Məhkəmə qərarları › İş №2(107)-168/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-168/2023

31.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-168/2023 31.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və X5 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçının və Cavabdeh1nın iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi birgə mülkiyyətdə olan əmlaka payının müəyyən edilməsi, istifadə hüququnun tanınması və evə köçürülməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(039)-2434/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX serialı ******* nömrəli çıxarışına əsasən ümumi birgə mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən 0,0393 ha torpaq sahəsinin 1/6 hissəsinə payının müəyyən edilməsi, o cümlədən Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri Bakıxanov küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinə(mübahisəli evə) onun istifadə hüququnun tanınması və həmin evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(039)-2434/2021 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) iddia qismən təmin olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №-li çıxarışı ilə X6 və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanda yerləşən 0,0393 ha torpaq sahəsinin 1/6 hissəsinə İddiaçı payının müəyyən edilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2(107)-557/2022 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(039)-2434/2021 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilmiş, Həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi İddiaçı ünvan 1 ünvanda yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququnun tanınması və onun həmin evə köçürülməsinə dair təmin olunmamış hissədə də təmin edilməsi və İddiaçı ünvan 1 ünvanda yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququ tanınaraq onun həmin evə köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2(107)- 557/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli 2(102)-4470/2022 saylı qərarı ilə Cavabdeh1nın kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-557/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi İddiaçı ünvan 3 ünvanda yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququnun tanınması və onun həmin evə köçürülməsi hissəsində ləğv edilərək işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İşin faktiki halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, RX serialı ******* nömrəli çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən 0,0393 ha torpaq sahəsi, o da daxil olmaqla altı mülkiyyətçinin ümumi birgə mülkiyyətidir. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə Cavabdeh1 mülkiyyətidir. O, 1996-cı il tarixindən həmin evdə həyat yoldaşı ilə birlikdə yaşamışdır. Həyat yoldaşı 2021-ci ilin iyun ayının 28-də vəfat etmiş, yas mərasimləri həmin evdə keçirilmiş, bundan sonra Cavabdeh1 onu məcburi qaydada evdən çıxarmışdır. Həmin evdə ailəsi ilə birlikdə 23 il yaşamışlar. Onun və mərhum həyat yoldaşının həmin evin yerləşdiyi torpaq sahəsində payı var. Özünə münasibətdə həmin payın müəyyən edilməsini və qeyd olunan yaşayış evinə istifadə hüququnun tanınmasını və həmin evə köçürülməsini istəyir İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəni düzgün həll etmək üçün aşağıdakı faktiki halları düzgün araşdırmamışdır. Onun 1991-ci ilədək mülkiyyətçi ilə birlikdə olmağı və onun razılığı ilə 1996-cı ildən 2021-ci ilədək həmin fərdi yaşayış evində daimi olaraq 25 il yaşadığını, daimi qeydiyyatda olmağını, evin ilkin mülkiyyətçiləri tərəfindən onların qızları X2 mülkiyyətçisi olan anasının razılığı ilə həmin evdə yaşadığını və həmin evə istifadə hüququnu əldə etdiyini, həmin dövrdə o ailəli olduğundan mərhum qaynanasının özünün həmin evdə ona yaşamağa razılıq verməsi, onların mərhum X1 öldüyü anadək onun yanında olmaqla ölümündən sonrada orada bir müddət yaşayaraq 1996-cı il tarixindən hazırki mülkiyyətçinin də razılığı olmaqla 2021-ci ilin avqust ayınadək orada yaşamışdır. Məhkəmə işin bu halını aydınlaşdırmamışdır. Məhkəmə mübahisəyə baxarkən tələbi Azərbaycan Respublikasının Mənzil Məcələsinim 53, 54 və 123-cu maddəsinin tələblərinə münasibətdə araşdırmamışdır. Nəzərə alsaq ki, mübahisə 1996-cı ilin dövrünü əhatə edir. Burada huquqi tənzimlənmə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54 və 123-cu maddəsinə münasibətdə nizamlamalı olsa da, məhkəmə mübahisəyə bu sferadan baxaraq qiymət verməmişdir. Onun həyat yoldaşı olan mərhum X7 ilə o 1975-ci ildə rəsmi nigaha daxil olmuşdur. Mübahisələndirilən evin mülkiyyətçisi mərhum qayananası X1 razılığı ilə onun mülkiyyətində olan ünvan 1 evdə onlar onun sağlığında birlikdə yaşamışlar. Onun istəyi ilə o evə köçmüşlər. Onun vəfatından sonra əşyaları o evdə qalmaqla 1991-ci ildən sonra 1996-cı ilədək o işlə əlaqədar başqa yerdə müvəqqəti yaşamış, amma hər həftə mübahisələndirilən evdə olmuşlar. 1996-cı ildən etibarən isə onlar daimi olaraq bu evdə yaşamışlar. Onlar ilkin mülkiyyətçi ilə razılaşaraq onun sağlığında həmin evə əşyalarını yığmışlar. Hazırki cavabdeh, onun həyat yoldaşı sonuncunun isə bacısı olan X7 vəfat edəndən sonra onun 40-ı çıxandan bir neçə gün sonra onu evdən çıxarmışdır. O, ilkin icarədarın ailə üzvü hesab edilir. İlkin icarədarla birlikdə yaşamışdır. Təsəruffatı birlikdə idarə etmişdir. Onun istəyi ilə əşyalarını o evə yığmışdır. 1996-cı ildən isə daimi yaşamışdır. Ona və mərhum yoldaşına torpaq payı veriblər. O, evdə müəyyən dəyişikliklər aparmışdır. Tikinti işləri görmüşdür və 25 il ailəsilə yəni cavabdehin bacısı ilə rəsmi nigahda olan bir şəxs olaraq bu evdə birlikdə yaşamışdır. İşin hallarından da aydın olur ki, 25 il bir evdə yaşayan bir şəxsin yaşaması üçün mülkiyyət sahibinin razılığı lazımdır. 25 il müvəqqəti yaşamaq üçün nəzərdə tutulan bir müddət deyildir. Onları yəni onu və arvadını yəni birinci icarədarın qızını bu evdə yaşamağa, əşyalarını yerləşdirməyə icazə verən birinci icarədar, mülkiyyətçi X3 olmuşdur. Onlar həmin icarədarın ailə üzvləri idilər. Onların bu evdə 25 il daimi yaşamağının zəmanətini razılığını ilkin icarədar, mülkiyyətçi olan qaynanası A.Səlimova vermişdir. Onlar bu səbəbdən evdə yenidənqurma işləri aparmiş, aparılan torpaq islahatlarında onların hər ikisinin torpaq payı belə müəyyən olunmuşdur. Hazırki cavabdeh harada idi? Heç həmin evə onun qeydiyyatı belə yox idi. Çünki, o Rusiya Federasiyasının vətəndaşıdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(039)-2434/2021 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini iş üzrə yeni məhkəmə qətnaməsi çıxarılaraq ünvan 1 fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməyinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Məhərrəmov X4 şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli 2(102)-4470/2022 saylı qərarı ilə Cavabdeh1nın kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-557/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi İddiaçı ünvan 3 ünvanda yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququnun tanınması və onun həmin evə köçürülməsi hissəsində ləğv edilərək işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli 2(102)-4470/2022 saylı qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməyən hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, həmin hissədə də iddianı təmin etməklə düzgün nəticəyə gəlməyib. Məhkəmə kollegiyası ilkin olaraq onu qeyd edir ki, tərəflər arasında hüquq münasibətlərinin yaranma dövrünə uyğun olaraq mübahisəyə 1982-ci il tarixli Mənzil Məcəlləsinin normalarının tətbiq edilməsi işin müəyyən edilmiş hallarına uyğundur. İşin müəyyən edilmiş hallarınadan görünür ki, iddiaçı iddia ərizəsində və birinci instansiya məhkəməsində işə baxılarkən tələbinin faktiki əsası kimi mübahisədə adı keçən evin mülkiyyətçisinin cavabdeh olmasına istinad etmişdir. (bax:5-7-ci bəndlər) İşdən o da görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən ona istinad edib ki, iddiaçı evin mülkiyyətçisi olan Cavabdeh1lə ümumi birgə təsərrüfat aparmayıb. Apellyasiya məhkəməsində isə iddiaçı iddia tələbinin faktiki əsasını dəyişib, evin ilkin mülkiyyətçisinin qayınanası olmasını bildirmiş və bununla bağlı apellyasiya instansiyasına yeni faktlar vermişdir. (bax: 19-cu bənd) MPM-in 372.3-cü maddəsinə görə isə tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Göründüyü kimi, iddiaçı birinci və apellyasiya instansiyalarında birbirinə zidd olan fərqli faktiki əsaslara istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu ziddiyyətə aydınlıq gətirməmiş, baxmayaraq ki, prosessual qanunvericilik apellyasiya instansiyasında yalnız iddianın hüquqi əsasını dəyişməyə imkan verir, əksinə, iddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi yeni faktlar üzrə mübahisələndirilən evin ilkin mülkiyyətçisinin iddiaçının qayınanası, yəni Cavabdeh1 anası olan X1 olmasını, iddiaçının məhz evin ilk mülkiyyətçisinin razılığı ilə həmin evə köçməsini və ilk mülkiyyətçi ilə həmin evdə birlikdə yaşamasını müəyyən edərək iddianı qeyd edilən hissədə təmin etmiş, eyni zamanda hansı sübut əsasında evin ilk mülkiyyətçisinin X3 olmasını da qətnamədə göstərməmişdir. Halbuki işdə olan qeydiyyat vəsiqəsinə əsasən Yevlax şəhəri, Bakıxanov küçəsi, 12 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına mülkiyyət hüquqları ilə xx.xx.1990-cı ildə qeydə alınıb. Tətbiq edilən Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə əsasən ailə üzvü sırasına daxil olmayan şəxsin yaşayış evinə istifadə hüququnun yaranıb-yaranmaması mülkiyyətçi (icarədar) ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparıb-aparmaması ilə müəyyən edilir. Qətnamədən isə görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının evin mülkiyyətçisi olan Cavabdeh1 münasibətdə deyil, evin ilk mülkiyyətçisinin X1 olmasına və iddiaçının məhz ilk mülkiyyətçi olan A.Səlimovaya münasibətdə evə istifadə hüququnun yaranmasına istinad edərək iddianı təmin etmişdir. Qeyd edildiyi kimi, iddiaçının evdə yaşadığı vaxt ərzində həmin evin mülkiyyətçisinin X1 olmasına dair işdə hər hansı sənəd yoxdur. Buna görə də işin halı müvafiq sübuta istinad olunmaqla müəyyən edilmədiyi üçün gəlinən nəticə də düzgün olmamış, Mənzil Məclləsinin 53 və 124-cü maddələri işin hallarına uyğun şəkildə tətbiq edilməmişdir. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Qanunvericiliyin tələbinə görə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin istinad etdiyi sübutlar qətnamənin əsaslandırıcı hissəsində göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyini əsaslı saymır və belə nəticəyə gəlir ki, evə istifadə və evə köçürülmə barədə tələbin təmin edilməsi hissəsində qətnamə ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının evə istifadə və evə köçürülmə barədə tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı, mülkiyyətçiyə (Cavabdeh1) münasibətdə iddiaçının evə istifadə hüququnun yaranıb-yaranmaması hallarına aydınlıq gətirməli və işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı qərar qəbul etməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tаrixli, 2(039)-2434/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Məhərrəmov X4 şikayətində onun 1991-ci ilədək mülkiyyətçi ilə birlikdə olmağı və onun razılığı ilə 1996-cı ildən 2021-ci ilədək həmin fərdi yaşayış evində daimi olaraq 25 il yaşadığını, daimi qeydiyyatda olmağını, evin ilkin mülkiyyətçiləri tərəfindən onların qızları X2 mülkiyyətçisi olan anasının razılığı ilə həmin evdə yaşadığını və həmin evə istifadə hüququnu əldə etdiyini, həmin dövrdə o ailəli olduğundan mərhum qaynanasının özünün həmin evdə ona yaşamağa razılıq verməsi, onların mərhum X1 öldüyü anadək onun yanında olmaqla ölümündən sonrada orada bir müddət yaşayaraq 1996-cı il tarixindən hazırki mülkiyyətçinin də razılığı olmaqla 2021-ci ilin avqust ayınadək orada yaşadığını qeyd etsə də, ƏMDK yanında DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, mübahisəli evin yerləşdiyi 0,0393 ha həyətyanı torpaq sahəsi Yevlax rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8, X2 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. (torpağın mülkiyyətə verilməsinə dair JN-3138A saylı şəhadətnamə). Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışdan müəyyən olunur ki, Yevlax şəhəri Bakıxanov küçəsi 12 ünvanında yerləşən 0,0393 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə tam mülkiyyət hüququ Cavabdeh1 oğlunun adına xx.xx.2015-ci ildə dövlət reyestrində qeydə alınmışdır. xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, mübahisəli yaşayış evi 1990-cı ildən iddiaçı Cavabdeh1 mülkiyyətində olmuşdur. Digər tərəfdən iddiaçı apellyasiya şikayətində 1990-cı ildən mübahisəli evdə yaşadığını bildirsədə, özünün təqdim etdiyi iddia ərizəsində isə 1996-cı il tarixindən həyat yoldaşı ilə həmin evdə yaşadığını bildirmişdir. Eyni zamanda “Evlər Komitəsi” tərəfindən verilmiş arayışdan da görünür ki, İddiaçı həqiqətən də 1996-cı ildən Yevlax şəhəri, Bakıxanov küçəsi 12 saylı evdə yaşayıb. Bundan başqa Apellyasiya instansiyasında birinci icraat zamanə məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mülkiyyətində olan fərdi yaşayış evi 1990-cı ildən ona məxsus olmuşdur. İşi ilə əlaqədar 1996-cı ildə arvadı və uşaqları ilə (digər cavabdehlərlə) birlikdə müvəqqəti yaşamaq üçün Rusiya Federasiyasına getmişdir. İddiaçı onun mərhum bacısı Zəminə Ağayevanın əri olmuşdur. Həmin dövrdə bacısının da özünə məxsus ayrıca evi olmuş və bacısı əri Asiflə birlikdə həmin mənzildə yaşamışlar. O, Rusiyaya gedən zaman evi nəzarətsiz qalmasın deyə bacısından və İddiaçı onun evinə nəzarət etmələrini xahiş etmişdir. Bacısı onunla razılaşmış və özlərinə məxsus evi kirayəyə verərək onun evində yaşamağa başlamışlar. O və ailəsi 2021-ci ilin yay ayına qədər Rusiyada yaşamışlar və evinə qayıtdıqdan sonra evi təmir etmək qərarına gəlmişlər. Bu səbəbdən özləri də evdə yaşaya bilməyəcəkləri üçün evdən çıxmışlar. İş materiallarından da göründüyü kimi cavabdehin həmin illər ərzində Rusiya Federasiyasında yaşaması işin mübahisəsiz halıdır. Bundan əlavə, iddiaçı da həm iddia ərizəsində, həm də verdiyi izhatında etiraf edir ki, o 1996-cı ildən həmin evdə yaşamış, cavabdeh isə 1996-cı ildə ailəsi ilə birlikdə müvəqqəti yaşamaq üçün Rusiya Federasiyasına getmişdir. Oxşar münasibətləri tənzimləyən Mənzil Məcəlləsinin (1982-ci il) 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə isə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Maddənin tələbindən göründüyü kimi icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Tətbiq edilən Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə əsasən ailə üzvü sırasına daxil olmayan şəxsin yaşayış evinə istifadə hüququnun yaranıb-yaranmaması mülkiyyətçi (icarədar) ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparıb-aparmaması ilə müəyyən edilir. Təhlil olunan işdən aydın olur ki, İddiaçı mübahisəli evin mülkiyyətçisinin ailə üzvlərinin dairəsinə daxil deyil, eyni zamanda iddiaçı yaşayış sahəsindən istifadə hüququnun əldə edilə bilməsi üçün mülkiyyətçi ilə birlikdə yaşamamış və onunla ümumi birgə təsərrüfatı idarə etməmişdir. Bu mənada nə qədər ki, iddiaçının mülkiyyətçi (icarədar) ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparması ilə müəyyən edilmir, belə halda iddiaçının uzun müddət mübahisəli evdə yaşaması, bu evdə əşyalarının olması sonuncunun həmin evdə istifadə hüququnun yaranması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələri birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(039)-2434/2021 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq və MPM-in 384, 385, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(039)-2434/2021 saylı qətnаməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar