Məhkəmə qərarları › İş №2(107)-557/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-557/2022

13.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-557/2022 13.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi birgə mülkiyyətdə olan əmlaka payının müəyyən edilməsi, istifadə hüququnun tanınması və evə köçürülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ümumi birgə mülkiyyətdə olan əmlakda payın müəyyən edilməsi, istifadə hüququnun tanınması, evə köçürülmə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi birgə mülkiyyətdə olan əmlaka payının müəyyən edilməsi, istifadə hüququnun tanınması və evə köçürülməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(039)-2434/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları RX serialı ******* nömrəli çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən 0,0393 ha torpaq sahəsi, o da daxil olmaqla altı mülkiyyətçinin ümumi birgə mülkiyyətidir. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə Cavabdeh1 mülkiyyətidir. O, həmin evdə ailəsi ilə birlikdə 23 il yaşamışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX serialı ******* nömrəli çıxarışına əsasən ümumi birgə mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən 0,0393 ha torpaq sahəsinin 1/6 hissəsinə payının müəyyən edilməsi, o cümlədən Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri Bakıxanov küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinə(mübahisəli evə) onun istifadə hüququnun tanınması və həmin evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, RX serialı ******* nömrəli çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən 0,0393 ha torpaq sahəsi, o da daxil olmaqla altı mülkiyyətçinin ümumi birgə mülkiyyətidir. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə Cavabdeh1 mülkiyyətidir. O, 1996-cı il tarixindən həmin evdə həyat yoldaşı ilə birlikdə yaşamışdır. Həyat yoldaşı 2021-ci ilin iyun ayının 28-də vəfat etmiş, yas mərasimləri həmin evdə keçirilmiş, bundan sonra Cavabdeh1 onu məcburi qaydada evdən çıxarmışdır. Həmin evdə ailəsi ilə birlikdə 23 il yaşamışlar. Onun və mərhum həyat yoldaşının həmin evin yerləşdiyi torpaq sahəsində payı var. Özünə münasibətdə həmin payın müəyyən edilməsini və qeyd olunan yaşayış evinə istifadə hüququnun tanınmasını və həmin evə köçürülməsini istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mülkiyyətində olan fərdi yaşayış evi 1990-cı ildən ona məxsus olmuşdur. İşi ilə əlaqədar 1996-cı ildə arvadı və uşaqları ilə(digər cavabdehlərlə) birlikdə müvəqqəti yaşamaq üçün Rusiya Federasiyasına getmişdir. İddiaçı onun mərhum bacısı Zəminə Ağayevanın əri olmuşdur. Həmin dövrdə bacısının da özünə məxsus ayrıca evi olmuş və bacısı əri Asiflə birlikdə həmin mənzildə yaşamışlar. O, Rusiyaya gedən zaman evi nəzarətsiz qalmasın deyə bacısından və İddiaçı onun evinə nəzarət etmələrini xahiş etmişdir. Bacısı onunla razılaşmış və özlərinə məxsus evi kirayəyə verərək onun evində yaşamağa başlamışlar. O və ailəsi 2021-ci ilin yay ayına qədər Rusiyada yaşamışlar və evinə qayıtdıqdan sonra evi təmir etmək qərarına gəlmişlər. Bu səbəbdən özləri də evdə yaşaya bilməyəcəkləri üçün evdən çıxmışlar. Bundan sonra onlara məlum olmuşdur ki, iddiaçı onlara qarşı iddia qaldırıb. Halbuki iddiaçının ona məxsus yaşayış evinə heç bir hüququ yoxdur. Evin yerləşdiyi torpaq sahəsinə iddiaçının payının müəyyən edilməsinə də etiraz edir. Belə ki, iddiaçının adının həmin çıxarışa neçə salındığı ona məlum deyil və onun həmin çıxarışı mübahisələndirmək fikri var. Cavabdeh2 Cavabdeh1 izahatını təsdiq etdiyini və iddiaçının onlara məxsus yaşayış evinə köçürülməsinə etiraz etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, mübahisəli yaşayış evi 1990-cı ildən iddiaçı Cavabdeh1 mülkiyyətindədir. Mübahisəli yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi isə hazırkı iş üzrə tərəflərin, o cümlədən mərhum Zəminə Ağayevanın ümumi birgə mülkiyyətindədir. İddiaçı, Cavabdeh1 qaynımərhum bacısı Zəminə Ağayevanın əri olub və 1996-cı ildən 2021-ci ilin avqust ayına qədər mübahisəli evdə yaşamışdır. Məhkəmə, mülki qanunvericiliyin normalarını rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, iddiaçı özünə məxsus olan hissədə torpaq sahəsinə payının müəyyən olunmasını tələb edə bilər. Maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, iddia, ünvan 2 ünvanda yerləşən 0,0393 ha torpaq sahəsinin 1/6 hissəsinə iddiaçının payının müəyyən edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin mübahisəli yaşayış evinə iddiaçının istifadə hüququnun tanınması və köçürülməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakəıları qeyd etmişdir. Tərəflər arasında hüquq münasibətlərinin 1996-cı ildə yarandığını, yəni iddiaçının həmin ildə mübahisəli mənzilə köçdüyünü və orada yaşadığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmadığı məsələsi 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. İddiaçı, mübahisəli evin mülkiyyətçisinin ailə üzvü hesab edilmir. İddiaçı 1996-cı ildən 2021-ci ilədək mübahisəli yaşayış evində yaşasa da, evin mülkiyyətçisi ilə birgə yaşamamış və onunla birgə təsərrüfat aparmamışdır. Həm də bu səbəbdən iddiaçı mübahisəli evin mülkiyyətçisinin ailə üzvü hesab edilə bilməz. Eyni zamanda müəyyən olunmuşdur ki, cavabdeh işi ilə əlaqədar 1996-cı ildə müvəqqəti olaraq Rusiya Federasiyasına getmiş və bacısı mərhum Zəminə Ağayevanın və onun əri-hazırkı iş üzrə iddiaçının, mübahisəli evə nəzarət etmələri üçün həmin evdə müvəqqəti yaşamaqlarına icazə vermişdir. Zəminə Ağayevanın özünə məxsus mənzili olmuş və iddiaçı da məhkəmə iclasında verdiyi izahatında bunu təsdiq edərək bildirmişdir ki, arvadına məxsus mənzili kirayəyə vermiş və 2007-ci ildə həmin mənzili satmışlar. Qeyd olunanlar isə bunu deməyə əsas verir ki, iddiaçı mübahisəli mənzilə daimi yaşaması üçün köçməmiş və mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh1 tərəfindən iddiaçının mübahisəli mənzilə köçürülməsi üçün deyil, müvəqqəti olaraq yaşaması üçün icazə verilmişdir. Qeyd olunanaları əsas gətirərək məhkəmə hesab edir ki, mübahisəli evə iddiaçının istifadə hüququnun tanınması və köçürülməsi tələbi əsassızdır və təmin edilə bilməz. Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(039)-2434/2021 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) iddia qismən təmin olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №-li çıxarışı ilə X5 və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanda yerləşən 0,0393 ha torpaq sahəsinin 1/6 hissəsinə İddiaçı payının müəyyən edilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2 və 213.5-ci maddələrinə və 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan ƏMDK yanında DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, mübahisəli evin yerləşdiyi 0,0393 ha həyətyanı torpaq sahəsi Yevlax rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7, X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. (torpağın mülkiyyətə verilməsinə dair JN-3138A saylı şəhadətnamə). İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışdan müəyyən olunur ki, Yevlax şəhəri Bakıxanov küçəsi 12 ünvanında yerləşən 0,0393 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə tam mülkiyyət hüququ Cavabdeh1 adına 10.04.2015-ci ildə dövlət reyestrində qeydə alınmışdır. İşdə olan 27.12.1990-cı il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, mübahisəli yaşayış evi 1990-cı ildən iddiaçı Cavabdeh1 mülkiyyətində olmuşdur. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə mübahisəni düzgün həll etmək üçün aşağıdakı faktiki halları düzgün araşdırmamışdır. Onun 1991-ci ilədək mülkiyyətçi ilə birlikdə olmağı və onun razılığı ilə 1996-cı ildən 2021-ci ilədək həmin fərdi yaşayış evində daimi olaraq 25 il yaşadığını, daimi qeydiyyatda olmağını, evin ilkin mülkiyyətçiləri tərəfindən onların qızları X3 mülkiyyətçisi olan anasının razılığı ilə həmin evdə yaşadığını və həmin evə istifadə hüququnu əldə etdiyini, həmin dövrdə o ailəli olduğundan mərhum qaynanasının özünün həmin evdə ona yaşamağa razılıq verməsi, onların mərhum X2 öldüyü anadək onun yanında olmaqla ölümündən sonrada orada bir müddət yaşayaraq 1996-cı il tarixindən hazırki mülkiyyətçinin də razılığı olmaqla 2021-ci ilin avqust ayınadək orada yaşamışdır. Məhkəmə işin bu halını aydınlaşdırmamışdır. Məhkəmə mübahisəyə baxarkən tələbi Azərbaycan Respublikasının Mənzil Məcələsini 53, 54 və 123-cu maddəsinin tələblərinə münasibətdə araşdırmamışdır. Nəzərə alsaq ki, mübahisə 1996-cı ilin dövrünü əhatə edir. Burada huquqi tənzimlənmə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54 və 123-cu maddəsinə münasibətdə nizamlamalı olsa da, məhkəmə mübahisəyə bu sferadan baxaraq qiymət verməmişdir. Onun həyat yoldaşı olan mərhum X6 ilə o 1975-ci ildə rəsmi nigaha daxil olmuşdur. Mübahisələndirilən evin mülkiyyətçisi mərhum qayananası X2 razılığı ilə onun mülkiyyətində olan ünvan 1 evdə onlar onun sağlığında birlikdə yaşamışlar. Onun istəyi ilə o evə köçmüşlər. Onun vəfatından sonra əşyaları o evdə qalmaqla 1991-ci ildən sonra 1996-cı ilədək o işlə əlaqədar başqa yerdə müvəqqəti yaşamış, amma hər həftə mübahisələndirilən evdə olmuşlar. 1996-cı ildən etibarən isə onlar daimi olaraq bu evdə yaşamışlar. Onlar ilkin mülkiyyətçi ilə razılaşaraq onun sağlığında həmin evə əşyalarını yığmışlar. Hazırki cavabdeh, onun həyat yoldaşı sonuncunun isə bacısı olan X6 vəfat edəndən sonra onun 40-ı çıxandan bir neçə gün sonra onu evdən çıxarmışdır. O, ilkin icarədarın ailə üzvü hesab edilir. İlkin icarədarla birlikdə yaşamışdır. Təsəruffatı birlikdə idarə etmişdir. Onun istəyi ilə əşyalarını o evə yığmışdır. 1996-cı ildən isə daimi yaşamışdır. Ona və mərhum yoldaşına torpaq payı veriblər. O, evdə müəyyən dəyişikliklər aparmışdır. Tikinti işləri görmüşdür və 25 il ailəsilə yəni cavabdehin bacısı ilə rəsmi nigahda olan bir şəxs olaraq bu evdə birlikdə yaşamışdır. İşin hallarından da aydın olur ki, 25 il bir evdə yaşayan bir şəxsin yaşaması üçün mülkiyyət sahibinin razılığı lazımdır. 25 il, müvəqqəti yaşamaq üçün nəzərdə tutulan bir müddət deyildir. Onları yəni onu və arvadını yəni birinci icarədarın qızını bu evdə yaşamağa, əşyalarını yerləşdirməyə icazə verən birinci icarədar, mülkiyyətçi X4 olmuşdur. Onlar həmin icarədarın ailə üzvləri idilər. Onların bu evdə 25 il daimi yaşamağının zəmanətini razılığını ilkin icarədar, mülkiyyətçi olan qaynanası A.Səlimova vermişdir. Onlar bu səbəbdən evdə yenidənqurma işləri aparmiş, aparılan torpaq islahatlarında onların hər ikisinin torpaq payı belə müəyyən olunmuşdur. Hazırki cavabdeh harada idi? Heç həmin evə onun qeydiyyatı belə yox idi. Çünki, o Rusiya Federasiyasının vətəndaşıdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(039)-2434/2021 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini iş üzrə yeni məhkəmə qətnaməsi çıxarılaraq ünvan 1 fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməyinin təmin edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(039)-2434/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarına görə, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsаsən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İddiaçı Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(039)-2434/2021 nömrəli qətnaməsinin qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində əsaslılığını yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin olunmayan hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi işin hüquqi əsasını düzgün müəyyən edərək 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə istinad etsə də, işin faktiki hallarını tam araşdırmamış və yanlış nəticəyə gəlmişdir. Belə ki, 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsində icarədarın ailə üzvləri olaraq icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunmaqla bərabər, icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslərin də icarədarın ailə üzvləri hesab edilə bilmələri göstərilir. Eyni zamanda, həmin vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onların da malik olduğu göstərilmişdir. Hazırki halda, iddiaçı və onun həyat yoldaşı olan X6 mübahisələndirilən evin ilkin mülkiyyətçisi olmuş iddiaçının qayananası, eyni zamanda Cavabdeh1 anası X2 razılığı ilə həmin evə köçmüş və onun sağlığında həmin evdə birlikdə yaşamışlar. X1 öldükdən sonra da həmin evdə yaşamaqda davam etmişlər. Bunu iddiaçı ilə yanaşı, cavabdehlər də etiraf etmişlər. İddiaçı Cavabdeh1 mərhum bacısı X6 ilə o 1975-ci ildə rəsmi nigaha daxil olmaları, iddiaçının mərhum qayananası X2 razılığı ilə sonuncunun mülkiyyətində olan ünvan 1 evdə 1991-ci ildən 1996-cı ilədək, 1996-cı ildən etibarən isə Cavabdeh1 razılığı ilə 2021-ci ilin iyul ayının sonunadək həmin evdə yaşamaları, sonuncunun 1996-cı ildən 2021-ci ilin iyun ayınadək Rusiya Federasiyasında yaşaması, həmin dövr ərzində mübahisəli evin iddiaçı və iddiaçının arvadı tərəfindən istifadə və idarə edilməsi işin mübahisəsiz hallarındandır. Tərəflər arasında yaranmış hüquq münasibətləri 1991-ci ildən başlandığından hazırki mübahisənin mənzildən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə aid hissəsinə həmin vaxt qüvvədə olmuş 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Yuxarıda göstərilən işin mübahisəsiz hallarından müəyyən edilmişdir ki, iddiaçı cavabdehin ailə üzvü kimi sonuncunun evinə köçürülmüş, həmin evdən istifadə hüququ əldə etmiş və cavabdehin istəyinə uyğun olaraq təqribən 25 il ərzində onunla birgə təsərrüfat aparmışdır. O, həmin evdən istifadə hüququnu öz iradəsinə zidd olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində 2021-ci ilin avqust ayının əvvəlində müvəqqəti olaraq reallaşdıra bilməmişdir. Onun həmin evdən istifadə hüququ vardır və o hüquq reallaşdırılmalıdır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən edilməsini qət etməklə iddianın təmin olunmayan hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(039)-2434/2021 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və onun həmin evə köçürülməsinə dair təmin olunmamış hissədə də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(039)-2434/2021 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi İddiaçı ünvan 1 ünvanda yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququnun tanınması və onun həmin evə köçürülməsinə dair təmin olunmamış hissədə də təmin edilsin. İddiaçı ünvan 1 ünvanda yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququ tanınsın və o həmin evə köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar