Məhkəmə qərarları › İş №2(107)-1773/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1773/2021

05.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1773/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment və əlavə qulluğa görə pul” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(025)-944/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş 24 iyul 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin, həmçinin əlavə olaraq X1 3 yaşına çatana kimi baxılmasına görə hər ay 100 (yüz) manat miqdarında pulun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (E.İsayev) 01 iyul 2021-ci il tarixli, 2(025)-944/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 04 iyun 2021-ci il tarixdən başlayaraq 24 iyul 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı na verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, X2 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə keçirilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin iyul ayının sonlarından uşağın xəstəliyi ilə əlaqədar məcburi olaraq cavabdehdən ayrılaraq valideynlərinə məxsus evə köçmüşdür. Hal-hazırda valideynlərinə məxsus evdə yaşayır. Uşaq onun himayəsində olduğundan onun saxlanılması üçün yeməyə, geyimə, müalicəyə və digər ehtiyyaclara tələbatı yaranmışdır. Onun təkbaşına uşağını böyütmək üçün müvafiq xərcləri ödəməyi mümkün deyildir. Belə ki, o, heç bir yerdə işləmir, körpə uşağına baxır. Uşağının təminatına valideynləri köməklik edirlər. Hesab edir ki, cavabdeh fərdi fəaliyyətlə məşğuldur və uşağının saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı çatır İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(025)-944/2021 saylı qətnaməsi ilə iddia tələbi aliment hissəsində qismən təmin olunmuş və əlavə əlavə olaraq X1 3 yaşına çatana kimi baxılmasına görə pul tələbi isə təmin olunmamışdır. Ona görə də həmin qətnamə ilə razı deyildir. Ona görə də Qəbələ Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(025)-944/2021 saylı qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh rəsmi qaydada boşanmasalar da qızı (iddiaçı) onun yanında yaşayır. Uşaq böyüdükcə onun tələbatları da artır. İddiaçı hazırda heç bir yerdə işləmir. Cavabdeh isə uşağın saxlanılması üçün onlara heç bir maddi köməklik göstərmir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərək, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik 10-15 manata fəhləlik edir. O bu gün də ailəsini bərpa etmək istəyir, lakin iddiaçı tərəf narazılıq edir. Ona görə də birinci instanisya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin dəyişdirilməsinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(025)-944/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Qəbələ regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 23 iyul 2019cu il tarixdə verilmiş AZ-lİ № 310977 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 23 iyul 2019-cu il tarixdə X4 ilə rəsmi nikaha girmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 275 nömrə ilə qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra ərə İmranov, arvada İmranova soyadı verilmişdir. AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 24 iyul 2020-ci il tarixdə anadan olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə düzgün nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Ailə Məcəlləsinin tələbinə görə ər və arvad bir-birinə maddi cəhətdən köməklik etməlidirlər (maddə 84.1). Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir (maddə 84.2 və 84.2.2). Beləliklə məhkəmə kollegiyası iclasında tərəflərin izahatı və təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən bir övladı anadan olmuşdur. Hazırda iddiaçı onun himayəsində olan 24 iyul 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 (bir yüz yetmiş beş) manat məbləğində və 3 yaşına çatana kimi baxılmasına görə hər ay 100 (yüz) manat miqdarında alimentin tutulmasını tələb edir Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və tələbin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Birincisi ona görə ki, apellyasiya şikayətində göstərilənlər alimentin artırılması üçün deyil, daha çox yaranmış xərclərin ödənilməsinə dair olan dəlillərdir. İkincisi, iddiaçı cavabdehin maddi imkanının yetərli olduğunu bildirsə də, bu imkanın tələb edilən alimentin ödənilməsini təmin edəcək dərəcədə olmasına dair nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Üçüncüsü, yuxarıda qeyd olunan normalara istinadən məhkəmə kollegiyası belə halda irəli sürülən iddia tələbinin dəstəklənməsinə əsas verən halların, məsələn, cavabdehin aylıq qazancının və digər gəlirlərinin iddia tələbini ödəyəcək məbləğdə olmasını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən sübutların iddiaçı tərəfindən təqdim edilməsini, həmçinin uşağın minimum yaşayış tələbatının təmin olunmasının zəruriliyini nəzərə alır. Göründüyü kimi qanunvericiliyin də əsas tələbi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-alimentin bir illik ödəməsinin məcmusu (tələb olunan alimentin təmin olunmyan hissəsi-35 manat +100 manat (uşağın 3 yaşınadək tələb olunan məbləğ)=135x12=1620) 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(025)-944/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar