Məhkəmə qərarları › İş №2(107)-1695/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1695/2021

07.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1695/2021 07.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində toplanmış alimentin məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- alimentin silinməsi tələbi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-779/2021 saylı, 01 iyun 2021-ci il tаrixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 11000 manat tələb etdiyi aliment borcu əsassız olduğuna görə aliment borcunun olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 28.10.2000-ci il tarixdə rəsmi nikah bağlamışdır. Birgə nikahdan 06 aprel 2002-ci il təvəllüdlü Abuzər və 18 sentyabr 2003-cü il təvəllüdlü Türkan adlı övladları olmuşdur. Ailə daxili münaqişələri olduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin 07.12.2016-cı il tarixli 2(051)-5424/2016 saylı qətnaməsi ilə aralarındaki nikah pozulmuş və uşaqların saxlanması üçün hər ay 150 manat alimentin ondan tutulub Cavabdeh verilməsi qət edilmişdir. O qətnamə ilə müəyyən edilmiş alimenti və ondan artıq məbləğdə alimenti və ondan da artıq məbləğdə pulu cavabdehə göndərmişdir. Belə ki, onların nikahları pozulsa da, onlar öz aralarında barışmışlar. Bu müddətə o Rusiya Federasiyasında işləmiş və cavadehə onların saxlanması üçün lazımi miqdarda pul göndərmişdir. Sonradan o yeni ailə qurduqdan sonra cavabdeh ondan 11000 (on bir min) manat aliment tələb edir. Onun bu tələbi əsassız və uydurmadır. Belə ki, o, özünün Mingəçevir Şəhər Məhkəməsinə ünvanlandığı və 28.08.2020-ci il tarixdə 2(051)-1549 sayla qeydə alınmış “ümumi birgə əmlak hesab edilməsi və sair tələbinə dair” iddia ərizəsində etiraf edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli 2(051)-5424/2016 saylı qətnaməsi ilə aralarındaki nikah pozulmuş və uşaqların saxlanması üçün hər ay hər uşağa 150 manat aliment qət edilmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermiş və daha sonra onlar öz aralarında barışdıqlarından, o sosial düzəltmək məqsədilə nikahları pozulsa da, alimentdən imtina etmişdir. Hazırda oğlu Abuzərin 18 yaşı tamam olmuşdur.” Bundan başqa Cavabdeh Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin rəisinin adına ünvanladığı 09.09.2020-ci il tarixli 4115 sayla qeydə alınmış ərizəsində göstərir ki: “Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il 2(051)-5424/2016 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı Abuzər və Türkan adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat miqdarında alimentin alınıb ona verilməsi nəzərdə tutulmuşdur”. Bildirmiş ki, İddiaçı ona aliment ödəmir. Halhazırda 2700 manat aliment borcu var. Ona ödənilməli olan 2700 manat alimnet borcunun ödənilməsi üçün qanuni tədbirlər görülməsini xahiş etmişdir.” Daha sonra Cavabdeh Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin rəsinin adına ünvanladığı 14.09.2020-ci il tarixdə 4235 sayla qeydə alınmış ərizəsində göstərir ki, “borclu İddiaçı hal-hazırda ona 11000 manat aliment borcu var”. Cavabdeh öz iddia ərizələrində etiraf edir ki, onun tərəfindən ona uşaqların saxlanması üçün vəsait göndərilmiş və o, yalnız 18.09.2003-cü il təvəllüdlü övladları Türkanın saxlanması üçün 01.10.2019-cu ildən başlamaqla saxlanması üçün hər ay 200 manat alimentin tutulmasını məhkəmədən xahiş etmiş və 09.09.2020-ci il tarixinə aliment borcunun 2700 (iki min yedi yüz) manat olmasını və tədbirlər görülməsini tələb etmişdir. Belə olan halda 09.09.2020-ci il tarixinə aliment borcu 1 (bir) uşaq üçün hesablana bilər. Belə ki, Abuzərin 06.04.2020-ci il tarixdə 18 yaşı tamam olmuşdur. Türkan üçün isə 450 manat aliment ödəmişdir. Odur ki, hazırki vəziyyətdə onun ona heç bir borcu qalmamışdır və cari borcu ödəməkdə davam edir. Ona görə də Məhkəmədən Cavabdeh 11000 manat tələb etdiyi aliment borcu əsassız olduğuna görə aliment borcunun olmaması barədə qətnamə çıxarılmasını xahiş edir Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-779/2021 saylı, 01 iyun 2021-ci il tаrixli qətnaməsi ilə (hakim Ə. Hüseynov) İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində toplanmış alimentin məbləğinin silinməs” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il 2(051)-5424/2016 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan 28 oktyabr 2000-ci ildə Mingəçevir şəhər Nikah evində bağlanmış nikah qeydi pozulması, nikah pozulduqdan sonra 06 aprel 2002-ci il Abuzər və 18 sentyabr 2003-cü il təvəllüdlü Türkan adlı uşaqlar cavabdeh-anası Cavabdeh yanında qalması müəyyən olunması, İddiaçı 06 aprel 2002-ci ildə Abuzər və 18 sentyabr 2003-cü ildə Türkan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün 21 noyabr 2016-cı ildən başlayaraq, hər ay hər uşağa 150 manat olmaqla cəmi 300 manat aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə aliment borcundan azad olunmaq üçün əsaslı sübut təqdim olunmamışdır. Rusiya Federasiyasında olduğu zamanlarda oğluna 2000 manat pul yolladığını iddia etsə də, bu iddianı təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir. Əksinə həmin iddia işdə olan sənədlər və icra məmurunun izahatı ilə təkzib olunmuşdur. İddiaçı aliment ödənilməsinin üzürlü sayılmasını cavabdehin İcra və Probasiya Şöbəsinə təqdim etdiyi ərizəsində aliment borcu məbləğini 2700 manat olaraq göstərməsi və oğlu Abuzərin 18 yaşına çatması ilə əsaslandırsa da bu yığılmış aliment borcunu ödəməmək üçün əsas ola bilməz. Azərbaycan Respublikası və Beynəlxalq hüquq normalarından da bilindiyi kimi uşağa baxmaq və onların qayğısına qalmaq valideynlərin borcudur. İddiaçı maddi imkansızlığı və bu imkansızlıq üzündən alimentin ödənilməməsinin üzrlü sayıla bilməsi barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Bunun əksinə cavabdehin nümayəndəsi və vəkili R.Kərimlinin izahatından da məlum olmuşdur ki, İddiaçı aliment ödəmək üçün yetərli imkanı var. Bu sbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 34-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 107.2-ci, “Uşaq hüquqları haqqında” Beynəlxalq Konvensiyanın 6-cı, 3-cü, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 5-ci, 8-ci, 13-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçı Mingəçevir Şəhər Məhkəməsi tərəfindən çıxarılmış 01 iyul 2021-ci il tarixli, 2(051)-779/2021 saylı qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, qətnamə qəbul olunarkən Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinə ünvanlandığı və 28.08.2020-ci il tarixdə 2(051)-1549 sayla qeydə alınmış “ümumi birgə əmlak hesab edilməsi və sair tələbinə dair” iddia ərizəsində yazılan, Mingəçevir Şəhər Məhkəməsinə ünvanladığı “Sabit pul məbləğində alimentin tutulması tələbinə dair” iddia ərizəsində yazılan, bundan başqa Cavabdeh Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin rəisinin adına ünvanladığı 09.09.2020-ci il tarixli, 4115 sayla qeydə alınmış ərizəsində yazılan etirafını nəzərə çatdırsa da bunlara məhəl qoyulmamışdır. Belə ki, məhkəmə onun sübutlarına deyil cavabdehin 1 cümləlik “cavabdehin maddi imkanı var” cümləsinə və qərəzli şəkildə 09.09.2020-ci il tarixli 4115 sayla qeydə alınmış ərizəsindən 5 gün sonra Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin rəisinin adına ünvanladığı 14.09.2020-ci il tarixdə 4235 sayla qeydə alınmış ərizəsinə və icra məmurunun bu hallara əsaslanmasını əsas gətirərək qətnamə qəbul etmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə məcəlləsinin 107.2-ci maddəsinə əsaslanaraq onun xəstəliklə və yaxud maddi vəziyyəti ilə bağlı alimenti ödəyə bilmədiyini əsaslı sübut edə bilmədiyini bildirsə də, uşaq hüququları haqqında qanuna əsaslanaraq uşaqların menafeyinin üstün tutulması göstərilsə də, onun iddia tələbinin onların hüquqlarının və maddi vəziyyəti ilə əlaqadar olmadığı, sadəcə şişirdilmiş formada tələb olunan aliment məbləğindən və cavabdehin ona olan qərəzindən irəli gəlmiş 11000 manat aliment borcunun silinməsini xahiş etmişdir. Cavabdehin öz etirafından da məlum olmuşdur ki, 09.09.2020-ci il tarixinə aliment borcu 1 (bir) uşaq üçün hesablana bilər. Belə ki, Abuzərin 06.04.2020-ci il tarixdə 18 yaşı tamam olmuşdur. Türkan üçün isə 450 manat aliment ödəmişdir. Odur ki, hazırki vəziyyətdə iddiaçının cavabdehə heç bir borcu qalmamışdır və cari borcu ödəməkdə davam edir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən çıxarılmış 01 iyul 2021-ci il tarixli, 2(051)-779/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən çıxarılmış 01 iyul 2021-ci il tarixli, 2(051)- 779/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, Cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. “Uşaq hüquqları haqqında” Qanun: Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirərək Mingəçevir Şəhər Məhkəməsi tərəfindən çıxarılmış 01 iyul 2021-ci il tarixli, 2(051)-779/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsi tərəfindən çıxarılmış 01 iyul 2021-ci il tarixli, 2(051)-779/2021 saylı qətnaməsinin əsaslığnı tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən çıxarılmış 01 iyul 2021-ci il tarixli, 2(051)-779/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilə 28.10.2000-ci il tarixdə rəsmi nikah bağlamışdır. Birgə nikahdan 06 aprel 2002-ci il təvəllüdlü Abuzər və 18 sentyabr 2003-cü il təvəllüdlü Türkan adlı övladları olmuşdur. Ailə daxili münaqişələri olduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin 07.12.2016-cı il tarixli 2(051)- 5424/2016 saylı qətnaməsi ilə aralarındaki nikah pozulmuş və uşaqların saxlanması üçün hər ay 150 manat alimentin ondan tutulub Cavabdeh verilməsi qət edilmişdir. Hazırda məhkəmədən cavabdehə ödəniləcək 11000 manat pulun silinməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşmır. Belə ki, apelyator şikayətdə qeyd edir ki, onun iddia tələbi özünün maddi vəziyyəti ilə əlaqadar olmadığı, sadəcə şişirdilmiş formada tələb olunan aliment məbləğindən və cavabdehin ona olan qərəzindən irəli gəlmiş 11000 manat aliment borcunun silinməsini xahiş etmişdir. Abuzərin 06.04.2020-ci il tarixdə 18 yaşı tamam olmuşdur. Türkan üçün isə 450 manat aliment ödəmişdir. Odur ki, hazırki vəziyyətdə iddiaçının cavabdehə heç bir borcu qalmamışdır və cari borcu ödəməkdə davam edir. Kollegiya hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyildir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını diqqətə çatdırı. Ona görə də kollegiya hesab edir ki, cavabdehin qeyd etdiyi hallar onu uşaqları saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. əksinə uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaitin, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. İddiaçı isə aliment ödəməli olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etməməklə, əslində qanunazidd hərəkət etmişdir. Kollegiyaya görə, iddiaçı ilə cavabdehin nikahları pozulmuş və həmin vaxt uşaqların hər ikisi yetkinlik yaşına çatmamaqla azyaşlı olmuşlar. Onlara anaları baxaraq qayğı göstərmiş, onları tərbiyə etmiş, böyütmüşdür. Həmin müddət ərzində iddiaçı heç bir ödəniş etməmiş, cavabdeh uşaqları təkbaşına böyütmüşdür. Nəticədə cavabdeh uşaqların həm maddi, həm də mənəvi təlabatını təkbaşına təmin etmişdir. İddiaçı iddia edir ki, aliment almalı olan uşaqlardan biri artıq böyüyüb 18 yaşa çatıb aliment məbləğinə ehtiyacı qalmayıb. İkinci uşağa isə aliment ödəyir. Halbuki bununla bağlı iddia hər hansı bir sübut təqdim etməmişdir. Azyaşlı uşaqların yaşamaları üçün zəruri olan həm maddi, həm də mənəvi ehtiyaclarını onların anası təkbaşına qarşılamışdır. Buradan irəli gələrək demək olar ki, azyaşlı uşaqların saxlanılması üçün məhkəmə qərarları ilə qət edilmiş, lakin borclu tərəfindən heç bir üzrlü səbəb olmadan ödənilməmiş aliment məbləğini də, əslində borclu iddiaçının əvəzinə uşaqların anası öz hesabına uşaqlara sərf etmişdir. Belə olan halda, iddiaçının məhkəmə qərarlarına əsasən öz uşaqlarına ödəməli olduğu, lakin ödəmədiyindən yaranan aliment borcunu ödəməkdən azad edilməyi barədə tələbi əsassızdır. İşin hallarından görünür ki, iddiaçı uzun illər ərzində Rusiya Federasiyasında yaşayıb işləyərək gəlir əldə etmiş, lakin öz azyaşlı övladlarına yardım etməmişdir. Ona görə də iddiaçının həmin dəlilli də əsassızdır. Kollegiyaya görə, iddiaçının göstərdiyi dəlillər onun qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş alimentin ödənilməsindən azad edilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(051)-779/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(051)-779/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar