Məhkəmə qərarları › İş №2(107)-1794/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1794/2021

14.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1794/2021 14.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nin Ağsu X5 İdarəsinə qarşı “əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(016)-429/2021 nömrəli qətnaməsindən Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) 05 may 2021-ci il tarixli, 2(016)- 429/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Ağsu X5 İdarəsindən İddiaçı xeyrinə onun işdən çıxarıldığı 26.02.2019-cu il tarixdən işə bərpa olunduğu 05.01.2021-ci il tarixədək olan dövr üzrə əmək haqqının tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün 26.02.2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu 05.01.2021-ci il tarixədək orta əmək haqqı olan 12.716 manat məbləğində pulun işəgötürəndən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 20 fevral 2015-ci il tarixdən 26 fevral 2019-cu il tarixədək Ağsu X5 İdarəsinin İsmayıllı Xidmət Sahəsinin İsmayıllı rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətində nəzarət ölçü cihazları və avtomatika üzrə çilingəri peşəsində işləmişdir. Xidmət etdiyi sahə üzrə qaz sayğacının oxunması, abonentlərin ödənişə cəlb olunması işini görmüşdür. Ağsu X5 İdarəsinin 26 fevral 2019-cu il tarixli, 26K saylı əmrinə əsasən işdən azad edilmiş, Ağsu Rayon Məhkəməsinin qətnaməsi ilə işə bərpa olunmuşdur. Hal-hazırda işləyir, lakin cavabdeh əmək haqqını ödəməmişdir. İşəgötürənin təqsiri üzündən əmək haqqını ala bilməmişdir. Orta əmək haqqı 26 fevral 2019-cu il tarixdə 20 fevral 2015-ci il tarixli, 237 nömrəli əmək müqaviləsinin 4.1ci bəndinə əsasən 578 manat təşkil etmişdir. Hal-hazırda da işə qəbul olunduqdan sonra da həmin əmək haqqını alır. Təxminən 22 ay ərzində işsiz qalmışdır. Həmin müddət ərzində banka olan kredit borcunu ödəyə bilməmiş və bank tərəfindən kredit borcuna əlavə olaraq faiz və cərimə məbləği hesablanmışdır. Nəticədə, əmək haqqına görə 12.716 manat məbləğində maddi ziyan dəymişdir. Lakin işəgötürən onu işə qəbul etsə də, dəymiş ziyanı ödəməmişdir. Səbəb onu göstərmişdir ki, məhkəmə qətnaməsində əmək haqqının ödənilməsi göstərilməmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddia müddətinin tətbiq edilməklə ərizənin rədd olunmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, iddiaçının işləmiş olduğu peşə üzrə 26 fevral 2019-cu il tarixdən 05 yanvar 2021-ci il tarixədək olan müddət üçün əmək haqqısı 11.876,84 manat təşkil edir. İddiaçı işdən çıxdıqdan sonra 19.04.2019-cu il tarixdə xidməti müqavilə əsasında İsmayıllı Xidmət Sahəsinə işə qəbul olunmuş və cavabdeh ilə onun arasında müvafiq qaydada müqavilə bağlanmışdır. İddiaçı 19.04.2019-cu il tarixdən 22.08.2019-ci il tarixə kimi İsmayıllı Xidmət Sahəsində xidmət müqavilə əsasında fəaliyyət göstərmiş və ümumilikdə 1.117,17 manat (2019-cu ilin aprel ayı üçün 93,09 manat, 2019-cu ilin may ayı üçün 256,02 manat, 2019-cu ilin iyun ayı üçün 256,02 manat, 2019-cu ilin iyul ayı üçün 256,02 manat, 2019-cu ilin avqust ayı üçün 256,02 manat) əmək haqqı almışdır. Belə olduğu təqdirdə, iddiaçının 26 fevral 2019-cu il tarixdən 05 yanvar 2021-ci il tarixədək olan müddət üçün əmək haqqı məbləği 10.759,67 təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ağsu Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(016)-429/2021 nömrəli qətnaməsindən Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 tərəfindən аpellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçısının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işə baxarkən və qətnamə çıxararkən bütün faktları ətraflı araşdırmamış MPM-in 385-390-cı maddələrində təsbit olunmuş maddi və prosesual hüquq normalarının pozulması ilə əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. Ağsu X3 İdarəsinin İsmayıllı rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinin 05-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingəri İddiaçı ilə bğlanmış 20.02.2015-ci il tarixli 237 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsinin müddətinin qurtarılması ilə əlaqədar İddiaçı arasında bağlanmış 26.02.2019-cu il tarixli 16/k saylı əmək müqaviləsinə xitam verlmişdir. İddiaçı Cavabdeh Ağsu X3 İdarəsinə qarşı müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa edilməsinə dair ərizə ilə Ağsu rayon məhkəməsinə müraciət etmiş və Ağsu rayon məhkəməsinin 05.09.2019-cu il tarixli, 2(016)-639/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh Ağsu X3 İdarəsinin 26.02.2019-cu il tarixli 16/k saylı əmri ləvğ edilmiş İddiaçı Ağsu X3 İdarəsinin İsmayıllı rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinin 05-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingəri peşəsi işinə bərpa olunması qət edilmişdir. İddiaçı arasında 19 aprel 2019-cu il tarixdə 319 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında tərəflərin hüquq və vəzifələri müəyyən edilmiş, tərəflər müqavilə ilə öz üzərilərinə müəyyən vəzifələri yerinə yetirmək öhdəliklərini götürmüşlər. İddiaçı fərdi sahibkar kimi Ağsu RQİİ-nin İsmayıllı Xidmət Sahəsində fəaliyyət göstərmişdir. Ağsu rayon məhkəməsinin 05.09.2019-cu il tarixli, 2(016)-639/2019 nömrəli icra sənədi icra edilmiş Azəriqaz” X2 X3 İdarəsinin 05.01,2021-cu il tarixli SOCAR**********00070020B0003 saylı əmrinə əsasən İddiaçı Ağsu X3 İdarəsinin İsmayıllı rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinin 05-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingəri peşəsi işinə bərpa olunmuşdur. Bundan əlavə İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 26.02.2019-cu il tarixdən 05.01.2021-ci il tarixə kmi işsiz qalmışdır. Halbu ki, İddiaçı ilə 19.04.2019-cu il tarixdə xidməti müqavilə bağlanmış 22.08.2019-ci il tarixə kmi sahibkar kimi Ağsu RQİİ-nin İsmayıllı Xidmət Sahəsində fəaliyyət göstərmiş və ümumilikdə 1117,17 manat əmək haqqı almışdır. İddiaçı 22 ay keçdikdən sonra qanunsuz olaraq işləməkdən azad edilməsi nəticəsində 12716 manat dəymiş ziyanın əvəzinin ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsində qeyd edilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hazırkı is üzrə iddiaçı müəyyən edilmiş prossesual müddəti buraxmışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11,2005-ci il tarixli 4 nömrəli Qərarının 2.2-ci maddəsinə görə məhkəmə qətnaməsi maddi və prossesual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü maddəsinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Qərarın 5-ci maddəsinə əsasən Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 1-ci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirlər ki, Ağsu Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(016)-429/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(016)-429/2021 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş Cavabdeh İB-nin Ağsu X5 İdarəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Cavabdeh elektron qaydada məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(016)-429/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş cavabdehin 26.02.2019-cu il tarixli, 16/K saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə müəyyən olunur ki, Ağsu X3 İdarəsinin İsmayıllı rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinə 5-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə xitam verilmişdir. İşə əlavə edilmiş Ağsu Rayon Məhkəməsinin 05.09.2019-cu il tarixli, 2(016)- 639/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh Ağsu X3 İdarəsinin 26.02.2019-cu il tarixli, 16/k saylı əmri ləğv edilmiş, Cavabdeh Ağsu X3 İdarəsi ilə İddiaçı arasında müddətsiz əmək müqaviləsi bağlanmaqla, iddiaçı Ağsu X5 İdarəsinin İsmayıllı rayonu üzrə sayğacların qəbulu və istismarı xidmətinə 5-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsi işinə bərpa olunmaqla, əmək münasibətlərinin davam etdirilməsi qət edilmişdir. İşə əlavə edilmiş cavabdehin 05.01.2021-ci il tarixli, SOCAR**********00070020B00003 saylı “İşə bərpa olunması barədə” əmrdən görünür ki, İddiaçı Ağsu X3 İdarəsinin İsmayıllı rayonu üzrə sayğacların qəbulu və istismarı xidmətinə 5-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə bərpa edilmişdir. İşə əlavə edilmiş cavabdeh ilə İddiaçı arasında 20.02.2015-ci il tarixli, 237 saylı Əmək müqaviləsinə əlavədə əmək müqaviləsinin 4.1-ci bəndinin yeni redaksiyada qəbul edilərək işçiyə hər ay 578 manat əmək haqqı ödənilməsi, dəyişikliyin 01.09.2019-cu ildən qüvvəyə minməsi qeyd edilmişdir. İşə əlavə edilmiş “Xidməti müqaviləyə xitam verilməsi barədə” iddiaçıya ünvanlanmış məktubdan görünür ki, tərəflər arasında 19.04.2019-cu il tarixdə bağlanmış xidməti müqaviləyə 22.08.2019-cu il tarixdən xitam verilmişdir. Beləliklə, öyrənilən işdən müəyyən edildi ki, cavabdeh tərəfindən əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi səbəbi ilə İddiaçı 26.02.2019-cu ildən işdən azad edilmiş, 05.01.2021-ci il tarixdən işinə bərpa edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinin “a” bəndinə əsasən, işəgötürən əmək münasibətləri prosesində əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. İddiaçının tələbi əsasında Ağsu Rayon Məhkəməsinin Cavabdeh Ağsu X3 İdarəsinin 26.02.2019-cu il tarixli, 16/k saylı əmri ləğv edilmiş, Cavabdeh Ağsu X3 İdarəsi ilə İddiaçı arasında müddətsiz əmək müqaviləsi bağlanmaqla, iddiaçı Ağsu X5 İdarəsinin İsmayıllı rayonu üzrə sayğacların qəbulu və istismarı xidmətinə 5-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsi işinə bərpa olunmaqla əmək münasibətlərinin davam etdirilməsi qət edilmişdir. Hazırda cavabdeh tərəfindən iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi səbəbi ilə 26.02.2019-cu ildən 05.01.2021-ci il tarixədək olan müddətdə ödənilməmiş əmək haqqı məbləğini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 196-cı maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyətəsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Məhkəmə kollegiyası mülki işin materiallarını yenidən araşdıraraq bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh İB-nin Ağsu RQİİ-nə qarşı “əmək haqqının ödənilməsi tələbinə dair” iddiası əsasslıdır və birinci instansiya məhkəməsi həmin iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək Cavabdeh Ağsu X5 İdarəsindən İddiaçı xeyrinə onun işdən çıxarıldığı 26.02.2019-cu il tarixdən işə bərpa olunduğu 05.01.2021-ci il tarixədək olan dövr üzrə əmək haqqının tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət etməkdə haqlı olmuş, işin faktiki halları və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən Cavabdeh nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə qəbuledilməzdir. MPM-in 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(016)-429/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-in 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(016)-429/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar