Məhkəmə qərarları › İş №2(107)-1714/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1714/2020

16.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1714/2020 16.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçıiştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi və aliment borcunun azaldılması» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(014)-528/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(014)-528/2020 nömrəli qətnaməsi ilə (hakim Nizam Əliyev) İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi və aliment borcunun azaldılması» tələbinə dair iddiası rədd edilməmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı « alimentin miqdarının dəyişdirilməsi və aliment borcunun azaldılması » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun çətin vəziyyətdə qalmağını və maddi vəziyyətini nəzərə alıb Ağdaş rayon məhkəməsinin 2(014)3124 saylı xx xxxxxxxx 2016-cı il tarixli qərarına əsasən cavabdeh Qəribova (İsmayılova) Gülnarə Ramiz qızının xeyrinə ondan hər ay tutulmalı olan 85 manat alimentin miqdarını azaldaraq 60 manat müəyyənləşdirilməsinə və yaranmış 2000 manat aliment borcunun 500 manata azaldaraq həmin məbləğin hissə-hissə ödənilməsinə icazə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Məhkəməsinin 2(014)- 3124 saylı xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən xx xxxxxx 2016-cı ildən başlayaraq xx xxxxxx 2015-ci il tarixindən anadan olmuş qızı X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin xeyrinə ondan hər ay sabit pul məbləğində 85 (səksən beş) manat aliment tutulması qət edilmişdir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı o işləyirdi və ailəsini idarə edən anası X1 dünyada idi. xx xxxxx 2018-ci il tarixində anası qəflətən dünyasını dəyişdi və buna görə o böyük sarsıntı keçirtdi. Psixologiyası pozuldu və müxtəlif (depresiya, panik, atak, aqrofobiya, vahimə pozuntusu) psixoloji xəstəliklər tapdı. Həkim psixiatırn deməsinə görə bu xəstəliklər sağalmır və o xəstəliklərin simptomlarını azlatmaq üçün ömrünün sonuna qədər mütəmadi olaraq həkimin təyin etdiyi psixotrop dərmanları qəbul etməlidir. Bundan başqa (həzm sistemi, qara ciyər, qida borusu yırtığı) qastroentoroloji, nevroloji pozuntuların səbəb olduğu pigment itgisi xəstəliklərindən əziyyət çəkir. Faktiki olaraq alimenti son dəfə ödədiyi gündən sonra ailə vəziyyətində, maddi vəziyyətində və səhhətində böyük dəyişikliklər olmuşdur. Bu səbəbə görə təxminən 2000(iki min) manat aliment borcu yaranmışdır. Hal hazırda o himayəsində olan iki azyaşlı övladları ilə birlikdə yaşayır və onlara heç kimin köməyi olmadan tək özü baxır. O bir valideyn kimi ana qayğısından məhrum olmuş övladlarını sağlam psixologiyada böyütmək üçün çalışmalı və onlara daim nəzarət etməlidir.Cavabdehin himayəsində olan qızı Məryəmə bacardığı qədər qayğı göstərməyə hazırdır və alimenti ödəməkdən boyun qaçırmır.Lakin yaranmış borcu və təyin olunmuş aliment məbləğini ödəməyə qeyd etdiyi səbəblərə görə imkanı çatmır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, İddiaçı ilə el adəti ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 1 uşaqları olmuşdur. Münasibətləri pozulduğundan ayrılmışlar. Ağdaş rayon Məhkəməsinin 2(014)-3124 saylı xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən xx xxxxxx 2016-cı ildən başlayaraq xx xxxxxx 2015- ci il tarixindən anadan olmuş qızı X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçıdan onun xeyrinə hər ay sabit pul məbləğində 85 (səksən beş) manat aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının azaldılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Alimentin miqdarının azaldılması uşağın sağlamlığına, təhsilinə və yaşayış tərzlərinə mənfi təsir edə bilər. Bu isə uşağın mənafeyi baxımından yolverilməzdir. Cavabdeh məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni əsassız, qanuna zidd, qeyri obyektiv və ədalətsiz hesab edir. Birinci instansiya məhkəməsi cavabdehin iclas zamanı çıxış edərkən yaranmış aliment borcunun 20xx xxxxxxxx 1500 manatadək endirilməsinə razı olduğunu bildirsə də, həmin halı nəzərə almamışdır. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(014)-528/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçıtərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(014)-528/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı ərazi vergilər idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********282400 saylı fəaliyyətin dayandırılması haqqında məktubdan məlum olur ki, İddiaçı xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə qeydiyyata alınmış, rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılmışdır. İşdə olan Ağdaş RİHB-nin Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 3227 saylı arayışdan məlum olur ki, İddiaçı Ağdaş şəhər, S.Səlimoğlu küçəsi 4№- li evdə yaşayır. İşdə olan Ağdaş RPŞ-si tərəfindən xx xxxxxxxx 2016-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1981ci il tarixdə Ağdaş şəhərində anadan olmaqla, Ağdaş şəhəri, S.Səlimoğlu küç-4-də qeydiyyatdadır. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin 2-ci hissəsinə, 34-cü maddəsinin 4-cü hissəsinə, «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.3, 51.2 və 112.1-cimaddələrinə, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.3-ci maddəsinə, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Ağdaş rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(014)-3124 nömrəli qətnaməsinə əsasən xx xxxxxx 2016-cı ildən başlayaraq xx xxxxxx 2015-ci il tarixində anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 85 (səksən beş) manat alimentin İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi və aliment borcunun azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun çətin vəziyyətdə qalmağını və maddi vəziyyətini nəzərə alıb Ağdaş rayon məhkəməsinin 2(014)3124 saylı xx xxxxxxxx 2016-cı il tarixli qərarına əsasən cavabdeh Qəribova (İsmayılova) Gülnarə Ramiz qızının xeyrinə ondan hər ay tutulmalı olan 85 manat alimentin miqdarını azaldaraq 60 manat müəyyənləşdirilməsinə və yaranmış 2000 manat aliment borcunun 500 manata azaldaraq həmin məbləğin hissə-hissə ödənilməsinə icazə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əvvəllər sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia üzrə mülki işə baxan məhkəmə tərəflərin maddi vəziyyətlərini, həmçinin azyaşlı uşaqların mənafeyini nəzərə alaraq, sabit pul məbləğində alimenti hazırkı iş üzrə ədalətli həddə, bir uşağa 85 manat məbləğində müəyyən etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş bir uşaq üçün 85 manat sabit pul məbləği həddində alimentin tutulması ədalətlidir, həmin məbləğ özözlüyündə uşağın normal saxlanılması üçün kifayət məbləğ deyildir, qeyd olunan məbləğin azaldılması uşağın tələbatlarının ödənilməsi üçün yetərli deyil və bu uşağın mənafeyinə aşkar şəkildə ziddir. İddiaçının iddia ərizəsində sadaladığı hallar aliment məbləğinin azaldılmasına əsas vermir. Bundan əlavə uşaqların minumum dolanacaq xərclərindən az olmamaqla aliment almaq hüququ olduğundan alimentin miqdarının iddiaçın bir övladlarına münasibətdə digər övladlarının xeyrinə azaldılması uşaqların mənafelərinə zidd olmaqla, onların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirə bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, aliment ödəyən şəxsin digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi və aliment borcunun azaldılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin iddiaçının apelyasiya şikayətində birinci instansiya məhkəməsinin cavabdehin iclas zamanı çıxış edərkən yaranmış aliment borcunun 20xx xxxxxxxx 1500 manatadək endirilməsinə razı olduğunu bildirsə də, həmin halı nəzərə almaması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, qeyd olunanlar məhkəmə iclas protokolu ilə təsdiq edilmədiyindən inandırıcı deyildir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı apelyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(014)-528/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(014)-528/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar