Məhkəmə qərarları › İş №2(107)-174/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-174/2022

18.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-174/2022 18.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X14 oğlunun, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı 7362 (yeddi min üç yüz altmış iki) manat pul tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(019)-732/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7362 (yeddi min üç yüz altmış iki) manat və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov ) 30 iyul 2021-ci il tarixli, 2(019)- 732/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 7362 (yeddi min üç yüz altmış iki) manat pul və 30 manat dövlət rüsumunun alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh birinci instаnsiyа məhkəməsinin qətnаməsindən apellyasiya şikayəti verilmişdir. İşin faktiki halları: İddia onunla əsaslandırılmışdır ki, Balakən rayonunun Talalar kəndində yaşayır. Həyətyanı sahəsində meyvə saxlanılması üçün soyuducu vardır. 2020-ci ilin oktyabr ayında soyuducuya xurma məhsulu qoymuşdur. Dekabr ayının əvvəllərindən məhsulu satmağa başlayır. Həmin ilin dekabr ayında tanışı Balakən rayonu Tülü kənd sakini X2 rayonu Talalar kənd sakini Cavabdeh ilə onlara gələrək, xurma məhsulu istədiklərini bildirmişlər. Məlum olmuşdur ki, xurmanı Cavabdeh alır. Cavabdeh ondan hər biri 22 ton olmaqla 3 maşın xurma alacağını bildirmişdir. O, məhsulu nağd satdığını Fərmana demiş, o da onunla razılaşmışdır. Cavabdeh 2 maşın xurma məhsulunu pulunu nağd ödəməklə aparmışdır. 3cü maşın xurma məhsulunu doldurulduqdan sonra Cavabdeh ona bildirmişdir ki, məhsulun dəyəri olan 12362 manat pul Rusiyadan Bank vasitəsilə göndərilir və səhərisi gün pulu ona verəcəkdir. O da məhsul soyuducudan çıxarılaraq maşına yüklənildiyi üçün Fərmanla razılaşmışdır. Lakin sonrakı gün Fərman ona verməli olduğu 12362 manat pulu ödəməmişdir. Yalnız həmin vaxtdan 10 gün keçdikdən sonra Asif Akkubayev məhsulun dəyərinin bir hissəsi olan 5000 manat pulu ona vermişdir. 2020-ci ilin sonundan indiyə qədər dəfələrlə Fərmandan xurma məhsulunun pulu olan 7362 manat borc pulu tələb etsə də, Cavabdeh borcunu qaytarmır. Buna görə də göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamədən narazıdır. Qətnamə maddi hüquq və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, həmçinin məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir. Qeyd etmək istəyir ki, məhkəmə İddiaçı əsassız dəlillərinə inanaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir . Qeyd edir ki, məhkəmə həm onun dediklərini həm də iş üzrə ifadələri alınmış, şahidlərin ifadələrini təhrif edərək yazmış onu tam, ətraflı dindirmədən onun sözünü kəsərək axıra qədər onu dinləmədən qətnamə qəbul etmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(019)- 732/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o iddiaçını tanımır, ondan nisyə xurma da almamışdır. İddiaçı xurmaları ona deyil, Asif adlı şəxsə vermişdir. Bundan əlavə o, iddiaçıdan götürmüş olduğu xurmaların pulunun hamısını iddiaçıya vermiş, hazırda heç bir borcu qalmamışdır. İddiaçı sonda apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında heç bir müqavilə şərti mövcud deyil. Bundan əlavə cavabdeh iddiaçıya borclu olduğu pulun hamısını göndərmiş, hazırda heç bir borcu qalmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, maddi və prosessual hüququ normalarının tələbini pozmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehin dedikləri yalandan başqa bir şey deyil. Belə ki, cavabdeh ondan hər biri 22 ton olmaqla 3 maşın xurma alacağını bildirmişdir. O, məhsulu nağd satdığını Fərmana demiş, cavabdeh də razılaşmışdır. Cavabdeh 2 maşın xurma məhsulunun pulunu nağd ödəmiş, digər maşının pulunu isə sabahı gün verəcəyini bildirmiş, lakin ertəsi gün də pulu verə bilmədiyindən Rusiyadan Bank vasitəsilə göndərəcəyini bildirmişdir. Cavabdeh məhsulun dəyəri olan 12362 manat puldan 5000 manatı göndərsə də, qalan 7362 manatı göndərməmiş, səbəb kimi də məhsulun xarab olması, özünün ziyana düşməsi ilə əlaqələndirmişdir. Hansıki, mal satılan zaman cavabdeh özü fəhlələr vasitəsilə bir-bir xurmaları yeşiklərə yığmış, xoşu gəlmədiyi, xarab xurmaları oradaca atmışdır. Apellyasiya şikayətini qəbul etmir, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlər; 08.06.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rusumu ödəmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş: X7 ifadəsində göstərmişdir ki, o, evdə olduğu zaman Cavabdeh onlara gələrək xurma məhsulu lazım olduğunu bildirmişdir. O da İddiaçı xurma olduğunu deyərək, ikisi birlikdə Əligilə getmişlər. Həmin vaxt Rusiya Federasiyasına aparmaq üçün Dibirov X9 Əli Nuru oğlundan 3 maşın xurma məhsulu almış, 2 maşın xurmanın pulunu Cavabdeh nəqd qaydada İddiaçı ödəmişdir. 3-cü maşın xurmanının pulunu isə Cavabdeh səhəri günü Rusiyadan göndərməklə ödəyəcəyini bildirmişdir. Üçüncü maşın xurmanın pulu 12362 manat etmişdir. Fərman evində İddiaçı xurmaya görə verməli olduğu 12362 manat puldan 5000 manat pulu İddiaçı vermək üçün ona vermis, o da aparıb həmin 5000 manat pulu İddiaçı vermişdir. Cavabdeh İddiaçı xurmanın pulundan 7362 manat borcu qalmışdır. X3 ifadəsində göstərmişdir ki, həqiqətən də 2020-ci ilin dekabr ayında Rusiya Federasiyasına aparmaq üçün Dibirov X9 Əli Nuru oğlundan 3 maşın xurma məhsulu almış, 2 maşın xurmanın pulunu Cavabdeh nəqd qaydada İddiaçı ödəmişdir. 3-cü maşın xurmanının pulunu isə Cavabdeh səhəri günü Rusiyadan göndərməklə ödəyəcəyini bildirmişdir. Üçüncü maşın xurmanın pulu 12362 manat etmişdir. Cavabdeh 12362 manat xurmanın pulundan cəmi 5000 manatı İddiaçı ödəmişdir. İddiaçı Cavabdeh 12362 manat xurmanı sabaha qədər nisyə verməsi və Cavabdeh 12362 manat xurma pulunu səhər İddiaçı ödəməsi barədə vəd verməsi onun yanında baş vermişdir. Belə ki, o, həmin xurma məhsunu X5 ilə birlikdə maşına yükləmişlər. X5 da X1 və X4 ifadəsinə uyğun ifadə verərək, onların ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. - 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər (mülki Məcəllənin 600-cü maddəsi). Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh mülki qanunvericiliyin istinad edilən normalarını, habelə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsin şərtlərini pozmuş və bu səbəbdən iddiaçının yaranmış borcu tələb etmək hüququ yaranmışdır. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Cavabdeh 2020-ci ilin dekabr ayında İddiaçı məxsus olan 12362 manat dəyərində xurma məhsulunu həmin məhsulun pulunu səhərisi gün ödəmək şərtilə nisyə olaraq götürmüşdür. Cavabdeh söz verdiyi vaxtda ödəniş etməmiş, bundan 10 gün sonra iddiaçıya verməli olduğu 12362 manat məbləğdən 5000 manat ödəniş etmiş, qalan 7362 manat pulu hal-hazıradək İddiaçı ödəməmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında həqiqətən də İddiaçı 2020-ci ilin dekabr ayında pulunu səhəri gün ödəmək şərtilə 12362 manat dəyərində xurma məhsulu götürdüyünü, bunun 5000 manatını ödədiyini, qalan məbləği isə ödəmədiyini təsdiq etmiş, bunu İddiaçı ona zay məhsul verməsi ilə əsaslandırmışdır. Cavabdeh həmin pulu ödəmədiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Apelyasiya şikayətinin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin yalnız iddiaçının təqdim etdiyi və heç bir hüquqi əsası olmayan sübutlara qiymət verməklə qanunsuz qətnamə çıxarmasını bildirsə də, öz etirasının hüquqi əsası kimi heç bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Birincisi, ona görə ki, apellyasiya şikayətinin dəlillərində göstərilənlərlə cavabdehin məhkəmə iclasında verdiyi izahatı bir-birini tamamlamır. Belə ki, cavabdeh iddiaçıdan birbaşa xurma almadığını, xurmaları Asif adlı şəxs aldığını bildirsə də, bunu məhkəmə iclasında sübut edə bilməmiş, öz mülahizələri əsasında əsaslandırmağa çalışmışdır. İkincisi, əksinə, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, evdə olduğu zaman Cavabdeh onlara gələrək xurma məhsulu lazım olduğunu bildirmişdir. O da İddiaçı xurma olduğunu deyərək, ikisi birlikdə Əligilə getmişlər. Həmin vaxt Rusiya Federasiyasına aparmaq üçün Dibirov X9 Əli Nuru oğlundan 3 maşın xurma məhsulu almış, 2 maşın xurmanın pulunu Cavabdeh nəqd qaydada İddiaçı ödəmişdir. 3-cü maşın xurmanının pulunu isə Cavabdeh səhəri günü Rusiyadan göndərməklə ödəyəcəyini bildirmişdir. Üçüncü maşın xurmanın pulu 12362 manat etmişdir. Fərman evində İddiaçı xurmaya görə verməli olduğu 12362 manat puldan 5000 manat pulu İddiaçı vermək üçün ona vermis, o da aparıb həmin 5000 manat pulu İddiaçı vermişdir. Cavabdeh İddiaçı xurmanın pulundan 7362 manat borcu qalmışdır. Üçüncüsü, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin obyektiv araşdırılmasına şübhə ilə yanaşdığını qeyd etsə də, bu dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin izahatına münasibətdə isə kollegiya bildirir ki, onun izahatı Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Dördüncü, kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız cavabdeh tərəfindən almış olduğu xurmaların qalıq pulunun qaytarılması tələbidir. Beşinci, kollegiyanın gəldiyi qənaətə görə əşyanı təhvil almış alıcı onu razılaşdırılmış müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər ki, hazırkı halda Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında aldığı xurmanın dəyərini müəyyən olunmuş müddətdə ödəməklə bağlı vəzifəsini icra etmədiyi üçün iddiaçı tələbin subyektiv daşıyıcısıdır. Çünki qanunvericiliyə görə, satıcı satdığı əşyanın dəyərinin ödənilməsini və ya ödənilməmiş malın geri qaytarılmasını, yəni bunlardan birini alıcıdan tələb edə bilər, satıcının bunların hər ikisini birlikdə alıcıdan tələb etmək hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti baxılmış apellyasiya şikayətinə münasibətdə təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi bu apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(019)-732/2021 nömrəli dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar