Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-168/2022 21.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və Cavabdeh3 Zəkəryə qızına qarşı «bağışlama müqaviləsinin ləğvi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin ləğvi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçının hüquqi varisləri Nümayəndə Zəkəriyyə oğlunun, X2, X3, X4 və onların vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Şəki Rаyon Məhkəməsinin 28 oktyabr 2020-ci il tаrixli, 2(075)-1351/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Şəki rayon 2 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3 Zəkəryə qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh3 Zəkəryə qızı arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 05 yanvar 2018-ci il tarixli, 4Ə-7 saylı bağışlama müqaviləsinin və onun əsasında Cavabdeh3 Zəkəryə qızının adına verilmiş 30 may 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Azərbaycan Respublikasının MPM-nin 54-cü maddəsinin tələbinə əsasən iddiaçının razılığı ilə cavabdeh Şəki rayon 2 saylı Dövlət Notariat Kontoru əsl cavabdeh Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin adına pay torpaq verilmişdir. Eyni zamanda adına Şəki rayonu Baş Göynük kəndində fərdi yaşayış evi mövcud olmuşdur. Həmin fərdi yaşayış evi tam, həyətyanı torpaq sahəsi ilə ailə üzvləri ilə onun birgə mülkiyyətində olmuşdur. O, yaşlı adamdır. Qızı Cavabdeh3 Zəkəryə qızı və onun həyat yoldaşı X11 onun yaşlı olmağından istifadə edərək adına etibarnamə götürmüş, ona ömrümün sonuna kimi baxmaq adı ilə “Qarasov adlanan” ərazidə yerləşən pay torpağı satmaq adı ilə bir sıra sənədlərə qol çəkdirmişlər. Daha sonra eyni zamanda mülkiyyətində olan yaşayış evini də eyni adla qızı Cavabdeh3 Zəkəryə qızına bağışlanmasını təmin etmişlər. Onlar onun ahıl və huşsuzluğundan istifadə etmişlər. Bağışlama müqaviləsi bağlandıqdan bir müddət sonra qızı Cavabdeh3 Zəkəryə qızı evin qapısını bağlayıb Bakı şəhərinə getmiş, onu da bayıra atmışdır. Hətta pensiya kartını da özlərində saxlayıb bu günə kimi mənimsəmişlər. Bu yaxınlarda kartını bankda bağlatdırmışdır. Hətta onu qocalar evinə yerləşdirməklə hədələmişlər. Bu gün də cavabdeh ona baxmır və maraqlanmır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəki Rаyon Məhkəməsinin 28 oktyabr 2020-ci il tаrixli, 2(075)-1351/2020 saylı qətnаməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı onunla Cavabdeh3 Zəkəryə qızı arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 05 yanvar 2018-ci il tarixli, 4Ə-7 saylı bağışlama müqaviləsinin və onun əsasında Cavabdeh3 Zəkəryə qızının adına verilmiş 30 may 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Şəki Rаyon Məhkəməsinin 28 oktyabr 2020-ci il tаrixli, 2(075)-1351/2020 saylı qətnаməsindən İddiaçı apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(107)- 466/2021 saylı qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və G.Q.Abbasov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şəki Rаyon Məhkəməsinin 28 oktyabr 2020-ci il tаrixli, 2(075)-1351/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, İddiaçı və X18 ilə Cavabdeh3 Zəkəriyə qızı arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 05 yanvar 2018-ci il tarixli, 4Ə-7 saylı bağışlama müqaviləsinin və onun əsasında Cavabdeh3 Zəkəriyə qızının adına verilmiş 30 may 2018ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi qət edilmişdir. Cavabdeh3 Zəkəriyə qızı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14.09.2021-ci il tarixli, 2(102)-4785/2021 nömrəli qərarı ilə Cavabdeh3 Zəkəriyə qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(107)-466/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki Rаyon Məhkəməsinin 28 oktyabr 2020-ci il tаrixli, 2(075)-1351/2020 saylı qətnаməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı onunla Cavabdeh3 Zəkəryə qızı arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 05 yanvar 2018-ci il tarixli, 4Ə-7 saylı bağışlama müqaviləsinin və onun əsasında Cavabdeh3 Zəkəryə qızının adına verilmiş 30 may 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qeyd olunan mübahisəli mənzilə dair bağışlama müqaviləsi qanunvericiliyin və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” tələblərinə əməl edilməklə rəsmiləşdirilmiş, bu zaman əmlakı bağışlayan şəxs – yəni İddiaçı birgə nikahda olduğu arvadının razılığı alınmışdır. Bundan əlavə məhkəmə müəyyən etmişdir ki, İddiaçı Şəki ŞRPŞ-də də verdiyi izahatında əmlakını öz iradəsi əsasında qızına bağışladığını bildirmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, bağışlama müqaviləsini iddiaçının adından onun etibarnamə verdiyi Cavabdeh3 Zəkəryə qızının əri X11 imzalasa da, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Odur ki, müqavilənin etibarlılığını şübhə altına alacaq heç bir əsas mövcud deyildir. Bundan əlavə məhkəmə müəyyən etmişdir ki, Şəki rayonu Baş Göynük kəndində 0.36 ha torpaq sahəsində yerləşən 71.0 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı, onun yerləşdiyi torpaq sahəsi isə İddiaçı, X8, X12, X14, X15 və X13 ümumi birgə mülkiyyət hüququ üzrə adlarına daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı və Hümmətova (Abdurahmanova) Zivər Lətif qızı arasında 24 yanvar 1957-ci il tarixdə bağlanmışdır. Cavabdeh3 Zəkəryə qızı 24 fevral 1968-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında Hümmətova (Abdurahmanova) Zivər Lətif qızı qeyd edilmişdir. Hümmətov X1 Namiq Vahid oğluna bütün əmlakını idarə etmək, o cümlədən bağışlamaq, almaq, satmaq və s. kimi səlahiyyətlər vermişdir. Etibarnamə 06 oktyabr 2027-ci ilədək qüvvədədir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bağışlama müqaviləsini iddiaçının adından onun etibarnamə verdiyi Cavabdeh3 Zəkəriyə qızının əri X11 imzalasa da, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Odur ki, müqavilənin etibarlılığını şübhə altına alacaq heç bir əsas mövcud deyildir. Məhkəmə qeyd olunan bağışlama müqaviləsinin qanunvericiliyin tələblərinə əməl olunmaqla rəsmiləşdirilməsi məsələsi ilə əlaqədar qeyd etmişdir ki, qeyd olunan mübahisəli mənzilə dair bağışlama müqaviləsi qanunvericiliyin və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” tələblərinə əməl edilməklə rəsmiləşdirilmiş, bu zaman əmlakı bağışlayan şəxs - yəni İddiaçı birgə nikahda olduğu arvadının razılığı alınmışdır. Bundan əlavə məhkəmə iclasında tərəflərin izahatından və təqdim olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı Şəki ŞRPŞ-də də verdiyi izahatında əmlakını öz iradəsi əsasında qızına bağışladığını bildirmişdir. Məhkəmə hesab etmişdir ki, 05 yanvar 2018-ci il tarixli, 4Ə-7 reyestr nömrəli bağışlama müqaviləsi etibarlı hesab edildiyindən, iddiaçı tərəfindən irəli sürülmüş tələb əsaslı olmadığından həmin müqavilə əsasında Cavabdeh3 Zəkəriyə qızına verilmiş 30 may 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi də özü-özlüyündə əsaslı deyildir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 71-ci maddələri, “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı, 14.1-ci, 140-cı, 144.1-ci, 144.2-ci, 146.1-ci, 152.1-ci, 152.8–ci, 157.2-ci, 157.4-cü, 324.1-ci, 324.5-ci, 325.1-ci, 337.1-ci, 354.2-ci, 362.1-ci, 365ci 366-cı, 390.1-ci, 390.2-ci, 404.1-ci, 666.1-ci, 673.1-ci, 673.1.2-ci, 673.3-cü, 673.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci, 106.1-ci, 107-ci, 119.1-ci, 217.4-cü, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun və ailə üzvlərinin adına pay torpaq verilmişdir. Eyni zamanda adına Şəki rayonu Baş Göynük kəndində fərdi yaşayış evi mövcud olmuşdur. Həmin fərdi yaşayış evi tam, həyətyanı torpaq sahəsi ilə ailə üzvləri ilə onun birgə mülkiyyətində olmuşdur. O, yaşlı adamdır. Qızı Cavabdeh3 Zəkəryə qızı və onun həyat yoldaşı X11 onun yaşlı olmağından istifadə edərək adına etibarnamə götürmüş, ona ömrümün sonuna kimi baxmaq adı ilə “Qarasov adlanan” ərazidə yerləşən pay torpağı satmaq adı ilə bir sıra sənədlərə qol çəkdirmişlər. Daha sonra eyni zamanda mülkiyyətində olan yaşayış evini də eyni adla qızı Cavabdeh3 Zəkəryə qızına bağışlanmasını təmin etmişlər. Onlar onun ahıl və huşsuzluğundan istifadə etmişlər. Bağışlama müqaviləsi bağlandıqdan bir müddət sonra qızı Cavabdeh3 Zəkəryə qızı evin qapısını bağlayıb Bakı şəhərinə getmiş, onu da bayıra atmışdır. Hətta pensiya kartını da özlərində saxlayıb bu günə kimi mənimsəmişlər. Bu yaxınlarda kartını bankda bağlatdırmışdır. Hətta onu qocalar evinə yerləşdirməklə hədələmişlər. İş materiallarına əlavə etdiyi DƏDRX-nin 12 Saylı Şəki Ərazi İdarəsinin 17.08.2020-ci il tarixli 2014 saylı məktubundan göründüyü kimi, Şəki rayonu Baş Göyünük kəndində yerləşən fərdi yaşayış evi onun, torpaq sahəsi isə X5, X6, X9, X10, X13 birgə mülkiyyəti kimi 30.10.2017-ci ildə adına DƏDRX-nin 12 Saylı Şəki Ərazi İdarəsində qeydə alınmışdır. Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 05.01.2018-ci il tarixli, 4Ə-7 saylı müqaviləyə əsasən o və X18 öz payını Cavabdeh3 Zəkəriyə qızına bağışlamışdır. Bundan sonra Cavabdeh3 Zəkəriyə qızı fərdi yaşayış evinə və 6/2 hissə torpaq sahəsinə öz adına 30.05.2018-ci il tarixli çıxarış əldə etmişdir. Qeyd olunan çıxarışları və bağışlanma müqaviləsinin surətini əldə etməyə çalışsa da əldə edə bilməmişdir. Vəkil vasitəsilə sorğu edildikdən sonra bizə DƏDRX-nin 12 Saylı Şəki Ərazi İdarəsinin 17.08.2020-ci il tarixli 2014 saylı məktubu təqdim olunmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəf onu aldadaraq müəyyən şərtlər əsasında bağışlanma müqaviləsinə qol çəkdirmişdir. Lakin sonradan vədlərinə əməl etməmiş və fərdi yaşayış evinin qapısını da bağlayaraq çıxıb getmişlər. O isə nəticədə başqalarının evində qalmaq məcburiyyətində qalmışdır. Halhazırda oğlunun yanında qalır. Lakin bütün bunlara baxmayaraq işi araşdıran məhkəmə onun iddia tələbini təmin etməmişdir. Ona görə də, Şəki Rаyon Məhkəməsinin 28 oktyabr 2020-ci il tаrixli, 2(075)-1351/2020 saylı qətnаməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının hüquqi varisləri Nümayəndə, X2, X3, X4 və onların vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki Rаyon Məhkəməsinin 28 oktyabr 2020-ci il tаrixli, 2(075)-1351/2020 saylı qətnаməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 Zəkəryə qızının nümayəndəsi və vəkili Vəkil3 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rаyon Məhkəməsinin 28 oktyabr 2020-ci il tаrixli, 2(075)-1351/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər tərəflər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 668. Bağışlama forması. Bağışlama vədi 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı hesab edilir. Maddə 674. Bağışlamanın ləğvi və hədiyyə verənin öhdəliklərinin xitamı 674.1. Aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. 674.2. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanunu: Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllənin məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirərək Şəki Rаyon Məhkəməsinin 28 oktyabr 2020-ci il tаrixli, 2(075)-1351/2020 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tələb qətnamənin ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli Şəki Rаyon Məhkəməsinin 28 oktyabr 2020-ci il tаrixli, 2(075)-1351/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şəki rayonu Baş Göynük kəndində 0.36 ha torpaq sahəsində yerləşən 71.0 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı, onun yerləşdiyi torpaq sahəsi isə İddiaçı, X8, X12, X14, X15 və X13 ümumi birgə mülkiyyət hüququ üzrə adlarına daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı və Hümmətova (Abdurahmanova) Zivər Lətif qızı arasında nikah 24 yanvar 1957-ci il tarixdə bağlanmışdır. Cavabdeh3 Zəkəryə qızı 24 fevral 1968-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında Hümmətova (Abdurahmanova) Zivər Lətif qızı qeyd edilmişdir. Hümmətov X1 Namiq Vahid oğluna bütün əmlakını idarə etmək, o cümlədən bağışlamaq, almaq, satmaq və s. kimi səlahiyyətlər vermişdir. Etibarnamə 06 oktyabr 2027-ci ilədək qüvvədədir. Qeyd olunan mübahisəli mənzilə dair bağışlama müqaviləsi qanunvericiliyin və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” tələblərinə əməl edilməklə rəsmiləşdirilmiş, bu zaman əmlakı bağışlayan şəxs – yəni İddiaçı birgə nikahda olduğu arvadının razılığı alınmışdır. Bundan əlavə müəyyən edilmişdir ki, İddiaçı Şəki ŞRPŞ-də də verdiyi izahatında əmlakını öz iradəsi əsasında qızına bağışladığını bildirmişdir. Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə maddi hüquq normasının təfsirində səhvə yol verməmişdir. Mülki Məcəllənin 673-cü maddəsi bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin Mülki Məcəllənin 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Mülki Məcəllənin 673.1.2-ci maddəsinin dispozisiya şərtləri aşağıdakılardan ibarətdir: 1. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə verənin qarşısında vəzifələrə malik olsun: 2. Hədiyyə alan həmin vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozmuş olsun; 3. Hədiyyə verən həmin vəzifələri hədiyyə verənin yaxın qohumlarının biri barəsində kobudcasına pozmuş olsun. Göründüyü kimi hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə verənin qarşısında vəzifələri hər hansı qaydada pozması deyil, yalnız kobud şəkildə pozması bağışlamaqdan imtina üçün əsas ola bilər. İş materiallarından göründüyü kimi ev cavabdehə 2008-ci ildə bağışlanmış, hazırki iddia ərizəsi 2020-ci ilin sentyabr ayında verilmişdir. Bu dövrdə cavabdehin iddiaçıya baxmaması, ailə hüquq münasibətlərindən yaranan vəzifələri icra etməməsi barədə iddiaçının hər hansı müraciəti və dəlili olmamışdır. Əksinə, iddiaçının 2020-ci ilin iyul ayında Şəki Şəhər-Rayon şöbəsinə verdiyi izahatdan görünür ki, iddiaçı evi cavabdehə öz iradəsinə uyğun verdiyini, arvadının 02.07.2020-ci ildə vəfat etdiyini, hazırda ona qızları Zöhrə və İradənin baxdığını bildirmişdir. Bu hal ona dəlalət edir ki, bu izahat yazılanadək iddiaçının cavabdehə qarşı ona qayğı və qulluq göstərilməsi ilə bağlı iradı olmamışdır. Ehtimal etmək olar ki, iddiaçının cavabdehə qarşı iddialarının əsasları bu izahat yazıldıqdan sonrakı iki ay müddətində yaranmışdır. Yəni “bağışlamadan sonra” ifadəsi, cavabdehin hədiyyəni mülkiyyətinə keçirməyə nail olandan dərhal sonra vəzifələrindən imtina kimi başa düşülməməlidir. Tərəflər arasında uzun müddət narazılıq olmamışdır. Məhkəmə yalnız iddiaçı tərəfin izahatına istinad etməklə iddiaçının arvadının ölümündən sonra cavabdehin ona baxmadığını, evin qapısını bağlayıb getdiyini və onu evdən çıxartdığını bildirir. Lakin iddiaçı bu faktı təsdiq edən etibarlı sübutu təqdim etmir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş materialları ilə öz təsdiqini tapmadığından təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli Şəki Rаyon Məhkəməsinin 28 oktyabr 2020-ci il tаrixli, 2(075)-1351/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rаyon Məhkəməsinin 28 oktyabr 2020-ci il tаrixli, 2(075)-1351/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-168/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-168/2022
21.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver