasına baxmayaraq, uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdehlər isə baba-nənə kimi ona heç bir köməklik göstərmir. Odur ki, apellyasiya şkayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, oğlu öləndən sonra iddiaçı özü evdən çıxıb gedib. O bu gün də nəvələrini çox istəyir. Lakin heç bir yerdə işləmədiyindən, pensiya almadıqlarından aliment ödəməyə imkanı yoxdur. Arvadı Rəhimə də işləmir və şəkər və təzyiqdən əziyyət çəkir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X4 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, şikayətin heç bir əsası yoxdur. İddiaçı uşaqlara görə 240 manat sosial müavinət alır. Cavabdehlər isə ahıl yaşda olmaqla heç bir yerdə işləmir, pensiya almırlar. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. . Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(075)-512/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Şəki şəhər İHB-nin Çələbixan Məhəllə nümayəndəliyi tərəfindən verilmiş 16 may 2021-ci il tarixli, 79 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh1 (işləmir) aşağıdakı ailə üzvləri var: arvadı – Cavabdeh2 (işləmir). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə düzgün nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir . “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Ailə Məcəlləsinin 89-cu maddəsinin tələbi baxımından cavabdehlərdən alimentin tutulmasını tələb etmək hüququna malikdir. Lakin yuxarıda qeyd olunan normanın baba və nənənin zəruri vəsaitə malik olması, həmçinin uşaqların yardıma ehtiyacı olması xüsusi olaraq göstərilmişdir. İddiaçı cavabdehlərin kifayət qədər vəsaitə malik olmasını bildirsə də, kollegiya tərəfindən təklif olunmasına baxmayaraq bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmiş, tələbini yalnız öz izahatı ilə əsaslandırmağa çalışmışdır. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(075)-512/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar