Məhkəmə qərarları › İş №2(107)-1709/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1709/2021

29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1709/2021 29.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(075)-1157/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(075)-1157/2021 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) iddia qismən təmin olunmuş, 07 may 2007-ci il təvəllüdlü X10 və 17 avqust 2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 65 manat olmaqla, cəmi 130 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 25 may 2021-ci il tarixdən hesablanması, iddianın qalan hissəsinin təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 may 2007-ci il təvəllüdlü X3 və 17 avqust 2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh onun xeyrinə hər ay hər uşağa görə 175 (yüz yetmiş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 02.02.2005-ci il tarixdə el adəti ilə toy edib faktiki ailə qurmuşlar və o, cavabdehin yaşadığı Şəki şəhəri, Baltalı kəndinə gəlin köçmüşdür. 29.05.2007-ci il tarixdə Baltalı kənd İcra Nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçirməklə ailə münasibətlərini rəsmiləşdirmişlər. Birgə nikahdan 07.05.2007-ci il təvəllüdlü X9 və 17.08.2008-ci il təvəllüdlü X12 adlı iki uşaqları anadan olmuşdur. 2014-cü ilin mart ayına kimi cavabdehlə birlikdə yaşayıb birgə təsərrüfat idarə etmişlər. Lakin, xasiyyətləri uyğun gəlmədiyinə görə ailə münasibətləri tədricən pozulmuş və Şəki rayon məhkəməsinin 2(075)-398/2014 saylı, 06.03.2014-cü il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikah qeydinin pozulması və uşaqların onun himayəsinə verilməsi qət edilmişdir. Həmin vaxt nikahın pozulması barədə məhkəmə araşdırması aparılan zaman cavabdehlə birgə nikahlarından doğulmuş azyaşlı uşaqların onun himayəsinə verilməsi qət edilsə də, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən onun xeyrinə aliment tutulması müəyyən edilməmişdir. Belə ki, o, CMnin 263.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəza çəkmişdir. Buna görə də birgə nikahdan olan uşaqları 2015-ci ilin may ayınadək faktiki olaraq Eyvazın himayəsində olmuşlar. Lakin cəzasını çəkib qurtardıqdan sonra 4 ildir ki, uşaqlar onun yanındadırlar. Cavabdehin İİ dəfə nikaha girməsindən xəbəri vardır. Hazırda, öz uşaqları ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır, özü gözəllik salonunda işləyir və maddi vəziyyəti ağırdır. Yaşayış şərtlərinin daha da çətinləşməsi, qiymətlərin qalxması və digər səbəblərdən uşaqların gündəlik maddi tələbatını lazımınca ödəyə bilmir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, o, iddiaçı ilə 02.02.2005-ci il tarixdə el adəti ilə toy edib faktiki ailə qurmuşlar və 29.05.2007-ci il tarixdə Baltalı kənd İcra Nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə ailə münasibətlərini rəsmiləşdirmişlər. Birgə nikahdan 07.05.2007-ci il təvəllüdlü X9 və 17.08.2008-ci il təvəllüdlü X12 adlı iki uşaqları anadan olmuşdur. Bildirdi ki, o, ikinci dəfə nikaha daxil olmaqla ailə həyatı qurmuş və həmin nikahdan da 2018 və 2019-cu illərdə anadan olmuş 2 azyaşlı uşaqları vardır. Göstərmişdir ki, daimi yaşayış yeri Şəki rayonunun Baltalı kəndidir. Qeyd etmişdir ki, kənddə iş olmadığından Bakı şəhərinə gedərək orada avtoyuma məntəqəsində işləyir. Aylıq gəliri 250-300 manat təşkil edir. Bəzən Bakı şəhərində, bəzən də Şəki rayonu, Baltalı kəndində qalır. Uşaqları ilə arada-bir görüşür. Birinci nikahdan olan uşaqlar 4 ildir ki, anasının yanındadırlar. Uşaqların saxlanılması üçün hər uşağa 50 manat məbləğində aliment ödəməyə imkanı çatar. Maddi vəziyyəti elə də yaxşı deyil, uşaqlarına gücü çatan qədər maddi dəstək vermiş, indi də verir. Həmçinin uşaqlar yay aylarında 1-2 ay gəlib Baltalı kəndində onun yanında qalıb istirahət edirlər. İkinci nikahdan olan uşaqları hələ körpədirlər. Onlara baxmaqda belə çətinlik çəkir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işin müəyyən edilmiş faktiki hallarına aid maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan, Şəki rayon məhkəməsinin mübahisə edilən qətnaməsi apellyasiya qaydasında ləğv olunmalı və AR Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə əsasən iş üzrə yeni qətnamə qət edilməlidir. Belə ki, Cavabdeh ilə 02.02.2005-ci il tarixdə el adəti ilə toy edib ailə qurmuşlar və o, cavabdehin yaşadığı Şəki şəhəri, Baltalı kəndinə gəlin köçmüşdür. 29.05.2007-ci il tarixdə Baltalı kənd İcra Nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə ailə münasibətini rəsmiləşdirmişlər. Birgə nikahdan 07.05.2007-ci il təvəllüdlü X9 və 17.08.2008- ci il təvəllüdlü X12 adlı iki uşaqları anadan olmuşdur. 2016-cı ilin mart ayına kimi cavabdehlə yuxarıda göstərilən ünvanda birlikdə yaşayıb birgə təsərrüfat idarə etmişlər. Lakin, xasiyyətləri uyğun gəlmədiyinə görə ailə münasibəti tədricən pozulmuş və Şəki rayon məhkəməsinin 2(075)- 398/2014 saylı, 06.03.2014-cü il tarixli qətnaməsi ilə rəsmi nikah qeydinin pozulması və uşaqların onun himayəsinə verilməsi qət edilmişdir. Həmin vaxt nikahın pozulması barədə məhkəmə araşdırması aparılan zaman cavabdehlə birgə nikahından doğulmuş azyaşlı uşaqlarının onun himayəsinə verilməsi qət edilsə də, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən onun xeyrinə aliment tutulması məsələsi həll edilməmişdir. Hazırda, uşaqları ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır və maddi vəziyyəti ağırdır. Yaşayış şərtlərinin daha da çətinləşməsi, qiymətlərin, kommunal xərclərinin qalxması və digər səbəblərdən uşaqların gündəlik maddi tələbatını lazımınca ödəyə bilmir. Ona görə də cavabdehə qarşı sabit pul məbləğində aliment tutulması tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Şəki rayon məhkəməsi prosessual normaların tələblərini pozaraq yalnız cavabdehin irəli sürdüyü sübutları əsas götürərək, həmin sübutlara düzgün hüquqi qiymət vermədən, tam və obyektiv məhkəmə araşdırması aparmadan əsassız, ədalətsiz və qanunsuz qətnamə qət etmişdir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri də onun ədalətli olmasıdır. Azərbaycan Respublikasında 2021-ci il ərzində uşaqlar üçün yaşayış minimumu 175.00 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. O, hazırda işləmir və azyaşlı uşaqların həm qidalanması, həm tərbiyəsi, həm də təhsili ilə məşğuldur, maddi vəziyyəti ağırdır. Mübahisəli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa görə 65.00 manat sabit pul məbləğində alimentlə iki azyaşlı uşağı yetkinlik yaşına çatanadək saxlayıb böyütmək onun üçün çox çətindir. Uşaqların hər ikisinin mütəmadi olaraq normal qidalanmasına, təhsil almasına və yaşlarına uyğun paltar geyinməsinə ehtiyacları var. Lakin, maddi imkanı olmadığına görə o bunları çatdıra bilmir. Bu cür yaşamaq onlar üçün çox dözülməz və olduqca ağırdır. Uşaqların gündəlik tələbatını, maddi ehtiyaclarını ödəmək hazırki vəziyyətdə çox çətindir. Kirayə haqqını və kommunal xərcləri vaxtında ödəyə bilmədiyinə görə kirayədə yaşadığı evdə elektrik enerjisindən, su və qazdan lazımınca istifadə edə bilmir. 1-ci instansiya məhkəməsi iddiaya münasibətdə qətnamə qət edərkən tərəflərin qarşılıqlı münasibətlərinə və reallığa uyğun olmayan bir nəticəyə gəlmişdir. Ona görə də hesab edir ki, mübahisəli məhkəmə qətnaməsi ona və ən əsası da uşaqlarına qarşı çox ədalətsiz bir qətnamədir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(075)-1157/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(075)-1157/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(075)- 1157/2021 nömrəli qətnaməsi dəyişdirilməli, 07 may 2007-ci il təvəllüdlü X10 və 17 avqust 2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməli, qətnamənin mübahisələndirilən – iddianın təmin edilməmiş hər üçaq üçün 55 manat olmaqla iki uşaq üçün 110 manat sabit məbləğdə alimentə aid hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan AZ-İ 895085 və AZ-İİ-160413 seriya nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, 07 may 2007-ci il təvəllüdlü X13 və 17 avqust 2008-ci il təvəllüdlü X8 atası Cavabdeh, anası isə X4r. İşdə olan Şəki Rayon Məhkəməsinin 06 mart 2014-cü il tarixli, 2(075)-398/2014 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə cavabdeh Hüseynova (Həbibullayevə) Esrmira Akif qızı arasında bağlanmış 29 may 2007- ci il tarixli, 01 nömrəli nikahın pozulması, tərəfiərin uşaqları olan-07 may 2007-ci il təvəllüdlü X13 və 17 avqust 2008-ci il təvəllüdlü X8 anaları Hüseynova (Həbibullayevə) Esmira Akif qızının himayəsində saxlanılmaları qət edilmişdir. İşdə olan AZ-İİ 373255 seriya nömrəli nikah haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X5 arasında 30 mart 2020-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 133 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Hüseynova soyadı verilmişdir. İşdə olan AZ-İV 450191 və AZ-İV 450189 seriya nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, 12 avqust 2018-ci il təvəllüdlü X11 və 07 dekabr 2019-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası isə X6r. İşdə olan 07 oktyabr 2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh avtomobillərə xidmət stansiyasında köməkçi fəhlə işləyir və aylıq əmək haqqısı 250 manat təşkil edir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 29.05.2007-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 07 may 2007-ci il təvəllüdlü X13 və 17 avqust 2008-ci il təvəllüdlü X12 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə cavabdeh Hüseynova (Həbibullayevə) Esrnira Akif qızı arasında bağlanmış 29 may 2007-ci il tarixli, 01 nömrəli nikahın pozulması, tərəfiərin uşaqları olan-07 may 2007-ci il təvəllüdlü X13 və 17 avqust 2008-ci il təvəllüdlü X8 anaları Hüseynova (Həbibullayevə) Esmira Akif qızının himayəsində saxlanılmaları qət edilmişdir. Nikah pozularkən uşaqların saxlanılması üçün aliment müəyyən edilməmişdir. Cavabdeh ikinci dəfə nikaha daxil olmaqla ailə həyatı qurmuş və həmin nikahdan da 12 avqust 2018-ci il təvəllüdlü X11 və 07 dekabr 2019-cu il təvəllüdlü X7 adlı 2 azyaşlı uşaqları vardır. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qismən qəbul etmişdir. Birinci instansiya məhkəməsi uşaqların saxlanılmaları üçün zəruri tələbatı, iddiaçının uşaqlarnın saxlanılmaları üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, 07 may 2007-ci il təvəllüdlü X13 və 17 avqust 2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini, cavabdehin ikinci dəfə nikaha daxil olmasını və həmin nikahdan da iki uşağının olmasını nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, 07 may 2007-ci il təvəllüdlü X13 və 17 avqust 2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 65 manat olmaqla, cəmi 130 manat sabit pul məbləğində aliment cavabdehdən tutulub iddiaçıya verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 25 may 2021-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hər ay hər uşaq üçün ödənilməli olan alimentin məbləğinin 65 manat müəyyən edilməsi hissəsində məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, alınıb verilməsi qət edilmiş alimenti hər ay bir uşaq üçün sabit pul məbləğində 65 manat miqdarında müəyyən etməklə reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. (Həmin məbləğ 2021-ci ildə artırılaraq 175 manat müəyyən edilmişdir. İddiaçı hər uşaq üçün 175 manat olmaqla cəmi 2 uşaq üçün 350 manat aliment tələb etsə də, cavabdehin həmin məbləğdə alimenti ödəmək imkanı olması barədə sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə hər ay hər uşaq üçün ödənilməli olan alimentin məbləğinin 65 manat müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(075)-1157/2021 nömrəli qətnaməsi dəyişdirilməli, 07 may 2007-ci il təvəllüdlü X10 və 17 avqust 2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməli, qətnamənin mübahisələndirilən – iddianın təmin edilməmiş hər üçaq üçün 55 manat olmaqla iki uşaq üçün 110 manat sabit məbləğdə alimentə aid hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 384.0.3-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(075)-1157/2021 nömrəli qətnaməsi dəyişdirilsin. 07 may 2007-ci il təvəllüdlü X10 və 17 avqust 2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Qətnamənin mübahisələndirilən – iddianın təmin edilməmiş hər üçaq üçün 55 manat olmaqla iki uşaq üçün 110 manat sabit məbləğdə alimentə aid hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar