Məhkəmə qərarları › İş №2(107)-179/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-179/2021

09.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-179/2021 09.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı, onun vəkili X2 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-913/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh azyaşlı uşağın saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə araşdırması zamanı iddia tələbinin həcmini artıraraq xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat alimentin, uşağın 3 yaşına çatanadək saxlanılması üçün 170 manat, cəmi 340 manat məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) xx xxxxxx 2020-ci il tarixli, 2(046)- 913/2020 nömrəli qətnaməsi ilə iddia təmin qismən edilmiş, İddiaçı ilə Cavabdeh ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli nikahın pozulması, xx.xx.2020-ci il tarixdə anadan olmuş X5 İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat aliment və xx.xx.2020-ci il tarixdə anadan olmuş X5 3 yaşına çatanadək hər ay 40 manat aliment tutularaq İddiaçı xeyrinə verilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi, Qətnamənin alimentlə bağlı hissədə dərhal icra edilməsi, tərəflərə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulmuş nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı üç illik iddia müddətinin müəyyən edildiyi izah edilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Həsənova X1 şikayətləri verərək Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)- 913/2020 nömrəli qətnaməsinin ləğv edilib yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə cavabdehlə nikah bağlamış, birgə nikahdan xx.xx.2020-ci il tarixdə X7 anadan olmuşdur. xx.xx.2019cu il tarixdən etibarən cavabdehlə ayrı yaşayırlar və hazırda azyaşlı uşağı onun himayəsindədir. Cavabdehlə ayrı yaşadığı müddətdə övladı anadan olmuşdur. Cavabdeh uşağın saxlanmasında heç bir maddi köməklik göstərməmişdir. Cavabdeh Bakı şəhərində dərman satışı şirkətində işləyir, aylıq qazancı 2000 manat təşkil edir. Buna görə də iddianın məhkəmə baxışı zamanı müdafiə etdiyi həddə, yəni Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli nikahın pozulması, azyaşlı uşağın saxlanması üçün cavabdehdən hər ay 170 manat aliment və uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay 170 manat, cəmi 340 manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci inctansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-913/2020 qətnaməsi ədalətsiz olduğundan alimentlə bağlı hissədə ləğv edilməlidir. Cavabdeh nümayəndəsi və vəkili Həsənova X1 şikayətini onunla əsaslandırmışdır ki, birinci inctansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-913/2020 qətnaməsi ədalətsiz olduğundan alimentlə bağlı hissədə ləğv edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddia tələbinin qismən təmin olunmasından narazıdır. Cavabdeh hazırda fərdi əməklə məşğul olmaqla kifayət qədər qazanca malikdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, alimentin artırılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə yekun qərar verərkən maddi və prosessual hüquq noramalarını düzgün tətbiq etməmişdir. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək bildirmişdir ki, hazırda stabil qazanca malik deyil. İddiaçı özü işləyir və kifayət qədər əmək haqqı alır. Ona görə də özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayətlərinin dəlillərindən göründüyü kimi qətnamə yalnız alimentlə bağlı hissədə mübahisələndirilmişdir. Qətnamənin digər hissəsi mübahisələndirilmir. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yalnız bu hədd daxilində işə baxılmalı və qətnamə bu hissədə yoxlanılmalıdır. Qətnamənin digər hissəsi barədə isə araşdırma aparılmır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsaslı olmadığından təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; X3 surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cı il tarixdə nikah bağlanmışdır. X4 surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2020-cu il tarixdə X7 anadan olmuşdur. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, tərəflər ayrı yaşayırlar, azyaşlı Mirayın İddiaçı yanında qalır, Cavabdeh azyaşlı uşağın saxlanması üçün iddiaçıya könüllü olaraq maddi köməklik göstərmir. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, tərəflər arasında nikahın pozulmasına və birgə nikahdan anadan olmuş uşaqların İddiaçı yanında qalmasına qarşılıqlı razılıq mövcuddur. Birinci instansiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13 və 19-cu maddələri və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, və 112.1-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın alimentlə bağlı hissəsinin tam təmin edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birincisi ona görə ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərilənlər alimentin artırılması üçün deyil, daha çox yaranmış xərclərin ödənilməsinə dair olan dəlillərdir ki, məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı tərəfindən həmin dəlilləri təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. İkincisi, iddiaçı cavabdehin maddi imkanının yetərli olduğunu bildirsə də, bu imkanın tələb edilən alimentin ödənilməsini təmin edəcək dərəcədə olmasına dair nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı bir mötəbər sübut təqdim etməmiş, göstərdiyi dəlilləri öz mülahizəsi ilə əsaslandırmağa çalışmış, eləcə də özünün izahatının daha mötəbər sübut kimi qiymətləndirilməsini israr etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə də razılaşmayan kollegiya belə qənaətə gəlir ki, dəlillər əsassızdır, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Əvvəla, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin, apellyasiya şikayətində göstərdiyi arqumentlər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi daha çox iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tələbini alementlə bağlı hissədə qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Kollegiya belə qənaətə gəlir ki, tələb olunan alimentin məbləğinin bir illik ödəməsinin məcmusu 2000 manatdan çox olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-913/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar